Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-227/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4509/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 01 iyul 2022-ci il tarixli, 40 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı **-BA-*** dövlət qeydiyyat nömrəli Komatsu markalı buldozeri 1 ay üçün 15000 manat məbləğə xidmətə verməyi, cavabdeh isə xidmət müqaviləsində razılaşdırılan dəyəri iddiaçıya ödəməyi öhdələrinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 45000 manat əsas borc və 8100 manat ƏDV olmaqla, 53100 manatın və ödənilmiş 250 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, texnika icarəyə götürülən gündən 3 ay müddətində cavabdeh tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmiş və nəticədə 45000 manat borc yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icarə haqqını ödəməkdən imtina etmiş və hər dəfə bir neçə günə ödəyəcəyini bildirməklə vaxtı uzatmışdır. Belə olan halda təxminən üç ay keçdikdən sonra texnikanı cavabdehin saxlanc yerindən götürmüşdür.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, işin görülməsi barədə heç bir sübut təqdim edilməmişdir. 1 akt təqdim olunmuşdur, lakin həmin akt da əsassızdır. Aktda imza çəkən şəxslər cavabdehdə çalışmırlar. Müqavilə üzrə elektron qaimə vurulmalı idi, lakin elektron qaimə də yoxdur. İşin görülməsi, texnikanın orda işləməsi barədə iddia qaldırılıb, lakin heç bir sübut təqdim etməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4509/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 15000 manat əsas borc və 2700 manat ƏDV olmaqla, cəmi 17700 manat və dövlət rüsumuna görə 83,33 manat tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
6. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri 7Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli tikinti texnikasının xidmət müqaviləsi bağlansa da, müqavilə real icra olunmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə tikinti texnikasının xidmət müqaviləsi üzrə görüləcək işlərin sifarişi verilməli idi. Lakin heç bir iş görülmədiyindən cavabdeh tərəfindən sifariş verilməmişdir. Xidmət müqaviləsinin 5.3-cü bəndinə əsasən texnika işlər yerinə yetirilən zaman yanacaqla cavabdeh tərəfindən təmin edilməli idi. İddiaçı tərəfindən cavabdehə xidmət göstərilsəydi, hər iş günün sonu yanacaq sərfiyyatı ilə bağlı təhvil-təslim aktı tərtib olunmalı idi. Xidmət müqaviləsinin 4-cü bəndinə əsasən texnikanın əraziyə aparılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Texnika əraziyə cavabdeh tərəfindən aparılsaydı, təhvil-təslim aktı olardı. Lakin həmin aktlar və işlərin görülməsi ilə bağlı aktlar mövcüd deyildir. Həmçinin ödənişin aparılması üçün zəruri olan elektron qaimə də göndərilməmişdir. Göründüyü kimi iddiaçı yalnız kağız üzərində yazılan və real icra olunmayan xidmət müqaviləsinə istinad edərək iddiaçıdan pul tələb etmişdir. İddiaçının təqdim etdiyi akt isə saxtadır və orada imza atan şəxslər cavabdehin işçiləri deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 8 . Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 9 . Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ 10 Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 11 Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 12 Həmin Məcəllənin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. 13 Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 14 Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 15 Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 16 Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ 17 Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 18 Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. 19 Belə ki, tərəflər arasında xidmət müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir. 20 Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. 21 Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. 22 Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin icarə müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. 23 Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən icraçı tikinti texnikasını (buldozeri) xidmətə verir, sifarişçi isə xidmət müqaviləsində razılışdırılan dəyəri icraçıya ödəyir. 24 İddiaçı da bildirir ki, o, həmin texnikanı cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə ilə razılaşdırılmış aylıq ödənişi həyata keçirməmişdir. 25 Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir. 26 Hazırki işdə isə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir. 27 Belə ki, həmin maddənin dispozisiya şərtlərinə görə icarə obyektinin cavabdehə təhvil verilməsi halının sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 28 Lakin iddiaçı bu halı təsdiq edən heç bir sübutu (təhvil-təslim və ya üzləşmə aktı, elektron qaimə və s.) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 29 İş materiallarında olan xx.xx.2022-ci il tarixli 76 saylı aktın kserosurəti isə sübut kimi qəbul edilə bilməz. 30 Belə ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi həmin aktı mübahisələndirmişdir. 31 Bu baxımdan apellyasiya icraatında həmin aktın əslinin təqdim edilməsi təklif edilmiş, lakin iddiaçının nümayəndəsi həmin aktın əslini təqdim edə bilməmiş, sonuncu iclasda isə həmin aktın onlar tərəfindən deyil, cavabdeh tərəfindən təqdim edildiyini bildirmişdir. 32 Cavabdehin nümayəndəsi bu faktı etiraf etmədi, eyni zamanda məhkəmə iclas protokollarından və məhkəmə iclaslarının audio-video yazılarından həmin aktın kserosurətinin kim tərəfindən təqdim edilməsini müəyyən etmək mümkün deyil. 33 Bundan əlavə, həmin sənəd “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilməyib və elektron məhkəmə icraatı materiallarında mövcüd deyil. 34 Göründüyü kimi, həmin akt Mülki Prosessual Məcəlləni 78.1-1, 89.3 və 217.5-ci maddələrinin tələblərinə cavab vermir və ona görə də, sübut kimi qəbul edilə bilməz. 35 Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı üzərinə düşən vəzifəni yerinə yetirərək icarə obyektinin cavabdehə təhvil verildiyini sübut edə bilmədiyinə görə Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən cavabdehdən icarə haqqının ödənilməsini tələb edə bilməz. 36 Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndiriləm hissədə ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə iddiaçıya aid edilməlidir. 37 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4509/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. İddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 125 manat dövlət rüsumu İddiaçı tutularaq cavabdeh "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov