Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-226/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4140/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 021R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 13458.86 manat məbləğində krеdit bоrcu, 1419.01 manat məbləğində faiz bоrcu və 417.62 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 15295 (on beş min iki yüz doxsan beş) manat 49 (qırx doqquz) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 135.89 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4140/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2022-ci il tarixli 021R********** saylı Kredit sazişi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 13.395 (on üç min üç yüz doxsan beş) manat, 19 (on doqquz) qəpik, faiz bоrcu üzrə 820 (səkkiz yüz iyirmi) manat, 98 (doxsan səkkiz) qəpik cərimə borcu üzrə 417 (dörd yüz on yeddi) manat, 62 (altmış iki) qəpik olmaqla, cəmi 14.633 (on dörd min altı yüz otuz üç) manat, 79 (yetmiş doqquz) qəpik məbləğində pulun tutularaq "xxxx" QSC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 (bir yüz otuz iki) manat, 65 (altmış beş) qəpik məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" QSC-yə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsi xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pulun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4140/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci İnstansiya Məhkəməsi tərəfindən qətnamə qət olunarkən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci maddəsində qeyd olunmuşdur ki, aşağıdakı hallarda Müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı Kredit üçün Kredit borcunu/Overdraft Borcunu, Kredit Faizini/Overdraft Faizini, xərcləri və başqa məsrəfləri Kredit Alandan qaytarmağı tələb etmək hüququna malikdir. Göründüyü kimi həmin müqavilədə qeyd olunur ki, bank tərəfindən tərəflər arasında bağlanmış müqaviləyə xitam verilmədən kredit müqaviləsi verilmiş kredit borcu kredit alandan tələb oluna bilməz. Hazırda iddiaçı "xxxx" QSC-nin iddia ərizəsinə nəzər salarkən iddiaçının müqaviləyə xitam vermədiyi açıq-aydın görünür. İşə baxan Birinci İnstansiya Məhkəməsi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci maddəsini nəzərə almayaraq iddia tələbini qismən təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də, hesab edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-4140/2024 saylı qətnaməsi ləğv edilməli və iddiaçı "xxxx" QSC-nin iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qət olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
8. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
9. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
10. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
11. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
12. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
13. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
14. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
15. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.
19. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" QSC ilə Cavabdeh1 və zaminlər Cavabdeh4, Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli 021L**********60 saylı uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 120 ay müddətinə 500.000 manat məbləğində krеdit хətti açılmışdır. Müqavilə tərəflərin imzası və hüquqi şəxsin imzası ilə təsdiq edilmişdir. Bundan sonra, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixli ********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, illik faiz dərəcəsi 21% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan məlum olur ki, 20.000 manat məbləğində pul köçürmə yolu ilə Cavabdeh1 verilmişdir. xx.xx.2023-cü il tarixli 021S**********01 saylı Qoşulma barədə X1 zamin qismində xx.xx.2022-ci il tarixli 021L**********60 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə qoşulmuşdur. Müqavilə tərəflərin imzası və hüquqi şəxsin imzası ilə təsdiq edilmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışı və hesabdan çıxarışın müqayisəli şəkildə təhlilindən o nəticəyə gəlinir ki, Cavabdeh1 öz üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.
21. Məhkəmə tərəfindən - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışında göstərilən tarixə (xx.xx.2024-cü il tarixə) əsas və faiz borcunun nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/5815 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 banka olan borcu xx.xx.2024-cü il tarixə əsas borc üzrə 13.395,19 manat, faiz borcu üzrə 820,98 manat təşkil edir.
22. Cavabdeh1 məhkəmənin hazırlıq iclasında məhkəməyə izahat verərək kredit müqaviləsinin imzalandığını və kredit vəsaitinin götürdüyünü mübahisələndirmədiyini, əsas borcu qəbul etdiyini bildirərək, faiz və cərimə borcunun tutulmamasını məhkəmədən xahiş etmişdir.
23. Lakin apellyasiya şikayətində cavabdeh fərqli mövqedən çıxış etmişdir. O, ümumiyyətlə müqaviləyə xitam verilmədiyinə görə iddiaçının kredit borcunu ondan tələb etməsini müqavilənin 12.1.2-ci maddəsinə zidd hesab etmişdir. Bu əsasla iddianın təmin edilməməsini xahiş etmişdir.
24. Mübahisəli kredit müqaviləsinin 12.1.2-ci bəndinə əsasən bankın müqaviləyə xitam vermək və qaytarılmalı borcu tələb etmək hüququ vardır. Cavabdeh gecikdirilmiş borcu tələb etmək hüququnu müqaviləyə xitam verməklə əlaqələndirmişdir. Lakin müqavilənin qeyd edilən bəndinin məzmununda belə şərt nəzərdə tutulmamışdır. İddiaçının ayrıayrılıqda və ya birgə şəkildə müqaviləyə xitam verilməsi və borcu tələb etməsi subyektiv hüququdur. Zatən cavabdeh öhdəliyi pozduğuna görə iddiaçının hərəkətləri müqavilədən imtina etməsini göstərir. Borcun tələb edilməsinin müqaviləyə xitam verilməsindən asılı olması Mülki Məcəllənin müqavilə institutunun mahiyyətinə ziddir. Beləliklə cavabdehin dəlilinin əsassız olması aydın olur.
25. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Ona görə də, cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddianın rədd edilməsi üçün əsaslar yoxdur.
26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
27. Cavabdehin apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumu özünə aid edilməlidir.
28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4140/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.