Məhkəmə qərarları › İş №2-2(103)-220/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-220/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-220/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X2 və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3, cavabdeh “xxxx” QSC-nin nümayəndəsi Babayev Fərman Ağaba oğlunun iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və “xxxx” QSC-yə qarşı borcun tutulmasına dair iddiası üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(82)-1186/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından (hakim Leyla Əliyeva) cavabdeh Cavabdeh1 MMCtərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1MMC-yə və “xxxx” QSC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh1 MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ləğv prosesində olan İddiaçı ASC-nin ilkin iddiasının rədd olunmasını, xx.xx.2015-ci il tarixli 11-15 USD saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin 1.500 000 (bir milyon beş yüz min) ABŞ dolları olan əsas borcunun İddiaçı ASC-də olan AZY6AZER**********01USD38130 hesabından silinməsi vəzifəsi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin üzərinə qoyulmaqla öhdəliyə xitam verilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(82)-1186/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Cavabdeh Cavabdeh1 MMC həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, qarşılıqlı iddianın icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia tələbi kreditorun banka qarşı tələbinə deyil, ilkin iddia üzrə tələb edilən borcun Cavabdeh1 MMC-nin İddiaçı ASC-də olan hesabından silinməsi vəzifəsinin həvalə edilməsi tələbinə aiddir. Qarşılıqlı iddia tələbi kreditor tələb olmadığı və iddiaçının borc tələbinin Cavabdeh1 MMC-nin hesabındakı vəsaitlə əvəzləşdirilməsi barədə olduğundan məhkəmə “Banklar haqqında” Qanunun 72,76 və 77-ci maddələrinə istinad etməkdə haqlı olmamışdır. Şikayət məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, Cavabdeh1 MMC-nə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmənin iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdeh “xxxx” QSC-nin nümayəndəsi Babayev Fərman Ağaba oğlu məhkəmə iclasında digər cavabdehin şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2- 2(82)-1186/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC müflis elan edilmiş və barəsində iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Hazırda Cavabdeh1 MMC-nin qarşılıqlı iddiası ləğv prosesində olan banka qarşı yönəlmişdir. “Banklar haqqında” Qanunun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iflas prosesində olan zaman banka qarşı irəli sürülmüş kreditor tələblər ləğvediciyə təqdim edilməli, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə ləğvedici tərəfindən pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Cavabdeh1 MMC-nin qarşılıqlı iddia ərizəsində irəli sürdüyü tələbinin hüquqi əsasını təşkil edən «Banklar haqqında» Azərbaycan Respublikasının Qanunun 78.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Qanunun 82.1-ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4.iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5.bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6.müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7.bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər.üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər; 82.1.8.təminatsız kreditorların tələbləri. Göründüyü kimi, qanunla müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsinə yol verilsə də əvəzləşmənin Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş növbəliliyə əməl edilməklə həyata keçirilməli olduğu müəyyən edildiyindən həmin növbəliliyə əməl edilmədən tələblərin əvəzləşdirilməsi barədə tələbə iddia icraatı çərçivəsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İstinad edilən norrmaların tələblərinə əsasən qarşılıqlı iddianın icraata qəbulundan imtina edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(82)-1186/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 158, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh Cavabdeh1 MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(82)-1186/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar