Məhkəmə qərarları › İş №2-2(103)-219/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-219/2022

21.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-219/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMMC-nin "xxxx" ASC-yə qarşı ”sayğacın addan çıxarılması və.s” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, e-2- 2(113)- 6546/2021 saylı qərardadından İddiaçı MMMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal-32 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarə Heyətinin istifadəsində olan elektrik enerjisinin baş sayğacın EL-CA MTK-nın adından çıxarılması, həmin sayğacın Yasamal-32 MMMC-nin adına keçirilməsi baş sayğacın Yasamal-32 MMMC-yə məxsus sayğac otağına keçirilməsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi, hüquqi xidmətə görə ödənilmiş 200 manat məbləğinin və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən MMMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, e-2-2(113)-6546/2021 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. İddiaçı MMMC həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “elektrik enerjisinin satması ilə bağlı ”xidmət müqaviləsi vardır. Həmin müqavilə üzrə elektrik enerjisinin istehlakçıya çatdırılması və bundan irəli gələn bütün hallar üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehə aiddir. İddiaçı MMMC "xxxx" MTK-nın istismara verdiyi binaya xidmət göstərdiyindən, onunla bağlı bütün xidmət müqavilələri MMMC-yə keçdiyi mübahisəsizdir. Göründüyü kimi tərəflərin qarşılıqlı öhdəlikləri müqavilə ilə bağlıdır. Bu baxımdan da, mübahisələr müqavilə münasibətlərindən irəli gəlmiş olduğundan, inzibati deyil, ümumi iddia icraatında baxılmalıdır. Ona görə də, şikayət olunan qərardad qanuni əsaslı hesab edilə bilməz və nəticə etibarı ilə iddiaçının məhkəmə müdafiə hüququna ziddir. Bakı Kommersiya Məhkəməsinin 05.01.2022-ci il tarixli, e-2-2(113)-6546/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayətə yazılı icraat qaydasında baxaraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, e-2-2(113)- 6546/2021 saylı qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Birinci instansiya məhkəməsi qeyd edilən əsasla iddia ərizəsini icraata qəbul etməkdən imtina edərkən bu maddəyə istinad etmiş, qərardadı belə əsaslandırmışdır ki, “iddiaçı tərəf hazırkı tələblər bağlı ilk olaraq cavabdehə (qərardadda yanlışlığa yol verilərək “Azəriqaz” İB-nə müraciət edilməli olduğu qeyd edilmişdir) müraciət etməli idi. Sonuncu tərəfindən imtina verildiyi halda iddia ərizəsi ilə müvafiq İnzibati Məhkəməyə müraciət olunmalıdır.” Halbuki iddia ərizəsinə əlavə edilmiş sənədlərə iddiaçı tərəfindən cavabdehə müraciət məktubu və onun təqdim edilməsi barədə qəbz əlavə edildiyindən məhkəmənin qeyd edilən əsasa istinad etməsi düzgün olmamışdır. Məhkəmə kollegiyası mübahisənin kommersiya məhkəməsinin icraatına aid olmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeyri-kommersiya qurumudur və hüquqi şəxs kimi Azərbaycan Respublikası Ədliyyə nazirliyi tərəfindən qeydiyyata alınmışdır. İddiaçı kommersiya fəaliyyəti ilə məşğul olmadığından məhkəmə düzgün olaraq belə qənaətə gəlmişdir ki, onunla "xxxx" ASC arasındakı mübahisəyə kommersiya mübahisəsi kimi baxıla bilməz. Lakin mübahisənin ümumi və ya inzibati məhkəməyə aiddiyyətinə hüquqi qiymət verilməsi üçün mübahisə tərəflərinin müqavilə münasibətində olub-olmadığı, əgər tərəflər arasında müqavilə mövcuddursa irəli sürülmüş tələbin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrası ilə əlaqədar olub-olmadığı birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalıdır. Şikayət ərizəsində tərəflər arasında müqavilənin mövcud olduğu qeyd edilsə də, həmin sənəd elektron iş materiallarında mövcud deyil. Nəzərə alınmalıdır ki, əgər mübahisəyə ümumi məhkəmədə baxılmalıdırsa kommersiya məhkəməsi iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi barədə deyil, MPM-nin 152.1.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə qərardad qəbul etməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, yuxarıda qeyd edilən məsələlərin araşdırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, e-2-2(113)-6546/2021 saylı qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMMC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, e-2-2(113)-6546/2021 saylı qərardadı ləğv edilsin. İş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar