Məhkəmə qərarları › İş №2-2(103)-223/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-223/2022

01.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-223/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdeh X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4305/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19.10.2021-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 26.04.2021-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 6105,93 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 34000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin 19.10.2021-ci il tarixli e-2-2(113)-4305/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi X2 fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov ünvanında yerləşən qeyri-yaşayış sahəsini qeydiyyatdan keçirmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 11.08.2000-ci il tarixli 756 nömrəli sərəncamından görünür ki, Sahil qəsəbəsi sakini X1 fəaliyyəti ilə məşğul olması üçün Sahil qəsəbəsində mağaza tikintisinə icazə verilmişdir. Qeyd olunanlardan aydın olur ki, mağazanın altındakı torpaq sahəsi də X3 istifadəsinə verilmişdir. Vergi Məcəlləsinin 90.3.3.7-ci maddəsinə əsasən hərracın keçirilməsi üçün tələb olunan sənədlərdən biri də həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surətidir. Vergi orqanı tərəfindən də həmin sənəd iş materiallarına əlavə edilmişdir. Yəni, ərizənin rədd edilməsi və hərracın baş tutmaması üçün hər hansı bir əsas yoxdur. Məhkəmə iclasında cavabdeh X6 apellyasiya şikayətinə etiraz etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan X6 Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin fonda ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də fonda ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 26.04.2021-ci il tarixinə yaranan borcuna görə 34000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 30.04.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh X6 iddiaya etiraz edir və bildirir ki, borc əsassız olaraq hesablanıb. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Lakin hazırki işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcud deyildir. Belə ki, Vergi Məcəlləsinin 90.3.1 və 90.3.2-ci maddələrinə əsasən əmlakın hərracda satışı - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan satışıdır. Bu zaman ən yüksək qiymət təklif etmiş alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir. Hərracın təşkilatçısı kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hərracı vergi orqanının sifarişi əsasında həyata keçirir. Həmin Məcəllənin 90.3.3, 90.3.3.6, 90.3.3.7-ci maddələrində isə təsbit olunmuşdur ki, vergi orqanının sifarişinə daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair qanunvericiliyə müvafiq olaraq zəruri olan sənədlərin surəti, ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti əlavə edilməlidir. Lakin hazırki işdə qeyd olunan sənədlər mövcud deyildir. Belə ki, iddiaçı borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ixtisaslaşdırılmış açıq hərracda satılması tələbini irəli sürsə də, həmin qeyriyaşayış sahəsinin cavabdehin mülkiyyətində olması və yaxud cavabdehin həmin qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən yalnız Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 11.08.2000-ci il tarixli 756 nömrəli sərəncamı təqdim edilmişdir ki, həmin sərəncamla da yalnız Sahil qəsəbəsi sakini X1 fəaliyyəti ilə məşğul olması üçün Sahil qəsəbəsində mağaza tikintisinə icazə verilmişdir. Göründüyü kimi həmin sərəncam yuxarıda qeyd olunan halları təsdiq edən sənəd deyildir. Bundan əlavə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, siyahıya alınmış və mülkiyyət hüququ təsdiq olunmayan daşınmaz əmlak hərracda satıldığı təqdirdə, alıcı həmin tikiliyə mülkiyyət hüququnu əldə edə bilməyəcək və nəticədə hərrac baş tutmayacaq. Bu baxımdan kollegiya hesab edir ki, iddia rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4305/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar