Məhkəmə qərarları › İş №2-2(103)-223/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-223/2020

19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-223/2020 19.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “ödənilmiş pul vəsaitinin qaytarılması haqqında” iddia tələbinə dair kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2- 2(81)-109/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh X1 17.000,00 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu cəmi, 17.030, 00 manat məbləğində icarə haqqı borcunun tutularaq şirkətə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.2014-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən iddiaçı cavabdehdən Xocasən qəsəbəsində yerləşən 3000 kv.m qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin müddəti 1 il müddətinə müəyyən edilir və 2.2-ci bəndinə əsasən həmin müddətin başa çatmasına ən az on gün qalanadək tərəflərdən hər hansı biri müddətin uzadılmayacağı barədə digər tərəfi yazılı xəbərdar etdikdə, müqavilənin müddəti uzadılmır və ona xitam verilir. Müqavilənin göstərilən tələblərinə uyğun olaraq cavabdehə xx xxxxxx 2016-cı il tarixdə müddətin artırılmasının nəzərdə tutlmadığına və ona xx xxxxxxxx 2016-cı tarixdən etibarən xitam verildiyinə dair xəbərdarlıq təqdim edilmiş, lakin müqaviləyə xitam verilməsinə baxmayaraq, “Mətanət A” şirkətinin mühasibatlığı tərəfindən yanlış olaraq 17 ayın icarə haqqı əvəzi kimi 17.000,00 manat pul vəsaiti səhvən cavabdehin hesabına köçürülmüşdür. Lakin cavabdeh müqavilə münasibətlərinin artıq mövcud olmadığını bildiyi halda, həmin vəsaiti hesabdan-hesaba geri qaytarmamışdır. Bununla bağlı ona xx.xx.2018-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək, pul vəsaitinin beş bank günü ərzində şirkətin bank hesabına qaytarılması tələb olunsa da, cavabdeh pul vəsaitini ödəməkdən imtina etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı ilə bağlanmış icarə müqaviləsinə əsasən sonuncu 2018-ci ilədək pulu ödəməyi öhdəsinə götürmüş, lakin öhdəlytnə götürdüyü pulun hələ də 13000 manat məbləğini ödəməmişdir. Bundan əlavə məhkəmə məhkəmə iclasında cavabdehin iştirakını təmin etməmişdir. MPM-in 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və iş üçün əhəmiyyəti olan olan halların sübut edilməməsi qətnamənin ləğv olunması üçün əsasdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 376.2-ci maddəsinin tələblərini nəzərə alan kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi F.Əliyev izahatında göstərmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv olunduqdan sonra səhvən cavabdehin hesabına köçürülən mübahisəli pul vəsaitini cavabdeh müxtəlif bəhanələrlə geri qaytarmaqdan imtina edir. Ümumiyyətlə, müqavilə ləğv olunduqdan sonra icarə obyekti metro tikintisi alıtına düşdüyünüdən sökülmüş və ondan istifadə mümkün deyildi. Buna dair işə sübut əlavə olunmuşdur. Apellyasiya şikayətində cavabdehin hansı əsaslardan çıxış edərək iddiaçının ona 13.000 manat pul borcu olduğunun əsaslandırmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İİ.Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən pullar və sənədli kağızlar da əşyadır. Həmin Mcəllənin 154.3-cü maddəsinə əsasən kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri- onların təsisçilərinin (iştirakçılarının, üzvlərinin) maya və ya haqq kimi onlara verdikləri əmlakın , habelə həmin hüquqi şəxslərin başqa əsaslar üzrə əldə etdikləri əmlakın mülkiyyətçiləridir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunusuz sahibliyindən öz əmlakanı geri tələb edə bilər. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı ilə cavabdeh X5 arasında bağlanmış 11/14 saylı, xx.xx.2014-cü il tarixli qeyri-yaşayış sahəsinin icarə müqaviləsinə əsasən sonuncunun, onunla “xxxx” ASC arasında bağlanmış xx xxxx 2014-cü il tarixli müqaviləyə əsasən həmin ASCnin mülkiyyəti hesab edilən və üçüncü şəxslərə icarəyə vermək hüququ ilə istifadəsində olan - Xocasən qəsəbəsində yerləşən 3000 kv.metr qeyri-yaşayış sahəsi kommersiya məqsədilə İddiaçınə subicarəyə verilmişdir. Həmin müqavilə ilə tərəflər aşağıdakı razılığa gəlmişlər : 2.1.Müqavilənin müddəti tərəflərin onu imzalandığı gündən hesablanmaqla 5 (beş) il müddətinə müəyyən edilmişdir. 2.2.Müqavilə müddətinin başa çatmasına ən az 10 gün qalanadək tərəflərdən hər hansı biri müddətin uzadılmayacağı barədə digər tərəfi yazılı xəbərdar etməzsə, müqavilənin tərəflər arasında eyni müddətə, eyni şərtlərlə uzadılmış hesab edilməsi müəyyən edilmişdir. 2.3. Müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə müqavilə müddətinin istənilən dövründə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əməl etməklə vaxtından əvvəl xitam verilməsi müəyyənləşdirilmişdir. 4.1; 4.2.İcarə haqqı 3200 (üç min iki yüz) müəyyən edilməklə hər ayın sonuncu 5 (beş) iş günü ərzində icarədara nəğd yolu ilə ödənilir. Tərəflər öz aralarında imzalanmış xx xxxxxxx 2015-cı il tarixli Razılaşma ilə xx.xx.2014-cü il tarixli müqavilənin 4.1-ci bəndinə dəyişiklik edərək icarə haqqını 8000 manat müəyyən etmişlər. Eyni zamanda, işdən görünür ki, tərəflər arasında bağlanmış 53/14 saylı, xx.xx.2014-cü il tarixli qeyri-yaşayış sahəsinin icarə müqaviləsinə əsasən sonuncu tərəfindən, onunla “xxxx” ASC arasındakı xx xxxx 2014-cü il tarixli müqaviləyə əsasən ASC-nin mülkiyyəti hesab edilən və üçüncü şəxslərə icarəyə vermək hüququ ilə onun istifadəsinə verilmiş - Xocasən qəsəbəsində yerləşən 987 kv.metr qeyri-yaşayış sahəsini kommersiya məqsədilə İddiaçınə subicarəyə verilmişdir. xx xxxxxxx 2015-cı il tarixli Razılaşma ilə həmin müqavilənin 4.1-ci bəndinə dəyişikliklər edilərək icarə haqqı 8000 manat müəyyən edilmiş, xx xxxx 2016- cı il tarixli digər Razılaşma ilə həmin müqavilənin 4.1-ci bəndinə dəyişikliklər edilərək icarə haqqı 2900 manat məbləğində müəyyənləşdirilmişdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi , əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən müqavilə müddəti 5 il müddətinə müəyən edilmiş və 2.2-ci bəndinə əsasən həmin müddətin başa çatmasına ən azı 10 gün qalmış tərəflərdən hər hansı biri müddətin uzadılmayacağı barədə digər tərəfi yazılı xəbərdar etməzsə, müqavilə tərəflər arasında eyni müddətə eyni şərtlərlə uzadılmış hesab edilir. İşdən görünür ki, İddiaçı tərəfindən cavabdehə ünvanladığı M-01/316 saylı xx xxxxxx 2016cı il tarixli məktubu ilə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsinin 2.1, 2.2 və 6.3 bəndlərinə istinadən həmin müqavilənin müddətinin artırılmayacağı bildirilərək birtərəfli qaydada müqaviləyə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş 48 ədəd ödəniş tapşırıqlarına əsasən müəyyən olunur ki, həmin icraə müqavilələri üzrə iddiaçı tərəfindən cavabdehin hesabına ümumilikdə 47.000 manat icarə haqqı ödənilmişdir. Həmin ödənişlər tədqiq olunduqda, 17.000, məbləğində ödənişin öhdəlikdən kənar ödənildiy aydın görünür. İşə əlavə olunmuş Ma-02/60 saylı, xx.xx.2018-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, şirkət cavabdehdən onun hesabına səhvən köçürdüyü 17.000,00 manat məbləğində pul vəsaitinin 5 bank günü ərzində geri qaytarılmasının təmin edilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə eekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30262 nömrəli, xx xxxxxx 2018-ci il tarixli ekspert rəyi ilə də təsdiq olunumuşdur ki, iddiaçı şirkət tərəfindən cavabdehə icarə öhdəliklərinə görə 30.000 manat ödənilməli olduğu halda, 47.000,00 manat ödəniş (hətta daha çox) həyata keçilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinin dəlillərində işdə olan sübutlara əsasən müəyyən edilən iddiaçı tərəfindən ona ödənilən artıq ödəniş sübutetmə vasitələri ilə təkzib olunmur. Digər tərəfdən, iddiaçının ona 13.000,00 manat məbləğində borcu olduğunu mübahisəlndirsə də, bu halda da onun MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq sübutlara söykənən əsaslandırması mövcud deyil. Ən azından, iş materiallarının 9-cu vərəqində olan «xxxx» QSC-nin İddiaçınə ünvanlanmış xx xxxx 2018-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, mübahisəli ərazidə mübahisəli icarə obyektlərin yerləşdiyi ərazinin (Xocahəsən-Lökbatan yolunun şərq hissəsi ndə yerləşən 23,7 ha torpaq sahəsi) metro tikintisi altına düşdüyünə görə Bakı İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 357 saylı sərəncamı ilə Mteropolitenin istifadəsinə verilmiş və 2016-cı ilin ortalarında həmin tikililər söküllərək tikinti materialları sahədən çıxarılmışdır. Bu isə öz-özlüyündə onu deməyə əsas verir ki, 2016-cı ilin ortalarından iddiaçı tərəfindən mübahisəli icarə obyektlərindən istifadə etməsi qeyri-mümkündür. Mülki Məcdəllənin 700.1-ci maddəsinin və tərəflər arsasında bağlanmış icarə müqaviləsinin 4.1-ci bəndinin mənası isə onu ehtiva edir ki, icarə haqqı icarə obyektindən istifadəyə görə icarəyə verilən bir haqqı özündə əks etdirir. Göründüyü kimi, qeyd olunan sübutetmə vasitələri ilə cavabdehin apellyapsiya şikayətinin, əksinə, iddiaçının ona borclu olduğunu bildirən dəlillərinin əsassız olduğunu və ona iddiaçı tərəfindən müqavilə öhdəliklərindən kənar 17.000,00 manat məbəlğində artıq pul vəsaitinin ödənildiyi sübuta yetirilir. Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər, həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.1-ci maddəsinin tələbindən isə görünür ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə də müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunması, işdə olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğun olan düzgün bir nəticədir. Həmin qətnamənin ləğv edilməsi üçün MPM-in 385-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud deyil. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin MPM-in 385.1.1-ci və 385.1.2-ci maddələrinə istinadən qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını və iş üçün əhəmiyyəti olan halların sübut edilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır. Onun məhkəmə tərəfindən məhkəmə iclasında iştirakının təmin edilmədiyini bildirən dəlilləri ilə əlaqədar isə məhkəmə kollegiyası onu qeyd edir ki, MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdeh X2 apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2-2(81)-109/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh X2 apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2-2(81)-109/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2(iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiygündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar