Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-220/2023 10.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4765/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. "xxxx" MMC ilə Cavabdeh2 arasında 12 mart 2020-ci il tarixli, ELİM-645-451 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə, bu müqavilənin tərkib hissəsi olan müvafiq razılaşmalarla müəyyən edilən şərtlərə uyğun olaraq, borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, illik ən çoxu 50 (əlli) faiz dərəcəsilə hesablanmaqla faizlər ödənilmək və təminatlılıq və ya belə təminatsız və maksimal məbləği barədə müvafiq dəyişiklik edilməyənə qədər 15000 (on beş min) manat (AZN) məbləğində kredit verilməsi mümkünlüyünü nəzərdə tutur.
2. "xxxx" MMC ilə Cavabdeh2 arasında 12 mart 2020-ci il tarixli, ELİM-645-451 nömrəli kredit müqaviləsinin tərkib hissəsi olan 12 mart 2020-ci il tarixli, ELİM-645-451 nömrəli razılaşma bağlanmışdır. Həmin razılaşmanın 2-ci bəndinə əsasən bu razılaşmaya əsasən borcalan illik 18% (on səkkiz) faizlə 36 (otuz altı) ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit borcalanın adına açılmış bank hesabına, borcalanın təqdim etdiyi "xxxx" ASC Nəsimi filiali, AZN - AZ30BRES******************** bank hesabına, borcalanın "xxxx" MMC tərəfindən buraxılan “İstifadəçisi eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kartına yüklənmək üçün saylı tranzit hesabına və ya notariusun depozit hesabına köçürülməklə verilir. Borcalan kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya kreditin əsas borc və faiz borcunun bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində göstərilən ödəniş tarixində ödəməməklə 30 təqvim günündən çox gecikdirdikdə, bu müqavilə ilə verilmiş kreditdən istifadə üçün nəzərdə tutulan illik faiz dərəcəsi kredit verən tərəfindən 5 (beş) faiz artırıla bilər və bu müqaviləni imzalamaqla borcalan bu şərtlə razılaşır və krediti yeni faiz dərəcəsi ilə qaytaracağına dair öhdəlik qəbul edir. Bu halda kreditin ödənilməmiş qalıq əsas borca faiz hesablanacaq və faiz borcunun artmış hissəsi ödəniş cədvəlində göstərilən ödəniş tarixlərində qaytarılacaqdır. Bu razılaşma ilə verilən kreditin faktiki illik faiz dərəcəsi illik 19,7% faiz təşkil edir. Həmin razılaşmanın 6-cı bəndinə əsasən borcalan kreditin əsas və ya faiz borcunu bu müqavilənin tərkib hissəsi olan razılaşmaya əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilmiş qaydada qaytarmadıqda, gecikmə baş verdiyi gündən kredit verən hər gecikdirilən təqvim günü üçün ödənilməmiş cari əsas borcun 1%-i miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər.
3. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 12 mart 2020-ci il tarixli, ELİM- 645-451+ELİM-647 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 12 mart 2020-ci il tarixli, ELİM645-451 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
4. "xxxx" MMC ilə İddiaçı2 ASC arasında bağlanmış tələbin güzəşti barədə xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2020-ci il tarixli 1 nömrəli Əlavə saziş bağlanmış və həmin sazişə əsasən Cavabdeh2 ilə “TBC” Kredit Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ İddiaçı2 ASC-yə ötürülmüşdür.
5. İddiaçı2 ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2022ci il tarixə Cavabdeh2 12 mart 2020-ci il tarixli, ELİM-645- 451 nömrəli kredit müqaviləsinin tərkib hissəsi olan 12 mart 2020-ci il tarixli, ELİM-645-451 nömrəli razılaşma üzrə banka 10745,96 manat əsas borc, 3409,63 manat faiz borcu, 18383,47 manat cərimə borcu olmaqla, ümumilikdə borcu 32539,06 manat manat təşkil edir.
6. İddiaçı2 ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı2 ASC tərəfindən Bakı 5 saylı Mediasiya Təşkilatının AZ97UBAZ**********0090AZN001 nömrəli hesabına 200 (iki yüz) manat məbləğində vəsait köçürülmüşdür.
7. İddiaçı2 ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış 09 avqust 2021ci il tarixli, KBD/2795 nömrəli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, kredit müqaviləsi üzrə borcun banka ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti (İddiaçı2 ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı2 ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 11745,96 manat əsas borc, 1192,92 manat faiz borcu, 1756,83 manat cərimə borcu olmaqla, ümumilikdə 14695,71 manat borc və 200 manat dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
9. İddiaçı bildirir ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən “TBC” Kredit Bank olmayan Kredit təşkilatından illik 18 faizlə 36 ay müddətinə 15000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. “TBC” Kredit Bank olmayan Kredit təşkilatı ilə İddiaçı2 ASC arasında bağlanmış tələbin güzəşti barədə xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2020-ci il tarixli 1 nömrəli Əlavə sazişə əsasən Cavabdeh2 ilə “TBC” Kredit Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ İddiaçı2 ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 27 avqust 2021-ci il tarixədək Cavabdeh2 banka xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 11745,96 manat əsas borc, 1192,92 manat faiz borcu, 1756,83 manat cərimə borcu olmaqla, ümumilikdə 14695,71 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı2 ASC ilə cavabadehlər Cavabdeh2 və Cavabdeh1 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.
10. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı2 ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 11745,96 manat əsas borc, 1192,92 manat faiz borcu, 1756,83 manat cərimə borcu olmaqla, ümumilikdə 14695,71 manat borc və 200 manat dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh2 birinci instansiya məhkəməsində iddia tələbini əsas borc və faiz borcunun tutulması hissəsində qəbul etdiyini bildirmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4765/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10745,96 manat (on min yeddi yüz qırx beş manat doxsan altı qəpik) əsas borc, 1192,92 manat (min yüz doxsan iki manat doxsan iki qəpik) faiz borcu, 700 (yeddi yüz) manat cərimə, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 12838,88 manat (on iki min səkkiz yüz otuz səkkiz manat səksən səkkiz qəpik) məbləğində pulun İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
13. Cavabdeh2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qətnaməsində göstərilən əsas və faiz borcuna nisbətdə cərimə məbləği əsassız olaraq hesablanmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
17. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
20. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız Cavabdeh2 tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız dəbbə puluna aid hissədə yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, iddia dəbbə puluna aid hissədə qismən əsaslıdır.
23. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 462, 467-ci maddələri təşkil edir.
24. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh2 öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.
25. Birinci instansiya məhkəməsində icraatdan və apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi Cavabdeh2 əsas borc və faiz borcunun məbləği ilə razılaşmışdır.
26. Birinci instansiya məhkəməsi əsas və faiz borcunun tutulması hissəsində tam təmin etmiş, dəbbə pulunun tutulması hissəsində isə iddianı qismən təmin etmişdir.
27. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 1756,83 manat dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 700 manat məbləğində müəyyənləşdirmişdir.
28. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə maliyyə arayışını, araşdıraraq və Mülki Məcəllənin 462 və 467-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, dəbbə puluna aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
29. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
30. Həmçinin, mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
31. Belə ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4765/2022 saylı qətnaməsi dəbbə puluna aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova