Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-221/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, ekspert rəyinin mötəbərliliyi, əsas və faiz borcunun düzgün hesablanmaması, ipotekanın qiyməti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh2 məhdud məsuliyyətli cəmiyətinin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh2nə və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ASC (bank) ilə "xxxx" MMC (borclu) arasında bağlanmış xx.xx.2021ci il tarixdə 06CRED21000017 nömrəli “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Nümunəvi Kredit müqaviləsi” bağlanmış, müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bank, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun (Fond) 03 avqust 2021-ci il tarixli ZM-1495/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək (müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) şərtilə borcluya 200 000 manat məbləğində illik 15 (on beş ) faiz dərəcəsi ilə 36 (otuz altı ) ay müddətinə (kredit üzrə güzəşt müddəti - əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 12 (on iki) ay olmaqla) kredit verməyi, borclu isə kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilədə nəzərdə tutulmuş qaydada banka ödəməyi öhdələrinə götürmüşlər.
2. Müqavilənin 3.1.5-ci bəndində nəzərdə tutulmuşdur ki, bank, müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallarda müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcludan tələb edə bilər.
3. Müqavilənin 3.2.9-cu bəndinə görə, müqavilənin 3.1.5-ci bəndində nəzərədə tutulmuş hallarada müqaviləyə birtərəfli qaydada xitam verildikdə, borclu kredit üzrə əsas borc qalığını bu müddətə qədər hesablanmış faizi (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) ilə birlikdə dərhal qaytarır və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunu banka ödəyir.
4. Müqavilənin 7.1-ci bəndinə əsasən, borclu müqavilə üzrə hesablanmış faizləri kreditin illik faiz dərəcəsindən Fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7.5 ( yeddi tam onda beş) faiz bəndi çıxıldıqdan sonra ödəniş cədvəlinə uyğun olaraq ödəyir.
5. Bankla Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə 006GRNT21000133 nömrəli zaminlik müqaviləsi bağlanmış, həmin müqavilələrə əsasən zamin bankdan kredit götürmüş borcalan tərəfindən bank qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərlərinə götürmüşdür.
6. Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 32 ünvanında yerləşən 7 və 8 saylı mənzillər xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır.
7. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-cı il tarixli 006REAL21000134 №-li ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzil ipotekaya qoyulmuş, ipoteka predmetinin qiyməti müqavilənin 2.2-ci bəndinə əsasən 210 000 manat müəyyənləşdirilmişdir.
8. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-cı il tarixli 006REAL21000135 №-li ipoteka müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən mənzil ipotekaya qoyulmuş, ipoteka predmetinin qiyməti müqavilənin 2.2-ci bəndinə əsasən 90 000 manat müəyyənləşdirilmişdir.
9. Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 32 ünvanında yerləşən 7 və 8 saylı mənzillər üzərində İddiaçı ASC-nin xeyrinə olan ipoteka yüklülüyü daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır.
10. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli ZB-353/24 saylı arayışında göstərilmişdir ki, Cavabdeh2 MMC-nin xx.xx.2021-ci il tarixli 06CRED21000017 saylı müqaviləyə əsasən banka əsas borcu – 163 104,07 manat, faiz borcu – 19 092,55 manat olmaqla cəmi borc 182 196,62 manat təşkil edir.
11. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 MMC-nə və Cavabdeh1 xx.xx.2023-cü il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə qanunda nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
12. İddiaçı ASC (iddiaçı) Cavabdeh2 MMC-nə və Cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən müştərək qaydada 24.08.202l-ci il tarixli 06CRED21000017 nömrəli “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Nümunəvi kredit müqaviləsi” üzrə 163 104,07 manat əsas borc, 11 224,64 manat faiz borcu olmaqla, cəmi 174 328,71 manat borcun, 65 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının xeyrinə tutulması, tutmanın ipoteka predmetləri olan Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən mənzilə və ünvan 4 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin ipoteka predmetlərinin hərracdan satılması, borcun göstərilən ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 06CRED21000017 nömrəli “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Nümunəvi Kredit müqaviləsi” üzrə cavabdehə illik 15 % dərəcəsi ilə, 36 ay müddətinə 200 000 (iki yüz min) manat məbləğində kredit verilmiş, borcun təminatı olaraq Cavabdeh1 ilə 24 avqust 2021-ci il tarixli 006REAL21000134 nömrəli və 24 avqust 2021-ci il tarixli 006REAL21000135 nömrəli ipoteka müqavilələri bağlanmış, həmin müqavilələrdə göstərilən daşınmaz əmlaklar bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Bağlanmış ipoteka müqavilələri üzrə ünvan 3 ünvanında yerləşən mənzil və ünvan 4 ünvanında yerləşən mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir: Həmçinin borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli 006GRNT21000133 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri icra etməmiş, bununla da müqavilə şərtlərini pozmuşlar. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Tərəflər arasında mübahisənin həllini təmin etmək məqsədi ilə Mediasiya Təşkilatına müraciət olunmuş, xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyası keçirilmiş, lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər sessiyada iştirak etmədiyi üçün mediasiya təşkilatı tərəfindən “X2 (İMS) İştirak Edilməməsi barədə” arayış təqdim olunmuşdur. Həmçinin qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş göndərilmiş, reyestr orqanına bildirişin qeydiyyatı üçün ərizə verilmiş və ərizə bu orqanda qeydə alınmışdır. Tərəflər arasında bağlanılmış “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Nümunəvi Kredit müqaviləsi”nin 1.2-ci bəndinə əsasən, borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu tədqirdə dəbbə pulunu bu müqavilədə nəzərədə tutulmuş qaydada kreditora ödəyir. Həmin müqavilənin 3.1.5-ci bəndinə görə kreditor bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcludan tələb edə bilər. Həmin müqavilənin 3.2.9-cu bəndinə görə bu müqavilənin 3.1.5-ci bəndində nəzərədə tutulmuş hallarada bu müqaviləyə birtərəfli qaydada xitam verildikdə, kredit üzrə əsas borc qalığını bu müddətə qədər hesablanmış faizi (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) ilə birlikdə dərhal qaytarır və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunu kreditora ödəyir. 24 iyul 2023-ci il tarixinə cavabdehlərin xx.xx.2021-ci il tarixli 06CRED21000017 nömrəli “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Nümunəvi Kredit müqaviləsi” üzrə banka 163 104,07 (yüz altmış üç min yüz dörd manat 07 qəpik) manat əsas borc, 11 224,64(on bir min iki yüz iyirmi dörd manat 64 qəpik) manat faiz borcu borcu olmaqla, cəmi 174 328,71 (yüz yetmiş dörd min üç yüz iyirmi səkkiz manat 71 qəpik) manat borcu vardır. Xəbərdarlıq (pretenziya) edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən həmin müqavilədə göstərilmiş kredit müqaviləsinə əsasən kreditordan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.
14. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə vermiş, cavabdehlərdən müştərək qaydada xx.xx.2021-ci il tarixli 06CRED21000017 nömrəli “Sahibkarlıq subyektləri tərəfindən alman kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Nümunəvi Kredit müqaviləsi” üzrə 163 104,07 manat əsas borc, 19 092,55 manat faiz borcu borcu olmaqla cəmi 182 196,62 manat borcun, 72,60 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetləri olan Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən mənzilə və ünvan 4 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin ipoteka predmetlərinin hərracdan satılması, borcun göstərilən ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına banka ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini müdafiə etmiş, cavabdehlər (nümayəndələri) məhkəməyə gəlməmiş, bununla belə Cavabdeh2 MMC-nin nümayəndəsi (vəkili) yazılı vəsatət göndərərək iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir
16. Məhkəmə tərəfindən cavabdehin nümayəndəsinin vəsatəti əsasında mühasibatlıq ekspertizası təyin olunaraq ekspert qarşısında bankla Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 06CRED21000017 nömrəli “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Nümunəvi Kredit müqaviləsi” üzrə aparılmış ödənişlər nəzərə alınmaqla ilk xəbərdarlıq məktubunun cavabdehlərə çatdırıldığı xx.xx.2023-cü il və maliyyə arayışının verildiyi xx.xx.2023-cü il tarixinə (ayrı-ayrı göstərilməklə) əsas və faiz və cərimə borcunun məbləğinin nə qədər təşkil etdiyi barədə suallar qoyulmuş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi əsasında müəyyən olunmuşdur ki, cavabdehin əsas borcu xəbərdarlıq məktubunun cavabdehlərə çatdırıldığı xx.xx.2023-cü il tarixinə 163 104,17 manat, faiz borcu 894,61 manat, maliyyə arayışının verildiyi xx.xx.2023-cü il tarixinə əsas borcu 163 104,17 manat, faiz borcu 1444,15 manat təşkil edir.
17. Məhkəmənin təyinatı əsasında təkrar tədqiqat aparan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6268 saylı rəyində göstərilmişdir ki, "NN-APOLLON” MMC-nin müqavilə üzrə borcu xx.xx.2023-cü il tarixə 163 104,17 manat, faiz borcu 5774,87 manat, maliyyə arayışının verildiyi xx.xx.2024-cü il tarixə əsas borcu 163 104,17 manat, faiz borcu 25 211,43 manat təşkil edir.
18. Məhkəmənin təyinatı əsasında qiymətləndirmə aparan "Legal Prime” MMCnin xx.xx.2023-cü il tarixli rəylərində göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh1 məxsus mənzilin bazar qiyməti 275 000 manat, likvid qiyməti 248 000 manat, ünvan 2 ünvanında yerləşən mənzilin bazar qiyməti 128 000 manat, likvid qiyməti 116 000 manat müəyyən edilmişdir.
19. Birinci instansiya məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunması, Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli 06CRED21000017 nömrəli “Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə Nümunəvi Kredit müqaviləsi” üzrə 163 104,07 əsas borcun, 19 092,55 manat faiz borcunun, dövlət rüsumunun/mediasiya xərcinin əvəzi olaraq 473 manatın, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsümün və xidmət haqqının əvəzi olaraq 150 manatın tutulub İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 248 000 manat məbləğində müəyyən edilməsi, tutmanın Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 116 000 manat məbləğində müəyyən edilməsi, əmlakların satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh2 MMC-dən və Cavabdeh1 tutulması, əmlakların qiymətləndirilməsi üçün xərclənmiş 600 manat məbləğində pul vəsaitinin Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutulub "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin hesabına keçirilməsi, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
20.1. Cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin normalarından çıxış etməklə iddia tələbini irəli sürmək hüququ vermişdir. 20.2. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının müqavilə üzrə tələb etdiyi əsas və faiz borcu məbləğləri ekspert rəyində müəyyən edilən əsas və faiz borcu məbləğindən aşağı həddə müəyyən edilmişdir. Beləliklə məhkəmə, 24 avqust 2021-ci il tarixli 060CRLN 21000017 24 avqust 2021-ci il tarixli 060CRLN 21000017 nömrəli Nümunəvi Kredit müqaviləsi üzrə əsas və faiz borcu məbləğləri iddia ərizəsində göstərilən məbləğdə, yəni xx.xx.2024-cü il tarixə (maliyyə arayışının tərtib edildiyi) 163 104,07 manat əsas, 19 092,55 manat faiz olmaqla cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlir. 20.3. Bununla yanaşı iş materiallardan görünür ki, iddiaçı "Ziraat Bank Azərbaycan” ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə digər Cavabdeh1 arasında bağlanmış 24 avqust 2021-ci il tarixli 006REAL21000134 nömrəli və 24 avqust 2021-ci il tarixli 006REAL21000135 nömrəli İpoteka müqavilələrinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 32 ünvanında yerləşən 7 və 8 saylı mənzillər ipoteka ilə yüklü edilməsi barədə öhdəlik götürülmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 32 ünvanında yerləşən 7 və 8 saylı mənzillər üzərində Cavabdeh1 mülkiyyət hüquqları qalmaqla, torpaq sahəsi və fərdi yaşayış evi "Ziraat Bank Azərbaycan” ASC-nin xeyrinə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı "İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır. 20.4. Cavabdeh2 MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə "İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 32 ünvanında yerləşən 7 və 8 saylı mənzillərə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı "Ziraat Bank Azərbaycan” ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər "NN-Apollon” MMC-dən və Cavabdeh1 tutulmalıdır. 20.5. "Legal Prime” MMC-nin xx.xx.2023-cü il tarixli LP-255/2023 və LP-256/2023 saylı mütəxəssis rəylərinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev ünvanında yerləşən Cavabdeh1 məxsus 7 saylı mənzilin hazırkı bazar qiyməti 275 000 manat və likvid qiyməti 247 000 manat, 8 saylı mənzilin hazırkı bazar qiyməti 128 000 manat və likvid qiyməti 116 000 manat dəyərində olması müəyyən edilmişdir. 20.6. Belə olan halda məhkəmə "Legal Prime” MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev ünvanında yerləşən Cavabdeh1 məxsus 7 saylı mənzilin likvid qiyməti 247000 manat və 8 saylı mənzilin likvid qiyməti 116000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir. 20.7. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə 400 manat, 72,60 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının tutulmasına manat məbləğində iddiaçı tərəfindən ödənişlər edilmişdir. 20.8. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda "Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. 20.9. Beləliklə, iddia təmin edildiyi üçün mediasiya xərcinin əvəzi olaraq 473 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsümün və xidmət haqqının əvəzi olaraq 150 manat, mühasibatlıq ekspertizasnın xərcinə görə 200 manat və əmlakın qiymətləndirilməsi xərci olaraq 600 manat cavabdehlərə aid edilməlidir.
21. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 269-cu, 270.1-ci, 385.1-ci, 386-cı, 442-ci, 443.1-ci, 448.1-ci, 470.1-ci, 470.2ci, 472.1-ci, 472.2-ci, 739-cu, 741-ci, 743-cü, “İpoteka haqqında” Qanunun 1.0.6-cı, 3.1ci, 10.4-cü, 11.1-ci, 11.2-ci, 34.1-ci, 41.1-ci, 47.5-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadına istinad etmişdir.
22. Qətnamədən Cavabdeh2 MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyi, əsas və faiz borcunun məbləğini, habelə ipoteka predmetlərinin qiymətini düzgün müəyyənləşdirmədiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
23. İddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, izahatlar
24. Cavabdeh2 MMC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçı bankın nümayəndəsi şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdeh isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
26. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
27. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
28. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
29. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
32. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
33. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
34. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
37. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.
38. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
39. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
40. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.
41. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
42. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
46. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
49. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun
52. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.
53. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
Apellyasiya baxışının həddi
54. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
56. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
57. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Çünkü iddianın zaminə və əsas borcluya qarşı yönəlmiş hissəsi bölünməz xarakterlidir (hazırkı işin halları baxımından) və Cavabdeh2 MMC-nin şikayətinin dəlilləri qətnamənin zaminə, o cümlədən ipotekaqoyana aid hissədə də yoxlanılmasını zəruri edir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
58. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
59. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
60. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində apellyatorun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
61. Cavabdeh1 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas və faiz borcunun əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
62. Əsas və faiz borcunun məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun irəli sürdüklərinə münasibətdə kollegiya qeyd edir ki, o nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə isə kredit borcunun (əsas və faiz) xx.xx.2024-cü il tarixinə (müqavilənin qüvvədə olduğu tarixə) olan məbləğləri dəqiqləşdirilmişdir.
63. Bu zaman həm də nəzərə alınmalıdır ki, məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh MMC-nin nümayəndəsi ilkin ekspert rəyi ilə razılaşdığını və xx.xx.2023-cü il tarixindən sonra ödəniş olunub-olunmadığını dəqiqləşdirib məlumat verəcəyini bildirmiş, lakin məhkəmə iclasına gəlməmişdir.
64. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş təkrar ekspert rəyində isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından yenidən ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir.
65. Kollegiya apellyatorun şikayətinin ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissəsini də əsassız hesab edir; belə ki, müvafiq qiymətlər birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyi əsasında müəyyən olunmuşdur və apellyator əmlakların dəyərinin daha yüksək olduğuna dair alternativ qiymətləndirmə rəyləri təqdim etməmişdir.
66. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, 2021-ci ildə bağlanmış ipoteka müqavilələrində müəyyənləşdirilən qiymətlərlərə müqayisədə, qiymətləndiricinin müəyyənləşdirdiyi qiymətlər real qiymətə uyğun olmayan hesab edilə bilməz.
67. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
68. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-195/2024 saylı iş üzrə 30 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən Cavabdeh2 və Cavabdeh1 tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Ziya Şirinov