Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-224/2022 16.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı “Azər-Türk-Bank" ASC-nin cavabdeh "VAP Azərbaycan” MMC və X2 qarşı kredit borcunun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 20.10.2021-ci il tarixli 2-2(113)-684/2021 nömrəli qətnaməsindən (hakim Aytən Əliyeva) Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Vap Azərbaycan” MMC-yə (borclu) və Cavabdeh2 (zamin) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 27.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 84.979,43 manat əsas, 28.103,57 manat faiz, əsas borc məbləğinə hesablanmış illik 5 % görə 2.675 manat, cəmi 115.758 manat borcun, həmçinin ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-2(113)-684/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 MMC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 20.10.2021-ci il tarixli,e-2-2(113)-684/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti kredit müqaviləsinə əlavələrlə uzadılmışdır. Lakin məhkəmənin istinad etdiyi ekspert rəyində hər dəfə kredit müqaviləsinin müddətinin ona edilmiş əlavələrlə uzadıldığı təqdirdə faiz borcu məbləğinin yenidən hesablanmalı olması nəzərə alınmamışdır. Belə ki, tərəflər sonradan bağlanmış əqdə əlavələrlə əvvəlki əqdin şərtlərini dəyişmişlər. AR Mülki Məcəlləsinin 442, 445.2.1 və 445.7-ci maddələrin düzgün tətbiq edilməmişdir. Məhkəmə qeyd edilən maddələri sadəcə sadalamaqla kifayətlənmiş, lakin tərəflərin birinci əqdi (kredit müqaviləsini) bağladıqdan sonrakı digər əqdlərlə yeni şərtlər barədə razılığa gəlmələrini, faktiki olaraq əvvəlki əqdin bəzi şərtlərini ləğv etdiklərini, bəzilərini dəyişdirdiklərini və mülki münasibətlərin də yeni əqdə əsasən tənzimlənməli olduğunu nəzərə almamışdır. Cavabdehin müqavilə üzrə kredit borcunu qaytara bilmədiyi halda iddiaçı bankın kredit məbləğinin ödənilməsi barədə müraciətinin xeyli müddət sonra olması, bununla da borcun süni surətdə şişirdilməsi məhkəmənin araşdırma predmeti belə olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarına istinad etsə də, həmin Qərarda daha yüksək faizlərin tələb olunması üçün kredit müqaviləsində göstərilmiş əsasların mövcud olması şərt kimi göstərilsə də, məhkəmə qətnaməsində kredit müqaviləsinin hər hansı şərtinə, faizlərin hansı qaydada hesablanmasına və s. bu kimi hallara istinad etməmişdir. Məhkəmə qətnaməsindən görünür ki, cavabdeh tərəfindən ödənilmiş 5020,57 manat məbləğ ekspertiza tədqiqatında nəzərə alınmamış, məhkəmə özü sadəcə riyazi hesablama qaydasında cavabdeh tərəfindən ödənilmiş məbləği əsas borcdan çıxmış və hazırda şikayət verilən qətnaməni qəbul etmişdir. Həmin məbləğin iddiaçı banka ödənilməsi həmçinin əsas borc üzrə hesablanmış faiz borcunun azalmasına təsir edə bilərdi. Halbuki, məhkəmə ödənilmiş məbləğin riyazi yolla əsas borc məbləğindən azaldılması ilə kifayətlənmişdir ki, bu da yolverilməzdir. Məhkəmə yalnız qanunvericilik aktlarına istinad etsə də, həmdə nəzərə almalı idi ki, tərəflər arasında olan münasibətlər kredit müqaviləsi ilə tənzimlənmişdir. Məhkəmə maddələri sadəcə sadalamaqla kifayətlənmiş, tərəflərin birinci əqdi (kredit müqaviləsini) bağladıqdan sonrakı digər əqdlərlə yeni şərtlər barədə razılığa gəlmələrini, faktiki olaraq əvvəlki əqdin bəzi şərtlərini ləğv etdiklərini, bəzilərini dəyişdirdiklərini və mülki münasibətlərin də yeni əqdə əsasən tənzimlənməli olduğunu nəzərə almamışdır. Cavabdehin müqavilə üzrə kredit borcunu qaytara bilmədiyi halda iddiaçı bankın kredit məbləğinin ödənilməsi barədə müraciətinin xeyli müddət sonra olması, bununla da borcun süni surətdə şişirdilməsi məhkəmənin araşdırma predmeti belə olmamışdır. İşə apellyasiya qaydasında baxılması 16.02.2022-ci il tarixə təyin edilmiş, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 20.10.2021-ci il tarixli e-2-2(113)-684/2021 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində qismən ləğv edilməli, iddia cavabdehlər "VAP Azərbaycan” MMCdən və X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 10.153,57 manat faiz borcunun tutulması hissəsində rədd edilməlidir. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış 03 oktyabr 2016-cı il tarixli 01 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən borcalana 350.000 00 manat məbləğində, 12 ay müddətinə kredit verilmişdir. Kredit müqaviləsinə edilmiş əlavələrə əsasən (4 əlavə) öhdəliyin icra müddəti 26.02.2021-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinə sonuncu 4 saylı əlavə əsasında 27.02.2020-ci il tarixdə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, həmin tarixə kredit üzrə qalıq borc məbləği 90.000 manat olmuş, həmin borcun 26.02.2021-ci il tarixədək faizlə birlikdə ayda 8336,76 manat olaraq ödənilməsi nəzərdə tutulmuşdur. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilənin 2.2-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında aparmadıqda, hər gecikdirilən gün üçün kreditin ödənilməmiş hissəsinə görə illik 5 (beş) faiz dəbbə pulu ödəməlidir. “Bank” İddiaçı Açıq Səhmdar Cəmiyyəti, “zamin” Cavabdeh2 olmaqla imzalanmış 26 fevral 2020-ci il tarixli № 002-KZM-017-2020 saylı zaminlik müqaviləsinə əsasən zamin tərəflər arasında bağlanmış 26 fevral 2020-ci il tarixli 002-KRM-018- 2020 saylı kredit müqaviləsi (müqaviləyə əlavə üzrə) üzrə “borcalanın 90,000 manat əsas borcunun, həmin borca illik 20 faizlə faizlərin 12 ay müddətinə ödənilməsinə zəmanət vermiş, əks halda həmin borcun, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün borcalan ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyul 2021-ci il tarixli, 9/2860 nömrəli ekspert rəyində qeyd olunur ki, “iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 03 oktyabr 2016-ci il tarixdə bağlanmış 01 nömrəli kredit müqaviləsi və Əlavələr üzrə qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC İddiaçı ASC-yə olan borcu 01.12.2020-ci il tarixə əsas borc üzrə 90.000 manat, faiz borcu üzrə 13.700 manat, 26.02.2021-ci il tarixə əsas borc 90.000 manat, faiz üzrə borc 17.950 manat olmaqla ümumilikdə borcu 107.950,00 manat təşkil edir. Həmin ekspert rəyində qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarış məlumatlarından da göründüyü kimi cavabdeh tərəfindən 26.02.2021-ci il tarixdən son ödəniş tarixinə, yəni 16.03.2021-ou il tarixdə 5020,57 manat məbləğində ödənişlər edilmişdir, Lakin ekspertiza haqqında qərardadda ekspert qarşısında 26 fevral 2021-ci il tarixə əsas və faiz borcunun olması barədə sualı qoyulduğundan sonuncu tarixdən sonrakı edilən 5020,57 manat məbləğində ödənişlər hazırki tədqiqatla nəzərə alınmadı. Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı tələb olunan borc məbləği ilə bağlı iddia tələbinə 28.09.2021-ci il tarixdə dəqiqləşdirmə vermiş, cavabdeh tərəfindən 16.03.2021-ou il tarixdə həyata keçirilmiş 5020,57 manat məbləğində ödəniş əsas borcdan çıxılaraq əsas borcun həcmi azaldılmış, faiz borcunun məbləği isə artırılmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaya dəqiqləşmə ərizəsində qeyd edilmiş faiz borcu öhdəliyin icra müddəti bitdiyi tarixə və həmin tarixdən sonra iddiaya dəqiqləşmə verildiyi tarixədək hesablanmış faiz borcudur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə borclu və zamin tərəfindən kredit borcu üzrə öhdəliyin tam icra edilmədiyinin işdəki sübutlarla təsdiq edildiyinə dair qənaətə gələrək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386-cı, 442, 443.1, 448.1-ci, 739-cu, 472.2, 471.3-cü maddələrinə əsasən iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əsas borcun və pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 %-lə faiz borcunun borcludan və zamindən tutulması hissəsində məhkəmənin mövqeyi qanuni və əsaslı olsa da, cavabdehdən müqavilə üzrə öhdəliyin icra müddəti bitdikdən sonra faiz borcunun tutulması hissəsində qətnamə qanunvericiliyin tələblərinə, müqavilə şərtlərinə, Konstiyusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə və məhkəmə praktikasına uyğun deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə kredit vəsaitindən istifadəyə görə faizlər yalnız öhdəliyin icra müddəti bitənədək tutula bilər. Birinci instansiya məhkəməsi qətnaməsində bu qərara istinad etsə də, qərarda ifadə edilmiş hüquqi mövqeni nəzərə almadan qətnamə qəbul etmişdir. Hazırkı halda ekspert rəyindən görünür ki, kredit öhdəliyinin icra müddəti bitdiyi 26.02.2021-ci il tarixə cavabdehlərin müqavilə üzrə ödəməli olduğu faiz borcu 17950 manat olmuşdur. İddiaçının tələb etdiyi 28.103,57 manat faiz məbləğindən həmin məbləğ çıxıldıqda müəyyən olunur ki, iddia 10.153,57 manat faiz borcunun tutulması hissəsində əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 20.10.2021-ci il tarixli e-2-2(113)- 684/2021 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində qismən ləğv edilməli, iddia cavabdehlər "VAP Azərbaycan” MMC-dən və X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 10.153,57 manat faiz borcunun tutulması hissəsində rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "VAP Azərbaycan” MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 20.10.2021-ci il tarixli e-2-2(113)-684/2021 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində qismən ləğv edilsin. İddia cavabdehlər "VAP Azərbaycan” MMC-dən və X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 10.153,57 manat faiz borcunun tutulması hissəsində rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-224/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-224/2022
16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver