Məhkəmə qərarları › İş №2-2(103)-225/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-225/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-225/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və İbrahim Adil oğlu İbrahimlidən ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi (direktor) Qanuni nümayəndə və vəkili X2, Cavabdehin nümayəndələri X3 və Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-2(113)-4606/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14828 manat məbləğində əsas borc, 6000 manat məbləğində əldən çıxmış fayda, 200 manat məbləğində mediasiya xərcləri ümumilikdə 21028 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4606/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 14822 məbləğində əsas borc, mediasiya xərcinə görə 156,02 manat, cəmi 14978,02 manat tutularaq İddiaçınə ödənilməsi, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir.

4. Cavabdeh Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4606/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilərək, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: iddiaçı ilə cavabdeh arasında təhvil-təslim aktı mövcud olmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi sadəcə iddiaçı tərəfindən təqdim olunan sənədlərə əsaslanmış, həmin sənədlərin iş üçün əhəmiyyət kəsb edib-edilməməsi araşdırılmamışdır. Həmçinin iş materiallarına fikir versək iddiaçı tərəfindən işə aidiyyatı olmayan sadəcə hakim (Zaur Pirverdiyev) tərəfindən qət edilmiş qətnamə yerləşdirilmişdir. Həmin qətnamə ümumiyyətlə iş üçün heç bir əhəmiyyət daşımır. Məhkəmə də sübutlar araşdırılmamış müqavilənin şərtləri nəzərə alınmamışdır. Həmçinin qanunvericiliyə əsasən müqavilə bağlanılarkən, müqavilə şərtləri ilə razılaşaraq hər iki tərəf üzərinə öhdəlik götürür. Yəni müqavilə üzrə bir tərəf digər tərəfə işlərin görülməsi barədə təhvil-təslim aktını təhvil verdikdən sonra işlərin tam görülməsi nəzərdə tutulmuşdur. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, müqavilədə xidmətlərin göstərilməsi zamanı təhvil-təslim aktının tərtib edilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən dəyəri artıq ödənilmiş xidmətlərlə bağlı da tərəflər arasında təvil-təslim aktları mövcud deyil. Müqavilə üzrə nəzərdə tutulmuş işlərin iddiaçı tərəfindən cavabdehə təhvil verilməsinə dair hər hansı bir sübut növü təqdim edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi imzalanmış müqavilənin müddəalarını nəzərə almamışdır. Qeyd etmək istəyirəm ki, bağlanılmış 19 noyabr 2020-ci il tarixli 258HD2020 saylı müqavilənin 5.1-ci bəndinə əsasən “İcraçı” xx.xx.2021-ci il tarixinədək müqavilə üzrə xidmətlərin yerinə yetirməyi, malları çatdırmağı və sifarişçiyə təhvil təslim aktı əsasında təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 10.3-cü bəndinə əsasən müqavilə üzrə ödəniş görülən xidmətlər və çatdırılan mallar əsasında təqdim olunmuş təhvil-təslim aktı, e-qaimə, hesab-faktura və s. sənədlər əsasında aparılacaqdır. Məhkəmə iş materiallarını tam araşdırmamış qətnaməni elan etmişdir. Bildirmək istəyirik ki, birinci instansiya məhkəməsi işdə olan elektron qaimələrə əsaslanaraq qətnaməsi qət etmişdir. Amma nəzərə alınmamışdır ki, elektron qaimə vergi qanunvericiliyinə əsasən vergi tutma üçün nəzərdə tutulmuşdur. Həmçinin elektron qaimə vurulmamışdan qabaq işlərin görülməsi, sifarişçinin “icraçıya” işin görülməsi barədə sənəd təqdim edilmədiyini məhkəmə nəzərə almamışdır. Bununla bağlı qeyd etmək istərdik ki, hər nə qədər elektron qaimə müqavilə üzrə işlərin yerinə yetirilməsini təsdiq edən sənəd deyil, vergitutma məqsədləri üçün tərtib edilən sənəd olsa da, hazırki işdə sübut kimi çıxış edə bilməz. Həmçinin, qeyd etmək istəyirik ki, işdə olan mübahisə predmetinə aid olan qaimələrə nəzər yetirsək iddiaçı tərəfindən irəli sürülən məbləğlər uyğunluq təşkil etmir. Buradan da belə nəticəyə gəlmək olar ki, birinci instansiya məhkəməsi işi tam və ətraflı araşdırılmamışdır.

6. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə əlavəni təqdim edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4606/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinin dəyişdirilərək, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əlavə belə əsaslandırılmışdır: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı Kommersiya Məhkəməsinin 27 noyabr 2023-cü il, e-2-2(113)-4606/2023 saylı qətnaməsinin dəyişdirilməsinə iddia tələbinin təmin edilməməsinə dair Apellyasiya şikayəti verilmişdir. Həmin Apellyasiya şikayətinə dəqiqləşdirmə edilməsi tərəfimizdə məqsədə uyğun hesab edilmişdir. Belə ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında 01 iyun 2020-ci il tarixli 102aHD2020 saylı müqavilə bağlanılmışdır. Həmin müqaviləyə qiymətlərin razılaşdırılma protokolu imzalanmışdır. Qeyd edilən müqavilə üzrə "xxxx" MMC tərəfindən 16 394, 44 manat əsas, 2 951 manat ƏDV cəmi 19 345,44 manat ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixdə "xxxx" MMC ilə aramızada təhvil təslim aktı əsasında 5 334,37 manat ödəniş olunmuş, 14,011.07 manat isə əvvəlcədən avans şəkilində ödənilmişdir. Tərəfimizdən apellyasiya şikayətində göstərilən 19 000 manat ödəniş yanlışlıqla mübahisəli müqavilə üzrə bildirilmişdir. Bu da onu deməyə tam əsas verir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə aramızda işgüzar adət mövcud olmuşdur. Bundan başqa qeyd etmək istəyirik ki, mübahisə edilən 19 noyabr 2020-ci il tarixli 258HD2020 saylı xidmət müqaviləsi üzrə İddiaçı MMC ilə "xxxx" MMC arasında heç bir işgüzar adət mövcud olmayıb. Müqavilədə nəzərdə tutulduğu kimi tərəflər arasında xidmətin göstərilməsi ilə bağlı təhvil-təslim aktı imzalanmamış, İddiaçı MMC tərəfindən cavabdehə təhvil verilməsinə dair hər hansı bir sənəd imzalanmamış ümumiyyətlə iddiaçı sübut təqdim etməmişdir. Həmçinin qanunvericiliyə əsasən müqavilə bağlanılarkən, müqavilə şərtləri ilə razılaşaraq hər iki tərəf üzərinə öhdəlik götürür.Yəni müqavilə üzrə bir tərəf digər tərəfə işlərin görülməsi barədə təhvil-təslim aktını təhvil verdikdən sonra işlərin tam görülməsi nəzərdə tutulmuşdur. Bildirmək istəyirik ki, birinci instansiya məhkəməsi işdə olan elektron qaimələrə əsaslanaraq qətnamə qət etmişdir. Amma nəzər almamışdır ki, elektron qaimə vergi qanunvericiliyinə əsasən vergi tutma üçün nəzərdə tutulmuşdur. Həmçinin elektron qaimə vurulmamışdan qabaq işlərin görülməsi, Sifarişçinin “İcraçıya” işin görülməsi barədə sənəd təqdim edilmədiyini məhkəmə nəzərə almamışdır. Bununla bağlı qeyd etmək istərdik ki, hər nə qədər elektron qaimə müqavilə üzrə işlərin yerinə yetirilməsini təsdiq edən sənəd deyil, vergitutma məqsədləri üçün tərtib edilən sənəd olsa da, hazırkı işdə sübut kimi çıxış edə bilməz. İş materiallarında mövcud mübahisə predmetinə aid olan qaimələrə nəzər yetirsək iddiaçı tərəfindən irəli sürülün məbləğlər uyğunluq təşkil etmir. Buradan da belə nəticəyə gəlmək olar ki, birinci instansiya məhkəməsi işi tam və ətraflı araşdırmamışdır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixili qərarında qeyd edilmişdir ki, lazımı qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malları təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddanın əsasını təşkil edən müqavilənin şərtləri, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Aramızda bağlanılmış müqaviləyə nəzər yetirsək açıq aydın qeyd edilmişdir ki, İcraçı Sifaişçiyə təhvil-təslim aktı əsasında təhvil verildikdən sonra ödəniş ediləcəkdir. Amma birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Mülki Məcəllənin 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Qeyd edək ki, yaranmış qarşılıqlı münasibətlərdə, yaranmış praktikalarda, işgüzar adətlərdə işlərin görülməsi və yekunlaşması barədə təhvil-təslim aktı mövcud olmuşdur. Lakin birinci instansiya məhkəməsi qanunun düzgün təfsir etməyərək maddi hüquq normasını pozmuşdur. Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi qanunvericilikdə də qeyd edildiyi kimi tərəflər arasında müqavilə bağlanılarkən mühüm şərtlər razılaşdıqda müqavilə bağlanılmış sayılır.Əgər bütün şərtlər razlaşdırıldıqda müqavilənin bütün bəndlərinə əsasən əldə edilmiş şərtlər mühüm sayılır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qanunvericiliyin müddələrına fikir versək qeyd olunur ki, hər iki tərəf arasında şərtləşdirilmiş vaxtda və öhdəliyin şərtlərinə uyğun şəkildə öz hüquqlarını həyata keçirməldir.Məhkəmə iki tərəfli imzalanmış müqaviləni nəzərə almamış, sadəcə iddiaçı tərəfindən verilən sənədlər əsasında qətnamə qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il tarixli 4 saylı Qərarının 2.2-ci bəndinə görə, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə uyğun olaraq qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlaria təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şəhr edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Ali məhkəməsinin plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, qətnamə əsaslandırıcı hissəsinə xüsusi diqqət yetirilməlidir.Qətnamənin həmin hissəsində işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarıməhkəmənin nəticələrinin əsaslandırdığı sübutlar, bu və ya digər sübutlarırədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir.Həmin qərarın 6.3-cü bəndində göstərilir ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz etmiş və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişlər.

10. Məhkəmə iclasında cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişlər.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

12. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

13. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

14. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

18. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

19. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

20. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin və əlavənin dəlillərinin iddianın təmin olunan hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunan hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və əlavəsinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

24. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında 19 noyabr 2020-ci il tarixli, 2** ND ***0 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən cavabdeh Bakı şəhərində nəqliyyat vasitələrinin təmiri və avtoşinlərin satın alınması üçün iddiaçının 46819,69 (ƏDV daxil) manat məbləğində qiymət təklifini qəbul etmiş, iddiaçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında cavabdehə göstəriləcək xidmətlərin və satınalınan malların keyfiyyətinə zəmanət vermiş və müqavilənin şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürmüşdür.

25. İddiaçı əsas borc üzrə tələb etdiyi məbləğ 14828 manat göstərilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasında borcun 14822 manat olmasını və texniki səhv olduğunu bildirmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan borc məbləği 14822 manat kimi qəbul edilməlidir.

26. Müqavilədə xidmətlərin göstərilməsi zamanı təhvil-təslim aktının tərtib edilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən dəyəri artıq ödənilmiş xidmətlərlə bağlı da tərəflər arasında təhvil-təslimlə bağlı aktlar mövcud deyil. Eyni zamanda cavabdehin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında 19000 manat ödəniş olduğunu bildirmişdir. Belə olan halda müəyyən olunur ki, tərəflər arasında işlərin təhvil-təslimi elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilmişdir.

27. Bundan başqa, elektron qaimə-fakturalar faktiki olaraq 2020-ci ilin sentyabr ayından 2021-ci ilin mart ayınadək olan tarixlərdə cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir. Bu halda məhkəmə hesab etmişdir ki, işlərin görülməməsi ilə bağlı dəlil göstərilən elektron qaimələrlə bağlı Qaydalara uyğun olaraq etiraz etmək hüququndan istifadə edilməməsi baxımından ağlabatan hesab edilə bilməz.

28. İş materiallarında olan müqavilə, elektron qaimə-fakturaların, iş kartlarının mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması, cavabdehin 19000 manat məbləğində ödənişi olması iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

29. Qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarıdır.

30. Məhkəmə əldən çıxmış fayda ilə bağlı hissədə iddianı əsassız sayaraq rədd etmiş və qətnamənin bu hissəsi mübahisə predmeti təşkil etmir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və əlavənin elektron qaimələrin bəzilərinin iddianın hüquqi əsası qismində çıxış etməyən müqaviləyə aid olması barədə dəlilini əsaslı hesab edir.

32. Belə ki, iş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilən 651657 nömrəli elektron qaimədə (856.68 AZN) əsas kimi müqavilənin tarixi qeyd edilməmişdir. Bundan başqa 886778 nömrəli elektron qaimə (590 AZN) və 567685 nömrəli elektron qaimə (747.56 AZN) xx.xx.2020-ci il tarixli müqavilə əsasında tərtib edilmişdir.

33. Bundan başqa 707047 nömrəli elektron qaimə (1827.23 AZN) xx.xx.2020-ci il tarixli müqavilədən əvvəlki tarixdə (xx.xx.2020-xx.xx.2020) göstərilmiş xidmət üzrə tərtib edilmişdir. Həmçinin 710398 nömrəli elektron qaimə (4788.56 AZN) xx.xx.2020-ci il tarixli müqavilədən əvvəlki tarixdə (xx.xx.2020-xx.xx.2020/xx.xx.2020-xx.xx.2020) göstərilmiş xidmət üzrə tərtib edilmişdir.

34. Müqavilə öhdəliyini təsdiq edən qeyd edilən elektron qaimələr tələbin hüquqi əsası qismində çıxış edən xx.xx.2020-ci il tarixli müqaviləyə aid olmadığından həmin qaimələr əsasında ümumilikdə hesablanmış 8810.03 AZN manat məbləğ cavabdehdən tutula bilməz. Həmin hissədə qətnamə dəyişdirilməli, iddia tələbi rədd edilməlidir.

35. Göründüyü kimi məhkəmə iddanın 8810.03 manat hissəsində işin hallarını düzgün müəyyən etməmişdir.

36. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsinin iş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarına imza edən işçilərin təmsil etdikləri hüquqi şəxsin işçiləri olmaması barədə gətirdiyi dəlil və həmin dəlili təsdiq edən müvafiq sübutlar birinci instansiya məhkəməsində cavabdeh tərəfindən qaldırılmamış və sübutlar təqdim edilməmişdir.

37. Mülki Prosessual Məcəllənin 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.

38. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi qeyd edilən yeni sübutları birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırmamışdır. Nəticədə Mülki Prosessual Məcəllənin 361.4-cü maddəsinin tələbi cavabdeh tərəfindən yerinə yetirilməmişdir.

39. Apellyasiya şikayətinin və əlavənin təhvil-təslim aktlarının olmaması ilə bağlı dəlili ona görə əsassızdır ki, iddiaçı tərəfindən 6 ədəd təhvil təslim aktı birinci instansiya məhkəməsi zamanı iş materiallarına əlavə edilmişdir.

40. Apellyasiya şikayətinə əlavədə cavabdeh tərəf qeyd edir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə təhvil-təslim aktları tərtib edilmədən işgüzar adətlərə əsasən müqavilə münasibətləri olmuşdur. Həmin müqaviləyə görə elektron qaimələr əsasında ödənişlər edilmiş və iddiaçıya borcu qalmamışdır.

41. Apellyator məhkəmə tərəfindən təhvil-təslim aktı barədə müqavilə şərtinin deyil, işgüzar adətin əsas götürülməsini mülki qanunvericiliyə zidd hesab etmişdir.

42. Halbuki cavabdehin xidmətlərin göstərilməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və xidmətlərin göstərilməsi barədə göndərilmiş elektron qaimələrin ləğvi ilə müraciət etməməsi belə qənaətə gəlməyə əsas verir ki, müqaviləyə əsasən 6011.92 manat dəyərində göstərilmiş xidmətlər iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

43. Bundan başqa iş materiallarında olan təhvil-təslim aktları 6011.92 manat dəyərində göstərilmiş xidmətlərin iddiaçı tərəfindən yerinə yetirilməsini təsdiq etmişdir (iş materiallarının 30-35-ci səhifələri).

44. Mülki Prosessual Məcəllənin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

45. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

46. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti və əlavəsi qismən təmin edilməli, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsinə görə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni iddianın təmin olunmuş 8810.03 manat hissəsində dəyişdirilməli və iddia bu hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 385.1.3, 389, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Cavabdeh Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti və əlavəsi qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4606/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin, cavabdehdən 6011.92 manat əsas borc və 57 manat mediasiya xərci tutularaq iddiaçıya ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar