Məhkəmə qərarları › İş №2-2(103)-226/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-226/2021

11.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-226/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “onun abonent hesabına işlənmiş qanunsuz tələb edilən 112327.92 manat məbləğində borcun silinməsi” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1208/2020 saylı 15 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı Mənzil Tikinti Kooperativi və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya işinə 11 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativi cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abonent kodu 04/53-104 olan, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında yerləşən İddiaçı Mənzil Tikinti Kooperativinin barəsində tərtib olunmuş NİQ 000124 saylı 06.03.2020-ci il tarixli aktın etibarsız hesab edilməsi, onun abonent hesabına işlənmiş qanunsuz tələb edilən 112327.92 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 mart 2020-ci il tarixində cavabdeh kooperativin adına qeydiyyata alınmış 9211384M1544973 saylı sayğaca baxış keçirərək sayğacın yandığını bildirmişdir. Bundan sonra 07 mart 2020-ci il tarixində həmin sayğacın yerinə yeni sayğac quraşdırılmış və 12 mart 2020-ci il tarixində kooperativə 112327,92 manat məbləğində borc hesablamış, həmçinin həmin borcun ödənilməsi üçün son müddət 17 mart 2020-ci il üçün təyin edilərək, hesablanmış məbləğin ödənilmədiyi təqdirdə kooperativin elektrik enerjisi ilə təchizatının kəsiləcəyi bildirilmişdir. Qeyd edilən sayğac transformatorun içərisində yerləşir və transformatorun qapısı daima bağlı olmaqla, açarı cavabdehin əməkdaşlarında olur. Yalnız ayda bir dəfə cavabdehin əməkdaşları həmin qapını açaraq sayğacın göstəricilərini götürür və sayğaca baxış keçirirlər. Bundan sonra isə cavabdehin göndərdiyi faktura əsasında ödəniş edilir. İddiaçı heç bir halda həmin sayğacı görmür və onunla heç bir təması olmur. Cavabdeh isə qeyd edilən halların heç birinə əhəmiyyət vermədən və heç bir əsas olmadan kooperativə 112327,92 manat məbləğində borc hesablamışdır. Qeyd olunan borcun silinməsi ilə bağlı cavabdeh təşkilata tərəflərindən yazılı müraciət edilsə də, həmin borcun silinməsinin mümkün olub-olmaması barədə hər hansı bir cavab verilməmişdir. Göstərilən akt tərtib edilərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanunu və bu sahədə olan digər qanunvericilik aktlarının, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın tələbləri pozulmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1208/2020 saylı 15 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının “aktın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Həmin tarixdə qəbul edilmiş qətnamə ilə iddia qismən təmin edilərək, iddiaçıya hesablanmış borcun 102967.26 manat hissəsinin silinməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən, iddia tələbinin təmin olunmayan hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamənin çıxarılması xahiş edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin əsaslı hesab etdiyi şahidlərin ifadələri ziddiyətlidir. Birinci şahid bir neçə gün sərfiyyatı almaq üçün gəldiyi vaxt heç bir zahiri təzahür aşkarlamadığı, sayğac işlədiyini bildirdiyi halda, digər şahid sayğac üzərində cızıqların olduğunu, axan elektrik yükünün qeydə alınmamasını bildirir. Qətnamədə şahidlərin ifadəsi düzgün təsbit edilməmişdir. Şahid C.Əzizov heç bir zahiri müdaxiləni və sayğacın işləməməsini aşkarlamadığını bildirmişdir. Ş.Nəsirov isə bildirir ki, “guya əraziyə sayğacı çıxarmaq üçün buraxılmışlar.” Bu həqiqəti əks etdirmir. Halbuki, akt 06.03.2020-ci il tarixdə saat 15:39-da tərtib edilmiş, iş gününün sonuna gəldiyi üçün səhərisi 07.03.2020-ci il tarixdə laboratoriya işçiləri gəlmişlər. Onlara heç bir maneə olmamışdır. Yalan ifadələrlə cavabdeh tərəf məhkəməni yanıltmağa çalışır. Mübahisəli aktda da qeyd edilir ki, “AKT 06.03.2020-ci il saat 15:39da” yoxlama zamanı tərtib edilmişdir. Yəni, şahidin özünün də dediyi kimi, laboratoriya əməkdaşlarının gəlməsi üçün vaxt lazım olduğundan iş gününün son saatları olduğu üçün laboratoriya əməkdaşları səhərisi gün gəlib sayğacı müayinə etmiş, çıxarmışlar. Yəni, iddiaçı cavabdehin əməkdaşlarına hər hansı maneə törətməmişdir. Onlar baxışı keçirdikdən sonra özləri qapını bağladıqları kimi səhərisi laboratoriya əməkdaşları gələrək sayğacı sərbəst şəkildə çıxarmışlar. Bundan başqa məsul şəxs olan Ş.Nəsirov hələ bilmir ki, sahibkar istehlakçının yoxlanılması üçün qanunvericiliyə uyğun qaydalar müəyyən edilmişdir. O, ona verilmiş suallara cavab ilə təsdiq etdi ki, həyata keçirdiyi yoxlama qanunazidd olmuşdur. Beləliklə, şahidlərin məqsədli və məhkəmə iclaslarında keçirilmiş müzakirə, verilmiş izahatlara uyğun öyrədilmiş şəkildə ifadə verdikləri göz önündədir. Məhkəmə özü qeyd edir ki, "... sayğac göstəricilərinin götürülməsi məqsədilə sayğaca “xxxx” ASC-nin əməkdaşları tərəfindən əvvəlki aylar baxış keçirildiyini və əgər sayğacda qüsurlar olmuşdusa, bunun aşkar olunmamasına görə cavabdehin məsuliyyət daşımalı olduğunu nəzərə alaraq, hesablamanın 12 aylıq müddət üçün aparılmasını məhkəmə əsaslı saymır və hesab edir ki, hesablama 1 ayı əhatə etməlidir.” İddiaçı elektrik enerjisi istehlakçısı kimi aylıq ondan tələb edilən ödənişləri həyata keçirsə də, məhkəmə bunu nəzərə almamış, təkrar ondan 9360,66 manat məbləğini borc olaraq saxlamaqla yanlış nəticəyə gəlmişdir. MTK tərəfindən həyata keçirilmiş ödənişləri apellyasiya şikayətinə əlavə etmişdir. Qətnamə onunla əsaslandırılır ki, guya “...iddiaçıya məxsus elektrik enerjisi sayğacının daxili yaddaş blokunun müdaxilə olunaraq qısaqapanma nəticəsində yandığının məhkəmə iclasında tətbiq edilmiş sübutlarla təsdiq edildiyini, eləcə də sayğacın cərəyan transformatorlarının iddiaçıya məxsus qeyri- yaşayış sahəsinin daxilində quraşdırıldığını nəzərə alaraq hesab edir ki, hazırkı halda dəymiş zərərə görə məsuliyyəti abonent daşımalıdır.” Halbuki, elektrik enerji sayğacının işləməməsinin iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi öz təsdiqini tapmamış, buna dair mötəbər sübut təqdim edilməmişdir. Şahidlərin ziddiyətli ifadələrini əsas götürülmüşdür. Proses zamanı cavabdeh tərəf fantaziyalarla gah hansısa maqnit vasitəsi ilə, yaxud da bəzi proseslərdə pultla kənardan transfarmatorda olan sayğaca müdaxilə edildiyini bildirmişdir. Cavabdehin əməkdaşlarının bildirdikləri həqiqətə uyğun deyildir, sübuta yetirilmir. Tərtib olunmuş AKT NİQ 000124 saylı 06.03.2020-ci il tarixli akt həmçinin həmin aktdan sonra tələb edilən 112327,92 manat borcun tələb edilməsi heç bir hüquqi əsasa söykənmir. Qanunvericiliyin tələbləri pozularaq aparılan yoxlama qanunsuzdur. Eyni zamanda qətnamədən narazı qalan cavabdeh “xxxx” ASC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən, iddia tələbinin qismən təmin olunduğu hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin olunmaması barədə yeni qətnamənin çıxarılması xahiş edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktiki hallara görə 06.03.2020-ci il tarixdə cavabdeh ASC-nin Texniki Nəzarət İdarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə (abunə kodu 04/53-104) elektrik enerjisinin uçotu və "X1 Qaydaları"na riayət olunması vəziyyəti yoxlanılarkən məlum olmuşdur ki, obyektin elektrik sayğacının impuls qeydiyyatı olduğu halda proqram təminatı pozulmuş, baxış tablosunda "HATA" yazılmışdır. Qeyd edilənlər yoxlamanın nəticəsinə dair tərtib olunmuş 06.03.2020-ci il tarixli NİQ seriyalı 000124 saylı aktla rəsmiləşdirilmiş, yoxlamada abonentin nümayəndəsi kimi iştirak edən komendant aktı imzalamaqla aktda göstərilən halların həqiqətən də mövcudluğunu təsdiq etmişdir. Aktda qoyulan tələbə əsasən sayğac 07.03.2020-ci il tarixli aktla yenisi ilə əvəz olunaraq, laborator müayinəyə göndərilmiş və 10.03.2020-ci il tarixli 177704 saylı laborator müayinə protokoluna əsasən sayğacın 616204 saylı sarı alt qapaq möhürünün pozulması, daxili sxemində qısa qapanma nəticəsində yanma olması və işləməməsi barədə rəy verilmişdir. Göstərilən hallar, həmçinin məhkəmədə şahid qismində dindirilmiş Cavid Əzizovun və Şamo Nəsirovun ifadələri ilə də öz təsdiqini tapmışdır. Sayğac-uçot komplektinin iddiaçıya məxsus obyektin daxilində quraşdırıldığını nəzərə alaraq və tərəflər arasında bağlanmış 27.04.2010-cu il tarixli 009425 saylı balans mənsubiyyəti və istismar məsuliyyəti aktına əsasən hesablaşma elektrik sayğacının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik istehlakçının üzərinə düşmüşdür. Ona görə də, aşkar edilən pozuntu faktı ilə bağlı itirilmiş elektrik enerjisi sərfiyyatını bərpa etmək məqsədilə istehlakçı ilə yenidən hesablaşma aparılaraq, (358 kvt x (0,7) x 24 saat x 365 gün) - ******* kvts = ******* kvts x 0,09 manat = 101.993,04 manat əlavə sərfiyyat hesablanmışdır. Qeyd edilən hesablaşmanın aparılması EEİQ-nin 8.17-ci bəndinin tələbinə əsaslanmışdır. Həmin bəndə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Aktda göstərilən hallar EEİQ-nin 8.17-ci bəndində nəzərdə tutulan hesablaşma uçot cihazlarının zədələnməsi halını ifadə etmişdir. Lakin buna baxmayaraq, işə baxan məhkəmə əsassız olaraq akta əsasən hesablanmış borc məbləğinin 112.327,92 manat olması qənaətinə gələrək, hesabatın 12 ay deyil, cəmi 1 aylıq müddət üçün aparılmalı olmasını qət etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, sayğacın möhürünün pozulduğunu, 112327,92 manat borc hesablandığını, bunun 101993,04 manat manatının akt əsasında hesablandığını, qalan 10334,88 manatın əlavə sərfiyyata görə hesablandığını, həmin pulun MTK tərəfindən növbəti ayda ödənildiyini, baxışın keçirilməsi bağlı yoxlamanın reyestrdən qeydiyyatdan keçmədiyini bildirmişdi. Bununla bağlı cavabdehin nümayəndəsi öz apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən iddianın təmin edildiyi hissəsində ləğv edilərək iddianın təmin edilməməsini, eyni zamanda iddiaçının apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi. 11 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən cavabdehin nümayəndəsi hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 03 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və öz apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, qanunsuz akt tərtib edildikdən sonra hesablanan borcların ödənildiyini, borcun cərimə kimi tələb edildiyini, həmin məbləğin iddiaçının təqsiri ucbatından yaranması barədə hər hansı sübutun, eləcə də saygacın qisaqapanma nəticəsində xarab olmasında iddiaçının heç bir təqsirinin olmadığını, borcun qanunsuz olaraq hesablandığını, həmin borc MTK tərəfindən ödənilsə də, onun əsassız olaraq hesablandığı üçün silinməli olduğunu bildirmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili öz apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilərək iddianın tam təmin edilməsini, eyni zamanda cavabdehin apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdən müəyyən olunur ki, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı tələbi abonent hesabına işlənmiş qanunsuz tələb edilən 112327,92 manat məbləğində borcun silinməsi barədədir. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus elektrik enerjisi sayğacının daxili yaddaş blokunun müdaxilə olunaraq qısaqapanma nəticəsində yandığının tədqiq edilmiş sübutlarla təsdiq edildiyinə, eləcə də sayğacın cərəyan transformatorlarının iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin daxilində quraşdırıldığına və belə olan halda dəymiş zərərə görə məsuliyyəti abonentin daşımalı olmasına, cavabdeh tərəfindən ona dəymiş zərərin həqiqətən də 12 aylıq müddət üçün hesablanmalı olduğunun sübuta yetirilməməsinə, eləcə də sayğac göstəricilərinin götürülməsi məqsədilə sayğaca “xxxx” ASC-nin əməkdaşları tərəfindən əvvəlki aylar baxış keçirilərkən saygacda qüsurların olduğu təqdirdə bunun aşkar olunmamasına görə cavabdehin məsuliyyət daşımalı olmasına istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı ətraflı araşdırma aparılmamış, silinməsi tələb olunan borc məbləğinin yaranma əsasları aydınlaşdırılmamış, həmin borc məbləğinin hesablanması ilə bağlı cavabdehin keçirdiyi yoxlamanın ümumiyyətlə reyestrdə qeydə alınıb-alınmadığı, borcun hansı hissəsinin əsaslı, hansı hissəsinin isə əsassız olduğu yoxlanılmamış və bununla da mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.2 və 385.1.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi qənaətinə gələn məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan 08.02.2020-ci il tarixdən 12.03.2020-ci il tarixə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənilməsi üçün ********* saylı 12.03.2020-ci il tarixli hesab ödəniş vərəqəsindən görünür ki, İddiaçı MTK-da 3 sayğac quraşdırılmışdır. Bunlardan 70109029M131056 saylı sayğacın göstəricisi 1916 KVTS, 9320761M1315052 saylı sayğacın göstəricisi 483738 KVTS, 69211384M544973 saylı sayğacın göstəricisi isə ******* KVTS olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, sonuncu- 69211384M544973 saylı sayğacın göstəricisi ******* KVTS olmaqla, iddiaçı MTK-ya 000124 saylı 06.03.2020ci il tarixli akt əsasında hesablanmışdır. Belə ki, işdə olan həmin aktın surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3166-cı məhəllə ünvanında yerləşən İddiaçı MTK-ya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdu ki, sayğacın 616204 saylı sarı alt qapaq möhürü pozulub, sayğacın impuls qeydiyyatı olduğu halda sayğacın proqram təminatı pozulmuşdur. Sayğacın daxili sxemində qısa qapanma nəticəsində yanma var. Buna görə də 60012882 saylı sayğac yenisi ilə əvəz edilmişdir. Bu fakt 13.03.2020-ci il tarixli icra vərəqindəki məlumatlarla da öz təsdiqini tapır. Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 198924 saylı 07.03.2020-ci il tarixli aktda da 60012882 saylı sayğacın dəyişdirilməsi öz təsdiqini tapır. İddiaçı tərəf hər üç sayğacla bağlı cavabdeh tərəfindən sərfiyyat hesablanmasını qanunsuz hesab edərək ona istinad edir ki, əvvəla tələb edilən borc barədə hesab fakturada qeyd edilən 339347M1472506 saylı sayğac MTK-da mövcud deyil, həmin saycağ MTK-da olmamış, əhali tərəfindən elektrikdən istifadəyə görə tələb edilən borcun isə MTK-ya aidiyyatı yoxdur, hər bir mənzilin özünə dair sayğacı var və şəxsən özləri ödəyirlər. Digər tərəfdən, cavabdehin ümumiyyətlə belə yoxlamanı müvafiq reyestrdə qeydə aldırmadığı üçün onu keçirməyə səlahiyyəti olmamışdır. Cavabdeh tərəf isə iddiaçının bu dəlillərini qəbul etməyərək məhkəməyə iddiaçıya məxsus sayğacların dəyişdirilməsi barədə müvafiq aktları təqdim etmiş və abunə haqqında məlumat sənədlərində də iddiaçıya məxsus sayğacların sonradan başqa sayğaclarla dəyişdirildiyi və iddiaçının həmin sayğaclarla bağlı ödənişlər etdiyini bildirmişdir. Beləliklə, müəyyən olunur ki, ******* KVTS (101993,04 manat) iddiaçı MTK-ya 000124 saylı 06.03.2020-ci il tarixli akt əsasında hesablansa da, ona məxsus 69211384M544973 saylı sayğacın göstəricisi kimi qeyd olunmuşdur. Bu fakt həm işdə olan 08.02.2020-ci il tarixdən 12.03.2020-ci il tarixə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənilməsi üçün ********* saylı 12.03.2020-ci il tarixli hesab ödəniş vərəqəsi, həm də cavabdeh tərəfindən təqdim olunan abunə haqqında məlumatlarla tam təsdiq olunur. Qeyd olunmalıdır ki, abunə haqqında məlumata əsasən məhz həmin 69211384M544973 saylı sayğacın iddiaçıya məxsus olduğu sübut olunur. Məhkəmə kollegiyası cavabdeh tərəfindən müvafiq akt əsasında hesablanmış 101993,04 manat borcun silinməsi ilə bağlı iddiaçının tələbinə münasibətdə qeyd edir ki, apellyasiya baxışı zamanı sözügedən aktın tərtib olunması ilə bağlı iddiaçı MTK-da keçirilən yoxlama müvafiq reyestrdə qeydə alınmamışdır. Bu halı cavabdehin nümayəndəsi də məhkəmə iclasında təsdiqləmişdir. Halbuki Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Hazırki işdə isə iddiaçı barəsində aparılan yoxlamanın cavabdeh tərəfindən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun qeydiyyatdan keçirildiyi müəyyən olunmur. Belə olan halda məhkəmə kollegiyası həmin yoxlama üzrə hesablanmış 101993,04 manat məbləğində borcun hesablanma əsaslarını araşdırmadan, ona qiymət vermədən Reyestrdə qeydiyyatdan keçməyən yoxlama olmasına istinad edərək iddiaçının “101993,04 manat borcun silinməsi” ilə bağlı tələbini əsaslı hesab edir. İddiaçının silinməsini tələb etdiyi 10334,88 manat (112327,92 manat (cəmi silinməsi tələb olunan borc) – 101993,04 manat (akt əsasında hesablanan borc) = 10334,88 manat) borc məbləği isə aparılan araşdırma nəticəsində müəyyən olundu ki, iddiaçıya məxsus digər- 70109029M131056 saylı və 9320761M1315052 saylı sayğacların birlikdə göstəricisi (483738 + 1916 = 485654 KVTS) əsasında hesablanmış, bu (485654 KVTS) sərfiyyatın 370822 KVTS hissəsi əhali tərəfindən sərf olunan sərfiyyat olmuş, qalan 114832 KVTS isə MTK tərəfindən istifadə olunan sərfiyyat kimi qeydə alınmışdır ki, bunun da dəyəri 10334,88 manat (114832 x 0,09 manat (qeyri-əhali) = 10334,88) təşkil edir. Sözügedən hər iki- 70109029M131056 saylı və 9320761M1315052 saylı sayğacların da iddiaçı MTK-ya məxsus olduğu işdə olan abunə haqqında məlumat sənədlərindən açıq-aşkar görünür. Buna görə də Kollegiya iddiaçının “sayğacların MTKya məxsus olmaması” ilə bağlı dəlillərini əsassız hesab edir və onları qəbul etmir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən məlum oldu ki, iddiaçıya hər iki- 70109029M131056 saylı və 9320761M1315052 saylı sayğac əsasında sərfiyyata görə hesablanmış 10334,88 manat məbləğində borc iddiaçı tərəfindən 2020-ci ilin aprel ayında tam olaraq ödənilmişdir. Bu fakt nəinki iddiaçının təqdim etdiyi ödəniş qəbzləri ilə, həmçinin cavabdeh tərəfindən təqdim olunan abunə haqqında məlumatlarla və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla da təsdiq olunur. Belə ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili izahatında sərfiyyatla bağlı MTK tərəfindən ödənişlərin edildiyini, bununla bağlı borcunun qalmadığını, lakin həmin ödənişlərin geri qaytarılmalı olduğunu bildirmiş, buna görə də 112327,92 manat borcun silinməsini tələb etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 Qaydaları"nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Sadalanan maddi hüquq normalarının tələbinə görə Kollegiya hesab edir ki, iddiaçıya sözügedən sayğacların göstəricilərinə uyğun olaraq sərfiyyatla bağlı hesablanmış və sonradan iddiaçının özü tərəfindən ödənilmiş 10334,88 manat borc düzgün olaraq hesablandığı üçün onun silinməsi barədə tələb əsassızdır və təmin olunmamalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Hazırki işdə isə iddiaçı tərəf cavabdehin ona məxsus sayğacların göstəricilərinə əsasən qeydə alınmış sərfiyyata görə tələb etdiyi 10334,88 manat borc məbləğinin ondan əsassız olaraq tələb edildiyini əsaslandıra bilməmiş və bu halı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hər iki apellyasiya apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 15.10.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Hər iki apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1208/2020 saylı 15 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı MTK-ya cavabdeh “xxxx” ASC tərəfindən 000124 saylı 06.03.2020-ci il tarixli akt əsasında hesablanmış 101993,04 manat borc silinsin. İddia qalan- 10334,88 manat borcun silinməsi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar