Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-219/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 və cavabdeh X3 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1158/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, 007-KRM-026-2020 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcalana 24 ay müddətinə, illik 21 faiz ödəmək şərti ilə 28000 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı kimi ipoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – X5 və borc alan – Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, 007-İPM-027-2020 nömrəli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən X4 məxsus, ünvan 2 bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanılan zaman ipoteka predmetinin bazar dəyəri 175000 manat, likvid dəyəri isə 157000 manat məbləğində müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “Azər-Türk Bаnk” Açıq Səhmdаr Cəmiyyətinin xeyrinə 23833,84 manat (iyirmi üç min səkkiz yüz otuz üç manat səksən dörd qəpik) əsas, 4401,91 manat (dörd min dörd yüz bir manat doxsan bir qəpik) faiz, əsas borc məbləğinə hesablanmış illik 5% görə 803,72 manat (səkkiz yüz üç manat yetmiş iki qəpik) olmaqla, cəmi 28539,47 manat (iyirmi səkkiz min beş yüz otuz doqquz manat qırx yeddi qəpik) məbləğində pul, 200 (iki yüz) manat mediasiya xərci və bildirişin ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi qeydiyyatı ilə bağlı 40 (qırx) manat ödənişin tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi, ipoteka predmeti olan, X4 məxsus, ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan X5 və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda, onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, Cavabdeh1 müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə banka 23833,84 manat, 4401,91 manat faiz, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 803,72 manat faiz borcu olmaqla, ümumilikdə 28539,47 manat borcu yaranmışdır.
5. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1158/2023 saylı qərardadı ilə iş üzrə icraata mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda, onların məcburi qaydada çıxarılması hissəsində xitam verilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1158/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 23333,84 manat (iyirmi üç min üç yüz otuz üç manat səksən dörd qəpik) əsas borc, 3988,01 manat (üç min doqquz yüz səksən səkkiz manat bir qəpik) faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 803,72 manat (səkkiz yüz üç manat yetmiş iki qəpik), 200 (iki yüz) manat mediasiya xərci və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 40 (qırx) manat olmaqla, cəmi 28365,57 manat (iyirmi səkkiz min üç yüz altmış beş manat əlli yeddi qəpik) məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın X4 məxsus, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 124 kv.mdən ibarət olan 19 nömrəli mənzilə (yeni qaydalarla: AZ1006, ünvan 2) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin X4 qaytarılması, ipoteka predmeti olan, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 124 kv.mdən ibarət olan 19 nömrəli mənzilin (yeni qaydalarla: AZ1006, ünvan 2) ilkin satış qiymətinin 198000 (yüz doxsan səkkiz min) manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun Cavabdeh1 tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir.
8. Cavabdeh X5 həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka saxlayan tərəfindən xx.xx.2021-ci il tarixli ipoteka qoyana bildiriş göndərilsə də, ipoteka qoyan tərəfindən alınmamışdır. İpoteka saxlayan 1 aya yaxın müddət keçdikdən sonra DƏDRX-ə bildirişin qeydə alınması üçün həmin Xidmətə müraciət edir və DƏDRX xx.xx.2021-ci il tarixində bildirişi qeydə almışdır. Bununla belə, “İpoteka haqqında” Qanunun 36.4.1-ci maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Göründüyü kimi ipoteka saxlayan xx.xx.2021-ci il tarixli bildirişin qeydə alınması üçün DƏDRX-ə xx.xx.2021-ci il tarixində müraciət etmişdir. DƏDRX bu pozuntunu nəzərə almadan bildirişi qeydə almışdır. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etməmişdir. Halbuki, Qanunun imperativ göstərişinə əsasən bu halda tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Həmçinin iddiaçının təqdim etdiyi pretenziya, bildiriş, iddia ərizəsi ipoteka qoyana çatmamış və bu da prosessual pozuntu olduğundan iddia ərizəsi baxılmamış saxlanılmalı idi. Həmçinin, məhkəmə mühasibatlıq ekspertizasında silinmələrə düzgün münasibət bildirilməmişdir. Məhkəmə borcun tutulmasını qət edərkən cavabdeh tərəfindən haqlı olaraq qaldırılan məsələlərə diqqət yetirməmişdir. Belə ki, ödəniş cədvəlinə əsasən xx.xx.2020-ci il tarixinə əsas borc 28.000 manat, faiz borcu 6.493,65 manat ödənilməli idi. İddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışında əsas borcdan 4.666,16 manat, faiz borcundan 7.614,94 manat ödəniş edildiyi qeyd edilmişdir. Göründüyü kimi, əsas borc qalığı 23.333,84 manat olsa da, faiz borcu hissəsi səhv hesablanmışdır. Belə ki, 6.493,65 manat faiz borcu tam ödənildiyi halda əlavə olaraq 3.988,01 manat əlavə faiz borcunun tutulması qəbul edilə bilməz. Bundan əlavə faiz borcundan artıq ödənilmiş 1.121,29 manat əsas borcun ödənişinə yönəldilməli və əsas borc məbləğ bu məbləğ qədər azaldılmalı və əsas borc 22.212,55 manat qəbul edilməlidir. 803,72 manat 5% faiz borcu da qəbul edilə bilməz. Belə ki, borclu tərəfindən edilən ödənişlər düzgün silinmədiyi üçün və bununla bağlı banka dəfələrlə bildirilməsinə baxmayaraq silinmələrə heç bir düzəliş edilməmişdir. Belə bir vəziyyətdə 5%-in tətbiq edilməsi qanunaziddir. Həmçinin qiymətləndirmə ilə bağlı ekspertizada mənzilə qoyulan qiymət reallığı əks etdirmir. Belə ki, "xxxx" MMC-nin rəyi ilə ipoteka predmeti olan mənzilin qiymətləndirilməsində ümumi sahəsi 124 kv.m olan, tam təmirli və yeni hündürmərtəbəli binada yerləşən mənzilin 1 kv.m 1597 manat götürülmüşdür. Halbuki həmin ünvanında yerləşən mənzilin 1 kv.m üçün tam təmirli qiyməti 3000-3500 manat təşkil edir. İpoteka müqaviləsində mənzilin qiymətinin bazar qiymətinin 175.000 manat, likvid qiymətinin 157.000 manat qoyulması 28.000 manat kreditə görə sığorta ödənişinin az ödənilməsi üçün formal olaraq qoyulmuşdur. Göründüyü kimi ipoteka predmeti olan mənzilin hazırkı vaxtda olan bazar və likvid qiyməti düzgün qoyulmamışdır. Mənzilin dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisə yaranmışdır. Odur ki, hazırki mübahisə üzrə mənzil yenidən qiymətləndirilməlidir. Bundan başqa məhkəmə xərclərinin cavabdehdən tutulması ədalətə sığmır. Belə ki, əgər iddiaçının tələb etdiyi borc tələbi mübahisəsiz olsa idi, o halda xərclərin cavabdehdən tutulması başa düşülən idi. Lakin mühasibatlıq ekspertizasından göründüyü kimi, iddiaçı düzgün borc tələbi irəli sürməmiş, hətta cavabdeh tərəfindən ödənilən vəsaitləri düzgün ardıcıllıqla silməmişdir. İpotekanın dəyərinin müəyyən edilməsi xahişi də iddiaçıya aiddir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında cavabdeh X3 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X6 isə apellyasiya şikayətinə etiraz etdi.
12. Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
14. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.https://e-qanun.az/framework/46944 Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
15. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
16. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
18. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
20. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
21. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 6-cı maddəsinin 2-ci bəndinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir.
23. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir.
24. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
25. Həmin Qanunun 36.4.1-ci maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz.
26. Həmin Qanunun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
27. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
30. Belə ki, kredit borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741 və 445.7-ci maddələri təşkil edir.
31. Hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.
32. Belə ki, kredit borcunun məbləğinin müəyyənləşdirilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 007- KRM-026-2020 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 26833,84 manat; faiz borcu üzrə 3988,01 manat; xx.xx.2022-ci il tarixə banka olan borcu əsas borc üzrə 23333,84 manat; faiz borcu üzrə (5%) 857,86 manat; ümumilikdə faiz borcu 4875,87 manat müəyyən olunur.
33. Göründüyü kimi Cavabdeh1 tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.
34. Qeyd olunanları, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı və ekspert rəyini nəzərə alaraq və Mülki Məcəllənin 739.1, 741 və 445.7-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
35. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan mənzilə yönəldilməsini tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə də düzgün nəticəyə gəlmişdir.
36. Həmçinin, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinə aid hissədə də birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
37. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka predmetinin dəyəri yuxarıda qeyd olunan qaydada müəyyən edilmişdir.
38. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddəsinin tələbləri nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərardadı əsasında "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli, ƏEM/O 66-711/22 saylı qiymətləndirmə rəyi verilmiş və həmin rəydə qeyd edilmişdir ki, X4 məxsus olan, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 124 kv.mdən ibarət olan 19 nömrəli mənzilin (yeni qaydalarla: AZ1006, ünvan 2) likvid dəyəri 198000 manat, bazar dəyəri 221000 manat təşkil edir.
39. Göründüyü kimi qiymətləndirmə rəyi ilə müəyyən olunan likvid qiymət tərəflər arasında sonrakı ipoteka müqaviləsi bağlanılan zaman qarşılıqlı razılıqla müəyyən olunan qiymətdən yüksəkdir.
40. İpoteka müqaviləsin bağlandığı tarixdən 4 ilə yaxın müddət keçdiyini, keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin dəyişdiyini və artdığını, yuxarıda qeyd olunan qiymətləndirmə rəyini, eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən əmlakın ilkin satış qiymətinin məhz likvid qiyməti ilə müəyyən edilməli olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ipoteka predmetinin ilkin satış qiyməti kimi qiymətləndirmə rəyini əsas götürərək, müəyyən etmişdir.
41. Apellyasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.4.1-ci maddəsində də təsbit olunmuşdur ki, tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz. İş materiallarından da görünür ki, ipoteka saxlayan tərəfindən xx.xx.2021-ci il tarixli bildiriş xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə ipoteka qoyana göndərilmişdir. Həmin bildirişin bu və ya digər səbəbdən ipoteka qoyan tərəfindən alınmamasının isə hər hansı əhəmiyyəti yoxdur. Çünki qanunverici ipoteka saxlayanın yalnız bildirişi göndərmək vəzifəsini müəyyən etmişdir. Daha sonra ipoteka saxlayan 04 may 2021-ci il tarixdə bildirişin qeydə alınması üçün DƏDRX-ə müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2021-ci il tarixdə bildiriş qeydə alınmışdır. Göründüyü kimi tutmanın yönəldilməsi haqqında bildiriş poçt vasitəsilə göndərildiyi üçün 02 may 2021-ci il tarixdə ipoteka qoyana təqdim edilmiş hesab olunur. İddiaçı da bundan 2 gün sonra yəni 04 may 2021-ci il tarixdə bildirişin qeydə alınması üçün ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən tutmanın yönəldilməsi proseduruna tam əməl edilmişdir. Borcun düzgün hesablanmaması ilə bağlı dəlillər isə əsaslandırılmayıb. Eyni zamanda iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Müqavilə üzrə cəmi ödənilməli olan faiz məbləğinin 6.493,65 manat təşkil edilməsi ilə bağlı qeyd edilir ki, həmin məbləğ ödənişlər vaxtlı-vaxtında aparıldığı halda ödənilməli idi. Çünki kredit müqaviləsinə aid ödəniş cədvəlindən müəyyən edilir ki, ödənişlərin anuitet qaydada aparılması razılaşdırılmışdır. Bu qayda aylıq ödənişə həm əsas borcun bir hissəsinin, həm də əsas borcun qalığına əsasən hesablanmış faiz borcunun ödənilməsini nəzərdə tutur. Ödənişlərin qrafik üzrə aparılmaması isə əsas borc qalığının azalmaması və faiz borcunun artmasına səbəb olur. Ona görə də, müqavilə üzrə faiz borcu və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu ilə bağlı dəlillər əsassızdır. İpoteka predmeti olan mənzilin düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillər də əsassızdır. Belə ki, hazırkı işdə Mülki Prosessual Məcəllənin 102ci maddəsində göstərilmiş əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş həmin rəy də mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəyinin qeyri-dəqiq olmasını və analoji mənzillərin dəyərinin artıq olmasını bildirsə də, bununla bağlı heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qiymətləndirilmə zamanı ipoteka predmeti olan mənzilə baxış keçirilməməsi ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində cavabdehin bununla bağlı dəlilləri nəzərə alınmış və iş üzrə yenidən ekspertiza təyin olunaraq aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. Həmin MMCnin xx.xx.2023-cü il tarixli vəsatəti ilə mənzilə baxış keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmişdir (i/v 98). Lakin cavabdeh ölkə xaricində olduğuna görə mənzilə baxış keçirilməsinə şərait yaradılmamış və ona görə də, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə qərardad icra olunmadan geri qaytarılmışdır (i/v 105). Məhkəmə iclasında cavabdehin nümayəndəsi də təsdiq etdi ki, həmin ərəfədə cavabdeh ölkə xaricində olmuşdur. Göründüyü kimi qiymətləndirmə zamanı mənzilə baxış keçirilməsi cavbdehin hərəkətlərinə görə qeyri-mümkün olmuşdur. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Ərizənin baxılmamış saxlanılması ilə bağlı qeyd edilir ki, cavabdehə borcun ödənilməsi barədə pretenziya və iddia ərizəsinin surəti elektron qaydada göndərildiyinə görə bunun üçün əsaslar mövcüd deyil. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq bölüşdürülmüşdür. Belə ki, iddianın təmin olunmuş hissəsi 97 % təşkil edir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1158/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn