Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-218/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı borcun və vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 18.11.2020-ci il tarixli e-2-2(113)- 200/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 299.545 ABŞ dolları məbləğində əsas borcun, 30.000 ABŞ dolları məbləğində zərərin əvəzinin, cəmi 329.545 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsümunun alınaraq İddiaçınə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 07.12.2015-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, müqavilə şərtlərinə əsasən İddiaçı "xxxx" MMC-ni müxtəlif avadanlıqlarla təchiz etməyi, alıcı "xxxx" MMC isə həmin avadanlıqların qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Bu mallar alıcı "xxxx" MMC-yə X1 Dubay şəhəri logistika şirkəti vasitəsi ilə təhvil verilmişdir. 27 noyabr 2016-cı ildə olan hesablaşmalar da nəzərə alınmaqla "xxxx" MMC-nin İddiaçınə ümumi borcu 27 noyabr 2016-cı il tarixə 299.545 ABŞ dolları təşkil edir. 27.11.2016-cı il tarixdə İddiaçı ilə "xxxx" MMC arasında tərtib edilmiş razılaşma sənədinə əsasən "xxxx" MMC İddiaçınə 299.545 ABŞ dolları borcludur. Göstərilən müqavilədən əlavə digər müqavilə də mövcud olmuşdur ki, xırda ödənişlərlə 2016-2019-cu illər ərzində ödəmələr aparılmış, lakin sonda razılaşma protokolunda göstərilən məbləğ bu günə qədər ödənilməmişdir. Cavabdeh bu hərəkəti ilə onlara ən azı 30.000 ABŞ dolları məbləğində zərər vurmuşdur. Ona görə də cavabdeh əsas borcdan başqa onlara zərərin əvəz olaraq 30 000 ABŞ dolları da ödəməlidir. Bakı Kommersiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-2(113)-200/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin18.11.2020-ci il tarixli, e-2-2(113)-200/2020 saylı qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında faktiki olaraq alqısatqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə iddiaçı malı təhvil verməyi, cavabdeh isə malı qəbul edərək, onun dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Əks halda, iddiaçı tərəfindən təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmiş mallar sonuncunun həmin əmlakları əldə etməklə, əsassız varlanmağına və nəticədə digər məsuliyyətə səbəb olardı. İddiaçı tərəfindən malların göndərilməsi və cavabdeh tərəfindən həmin malların qəbul edilməsi hazırki işin mübahisə edilməyən hallarıdır. Eyni zamanda məhkəmə kollegiyası nəzərə almalıdır ki, tərəflər arasında həmin münasibətlər 2015-ci ildən başlayaraq, xeyli müddət davam etmişdir. Lakin cavabdeh tərəfindən iddiçıya olan və son dövrlər üçün yaranmış borcun ödənilməməsi tərəflər arasında yaranmış münasibətlərin pozulmasına gətirib çıxarmışdır. Cavabdehin məhkəmə iclaslarında hazırki iş üzrə mübahisənin predmeti sayılan borcun məhz 27.11.2016-cı il tarixli razılaşma aktından irəli gəlməsinə dair sübutu əvvəl təkzib etməsi, lakin sonradan qəbul edib, onun tərtib edilmə öhdəliyinin cavabdeh şirkətinin əvvəlki rəhbərliyinin üzərinə atması onu göstərir ki, tərəflər arasında 2015-ci ildən başlayan mülki münasibətlərin, habelə həmin münasibətlərdən irəli gələn və cavabdeh tərəfindən yerinə yetirilməmiş öhdəliklərin mövcudluğu sübüta yetirilir. Bundan başqa, cavabdehin vəsatəti ilə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2020-ci il tarixli, 5/578 saylı ekspert rəyi ilə təsdiq edilmişdir ki, 27 noyabr 2016-cı il tarixli borcun etirafı barədə aktdakı möhür əksinin təsviri Cavabdeh MMC-yə, imza Salahov Alimə aiddir. Beləliklə də, həm cavabdehin etirafı, həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyləri ilə təsdiq olunur ki, Cavabdeh MMC-nin İddiaçınə 27 noyabr 2016-cı il tarixli borcun etirafı barədə aktına əsasən 299.545 ABŞ dolları məbləğində əsas borcu mövcuddur. Əlavə olaraq, məhkəmə iclasında şahid qismində dindirilmiş İddiaçı borcluları ilə üzləşmə aktlarının tərtib edilməsində və borcların alınmasında səlahiyyətli şəxsi Özbəkistan Respublikasın vətəndaşı X3 öz ifadəsində göstərilənləri təsdiq edərək, qeyd etmişdir ki, tərəflər arasında tərtib olunmuş 27 noyabr 2016-cı il tarixli borcun etirafı barədə aktı üzrə borcun az bir qismi ödənilmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirik ki, X5 xarici vətəndaş olduğundan məhkəmə iclasında ona veriliş “akt tərtib edildikdən sonra hər hansı ödənişin olub-olmamasına dair” sualını düzgün anlaya bilmədiyindən, ödənilməsi cavabını vermiş və bununla bağlı qeyd edirik ki, tərəflər arasında mülki hüquq münasibətləri 2019cu ilədək davam olunmuş və qeyd olunan akt tərtib edilidiyi tarixdən sonra da, iddiaçı cavabdeh müvafiq avadanlıqlarla təchiz etmiş və cavabdehdən akta aid olmayan avadanlıqlara görə ödənişi qəbul etmişdir. Eyni zamanda qeyd etmək zəruridir ki, şahidin hər dəfə məhkəmə iclaslarına çağırılması, onun xaricdə yaşaması, habelə dünyaya yayılmış koronavirus pandemiyası ilə əlaqədar respublikalara gediş-gəliş və digər məhdudiyyətlərin qoyulması səbəbindən mümkün olmamışdır. Buna görə də, şahidin verdiyi ifadənin dəqiqləşdirilməsi mümkün olmamışdır. Beləliklə də, İddiaçı ilə Cavabdeh MMC arasında mülki hüquq münasibətlərin mövcudluğu, tərəflərin 2015-ci ildən 2019-cu ilədək həmin münasibətləri davam etməsi, habelə aralarında yaranmış və hazırki iş üzrə mübahisənin predmeti olan cavabdehin iddiaçıya borclu olan pul vəsatinin bu günədək qaytarılmaması tam sübuta yetirilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 18.11.2020-ci il tarixli e-2-2(113)-200/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı iddiası qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə 205756 ABŞ dolları əsas borc, 20575 ABŞ dolları illik 5 %-lə əldən çıxmış fayda tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı İddiaçı xarici hüquqi şəxsdir. Buna görə də məhkəmə tərəfindən ilk öncə mübahisəyə Azərbaycan Respublikası məhkəməsi tərəfindən və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında baxılmasının mümkünlüyü məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 443.0.1-ci maddəsinə əsasən iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır. Hazırkı halda cavabdeh Azərbaycan Respublikasında qeydə alınmış hüquqi şəxs olduğundan və iddia ərizəsi Azərbaycan Respublikasının qanunvericiliyinə istinad etməklə əsaslandırıldığı üçün iddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi əsasında baxılmasını arzu etdiyindən işə Bakı Kommersiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi əsasında baxılması prosessual normaların tələblərinə uyğundur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, tələb edilən 299.545 ABŞ dolları məbləğində borc tərəflər arasında 07.12.2015-ci il tarixdə yazılı bağlanmış alqı-satqı müqaviləsi üzrə yaranmış əsas borcdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İddia ərizəsinə əlavə edilmiş 07.12.2015-ci il tarixli alqı-satqı müqaviləsi və müqaviləyə əlavədə müqavilənin ümumi dəyərinin 270518 ABŞ dolları olduğu qeyd edilmişdir. Həmin müqavilə cavabdeh "xxxx" MMC tərəfindən imza və möhürlə təsdiq edilmədiyindən tərəflər arasında yazılı alqı-satqı müqaviləsinin bağlandığı iddiaçı tərəfindən sübut edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi 27.11.2016-cı il tarixli ingilis dilində tərtib edilmiş, "xxxx" MMC tərəfindən İddiaçınə göndərilmiş məktubdan görünür ki, cavabdeh həmin tarixə 299.545 ABŞ dolları məbləğində borcu olduğunu təsdiq etmişdir. Cavabdehin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən iddiaya yazılı etirazında və izahatlarında tərəflər arasında alqı-satqı münasibətlərinin mövcudluğunu, qeyd edilən məktubdakı imzanın və möhürün "xxxx" MMC-yə aid olduğunu qəbul etməmişdir. Bakı Kommersiya Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-2(113)-200/2020 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizaları təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2020-ci il tarixli, 5/578 saylı və 06 oktyabr 2020-ci il tarixli, 4/639 saylı ekspert rəylərinə əsasən müəyyən edilmişdir ki, təqdim edilmiş 27 noyabr 2016-cı il tarixli borcun etirafı barədə aktın nüsxəsinin aşağı sol hissəsində olan möhür əksi Cavabdeh MMC-yə, imza isə Cavabdeh MMC-nin icraçı direktoru “Salahov Alim” adlı şəxsə aiddir. İşə birinci instansiya qaydasında baxılarkən iddiaçı tərəfin vəsatətinə əsasən şahid qismində dindirilmiş, Özbəkistan Respublikasının vətəndaşı olan X3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasında İddiaçı nümayəndəsi kimi fəaliyyət göstərmişdir. İddiaçınə borcu olan şəxslərlə üzləşmə aktlarının tərtib edilməsində və borcların alınmasında səlahiyyətli şəxs olmuşdur. Cavabdeh MMC-nin direktoru ilə yazışmalar aparılmış və 2016-cı ildə tələb olunan məbləğdə borc olduğu müəyyən edilərək akt tərtib edilmişdir. Üzləşmə aktından sonra borcun az bir hissəsi ödənilmiş, qalan hissə ödənilməmişdir. Cavabdeh MMC-nin hazırkı direktoru Ziya adlı şəxs həmin dövrdə maliyyə direktoru olmuş və bütün əməliyyatlarda iştirak etmişdir. Bir neçə dəfə tələb edilsə də tərəflər arasında müqavilə imzalanmamışdır, email vasitəsilə göndərilən sifariş aktları və invoyslar (hesab faktura) əsasında işləmişlər. Mallar cavabdehin Dubay şəhərindəki agentinə təhvil verilmişdir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə X2 Cavabdeh MMC-nin əməkdaşı Ziya Hüseynzadə arasındakı rus dilində həyata keçirilən ( cavabdeh tərəfdən mailto:Ziya.Huseynzadeh@softlinegroup.comElektron ünvan elektron poçtu vasitəsilə) email yazışmaları təqdim edilmişdir. Qeyd edilən yazışmaların həqiqiliyi cavabdehin nümayəndəsi tərəfindən mübahisələndirilməmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 17.10.2019-cu il tarixli pretenziya məktubunda qeyd edilmişdir ki, İddiaçı tərəfindən 07.12.2015-ci il tarixli müqavilə əsasında 205756 ABŞ dolları malın tədarükü həyata keçirilmişdir. Tədarük satıcı tərəfindən 13.01.2016-cı il tarixədək tam başa çatdırılmışdır. Alıcı tərəfindən son ödəniş 08.12.2018ci il tarixdə həyata keçirilmişdir. 28.09.2018-ci il tarixə olan borc 18 ay gecikmə müddətinə görə 219282,60 ABŞ dolları olacaq. Eyni zamanda müəssisələr arasında rəsmi və nağd ödənişlərin hamısı nəzərə alınmaqla 27.11.2016-cı il tarixə olan borc 299.545 ABŞ dolları təşkil edir. Həm şahid ifadəsində, həm də pretenziya məktubunda cavabdehin borc üzrə ödəniş həyata keçirdiyi qeyd edilmiş, lakin cavabdeh birinci instansiya məhkəməsində iddiaçıya ödəniş edildiyini qəbul etməmiş və ödənişin məbləği ilə bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə İddiaçı tərəfindən Cavabdeh MMC-nin adına Dubay şəhərindən malların göndərilməsi ilə bağlı hava yolu ilə yük daşıma sənədləri (Air Waybill) və hesab fakturalar (invoice) təqdim edilmişdir. Sənədlərin bir qisminin 27.11.2016-cı il tarixdə cavabdeh tərəfindən borcun etiraf edildiyi tarixdən əvvəlki dövrə, bir qisminin isə sonrakı dövrə aid olduğu müəyyən edilmişdir. İşə apelyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi məhkəmə iclaslarında tərəflər arasında alqı-satqı münasibətləri olduğunu qəbul edərək bildirmişdir ki, 2016-cı ildə tərəflər arasında iddiaçının təqdim etdiyi müqavilə deyil, digər alqı satqı müqaviləsi (01.09.2016-cı il tarixli müqavilə) bağlanmış və həmin müqavilə üzrə iddiaçının 03.12.2018-ci il tarixli pretenziya məktubu ilə tələb etdiyi 43316 ABŞ dolları borc tam ödənilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən apelyasiya instansiya məhkəməsinə iddiaçının 01.09.2016-cı il tarixli müqavilə üzrə 03.12.2018-ci il tarixli pretenziya məktubu və ödənişlə bağlı yeni sübutlar təqdim edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən apelyasiya instansiyası məhkəməsinə gömrük bəyannamələri, hesab fakturalar və digər sənədlər təqdim edilmişdir. İşə apelyasiya qaydasında baxılarkən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2-2(103)-218/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2021-ci il tarixli, 9/2543 nömrəli ekspert rəyinə əsasən, ekspert tərəfindən cavabdehin iddiaçıya olan borcunun hesablanması üçün tələb edilən sənədlər tam şəkildə təqdim edilmədiyindən ekspert qarşısında qoyulan suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmasının mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə kollegiyası qeyd edilən normanın tələbini nəzərə alaraq tərəflərin apelyasiya instansiyası mərhələsində təqdim etdiyi sübutların qəbul edilməsini mümkün hesab etmir və həmin sübutlara hüquqi qiymət vermir. Məhkəmə birinci instansiya məhkəməsində təqdim edilmiş sübutları (borcun etirafı, şahid ifadəsi, tərəflər arasındakı email yazışmaları, yük daşıma sənədləri, hesab fakturalar, tərəflərin izahatları) araşdıraraq və həmin sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, tərəflər arasında alqı-satqı münasibətlərinin mövcud olduğu, iddiaçı tərəfindən müxtəlif tarixlərdə cavabdehə malların göndərildiyi və 27.11.2016-cı il tarixə cavabdehin iddiaçıya ümumilikdə 299.545 ABŞ dolları borc qalığı olduğu cavabdehin özü tərəfindən təsdiq edildiyi üçün iddianın əsassız olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün deyil. İddiaçının cavabdehə göndərdiyi pretenziya məktubundan görünür ki, hazırkı iddia ərizəsi ilə iddiaçı 13.01.2016-cı il tarixədək tədarük edilmiş mallara görə borcun ödənilməsini tələb edir. Pretenziya məktubuna əsasən həmin tarixədək cavabdehə göndərilmiş malların ümumi dəyəri 205.756 ABŞ dolları təşkil etmiş, 28.09.2018-ci il tarixədək həmin borca iddiaçı tərəfindən cərimə hesablanaraq cərimə (dəbbə pulu) ilə birlikdə borcun məbləği 219282,60 ABŞ dolları olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Tərəflər arasında pul öhdəliyinin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənişi barədə yazılı razılaşma olmadığından məhkəmə hesab edir ki, iddiaçının tələbi yalnız əsas borcla bağlı hissədə əsaslıdır. Pretenziya məktubundan göründüyü kimi, iddiaçının tələb etdiyi əsas borcun məbləği 205.756 ABŞ dolları təşkil etdiyindən müəyyən olunur ki, cavabdehin iddiaçıya ünvanlanmış 27.11.2016-cı il tarixli etiraf məktubunda qeyd edilmiş 299.545 ABŞ dolları məbləğində borc yalnız 13.01.2016-cı il tarixədək tədarük edilmiş mallara görə deyil, eyni zamanda həmin tarixdən sonra göndərilmiş mallarla bağlı hesablanmış borcdur. İddiaçı hazırda 13.01.2016-cı il tarixədək tədarük edilmiş mallara görə ödənişi tələb etdiyindən və cavabdeh 27.11.2016-cı il tarixli məktubdan sonra həyata keçirilmiş ödənişlərlə bağlı birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia 205.756 ABŞ dolları əsas borcun cavabdehdən tutulması hissəsində təmin edilməli, əsas borc tələbi qalan hissədə əsassız hesab edilərək rədd edilməlidir. İddianın qanuni əsasını Mülki Məcəllənin 567, 385.1, 442 və 448.1-cı maddələri təşkil edir. Həmin maddələrə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçının 30.000 ABŞ dolları zərər tələbi ilə bağlı iddiasının hüquqi əsasını isə Mülki Məcəllənin 445.7-ci və 21-ci maddələri təşkil edir. 445.7-ci maddəyə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçının nümayəndəsi işə apelyasiya qaydasında baxılarkən qeyd etmişdir ki, illik 5%-lə 30.000 ABŞ dolları iki il üçün tələb edilir. Məhkəmə iddiaçının əsas borcla bağlı tələbini 205.756 ABŞ dolları hissəsində əsaslı hesab etdiyini və cavabdehin 27.11.2016-cı il tarixli etiraf məktubundan sonra həmin borcun ödənilməsi ilə bağlı öhdəliyini icra etmədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə 27.11.2016-cı il tarixdən hesablanmaqla iki il üçün illik 5%-lə 20575 ABŞ dolları zərər (əldən çıxmış fayda) tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 18.11.2020-ci il tarixli e-2-2(113)- 200/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı iddiası qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə 205756 ABŞ dolları əsas borc, 20575 ABŞ dolları illik 5 %-lə əldən çıxmış fayda tutulmalı, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarına görə 273,50 manat ekspertiza xərcinin 200 manatı cavabdeh ,"xxxx" MMC-dən, 73,50 manatı İddiaçındən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalı, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Kommersiya Məhkəməsinin 18.11.2020-ci il tarixli e-2-2(113)-200/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddiası qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə 205756 ABŞ dolları əsas borc, 20575 ABŞ dolları illik 5 %-lə əldən çıxmış fayda, cəmi 226331 ABŞ dolları pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarına görə 273,50 manat ekspertiza xərcinin 200 manatı cavabdeh ,"xxxx" MMC-dən, 73,50 manatı İddiaçındən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-218/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-218/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver