Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-224/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdehnə qarşı “ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-4534/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti (İddiaçı BOKT MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı BOKT MMC arasında bağlanmış müqavilə öhdəliklərinin Cavabdeh MMC tərəfindən 06 iyul, 07 iyul və 08 iyul 2020-ci il tarixlərdə yerinə yetirilmədiyi nəticəsində İddiaçı BOKT MMC-yə dəymiş 15438 (on beş min dörd yüz otuz səkkiz) manat məbləğində maddi ziyanın Cavabdeh MMC tərəfindən İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci il tarixdən başlayaraq Cavabdeh MMC İddiaçı BOKT MMC ilə müxtəlif müqavilələr bağlayaraq, İddiaçı BOKT MMCnin baş ofisi, eləcə də respublika üzrə müxtəlif regionlarda yerləşən filiallara telekommunikasiya, “Optic” internet və “İP” telefoniya xidmətlərini göstərirdi. 06 iyul 2020- ci il tarixdə “Optic” internet və “İP” telefoniya xidmətləri qəfildən dayanmışdır. Həmin xidmətlərin dayandırılması barəsində cavabdeh tərəfindən heç bir şifahi və ya rəsmi məlumat verilməmişdir. Beləliklə, yuxarıda qeyd olunan xidmətlərin cavabdeh tərəfindən qəfildən kəsilməsi nəticəsində İddiaçı BOKT MMC-nin avtomatlaşdırılmış bank sistemi, korporativ elektron poçt, ödəniş terminalları, telefoniya və ümumiyyətlə, şəbəkə ilə bağlı bütün servislər işləməmişdir. Bu kimi halda əməliyyat günün bağlanması, kreditlərin verilişi və kredit verilmə planının icrası, kredit ödənişlərinə nəzarət, riskdə olan portfelə nəzarət, requlyatora gündəlik hesabatların verilməsi, məhkəmə işlərinə nəzarət və digər əməliyyatların dayanma vaxtı ərzində edilə bilməməsi təşkilatın aylıq gəlirinə mənfi təsir göstərmişdir. Bundan başqa, İddiaçı BOKT MMC-nin müştərilərə kreditin verilə bilməməsi və nəticədə müştərilərin bu kimi hala görə imtina etməsi, yeni müştərilərin kreditin götürülməsi üçün müraciət edə bilməmələri nəticəsində İddiaçı BOKT MMC-nin büdcəsinə mənfi təsir göstərmişdir. Ümumi olaraq cavabdeh tərəfindən müqavilələr əsasında göstərilməli xidmətlərin kəsilməsi 06 iyul 2020-ci il tarixindən başlayaraq, 09 iyul 2020-ci il tarixinədək davam etmişdir. Buna əsasən cavabdeh tərəfindən elektron poçt vasitəsi ilə üzrxahlıq məktubu göndərilmişdir. Bununla cavabdeh müqavilə üzrə öhdəliklərini 06 iyul, 07 iyul, 08 iyul 2020-ci il tarixlərdə yerinə yetirməməsini etiraf etmişdir. Cavabdeh tərəfindən üç iş günü ərzində xidmətlərin göstərilməməsi nəticəsində İddiaçı BOKT MMCyə 15438 (on beş min dörd yüz otuz səkkiz) manat məbləğində ziyan dəymişdir. Beləliklə, bundan sonrakı illər ərzində cavabdeh tərəfindən İddiaçı BOKT MMC-yə həmin dəymiş ziyanın qaytarılması gözlənilirdi. 2022-ci ildə İddiaçı BOKT MMC-nin hüquqi ünvanının dəyişdirilməsi ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə xitam verilmişdir. 22 noyabr 2022-ci il tarixdə İddiaçı BOKT MMC tərəfindən cavabdehə 1452/2022 saylı pretenziya məktubu göndərilərək, dəymiş ziyanın ödənilməsi tələb olunmuş, lakin cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir. Bundan sonra mediasiya təşkilatına müraciət olunmuş, lakin tərəflər heç bir nəticəyə gəlməmişlər və 21 dekabr 2022-ci il tarixdə Mediasiya prosesinə xitam verilməsi haqqında MŞB/10-00233 nömrəli protokol tərtib olunmuşdur.
3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı BOKT MMC arasında 01 iyun 2011-ci il tarixli, 0**-XC-***1 saylı müqavilə, 05 yanvar 2016-cı il tarixli, 007-X-2016 saylı müqavilə və 01 mart 2016-cı il tarixli, 012-A2016 saylı müqavilə imzalanmışdır. Bu müqaviləyə görə Cavabdeh MMC sifarişçiyə, yəni İddiaçı BOKT MMC-yə “İT” və telekommunikasiya xidmətləri göstərmişdir. Xidmətlərin göstərilməsini təsdiq edən yeganə sənəd elektron qaimə olmuşdur. 2020-ci ilin iyul ayında Cavabdeh MMC tərəfindən xidmətlər göstərilmiş və bu xidmətlərin göstərilməsi elektron qaimələrlə təsdiq edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı BOKT MMC-yə xidmətlərin kəsilməsi ilə bağlı heç bir rəsmi məktub göndərilməmişdir. İddiaçı BOKT MMC tərəfindən daxili şəbəkəsinin məhz cavabdehin öz öhdəliklərini icra etməməsi nəticəsində dayanması ilə bağlı sübut məhkəməyə təqdim edilməmişdir.
4. Cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş, ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC Cavabdeh MMC ilə bağlanmış müqavilə öhdəliklərinin Cavabdeh MMC tərəfindən 06, 07, 08 iyul 2020-ci il tarixlərində yerinə yetirilmədiyi nəticəsində İddiaçı BOKT MMC-yə dəymiş 15438 manat məbləğində maddi ziyanın Cavabdeh MMC tərəfindən İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tərfindən təqdim edilmiş sübutlardan görünür ki, iddiaçı 21 dekabr 2022-ci il tarixində mediatorla müqavilə imzalanmış və 21 dekabr 2022-ci il tarixində də mediasiya xidmətinə xitam verilməsi barədə protokol imzalanmışdır. İddiaçı BOKT MMC Cavabdeh MMC-yə 17 avqust 2023-cü il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı hüquqlarının pozulduğunu 06 iyul 2020-ci il tarixində bilmiş, mediasiya prosesinin tətbiqi barədə müqavilə 21 dekabr 2022-ci il tarixində bağlanmış və 21 dekabr 2022-ci il tarixində də mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilmişdir. Beləliklə, iddia müddətinin axımı yalnız 1 gün dayandırılmış, faktiki olaraq 10 iyul 2023-cü il tarixindən iddia müddəti ötmüş, iddiaçı isə 17 avqust 2023-cü il tarixində məhkəməyə iddia müddətini ötürməklə iddia ərizəsi təqdim etmişdir. İddia müddəti tətbiq edilməklə də iddia tələbi rədd edilməlidir.
5. Bakı Kommersiya Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, e-2-2(113)- 4534/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
6. İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-14534/2023 saylı 31 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını, İddiaçı BOKT MMC-nin iddia tələbinin isə təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2011-ci il tarixdən başlayaraq Cavabdeh MMC İddiaçı BOKT MMC ilə müxtəlif müqavilələr bağlayaraq, İddiaçı BOKT MMC-nin Baş ofisi, eləcə də Respublika üzrə müxtəlif regionlarda yerləşən filialların telekommunikasiya, “Optic” internet və “İP” telefoniya xidmətlərini göstərirdi. 06 iyul 2020ci il tarixdə “Optic” internet və “İP” telefoniya xidmətləri qəfldən dayanmışdır. Qeyd etmək istəyirlər ki, həmin xidmətlərin dayandırılması barəsində cavabdeh tərəfindən heç bir şifahi və ya rəsmi məlumat verilməmişdir. Beləliklə yuxarıda qeyd olunan xidmətlərin cavabdeh tərəfindən qəfldən kəsilməsi nəticəsində - İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin avtomatlaşdırılmış Bank Sistemi, korporativ elektron poçt, ödəniş terminalları, telefoniya və, ümumiyyətlə, şəbəkə ilə bağlı bütün servislər işləməyib. Bu kimi halda əməliyyat günün bağlanması, kreditlərin verilişi və kredit verilmə planın icrası, kredit ödənişlərinə nəzarət, riskdə olan portfelə nəzarət, regulyatora gündəlik hesabatların verilməsi, məhkəmə işlərinə nəzarət və digər əməliyyatların dayanma vaxtı ərzində edilə bilməməməsi təşkilatımızın aylıq gəlirinə mənfi təsir göstərmişdir. Bundan başqa İddiaçı BOKT MMC-nin müştərilərə kreditin verilə bilməməsi və nəticədə müştərilərin bu kimi hala görə imtina edilməsi, yeni müştərilərin kreditin götürülməsi üçün müraciət edə bilməmələri nəticəsində həmçinin İddiaçı BOKT MMC-nin büdcəsinə mənfi təsir göstərmişdir. Ümumi olaraq cavabdeh tərəfindən müqavilələr əsasında göstəriləsi xidmətlərin kəsilməsi 06 iyul 2020-ci il tarixindən başlayaraq, 09 iyul 2020-ci il tarixinədək davam etmişdir. Buna əsasən cavabdeh tərəfindən elektron poçt vasitəsi ilə üzürhaqlıq məktubu göndərilmişdir. Bununla belə cavabdeh müqavilə üzrə öhdəliklərini 06 iyul, 07 iyul, 08 iyul 2020-ci il tarixlərdə yerinə yetirilməməsini etiraf etmişdir. Lakin buna baxmayaraq ki, məhkəmə iclas zamanı tərəfindən bütün dəlil və sübutlar məhkəməyə təqdim olunmuşdur, məhkəmə tərəfindən dəlil və sübutlara əsaslanıb obyektiv qətnamənin çıxarılmasında imtina edilmişdir. Belə ki, məhkəmə qətnamənin məhkəmənin mövqeyi bölümünün 19-cu bəndində qeyd edir ki, guya ki, iddiaçı iddia tələbində qeyd etdiyi halların məhz cavabdehin öz öhdəliklərini icra etməməsi nəticəsində yaranması ilə bağlı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə iclas zamanı tərəfindən elektron məhkəmə sisteminin şəxsi kabinet vasitəsi ilə müqavilələr, cavadbehə dəymiş zərərin ödənilməsi barədə göndərilən məktub, pretenziya və cavabdehin əməkdaşı tərəfindən cavadbehin səhvi ucbatından şəbəkənin sıradan çıxaraq işlənilməməsi barədə göndərilmiş üzürlü məktubu əlavə olunmuşdur. Bundan başqa qətnamənin 20-ci bəndində qeyd olunur ki, guya ki, iddiaçı tərəfindən qeyd olunan 06-08 iyul 2020-ci il tarixlərində internetin kəsilməsi faktını cavabdeh tərəf təkzib etməmiş və bildirmişdir ki, ATS-lərdə yerləşən avadanlıqlarda baş verən nasazıqlar səbəbindən Cavabdeh MMC-nin təqdim etdiyi xidmətlərdə dayanmalar baş vermişdir. Guya ki, avadanlıqların nasazıqları qeyri iş günləri baş verdiyindən və tibbi analizin nəticələri 2 (iki) iş günü ərzində bəlli olduğundan bərpa vaxtı bir qədər uzanmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrdə qeyd olunur ki, cavabdeh tərəfindən xidmət fasiləsiz olaraq göstərilir. Belə bir halda cavabdeh tərəfindən hər bir zaman hazırlıq olmalı idi ki, belə hal verilərkən dərhal aradan qaldırılsın. Bundan başqa qətnamənin 21-ci bəndində qeyd olunur ki, iddiaçı tərəf ATS-lərdə yerləşən nasazlıq baş vermiş avadanlığın Cavabdeh MMC-yə məxsus olduğunu və həmin avadanlıqlarda yaranmış nasazlığa görə cavabdehin məsuliyyət daşıdığını bildirmişdir. Tərəflər arasında bağlanmış 05 yanvar 2016-ci il tarixli müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, avadanlıqların dəyəri və rabitə kanalın qoşulması haqqı sifarişçi tərəfindən əvvəlcədən manatla operatorun, yəni cavabdehin hesab-faktura göstərilmiş bank hesabına, hesab faktura qəbul olunduqdan sonra, 7 iş günü ərzində nağd və ya hesaba köçürmə yolu ilə ödəyir. Göründüyü kimi avadanlıqlar sifarişçi (İddiaçı BOKT MMC) tərəfindən operatordan (Cavabdeh MMC) dəyəri ödənilməklə əldə edilmişdir. Beləliklə qeyd etmək istəyir ki, İddiaçı BOKT MMC ilə cavabdeh arasında bağlanmış müqavilələr əsasında İddiaçı BOKT MMC tərəfindən müəyyən həcmində pul vəsaiti cavabdehin hesabına ödənilmiş, cavabdeh tərəfindən isə həmin vəsait hesabına avadanlıqlar alınaraq, özü quraşdırıb nəzarətdə saxlayırdı. Halbuki, müqavilələrdə qeyd olunur ki, cavabdeh tərəfindən fasiləsiz olaraq özü quraşdırdığı şəbəkəyə fasiləsiz xidmət göstərilir. Yəni İddiaçı BOKT MMC tərəfindən avadanlıqların alınması üçün vəsait ayrılsa belə, həmin avadanlıqlar cavabdeh tərəfindən alınıb və cavabdeh tərəfindən quraşdırılıb ATS-lərə və cavabdeh tərəfindən fasiləsiz xidmət göstərilməli idi. Bundan başqa qətnamənin 22-ci bəndində qeyd olunur ki, 22 iyul 2013-cü il tarixli 0025-A2013 saylı “yüksək sürətli internet xidmətlərin” göstərilməsi müqaviləsinin fors major bölməsinin 7.1-ci bəndinə əsasən əgər müqavilənin yerinə yetirilmə şərtləri hər hansı bir dövlətin, hakimiyyət orqanın qadağan tədbirləri və yaxud tərəflərin təsiri göstərə bilmədiyi hadisələr, məsələn, zəlzələ, daşqın, yanğın, müharibə nəticəsində baş verərsə bunun üçün tərəflər məhsuliyyət daşımır və müqaviləyə əsasən tam məhsuliyyətdən azad edilirlər. Eləcə də həmin məsələni 05 yanvar 2016-ci il tarixli, 007-X-2016 saylı müqavilənin fors major bölməsinin 6.1-ci bəndinə aid etmişdir. Belə ki, müqavilələrin yuxarıda qeyd olunan bəndlərdə müqavilənin şərtlərinin icra olunmasına manəeçilik göstərən halların aradan qaldırılmasına təsir göstərilə bilmədiyi hadisələrə aidiyyəti vardır. Lakin mübahisə etdikləri halda isə, qəfldən yaranmış fors-major halı deyildi. Sadəcə cavabdehin vaxtında tədbirlər görülmədiyinə görə (əməkdaşın ATS-lərə daxil olunması üçün COVİD-19 analizlərin vaxtında verilməsi) məhs ATS-lərə girişləri gec icra olunmuşdur. Bundan başqa qətnamənin 23 bəndində qeyd olunur ki, Cavabdeh MMC ilə sifarişçi İddiaçı BOKT MMC arasında 22 iyul 2013-cü il tarixli,0025-A-2013 saylı “yüksək sürətli internet xidmətlərinin göstərilməsi” müqaviləsinin 5.6-cı bəndinə əsasən “İcraçı” yəni cavabdeh texniki nasazlıq və kanalların yüklənməsi nəticəsində internet əlaqəsinin itirilməsi zamanı sifarişçinin itirdiyi gəlirə görə məsuliyyət daşımır. Belə ki, bunu da bildirir ki, internet – şəbəkənin sadəcə bir növüdür və internetdən başqa digər İP və telefoniya kimi şəbəkələr nəinki texniki nasazlıq, tam olaraq işləmirdilər. Və bu bəndin internetin olmaması tədqirdə aidiyyəti vardır. Şəbəkənin tam olaraq işləməməsinə isə heç bir aidiyyəti yoxdur. Bundan başqa, qətnamənin 24-cü bəndində qeyd edilir ki, 05 yanvar 2016-ci il tarixli, 007-X2016 saylı müqavilənin 5-ci bəndinə əsasən “Operator” Maddə 6-da qeyd olunan fövqəladə hallar istisna olmaqla, “Sifarişçi” tərəfindən istifadə olunan rabitə kanalının, fiber optik kabelin və kabel – kanalizasiya xəttinin yüksək keyfiyyətli fasiləsiz işi üçün məhsuliyyət daşıyır. Həmin bəndə əsasən boş dayanmalar və digər texniki qəza halları nəticəsində rabitənin kəsildiyi təqdirdə, həmin boş dayanma ilə bağlı ödənişi növbəti ay üzrə hesab-fakturada nəzərə alır. Lakin, cavabdehin operatoru tərəfindən onların təqsiri ucbatından həmin problemin yaranması ehtirafı rəsmi olunsa da, aylıq ödənişdə heç bir güzəşt olunmamışdır. İddiaçı BOKT MMC tərəfindən məhkəməyə kifayət qədər dəlil və sübutlar təqdim olunmuşdur ki, hansılar onu təsdiq edirdi ki, cavabdehin həqiqi də İddiaçı BOKT MMC-yə müqavilənin şərtlərini icra edilməməsinə görə maddi ziyan dəymişdir. Lakin qətnamənin 19-cu, 20-ci, 21-ci, 22-ci, 23-cü və 24-cü bəndlərdə qeyd olunanların həqiqətə uyğun olmamasını, tərəfindən bu apellyasiya şikayətinin 5-ci bəndində sübuta yetirilir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
17. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
18. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.
24. Hazırkı işin hallarından görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh MMC arasında 22 iyul 2013-cü il tarixli, 0025-A-2013 saylı “Yüksək sürətli internet xidmətlərinin göstərilməsi” müqaviləsi imzalanmışdır.
25. Müqavilənin 5.6-cı bəndinə əsasən “icraçı” texniki nasazlıq və kanalların yüklənməsi nəticəsində internet əlaqəsinin itirilməsi zamanı "sifarişçinin"nin itirdiyi gəlirə görə məsuliyyət daşımır.
26. Müqavilənin 6.4-cü bəndinə əsasən bu müqavilənin icrasına imkan verməyən, yaxud obyektiv surətdə mane olan fors-major vəziyyətlər meydana çıxdıqda tərəflərin qarşılıqlı iddiaları olmur, onların hər biri bu vəziyyətlərin nəticələri üzrə risk payını öz üzərinə götürür.
27. Müqavilənin 7.1-ci bəndinə əsasən əgər müqavilənin yerinə yetirilmə şərtləri hər hansı bir dövlətin, hakimiyyət orqanının qadağan tədbirləri və yaxud tərəflərin təsiri göstərə bilmədiyi hadisələr, məsələn, zəlzələ, daşqın, yanığın, müharibə nəticəsində baş verərsə, bunun üçün tərəflər məsuliyyət daşımır və müqaviləyə əsasən tam məsuliyyətdən azad edilirlər.
28. Bundan başqa, İddiaçı BOKT MMC ilə Cavabdeh MMC arasında 05 yanvar 2016-cı il tarixli, 007-X-2016 saylı müqavilə bağlanmışdır.
29. Müqavilənin 1.1-ci bəndinə əsasən operator bu müqavilə ilə əlavədə göstərilən şərtlərlə sifarişçinin fasiləsiz şəbəkəyə qoşulmasını təmin edir və əlavələrdə göstərilən avadanlıqlarla təmin etməsini öhdəsinə götürür. Həmçinin sifarişçiyə şəbəkə üzərindən səsin ötürülməsinə icazə verir.
30. Müqavilənin 1.2-ci bəndinə əsasən operator müqavilədə nəzərdə tutulmuş müddət və şərtlərə əsasən sifarişçinin fasiləsiz şəbəkəyə qoşulmasını təmin edir və öz növbəsində sifarişçi istifadə olunan rabitə kanalının xidmət haqqını ödəyir. Sifarişçi tələb etdiyi avadanlıqların dəyərini müəyyən edilmiş qaydada ödəyir, operator isə sifarişçini standartlara və tələblərə müvafiq, əlavələrdə müəyyən edilmiş avadanlıqlarla təmin edir.
31. Müqavilənin 1.3-cü bəndinə əsasən operator sifarişçiyə məxsus olan rabitə kabellərinin aparılması işini təmin etmək üçün ATS 492/497 ilə sifarişçinin baş ofisi (Bakı şəhəri , Nizami küçəsi, 1/3, Sapphire Plaza) arasında operatora məxsus şaxta (kabelkanalizasiya xətti) istifadəyə verir və ona texniki xidmət göstərir.
32. Müqavilənin 3.1-ci bəndinə əsasən avadanlıqların dəyəri və rabitə kanalın qoşulması haqqı şifarişçi tərəfindən əvvəlcədən manatla operatorun hesab-fakturada göstərilmiş bank hesabına, hesab-faktura qəbul olunduqdan sonra 7 (yeddi) bank günü ərzində nağd və ya hesaba köçürmə yolu ilə ödəyir.
33. Müqavilənin 5-ci bəndinə əsasən “Operator” Maddə 6-da qeyd olunan fövqəladə hallar istisna olmaqla, “Sifarişçi” tərəfindən istifadə olunan rabitə kanalının, fiber optic kabelin və kabel-kanalizasiya xəttinin yüksək keyfiyyətli fasiləsiz işi üçün məsuliyyət daşıyır. Həmin bəndə əsasən boş dayanmalar və digər texniki qəza halları nəticəsində rabitənin kəsildiyi təqdirdə, həmin boş dayanma ilə bağlı ödənişi növbəti ay üzrə hesabfakturada nəzərə alır. Alınan kanalın “Operator”dan asılı olmayan boş dayanmasından “Sifarişçi”-yə dəymiş ziyana görə “Operator” maddi məsuliyyət daşımır.
34. Müqavilənin 6.1-ci bəndinə əsasən əgər müqavilənin yerinə yetirilmə şərtləri hər hansı bir dövlətin, hakimiyyət orqanının qadağan tədbirləri və yaxud tərəflərin təsiri göstərə bilmədiyi hadisələr, məsələn, zəlzələ, daşqın, yanığın, müharibə nəticəsində baş verərsə, bunun üçün tərəflər məsuliyyət daşımır və müqaviləyə əsasən tam və ya qismən məsuliyyətdən azad edilirlər. Yuxarıda göstərilən hadisələr baş verdiyi halda operator dərhal sifarişçiyə xəbər verir. Bu müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsi 6 (altı) aydan çox olmayan müddət ərzirdə müvafiq vaxta keçirilir.
35. xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 272664 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı BOKT MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 389,40 manat (ƏDV daxil) təşkil edir.
36. xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 272666 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı BOKT MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6330,70 manat (ƏDV daxil) təşkil edir.
37. xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 272667 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı BOKT MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 531 manat (ƏDV daxil) təşkil edir.
38. Ləman Hüseynova adlı istifadəçi tərəfindən “Elektron ünvan 1” adlı istifadəçidən “Elektron ünvan 2” adlı istifadəçiyə göndərilmiş elektron poçt məktubunda (xx.xx.2020) qeyd edilmişdir ki, ATS-lərdə yerləşən avadanlıqlarda baş verən nasazlıqlar səbəbindən Cavabdeh MMC-nin təqdim etdiyi xidmətlərdə dayanmalar baş vermişdir. Azərbaycan Respublikasında COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar xüsusi karantin rejimi elan edilmiş və dövlət orqanlarının inzibati binalarına giriş məhdudlaşdırılmışdır. Buna görə də, təcili Cavabdeh MMC-nin texniki heyəti tibbi yoxlanışdan keçirilmiş, analizin nəticələri bəlli olduqdan sonra ATS-lərə giriş imkanı təmin edilmiş və texniki problemin aradan qaldırılması mümkün olmuşdur. Avadanlıqlarda nasazlıqlar qeyri-iş günlərində baş verdiyindən və tibbi analizin nəticələri 2 (iki) iş gün ərzində bəlli olduğundan bərpa vaxtı bir qədər uzanmışdır.
39. 19 oktyabr 2023-cü il tarixli “06-08 iyul 2020-ci il tarixlərində internetin kəsilməsi nəticəsində dəymiş zərərin qiymətləndirilməsi” mövzusunda İddiaçı BOKT MMC-də aparılmış audit yoxlamasının nəticəsində qeyd edilmişdir ki, iyul ayında faktiki iş günlərinin sayı (19,63) və internetin olmadığı dövr (2,37) gün nəzərə alınmaqla, eyni dövr üçün xərc və öhdəliklər dəyişmədiyi halda, internetin kəsilməsi səbəbindən dəymiş zərər 14042 manat təşkil edir.
40. Cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, təsdiq edilir ki, Bakı şəhəri, X3 ATS491-də Cavabdeh MMCnin icarəyə götürdüyü şkafda İddiaçı BOKT-a məxsus “FOMux 4E1+Eth” avadanlığında baş verən nasazlıq səbəbindən İddiaçı BOKT-un şəbəkəsində fasilə yaranmışdır.
41. MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələbləri baxımından, cavabdeh tərəfin təqsirli hərəkət nəticəsində ziyanın vurulduğunu sübut etmək vəzifəsi ziyanın vurulduğunu iddia edən tərəfin üzərinə düşür.
42. Həmçinin qeyd edilməlidir ki, MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
43. İddiaçı tərəfindən iddia tələbində qeyd olunan 06-08 iyul 2020-ci il tarixlərində internetin kəsilməsi faktını cavabdeh tərəf qəbul etmiş və ATS-lərdə yerləşən avadanlıqlarda baş verən nasazlıqlar səbəbindən Cavabdeh MMC-nin təqdim etdiyi xidmətlərdə dayanmalar baş verdiyini, Azərbaycan Respublikasında COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar xüsusi karantin rejimi elan edilməsi və dövlət orqanlarının inzibati binalarına girişin məhdudlaşdırıldığını, buna görə də, təcili Cavabdeh MMC-nin texniki heyətinin tibbi yoxlanışdan keçirildiyini, analizin nəticələri bəlli olduqdan sonra ATS-lərə giriş imkanının təmin edildiyini və texniki problemin aradan qaldırılmasının mümkün olduğunu, avadanlıqlarda nasazlıqların qeyri-iş günlərində baş verdiyindən və tibbi analizin nəticələrinin 2 (iki) iş gün ərzində bəlli olduğundan bərpa vaxtının bir qədər uzandığını bildirmişdir.
44. Tərəflər arasında bağlanmış 22 iyul 2013-cü il tarixli, 0025-A-2013 saylı “Yüksək sürətli internet xidmətlərinin göstərilməsi” müqaviləsinin 5.6-cı bəndindən göründüyü kimi Cavabdeh MMC texniki nasazlıq və kanalların yüklənməsi nəticəsində internet əlaqəsinin itirilməsi zamanı iddiaçının itirdiyi gəlirə görə məsuliyyət daşımır.
45. 05 yanvar 2016-cı il tarixli, 007-X-2016 saylı müqavilənin 5-ci bəndindən göründüyü kimi cavabdeh fövqəladə hallar istisna olmaqla, iddiaçı tərəfindən istifadə olunan rabitə kanalının, fiber optic kabelin və kabel-kanalizasiya xəttinin yüksək keyfiyyətli fasiləsiz işi üçün məsuliyyət daşıyır. Həmin bəndə əsasən boş dayanmalar və digər texniki qəza halları nəticəsində rabitənin kəsildiyi təqdirdə, həmin boş dayanma ilə bağlı ödənişi növbəti ay üzrə hesab-fakturada nəzərə alır. Alınan kanalın cavabdehdən asılı olmayan boş dayanmasından iddiaçıya dəymiş ziyana görə cavabdeh maddi məsuliyyət daşımır.
46. Hazırkı halda cavabdehdən asılı olmayan səbəblərdən internetin kəsilməsi, boşdayanma halları baş vermişdir.
47. Baxılan işin müəyyən edilmiş hallarına görə, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona ziyan vurulduğunu iddia etsə də, tələbini əsaslandıran mötəbər sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
48. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
49. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, iddia müddəti institutu mülki qanunvericilikdə iddia tələbi əsaslı olduğu, lakin qanunda qeyd olunan müddətlərdə irəli sürülmədiyi halda məhkəmənin iddianın rədd olunması barəsində qərar çıxarması üçün əsas kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə isə iddia tələbi əsaslı olmadığından iddia müddətinin tətbiqi barədə ərizə də təmin oluna bilməz.
50. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
51. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
52. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-4534/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova