Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-229/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, X1 və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, e-2-2(113)-4920/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə (bundan sonra Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 birgə qaydada DC00014221- 04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19379,05 manat əsas borc, 4749,48 manat faiz borcu, 1511,74 manat cərimə borcu olmaqla cəmi 25 640,27 manat məbləğində borcun, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7221 manat əsas borc, 1785,68 manat faiz borcu, 494,31 manat cərimə borcu olmaqla, cəmi 9500,99 manat məbləğində borcun, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2017-ci il tarixdə GTC-146LE/2017 saylı “Bank xidmətlərinin göstərilməsinə dair” ümumi şərtlər toplusu imzalanmışdır. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: xx.xx.2022-ci il tarixli DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 21710 manat məbləğində dövlət və digər xərclərin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixli DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 7221 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borcalanın bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə Cavabdeh1 arasında DC00014221-04 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********525 saylı, DC00014221-05 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********802 saylı zaminlik müqaviləsi bağlanmışdır. X2 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X2 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Borcalanın xx.xx.2023-cü il tarixə iddiaçı qarşısında öhdəlikləri DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19379,05 manat əsas borc, 4749,48 manat faiz borcu, 1511,74 manat cərimə borcu olmaqla, cəmi 25 640,27 manat, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7221 manat əsas borc, 1785,68 manat faiz borcu, 494,31 manat cərimə borcu olmaqla, cəmi 9500,99 manatdır. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya prosesinin tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, e-2-2(113)- 4920/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 19 379 (on doqquz min üç yüz yetmiş doqquz) manat 05 (beş) qəpik əsas borc, 4365 (dörd min üç yüz altmış beş) manat 12 (on iki) qəpik faiz borcu, 970 (doqquz yüz yetmiş) manat cərimə borcu, əsas borca illik 5%-lə hesablanmaqla 111 (yüz on bir) manat 50 (əlli) qəpik, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 7221 (yeddi min iki yüz iyirmi bir) manat əsas borc, 1642 (bir min altı yüz qırx iki) manat 46 (qırx altı) qəpik faiz borcu, 360 (üç yüz altmış) manat cərimə borcu, əsas borca illik 5%-lə hesablanmaqla 41 (qırx bir) manat 55 (əlli beş) qəpik olmaqla, ümumilikdə 34090 (otuz dörd min doxsan) manat 68 (altmış səkkiz) qəpik məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4920/2023 saylı, xx.xx.2023-cü tarixli qətnaməsinin iddia tələbinin dəqiqləşdiriməsinə dair ərizə üzrə faiz və cərimə borcunun tutulmasının təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023 tarixli Qərarına istinad etməklə qeyd etmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə cavabdehlərə, o cümlədən əsas borcalan Cavabdeh2 MMC-yə xəbərdarlıq məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi (xx.xx.2023-cü il) tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı həmin tarixədək (xx.xx.2023-cü il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək əsas və xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcu hissəsində (maliyyə arayışında qeyd olunan məbləğlərə uyğun) iddianı etiraf etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc 19379,05 manat, faiz borcu 4365,12 manat, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc 7221 manat, faiz borcu 1642,46 manat təşkil edir. İddiaçı xx.xx.2023-cü il tarixədək hesablanmış faiz məbləğinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, müqavilələr xx.xx.2023-cü il tarixdən xitam verilmiş hesab olunduğundan iddiaçı həmin tarixədək hesablanmış faiz borcunu tələb edə bilər, cavabdeh isə xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcu hissəsində iddianı etiraf etməklə razılığını ifadə etmiş, etiraf məhkəmə tərəfindən qəbul edilmişdir. Belə olan halda, xx.xx.2023-cü il tarixdən sonrakı tarixə cavabdehdən kreditdən istifadəyə görə faiz borcu tutula bilməz. Lakin məhkəməyə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən (tərəflər arasında müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Belə olan halda, xx.xx.2023-cü il tarixdən sonrakı dövr üçün (iddiaçının tələb etdiyi xx.xx.2023-cü il tarixədək) cavabdehlərdən iddiaçının xeyrinə əsas borca hesablanmış gecikdirilmiş vaxt üçün illik beş faiz tutula bilər. Qanuni faizin məbləğini qiymətləndirərkən məhkəmə qeyd edir ki, xx.xx.2023-ci il tarixdən etibarən iddiaçının tələb etdiyi xx.xx.2023-cü il tarixədək (42 gün üçün) DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borca illik 5 faizlə hesablanmış məbləğ 111,50 (19379,05*5/100/365*42) manat, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borca illik 5 faizlə hesablanmış məbləğ 41,55 (7221*5/100/365*42) manat təşkil edir. Cavabdehin iddianı xx.xx.2023-cü il tarixə hesablanmış əsas və faiz borcu hissəsində etiraf etdiyini, xx.xx.2023-cü il tarixdən iddiaçının tələb etdiyi xx.xx.2023-cü il tarixədək iddiaçının xeyrinə əsas borca gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan pulun tutula biləcəyini nəzərə alan məhkəmə hesab edir ki, borc məbləği DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 19379,05 manat əsas borc, 4365,12 manat faiz borcu, əsas borca illik 5%-l ə hesablanmaqla 111,50 manat, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 7221 manat əsas borc, 1642,46 manat faiz borcu, əsas borca illik 5%-lə hesablanmaqla 41,55 manat kimi müəyyən edilməlidir. Birinci instansiya məhkəməsinin həmin hissədə mövqeyi əsaslı hesab edilə bilməz. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixli, DC00014221-04 saylı kredit müqaviləsi 24 (iyirmi dörd) ay müddətinə bağlanmış və müqavilənin müddəti xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Bundan başqa, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixli DC00014221-05 saylı kredit müqaviləsi 24 (iyirmi dörd) ay müddətinə bağlanmış və müqavilənin müddəti xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Tərəflər arasında olan öhdəlik münasibətləri davam etdiyindən, iddia ərizəsinə əlavə verilən günədək faiz borcunun hesablanması davam etmişdir. Tərəfimizdən xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmiş və məhkəmənin icraatına qəbul edilmişdir. Bundan əlavə, müqavilənin şərtinə uyğun olaraq faiz dərəcəsi 17% faiz ilə hesablanmağa davam etməli idi. Məhkəmənin qeyd etdiyi 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, öz qətnaməsində bu normaya istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. Müqavilənin şərtinə uyğun olaraq DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4749,48 manat faiz borcu, 1511,74 manat cərimə borcu, DC00014221-05 saylımaliyyələşdirmə üçün ərizəyə əsasən 1785,68 manat faiz borcu, 494,31 manat cərimə borcu təmin edilməli idi. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddənin mənasından belə başa düşmək olar ki, burada cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Eyni zamanda maddədə “tənasübsüz” (uyğunluğu olmayan; əndazəsiz, uyğunsuz) deyilərkən bu anlayışın hansı meyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də amma hüquqi düşüncəsinə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınması maddənin ruhundan duyulur. Məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirmək istəyirik ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyri müəyyənlik yaratmışdır. Həmçinin Borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qeyd etmək istəyirik ki, qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarında biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərələrin qarşısını almaq, məqsədi güdmüşdür. Həmin qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin ipoteka (girov) predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. KM-nin qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, müqavilənin qüvvədə olmada müddəti qurtarmamış kredit müqavilələri üzə borclulara göndərilmiş xəbərdarlıq məktublarında bütün qalıq kredit məbləği tələb edilməklə müqavilə ləğv edilsə də, müqavilənin ləğvindən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsait deyil, digər əsaslardan çıxış edərək həmin müqavilədə qeyd edilən faiz dərəcəsi ilə borcun tutulması imkanı nəzərdə tutulmuşdur. Bunun üçün, bağlanmış kredit müqavilələrində müqavilə müddəti bitdiyi və ya müqavilə ləğv edildiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün müqavilədə qeyd edilmiş faiz dərəcəsi ilə faizlərin hesablanması və ödəniləcəyi nəzərdə tutulmuş olmalıdır. Belə olan halda, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində deyil, müqavilədə qeyd edilmiş faiz dərəcəsi ilə vəsaitin ödənilməsini tələb edə bilər. Hazırkı işin hallarından görünür ki, hər iki maliyyələşdirmə üçün ərizədə kreditin gecikdirilmiş əsas məbləğinə tətbiq olunan nominal illik faiz dərəcəsinin 17 % dərəcəsi olması qeyd edilmişdir. Odur ki, gecikdirikmiş əsas borc məbləğinə 5 faiz dərəcəsi ilə deyil, müqavilədə nəzərdə tutulmuş 17 % dərəcəsi ilə faiz borcunun hesablanması və tələb edilməsi əsaslı olmuşdur. Mülki Prosessual Məcəllənin 153-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Tərəfimizdən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmiş və həmin ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəmizdə göstərilən məbləğin əsassız olmasına dair məhkəmə tərəfindən hər hansı münasibət bildirilməmişdir. hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış faiz borcu məbləğinin müəyyən edilməsi zamanı işin halları ərtaflı araşdırılmamışdır. Belə ki, hər iki maliyyələşdirmə üçün ərizədə kreditin gecikdirilmiş əsas məbləğinə tətbiq olunan nominal illik faiz dərəcəsinin 17 % dərəcəsi olması qeyd edilmişdir. Göründüyü kimi, müqavilə müddəti bitsə də, həmçinin borcluya borcun qaytarılması üçün xəbərdarlıq məktubu göndərilmiş olsa da, əsas kredit borcu ödənilmədiyi üçün, həmin borc məbləği gecikdirilmiş əsas borc sayılır. Həmin məbləğə isə 17 % dərəcəsi ilə faiz borcunun hesablanması davam etmişdir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan faiz məbləği əsassız surətdə düzgün göstərilməmişdir. Bundan başqa, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış cərimə borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan cərimə məbləği əsassız surətdə azaldılmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 493 gün, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 499 gün olduğundan cərimə məbləğinin DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1511,74 manat məbləğində, DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 494,31 manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də, qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
10. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
12. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
13. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
14. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
15. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
16. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
17. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
20. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız iddiaçı tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı faiz və cərimə borcunun tutulmasının təmin edilməyən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia əsassızdır.
23. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2017-ci il tarixdə GTC-146LE/2017 saylı “Bank xidmətlərinin göstərilməsinə dair” ümumi şərtlər toplusu imzalanmışdır. Ümumi şərtlər toplusu çərçivəsində bank tərəfindən borcalana tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə dövlət və digər xərclərin ödənilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 21710 manat məbləğində, xx.xx.2022-ci il tarixli DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 7221 manat məbləğində birdəfəlik kredit verilmişdir. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq iddiaçı ilə Cavabdeh1 arasında DC00014221-04 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********525 saylı, DC00014221-05 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********802 saylı zaminlik müqavilələri bağlanmışdır.
24. Cavabdeh, eyni zamanda Cavabdeh2 MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) Cavabdeh1 xx.xx.2023-cü il tarixə hesablanmış əsas və faiz borclarını qəbul etdiyini bildirmiş və məhkəməyə yazılı ərizə təqdim edərək iddia tələbini DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19379,05 manat əsas borc, 4365,12 manat faiz borcu, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7221 manat əsas borc, 1642,46 manat faiz borcu hissəsində etiraf etmişdir.
25. Birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində iddianı tam, cərimə və faiz borcunun aid hissədə qismən təmin etmişdir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023 tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
27. Həmin Qərarda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
28. İddiaçının cavabdehlərə ünvanladığı mediasiya prosesinin tətbiqi barədə xx.xx.2023-cü il tarixli təklifdən görünür ki, mübahisənin predmeti kimi DC00014221-04 və DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizələr qeyd edilmiş, hər iki ərizə üzrə icra edilməli öhdəlik olaraq əsas borc (müvafiq olaraq 19379,05 manat və 7221 manat) borcludan tam tələb edilmiş, həmin məktub xx.xx.2023-cü il tarixdə cavabdehlərə çatdırılmışdır.
29. Qeyd edilməlidir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə cavabdehlərə, o cümlədən əsas borcalan Cavabdeh2 MMC-yə xəbərdarlıq məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi (xx.xx.2023-cü il) tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir.
30. Belə olan halda iddiaçı həmin tarixədək (xx.xx.2023-cü il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.
31. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc 19379,05 manat, faiz borcu 4365,12 manat, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc 7221 manat, faiz borcu 1642,46 manat təşkil edir.
32. Hazırda, iddiaçı xx.xx.2023-cü il tarixədək hesablanmış faiz məbləğinin ödənilməsini tələb edir.
33. Müqavilələr xx.xx.2023-cü il tarixdən xitam verilmiş hesab olunduğundan iddiaçı həmin tarixədək hesablanmış faiz borcunu tələb edə bilər, cavabdeh isə xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcu hissəsində iddianı etiraf etməklə razılığını ifadə etmiş, etiraf məhkəmə tərəfindən qəbul edilmişdir.
34. Belə olan halda, xx.xx.2023-cü il tarixdən sonrakı tarixə cavabdehdən kreditdən istifadəyə görə faiz borcu tutula bilməz.
35. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən (tərəflər arasında müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
36. xx.xx.2023-cü il tarixdən sonrakı dövr üçün (iddiaçının tələb etdiyi xx.xx.2023-cü il tarixədək) cavabdehlərdən iddiaçının xeyrinə əsas borca hesablanmış gecikdirilmiş vaxt üçün illik beş faiz tutula bilər.
37. xx.xx.2023-ci il tarixdən etibarən iddiaçının tələb etdiyi xx.xx.2023-cü il tarixədək 42 gün üçün DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borca illik 5 faizlə hesablanmış məbləğ 111,50 (19379,05*5/100/365*42) manat, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borca illik 5 faizlə hesablanmış məbləğ 41,55 (7221*5/100/365*42) manat təşkil edir.
38. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin iddianı xx.xx.2023-cü il tarixə hesablanmış əsas və faiz borcu hissəsində etiraf etdiyini, xx.xx.2023-cü il tarixdən iddiaçının tələb etdiyi xx.xx.2023-cü il tarixədək iddiaçının xeyrinə əsas borca gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan pulun tutula biləcəyini nəzərə alan birinci instansiya məhkəməsi hesab etmişdir ki, borc məbləği DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 19379,05 manat əsas borc, 4365,12 manat faiz borcu, əsas borca illik 5%-lə hesablanmaqla 111,50 manat, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 7221 manat əsas borc, 1642,46 manat faiz borcu, əsas borca illik 5%-lə hesablanmaqla 41,55 manat kimi müəyyən edilməlidir.
39. Dəbbə puluna münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli DC00014221-04 saylı və xx.xx.2022-ci il tarixli DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizələrdən görünür ki, kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 15%, kreditin müddəti bitdikdən sonra kreditin illik/gündəlik cərimə faiz dərəcəsi 32% razılaşdırılmışdır
40. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
41. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, DC00014221-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 970 manat, DC00014221-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 360 manat müəyyənləşdirmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, cərimə məbləğinə aid hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
43. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
44. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
45. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, e-2-2(113)-4920/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Rəşid Səmədov Vüsalə Baxışova