Məhkəmə qərarları › İş №2-2(103)-218/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-218/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-218/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Bairamov Azara qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi Açar söz: kredit borcunun tutulması, ipoteka predmetinə yönəltmə. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Bairamov Azara qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2361/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı (Bank qismində) ilə Cavabdeh1 MMC (müştəri qismində) arasında bağlanmış 19 oktyabr 2022-ci il tarixli İDK0657 nömrəli invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsinin şərtlərindən görünür ki, kredit limitinin məbləği: 98000 (doxsan səkkiz min) (1.1). Kredit limitinin valyutası: Azərbaycan manatı (1.2). Kredit limiti üzrə illik faiz dərəcəsi (%): Hər bir maliyyələşmə zamanı təqdim edilən hesab-fakturaların sayı 1-9, 10 və daha çox, maliyyələşmə məbləği 50000 (əlli min) Azərbaycan manatı məbləğindən az olduğu təqdirdə 14,50% (on dörd tam yüzdə əlli), 15,50% (on beş tam yüzdə əlli), maliyyələşmə məbləği 50000 (əlli min) Azərbaycan manatı məbləğinə bərabər və artıq 13,50% (on üç tam yüzdə əlli), 13,50% (on üç tam yüzdə əlli) (1.3). Kredit limiti üzrə illik/gündəlik cərimə faiz dərəcəsi (%): hər bir maliyyələşmə zamanı təqdim edilən hesab-fakturaların sayı 1-9, 10 və daha çox, maliyyələşmə məbləği 50000 (əlli min) Azərbaycan manatı məbləğindən az olduğu təqdirdə 29,50 (iyirmi doqquz tam yüzdə əlli) % / 0,0819%, 30,5 (otuz tam yüzdə əlli) % / 0,0847%, maliyyələşmə məbləği 50000 (əlli min) Azərbaycan manatı məbləğinə bərabər və artıq 28,50 (iyirmi səkkiz tam yüzdə əlli) % / 0,0792%, 28,50 (iyirmi səkkiz tam yüzdə əlli) % / 0,0792% (1.4). İnvoysların uçotunun aparılmasına görə komissiya: tətbiq olunmur (1.5). Kredit limitinin verilməsinə görə komissiya: 1% (bir) faiz (1.6). Kredit limitinin müddəti: xx.xx.2024-cü il tarixinədək (1.7). Təminat: xx.xx.2022-ci il tarixli ZF0682 saylı zaminlik müqaviləsi (1.8). Kredit limitinin məqsədi: dövriyyə vəsaitlərinin artırılması (1.9). Kredit İimitindən istifadə müddəti: xx.xx.2023-cü il tarixinədək (1.10). Qabaqcadan ödəniş komissiyası: tətbiq olunmur (1.11). Bank, Müştərinin üçüncü şəxsə (Borcluya) qarşı olan pul tələb(lər)inin (invoys(lar)m) maliyyələşdirilməsi məqsədi ilə bu müqavilədə müəyyən olunmuş şərtlər əsasında Müştəriyə müqavilənin 1.1 və 1.2-ci bəndlərində göstərilən məbləğ və valyutada bərpa olunan İnvoysların Diskontlaşdırılması üzrə kredit limiti açır. Kredit limiti çərçivəsində İnvoys əsasında maliyyələşdirmənin (invoysların diskontlaşdırılması, kredit) tərəflər arasında imzalanacaq və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olacaq müvafiq “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən şərtlər əsasında icra ediləcək (2.1). Borclu qismində yalnız "xxxx" MMC -nin çıxış etdiyi invoyslar maliyyələşdirilə bilər (2.7).

2. Həmin müqaviləyə 31 yanvar 2023-cü il tarixli 01 nömrəli əlavədən görünür ki, müqavilənin 1.1 və 2.7-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir: “1.1. Kredit limitinin məbləği: 254 000 (iki yüz əlli dörd min); 2.7. Borclu qismində yalnız "xxxx" MMC (ümumilikdə 129 000 (bir yüz iyirmi doqquz min) Azərbaycan manatı məbləğindən çox olmamaq şərti ilə) və "xxxx" MMC-nin (ümumilikdə 125 000 (bir yüz iyirmi beş min) Azərbaycan manatı məbləğindən çox olmamaq şərti ilə) çıxış etdiyi invoyslar maliyyələşdirilə bilər”.

3. xx.xx.2023-cü il tarixli İDK0657/27 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, iddiaçı borcalana xx.xx.2023-cü il tarixinədək qaytarılmaq şərti ilə illik 13,5 faiz (kreditin nominal illik faiz dərəcəsi), faktiki illik faiz 13,5 faiz şərti 74224,34 manat kredit vermişdir.

4. iddiaçı (Bank qismində) ilə cavabdeh Bairamov Azar (Zamin qismində) arasında bağlanmış 19 oktyabr 2022-ci il tarixli ZF0682 nömrəli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, Bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs (“Borcalan”) arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında Borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür (1-ci hissə). Zaminliklə təmin olunan öhdəlik(lər): xx.xx.2022-ci il tarixli İDK0657 saylı X1 müqaviləsi (2.1). Zaminliklə təmin olunan müqavilənin predmeti (öhdəliyin məbləği): Borcalana xx.xx.2024-cü il tarixinədək veriləcək 98000 (doxsan səkkiz min) Azərbaycan manatı məbləğində, illik faiz dərəcəsi 13,5% (on üç tam onda beş) – 15,5% (on beş tam onda beş) - (cərimə faizi 30,5% (otuz tam onda beş) faizədək) faiz aralığında olan Bərpa olunan X1 (2.2). Borcalan: Cavabdeh1 MMC (2.3). Zamin, Bank qarşısında Borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə Banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır (3-cü hissə).

5. Həmin müqaviləyə 31 yanvar 2023-cü il tarixli 01 nömrəli əlavəyə əsasən, müqavilənin 2.2-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “Zaminliklə təmin olunan müqavilənin predmeti (öhdəliyin məbləği): Borcalana xx.xx.2024-cü il tarixinədək veriləcək 254 000 (iki yüz əlli dörd min) Azərbaycan manatı məbləğində, illik faiz dərəcəsi 13,5% (on üç tam onda beş) – 15,5% (on beş tam onda beş) - (cərimə faizi 30,5% (otuz tam onda beş) faizədək) faiz aralığında olan Bərpa olunan X1”.

6. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli İDK0657/27 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə iddiaçıya olan əsas borcu 74224,34 manat, faiz borcu isə 1475,21 manat təşkil edir.

7. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli İDK0657/27 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə iddiaçıya olan əsas borcu 74224,34 manat, faiz borcu isə 1475,21 manat təşkil edir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2361/2024 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 18 sentyabr 2024-cü il tarixli 9/3611 nömrəli məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli İDK0657/27 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə əsas borc 74224,34 manat, faiz borcu 1475,21 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Bairamov Azara qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli İDK065727 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 74224,34 manat əsas borc, 1475,21 manat faiz borcu, 24438,41 manat cərimə borcu olmaqla ümumilikdə 100 137,96 manat məbləğində pulun və ödənilmiş 399 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə Cavabdeh1 MMC xx.xx.2022-ci il tarixdə İDK0657 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi və xx.xx.2023-cü il tarixdə ona 01 saylı əlavə imzalanmışdır. Əlavə ilə kredit limitinin məbləği 254 000 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə İDK0657 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsinin təminatı olaraq Bairamov Azar arasında xx.xx.2022-ci il tarixdə ZF0682 saylı zaminlik müqaviləsi və xx.xx.2023-cü il tarixdə ona 1 nömrəli əlavə imzalanmışdır. Sonradan tərəflər arasında xx.xx.2022-ci il tarixdə İDK0657 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2023-cü il tarixli İDK0657/27 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək ilik faiz dərəcəsi 13,5%, kreditin müddəti bitdikdən sonra ilik cərimə faizi 28,50% olmaqla, 74224,34 manat məbləğində hesab-fakturanın maliyyələşdirilməsi məqsədi ilə kredit verilmişdir. Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək gecikmələrə yol vermişdir. Buna görə də iddiaçı tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və iddiaçı qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 399 manat dövlət rüsumu ödəmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2361/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış İDK0657/27 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 74224,34 manat əsas borc, 1475,21 manat faiz borcu, 445,1 manat cərimə olmaqla ümumilikdə 76144,65 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Bairamov Azardan müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 399 manat cavabdehlər Cavabdeh1 və Bairamov Azardan oğlundan müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 19 oktyabr 2022-ci il tarixli İDK0657 nömrəli invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2023-cü il tarixli İDK0657/27 saylı maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 74224,34 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə cavabdehə verməyi, cavabdeh isə aldığı pul vəsaitini iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdeh Bairamov Azar ilə zaminlik müqavilələri bağlanmış, sonuncu Cavabdeh1 MMC-nin öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh1 MMC kredit məbləğini təşkil edən 74224,34 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya qaytarmamışdır. İddiaçı adıçəkilən maliyyələşdirmə üçün ərizə üzrə 74224,34 manat əsas borc, 1475,21 manat faiz borcunun tutulmasını xahiş edir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı və ya cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər. Məhkəmə qeyd edir ki, 18 sentyabr 2024-cü il tarixli 9/3611 nömrəli ekspert rəyinə əsasən, maliyyələşdirmə üçün ərizə üzrə heç bir ödəniş olmamış, kreditin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə əsas borc 74224,34 manat, faiz borcu isə 1475,21 manat təşkil edir. Cavabdeh "xxxx"MMC-yə məxsus AZ69PAHA40060AZNHC********** nömrəli bank hesabından xx.xx.2023 xx.xx.2024 dövrlərini əhatə edən çıxarışdan 18 sentyabr 2024-cü il tarixində 3127,33 manat və 19 sentyabr 2024-cü il tarixində 227,57 manat ödəniş edildiyi, həmin ödənişin cərimə borcuna silindiyi görünür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli İDK0657/27 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 74224,34 manat və faiz borcu 1475,21 manat müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli İDK0657/27 saylı maliyyələşdirmə üçün ərizə üzrə 74224,34 manat əsas, 1475,21 manat faiz borcu cavabdehlər Cavabdeh1 MMC və Bairamov Azardan müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddiaçı 24438,41 manat cərimə məbləğinin də cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş edir. xx.xx.2023-cü il tarixli İDK0657/27 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 28,5% / 0,0791% olaraq müəyyən edilmişdir. 19 oktyabr 2022-ci il tarixli ZF0682 nömrəli zaminlik müqaviləsinin 2.2-ci bəndi ilə nəzərdə tutulmuşdur ki, zaminliklə təmin edilmiş öhdəliyə o cümlədən illik 30,5% olmaqla cərimə faizi də daxildir. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdehlər pul məbləğini qaytarmadıqları, xx.xx.2023-cü il tarixli İDK0657/27 saylı ərizə üzrə heç bir ödəniş etmədikləri halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmiş, dəbbə pulunun artmasına rəvac vermişdir. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi cərimə məbləğinin 3800 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir. Lakin həmin məbləğ üzrə 18 sentyabr 2024-cü il tarixində 3127,33 manat və 19 sentyabr 2024-cü il tarixində 227,57 manat ödəniş edildiyindən tutulmalı cərimə məbləği 445,1 manat təşkil edir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq 445,1 manat pul cavabdehlər Cavabdeh1 MMC və Bairamov Azardan müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

13. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM 462, 467, 470, 471, 472, 739.1, 739.2, 741-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14.Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2361/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək iddia tələbinin cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunun müəyyən etdiyi imperativ tələblərə riayət edilmədən tərtib edilmiş məhkəmə qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Müqavilənin şərtinə uyğun olaraq İDK0657/27 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 74224.34 (yetmiş dörd min iki yüz iyirmi dörd manat, otuz dörd qəpik) manat əsas borc, 1475.21 (bir min dörd yüz yetmiş beş manat, iyirmi bir qəpik) manat faiz borcu, 24438.41 (iyirmi dörd min dörd yüz otuz səkkiz manat, qırx bir qəpik) manat cərimə borcu təmin edilməli idi. Məhkəmə tərəfindən işin faktiki halları (müqavilənin şərtləri) araşdırılmadan cərimə məbləği əsassız surətdə düzgün göstərilməmişdir. Bundan başqa, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış cərimə borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan cərimə məbləği əsassız surətdə azaldılmışdır. Bildiririk ki, məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, 15 noyabr 2024-cü il tarixə cavabdeh tərəfindən krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı İDK0657/27 saylı maliyyələşdirmə üçün ərizə üzrə 481 gün olmuşdur. Müvafiq olaraq gecikmə günləri ilə cərimə məbləğinin təmin edilən hissəsinin uyğun olaraq, qət edilən cərimə məbləğinin həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

17. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin işirakını təmin etməmişdir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə İddiaçı ASC tərəfindən dəbbə pulunun tutulması hissəsində mübahisələndirildiyindən qətnamə yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

21. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2361/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 19 oktyabr 2022-ci il tarixli İDK0657 nömrəli invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2023-cü il tarixli İDK0657/27 saylı maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 74224,34 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə cavabdehə verməyi, cavabdeh isə aldığı pul vəsaitini iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdeh Bairamov Azar ilə zaminlik müqavilələri bağlanmış, sonuncu Cavabdeh1 MMC-nin öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh1 MMC kredit məbləğini təşkil edən 74224,34 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya qaytarmamışdır. İddiaçı adıçəkilən maliyyələşdirmə üçün ərizə üzrə 74224,34 manat əsas borc, 1475,21 manat faiz borcunun tutulmasını xahiş edir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir. Cavabdeh "xxxx"MMC-yə məxsus AZ69PAHA40060AZNHC********** nömrəli bank hesabından xx.xx.2023 - xx.xx.2024 dövrlərini əhatə edən çıxarışdan 18 sentyabr 2024-cü il tarixində 3127,33 manat və 19 sentyabr 2024-cü il tarixində 227,57 manat ödəniş edildiyi, həmin ödənişin cərimə borcuna silindiyi görünür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli İDK0657/27 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 74224,34 manat və faiz borcu 1475,21 manat müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli İDK0657/27 saylı maliyyələşdirmə üçün ərizə üzrə 74224,34 manat əsas, 1475,21 manat faiz borcu cavabdehlər Cavabdeh1 MMC və Bairamov Azardan müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddiaçı 24438,41 manat cərimə məbləğinin də cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli İDK0657/27 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 28,5% / 0,0791% olaraq müəyyən edilmişdir. 19 oktyabr 2022-ci il tarixli ZF0682 nömrəli zaminlik müqaviləsinin 2.2-ci bəndi ilə nəzərdə tutulmuşdur ki, zaminliklə təmin edilmiş öhdəliyə o cümlədən illik 30,5% olmaqla cərimə faizi də daxildir. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdehlər pul məbləğini qaytarmadıqları, xx.xx.2023-cü il tarixli İDK0657/27 saylı ərizə üzrə heç bir ödəniş etmədikləri halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmiş, dəbbə pulunun artmasına rəvac vermişdir. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi cərimə məbləğinin 3800 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir. Lakin həmin məbləğ üzrə 18 sentyabr 2024-cü il tarixində 3127,33 manat və 19 sentyabr 2024-cü il tarixində 227,57 manat ödəniş edildiyindən tutulmalı cərimə məbləği 445,1 manat təşkil edir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq 445,1 manat pul cavabdehlər Cavabdeh1 MMC və Bairamov Azardan müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

23. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin dəbbə pulunun tutulması hissəsində maddi hüquq normalarını düzgün tətbiq etmiş, dəbbə pulunun məbləği ilə bağlı ədalətli və qanuni nəticəyə gəlmişdir. AR MM-nin 467-ci maddəsinin tələbinə əsasən məhkəmənin yüksək məbləğdə dəbbə pulunu azaltmaq səlahiyyəti borclunun əmlak mənafeyini, əsas borca mütənasibliyini nəzərə alaraq və ədalət, insaf, humanizm prinsiplərinə dayanaraq həyata keçirilir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

24. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2361/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar