Məhkəmə qərarları › İş №2-2(103)-227/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-227/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-227/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “İddiaçı» MMC-nin Cavabdeh-yə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2-2(81)-1156/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı “İddiaçı» MMC Cavabdeh-yə qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh-dən 7.674,30 manat məbləğində əsas borc, 3.069,70 manat məbləğində dəbbə pulu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı tərəfindən cavabdehə AEO/2 seriaylı xx.xx.2011-ci il tarixli 894993, 894994, 894996, 894997, 894998 №-li qaimə fakturalar əsasında müxtəlif növ mallar mallar verilmiş, nəticədə sonuncunun həmin mallara görə iddiaçıya 7674,30 manat ödənilməmiş qalıq borcu vardır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-2611/2014 saylı xx xxxxxxxx 2014cü il tarixli qiyabi qətnaməsinə əsasən İddiaçı MMC-nin iddiası təmin edilmiş, Cavabdehdən 7.674,30 manat əsas borc və 30,00 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir Cavabdehin ərizəsinə əsasən məhkəmə xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə həmin qiyabi qətnaməni ləğv edərək iş üzrə icraat təzələnmişdir. Cavabdeh işə əlavə olunmuş ərizə etirazında iddianı qəbul etməmiş, xx.xx.2011-ci il tarixli qaimələrin saxta olduğun və belə qaimələrin heç vaxt imzalanadığını bildirmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2-2(81)-1156/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuzdur. Belə ki, 1 il müddət keçməsinə baxmayaraq məhkəmə qiyabi qətnaməni ləğv etmişdir. Bu prosessual qanunvericilyin pozulmasıdır. Cavabdehə aralarında yaranmış alqı-satqı münasibətlərinə əsasən müxtəlif çeşidli mallar təqdim edilmişdir. Sonuncu dəfə ona xx.xx.2011-ci il tarixli AEO/2 seriylı xx.xx.2011-cii il 894993, 894994, 894996, 894997, 894998 №-li qaimə fakturalar üzrə mallara görə onun 7674,30 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh, yazılı müqavilənin olmadığna istinad edir. Halbuki, Mülki Məcəllənin 329-cu maddəsinə əsasən əqdlər şifahi də bağlana bilər. Tərəflər arasında əvvəllər işgüzar münasibətlər mövcud olmuş, cavabdehə xx.xx.2011-ci il tarixli AEO seriyalı 813784, 813785, 813786, 813787, habelə xx.xx.2011-ci il tarixli 819314 və 819315 saylı qaimə fakturalar üzrə, ümumilikdə, 24.003,22 manat məbləğində müxtəlif mallar təqdim edilmiş və dəyəri cavabdeh tərəfindən ödənilmiş, borcu qalmamamışdır. Hazırkı iş üzrə tərəflər arasında şifahi formada nisyə alqı-satğıq münasibətləri mövcud olmuşdur. Formalaşmış kassasiya instansiyasının təcrübəsinə əsasın qaiməfaktura malın təhvil verilməsini təsdiq edən sənəddir. Qaimə fakturada imzanın olmaması müqavilə münasibətlərinin olmadığını ifadə etmir. Belə ki, borcu olmayan qaimə fakturaların iş üzrə mövcud olması artıq tərəflər arasında alqı-satqı müqaviləsinin olduğunu təsdiq edir. Cavabdehin malların ona təqdim edilməməsi ilə bağlı digər dəlili ilə əlaqədar qeyd olunur ki, adıçəkilən xx.xx.2011-ci il tarixli qaimə-fakturalara imza atan eyni şəxs olmuşdur. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən səlahiyyət təmsilçisinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Belə olan halda həmiişə iddiaçı tərəfindən cavabdehin təsərrüfat subyektində işləyən şəxsə mal təqdim edilərkən etibarnamənin tələb edilməsi mövcud işgüzar adətə uyğun olardı. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 184.2-ci və 376.2-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Məmmədov cavabdehin şikayətinin dəlillərini əsassız hesab etmiş, iddiaçı ilə aralarında heç bir alqı-satqı müqaviləsinin mövcud olmadığını və xx.xx.2011-ci il tarixli qaimə fakturalar imzalanmadığını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş əsaslar nəticəsində əmələ halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Lakin iş materiallarına əsasən iddiaçının iddia ərizəsi və onun apellyasiya şikayətində göstərilən dəlilləri ilə Məcəllənin qeyd olunan tələblərinə müvafiq şəkildə tərəflər arasında alqı-satqı müqaviləsinin və xx.xx.2011-ci il tarixli qaimə-fakturalarla cavabdeh mal verildiyi təsdiq olunmur. Belə ki, iddiaçının iddia ərizəsindən və onun apellyasiya şikayətinin dəlilərindən görünür ki, xx.xx.2011-ci il tarixdə AEO/2 seriaylı 894993, 894994, 894996, 894997, 894998 №-li qaimə fakturalarla cavabdehə müxtəlif növ mallar mallar verdiyini və sonuncunun həmin mallara görə 7674,30 manat borcu qalıq borcunun olduğunu iddia edərək, bunu onunla əsaslandırır ki, həmin tarixə qədər də cavabdehlə aralarında şifahi formada bağlanan alqı-satqı münasibətləri mövcud olmuş və formalaşmış işgüzar adətə uyğun olaraq mallar təhvil verilmişdir. Belə ki, xx.xx.2011-ci il tarixdə AEO seriyalı 813784, 813785, 813786, 813787, habelə, xx.xx.2011-ci il tarixli 819314 və 819315 saylı qaimə fakturalar üzrə eyni (Elşən) adlı şəxsə, ümumilikdə, 24003,22 manat məbləğində müxtəlif mallar təqdim edilmiş və cavabdeh tərəfindən dəyəri ödənilmiş, borcu qalmamışdır. Bununla əlaqədar birincisi məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından və cavabdehin nümayəndəsinin hazırkı məhkəmə iclasına verdiyi izahatına əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-saqı müqaviləsi bağlandığını cavabdeh inkar edir və adıçəkilən xx.xx.2011-ci il tarixli qaimə fakturaları (894993, 894994, 894996, 894997, 894998 nömrəli) qəbul etməyərək onların saxta olduğunu, tərəflərindən imzalanmadığı (başqa sözlə, qaimələrdə malları alan «Elşən» adlı şəxsin onların işçisi olmadığını) mübahisələndirir. Digər tərəfdən, iddiaçının təqdim etdiyi, işə əlavə edilən həmin AEO/2 seriaylı, xx.xx.2011-ci il tarixli qaimə fakturalar kserosurətlərdir, onların əsilləri məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə, əsillər mövcud deyil. Belə ki, iddiaçı iş materiallarına əlavə olunan, «xxxx» yazılı izahatında (iş vərəqi 86), həmin qaimələrin, MMC-nin arxivində olan əsillərinin, qanunla müəyyən edilən 5 il saxlama müddəti keçdiyindən, məhv edildiyini bildirmişdir. Başqa sözlə, həmin qaimə-fakturaların əsillərinin məhkəməyə təşdim edilmədiyi və onların mövcud olmadığı işin mübahisələndirilməyən halıdır. MPM-in 89.3-cü maddəsinin tələbində isə nəzərədə tutulur ki, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Məcəllənin qeyd olunan tələbi baxımından, eyni zamanda, cavabdehin həmin qaimələrin saxta olduğunu mübahisələndirdiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2011-ci il tarixli qaimə-fakturaları əsilləri olmadan, onların mötəbərliyi qəbul olunmazdır. Məhz, həmin əsaslara görə də iddiaçının əvvəllər də cavabdehlə aralarında alqı-saqı münasibətlərinin mövcud olmasının təsdiqi olaraq istinad etdiyi - xx.xx.2011-ci il tarixli - 813784, 813785, 813786, 813787, habelə xx.xx.2011-ci il tarixli 819314 və 819315 saylı qaimə fakturalalara əsasən cavabdehə («Elşən» adında nümayəndəsinə) mallar təhvil verdiyini, bununla da, aralarında şifahi alqı-satqı müqaviləsi mövcud olduğunu mübahisələndirən dəlilləri də mötəbər sübutetmə vasitələri kimi qiymətləndirilməsi istisna olunur. İş materiallarına əsasən isə iddia tələbində istinad edilən halları təsdiq edə bilən başqa sübutlar da mövcud deyil. MPM-nin 14.2-ci maddəsinin tələbindən isə görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, «məhkəmə Məcəllənin qeyd olunan normalarına istinadən qeyd etmişdir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmir. Daha sonra, məhkəmə MPM-in 217.3 və 218.1-ci, AR Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikaı Konstitusiyasının 125-ci maddəsinin imaddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» xx xxxx 2018-ci il tarixli Plenum Qərarına istinadə hesab etmişdir ki, iddia rədd olunmalıdır.» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Ən azından ona görə ki, «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X3 Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). Beləliklə də qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticəni işin sübutlarla müəyyən edilən hallarına və mülki qanunvericilyin tələblərinə uyğun sayır. Ona görə də iddiaçının apellyasiya şikayətinin, həmin qətnamənin qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və MPM-in 385.2-ci maddəsinin tələbi baxımından eyni zamanda hesab edir ki, onun məhkəmə tərəfindən qiyabi qətnamənin ləğv edilməsinin əsassız olduğu, cavabdehlə aralarında şifahi müqavilənin mövcudluğunu, sair bu kimi formal xarakterli dəlilləri məhkəmənin mahiyyəti üzrə düzgün qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Bu mənada, məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1156/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402 - 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı “ İddiaçı» MMC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1156/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar