Məhkəmə qərarları › İş №2-2(103)-23/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-23/2023

11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-23/2023 11.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, X1 və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-651/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında 26 yanvar 2018-ci il tarixli torpağın icarəyə verilməsi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 678,7 kv.metr torpaq sahəsi illik icarə haqqı 3097,97 manat olmaqla 49 il müddətinə İddiaçı MMC-yə icarəyə verilmişdir.

2. İddiaçı MMC xx.xx.2021-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edərək, 26 yanvar 2018-ci il tarixli torpağın icarəyə verilməsi müqaviləsinə xitam verilməsini və torpaq sahəsinin dövlət mülkiyyətinə qaytarılmasını xahiş etmişdir. Həmin müraciətə müsbət cavab verilməmişdir. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında 26 yanvar 2018-ci il tarixində bağlanmış 1431 saylı Torpağa dair icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, onun tərəfindən 678,7 kv.metr təşkil edən icarə sahəsində abadlıq işləri aparılmış olsa da, həmin sahədən istifadə olunmamış və buna baxmayaraq iddiaçı tərəfindən icarə haqqı ödənilmiş və iddiaçının bugünkü tarixə icarə haqqı borcu qalmamışdır. İddiaçı tərəfindən icarə torpaq sahəsinin geri qaytarılması və icarə müqaviləsinin ləğv olunması ilə əlaqədar cavabdehə müraciət olunmuş, sonuncu 12 oktyabr 2021-ci il tarixli, 7-4101/17 saylı məktubu ilə bundan faktiki olaraq imtina etmiş və iddiaçıdan əsassız sənədlər tələb etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Ona görə ki, qüvvədə olan mülki qanunvericilik normalarının tələbinə görə müqavilə bağlamaq azadlığı mövcuddur və heç kəs müqavilə bağlamağa məcbur edilə bilməz.

5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, müqaviləyə xitam tərəflərin razılığı ilə olur. İddiaçının inşa etdiyi bina icarəyə götürülmüş torpaq sahəsində yerləşir və buna görə də cavabdeh iddia tələbi ilə razılaşmır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-651/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

7. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndiriliməyib, məhkəmənin istinad etdiyi rəy əsassızdır, rəydə olduca ziddiyətli məqamlar var, mülkiyyətlərində olan çıxarışla, istismara qəbul aktı ilə uyğunsuzluq təşkil edir. Belə ki, İddiaçı MMC tərəfindən ünvan 2 ünvanda inşa edilmiş yaşayış binası iddiaçı ilə cavabdeh arasında bağlanmış 26 yanvar 2018-ci il tarixli 1431 saylı Torpağa dair icarə müqaviləsi ilə icarəyə verilmiş 678,7 kv.metr torpaq sahəsində inşa edilməmişdir. Həmin ərazinin fotoşəkillərindəndən görünür ki, onlar icarəyə götürdükləri torpaq sahəsində abadlıq işləri aparmışlar, həmin sahədən istifadə etməmişlər. Eyni zamanda, həmin sahənin bir qismindən yol kimi istifadə olunur. Buna baxmayaraq, Cəmiyyət tərəfindən icarə haqqı ödənilmiş və Cəmiyyətin bugünkü tarixə icarə haqqı borcu qalmamışdır. Məntiqi baxımdan da düşünmək olar ki, 678,7 kv. metr torpaq sahəsində bir girişli, 9 mərtəbəli, 50 mənzilli yaşayış binası (tikinti obyektinin xx.xx.2018-ci il tarixli 38 nömrəli icazə aktına əsasən binanın tikinti sahəsi 398,72 kv.metr, binanın həcmi 18159,34 kv.metr, binanın ümumi sahəsi isə 2249,01 kv.metr olduğu halda) tikilə bilməz və yerləşməsi qeyri-mümkündür. Bakı şəhəri İcra hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 591 saylı Sərəncamına əsasən İddiaçı MMC üçün 0.0928 hektar torpaq sahəsi ayrılsa da, inşa edilmiş bina Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli, Seriya RX №1033951 saylı Çıxarışa əsasən 0.02493 ha torpaq sahəsinin üzərində inşa edilmişdir. Çıxarış əsasında onun qanuni istifadəsində olan 0,02493 ha torpaq sahəsində bir girişli, 9 mərtəbəli, 50 mənzilli bina tikilmiş və həmin binanın istismarına Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 10 sentyabr 2020-ci il tarixli, 15 saylı Tikinti obyektinin istismarına İcazə sənədi ilə icazə verilmişdir. Bu o deməkdir ki, cavabdehin müqaviləyə xitam verməsi üçün kifayət qədər əsasları olsa da, məhkəmə bu halları araşdırmamışdır. Həmçinin, tərəflərindən “Az-Ekspertiza MMC-yə müraciətləri əsasında Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 591 saylı sərəncamına əsasən icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin tikinti obyektinin istismarına icarəyə verilmiş yaşayış binasının yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsinin müəyyənləşdirməsi barədə mütəxəssis rəyində yaşayış binasının yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: https://e-qanun.az/framework/54440torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə.

12. Həmin Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsinə əsasən qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verir.

13. Həmin Məcəllənin 75-ci maddəsinin 6-cı hissəsinə əsasən torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Mülki Məcəllə ilə müəyyən edilir.

14. Mülki Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.

15. Həmin Məcəllənin 719.4-cü maddəsinə əsasən icarə müqaviləsi 30 ildən çox müddətə bağlandıqda müqavilənin istənilən iştirakçısı 30 ildən sonra müqavilənin ləğvinə dair bildirişi icarənin növbəti ilinin sonu üçün qüvvəyə minməklə icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmayaraq verə bilər. Əgər müqavilə icarəyə verənin və ya icarəçinin bütün ömrü üçün bağlanmışdırsa, ləğvetməyə yol verilmir. 16.Həmin Məcəllənin 722.1-ci maddəsinə əsasən müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur. İcarəçinin icarəyə verənə qarşı tələbləri əsasında torpaq sahəsini saxlamaq hüququ yoxdur. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsin istifadəsinə vermişsə, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəyə verən torpağın qaytarılmasını həmin üçüncü şəxsdən də tələb edə bilər.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73.1, 75.2-ci maddələri və Mülki Məcəlləsinin 719.1, 719.4-cü maddələrinin əlaqəli surətdə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Qərarı.

18. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin 1-ci hissəsinə əsasən məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər.

19. Mülki Prosessual Məcəllənin 61-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən başqa prosesdə şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər iştirak edə bilərlər.

20. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

23. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb torpaq sahəsinə dair icarə müqaviləsinə xitam verilməsi ilə bağlıdır.

24. Həmin iddia tələbinin qanuni əsası isə aşağıdakı qaydada müəyyən olunmalıdır.

25. Belə ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi əsasları göstərilmiş və həmin əsaslardan biri kimi torpaq sahəsindən könüllü imtina müəyyən edilmişdir.

26. Həmin Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verir.

27. Eyni zamanda, Mülki Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.

28. Həmin Məcəllənin 719.4-cü maddəsində isə göstərilmişdir ki, icarə müqaviləsi 30 ildən çox müddətə bağlandıqda müqavilənin istənilən iştirakçısı 30 ildən sonra müqavilənin ləğvinə dair bildirişi icarənin növbəti ilinin sonu üçün qüvvəyə minməklə icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmayaraq verə bilər. Əgər müqavilə icarəyə verənin və ya icarəçinin bütün ömrü üçün bağlanmışdırsa, ləğvetməyə yol verilmir.

29. Göründüyü kimi Torpaq Məcəlləsinin qeyd olunan müddəalarında icarəçinin torpaq sahəsindən imtina hüququ nəzərdə tutulmuş və bu hüququn realizə edilməsi hər hansı müddətlə məhdudlaşdırılmamışdır.

30. Mülki Məcəllədə isə torpaq sahəsinin icarəçisinin belə bir hüququ nəzərdə tutulmamış, eyni zamanda 30 ildən çox müddətə bağlanmış icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi üçün ən azı 30 il müddətin keçməsi şərti müəyyən edilmişdir.

31. Qeyd olunanlardan müəyyən olunur ki, müvafiq münasibətləri tənzimləyən normativ hüquqi aktlardakı normalar bir-birindən fərqlənir.

32. Həmin kolliziyaya isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73.1, 75.2-ci maddələri və Mülki Məcəlləsinin 719.1, 719.4-cü maddələrinin əlaqəli surətdə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Qərarı ilə aydınlıq gətirilmişdir.

33. Belə ki, həmin Qərara əsasən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73cü maddəsinin 1-ci hissəsi, 75-ci maddəsinin 2-ci hissəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələrinin torpaq icarəsi müqaviləsi üzrə torpaq hüquq münasibətlərinə xitam verilməsi barədə müddəaları arasında mövcud olan kolliziya bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsi tətbiq edilməklə həll olunmalıdır.

34. Torpaq Məcəlləsinin 75-ci maddəsinin 6-cı hissəsində təsbit olunmuşdur ki, torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Mülki Məcəllə ilə müəyyən edilir.

35. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası isə həmin Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir. Belə ki, həmin maddədə qeyd edilmişdir ki, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verir.

36. Göründüyü kimi hazırki mübahisə üzrə həlledici olan sonuncu maddədə torpaq sahəsi üzərində icarə hüququnun xitamının məhz torpaq icarəçisinin torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etməsi və bu barədə müvafiq ərizə verməsi ilə baş verdiyi qeyd olunmuşdur.

37. Hazırki iş üzrə iddiaçının da icarə müqaviləsi əsasında ona icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən 678,7 kv.metr torpaq sahəsindən tam olaraq könüllü imtina etməsi aşkardır. Əks təqdirdə iddiaçı xx.xx.2021-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət etməz və hazırki iddianı qaldırmazdı.

38. Belə olan halda həmin iddia tələbi təmin edilməli və İddiaçı MMC ilə Bakı Şəhəri İcra Hakimiyyəti arasında 26 yanvar 2018-ci il tarixində bağlanmış 1431 saylı Torpağa dair icarə müqaviləsinə xitam verilməlidir.

39. Eyni zamanda kollegiya hesab edir ki, iddiaçı icarə müqaviləsi əsasında ona icarəyə verilmiş 678,7 kv.metr torpaq sahəsindən könüllü imtina etdiyi üçün müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra həmin torpaq sahəsi Mülki Məcəllənin 722.1-ci maddəsinə əsasən dövlət mülkiyyətinə, yəni istifadəsinə qaytarılmalıdır.

40. İddiaçının inşa etdiyi binanın hazırki müqavilə üzrə icarəyə götürülmüş torpaq sahəsində yerləşməsi barədə cavabdehin dəlillərinə dair kollegiya qeyd edir ki, həmin hal işdə olan sübutlarla öz təsdiqini tapmır.

41. Belə ki, birinci instansiya məhkəməsində “B+Ş Audit” X2 Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli A02/25 saylı mütəxəssis rəyi verilmiş və həmin rəydə göstərilmişdir ki, İddiaçı tərəfindən ünvan 3 ünvanında inşa edilimiş yaşayış binasının Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış 26 yanvar 2018-ci il tarixili 1431 saylı Torpağa dair icarə müqaviləsi ilə icarəyə verilmiş 678,7 kv.metr torpaq sahəsində inşa edilməsi aparılmış mühəndis geodeziya işlərində öz əksini tapmışdır və Bakı şəhər Binəqədi bələdiyyəsinin mülkiyyətində olan 0.02493 ha torpaq sahəsinin üzərinə düşməmişdir.

42. Həmin rəyə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən inşa edilimiş yaşayış binası 26 yanvar 2018-ci il tarixili 1431 saylı torpağa dair icarə müqaviləsi ilə icarəyə verilmiş torpaq sahəsində inşa edilmişdir.

43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, həmin mütəxəssis rəyi sübut kimi qəbul edilə bilməz.

44. Belə ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin 1-ci hissəsinə görə məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər.

45. Eyni zamanda “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2019-cu il tarixli 883 №-li Fərmanına və həmin Fərmanın icrasının təmin edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2019-cu il tarixli 843s saylı Sərəncamına əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı təsdiq edilməli, həmçinin məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası, məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları, Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması qaydaları müəyyən edilməlidir.

46. Lakin hazıra kimi həmin sənədlərin siyahısı və qaydaların təsdiq edilməsi ilə bağlı müvafiq normativ-hüquqi aktlar qəbul edilməmişdir.

47. Ona görə də, hal-hazırda “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin 1-ci hissəsində göstərilən müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrindən başqa digər elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən məhkəmə ekspertlərinin fəaliyyətinin həyata keçirilməsinin qanuni əsası mövcud deyildir.

48. Həmin rəylərin sübut hesab edilən “mütəxəssis rəyi” kimi qəbul edilməsi də mümkün deyil. Çünki Mülki Prosessual Məcəllənin “Sübutlar” adlı 76-cı maddəsində “mütəxəssis rəyi” sübutlar siyahısına aid edilməmişdir. Mülki Prosessual Məcəllənin 61 və 64-cü maddələrindən isə müəyyən edilir ki, prosesin digər iştirakçısı hesab edilən və zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər və onun vəzifəsi sübut hesab edilən rəy verməkdən deyil, məhkəmənin və tərəflərin verdiyi suallara cavab vermək, şifahi və yazılı məsləhətlər və izahatlar vermək, zəruri hallarda məhkəməyə texniki kömək göstərməkdən ibarətdir.

49. Eyni zamanda, iş materiallarından müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 591 saylı sərəncamına əsasən "xxxx" MMCyə ünvan 5 ünvanında yaşayış binasının tikintisi üçün 0.0928 ha torpaq sahəsi ayrılmış və obyektin tikintisinə 38 saylı icazə sənədi və ayrılmış torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixli ayrıc aktı verilmişdir.

50. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli RX-1033951 saylı Çıxarışa əsasən ünvan 5 ünvanında, 0,02493 ha Bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşən və ümumi sahəsi 220,2 m2 qeyri-yaşayış sahəsi X4 mülkiyyətində, torpaq sahəsi isə istifadəsindədir.

51. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş texniki pasporta əsasən X4 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əsas sahəsi 249 m2, digər sahəsi 11,6 m2 olmaqla, 442,0 kv.m torpaq sahəsində yerləşir.

52. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışa əsasən X6 İddiaçı MMC-nin təsisçisidir və nizamnamə kapitalındakı payın miqdarı əvvəllər 100%, hazırda isə 58% təşkil edir.

53. Apellyasiya baxışında iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və həll edilməsi üçün ekspertlər qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçı MMC tərəfindən ünvan 1 ünvanda inşa edilmiş yaşayış binası hansı torpaq sahəsinin, yəni Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 26 yanvar 2018-ci il tarixdə bağlanmış 1431 saylı Torpaq icarə müqaviləsinə əsasən icarəyə verilmiş 678,7 kv.m torpaq sahəsinin və ya Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı MMC-nin istifadəsində olmaqla Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan 0,02493 ha torpaq sahəsinin hüdudlarında yerləşir?

54. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli 10/4121 nömrəli ekspert rəyində göstərilmişdir ki, “KAPİTEL-D" MMC tərəfindən ünvan 1 ünvanda inşa edilmiş yaşayış binası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş texniki pasporta əsasən, tədqiq olunan ünvanda əvvələr X4 istifadəsində olan qeyriyaşayış binasının yerləşdiyi 442,0 kv.m torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında 26 yanvar 2018-ci il tarixdə bağlanmış 1431 saylı "Torpaq icarə müqaviləsinə” əsasən icarəyə verilmiş 678,7 kv.m torpaq sahəsinə dair ayrıc aktı, sxem, cizgi əlavə olunmadığı üçün həmin torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmadı.

55. Beləliklə, məhkəmə ekspertizası rəyi ilə müəyyən olunur ki, iddiaçı tərəfindən ünvan 1 ünvanda inşa edilmiş yaşayış binası X4 mülkiyyətində olan qeyri-yaşayış binasının və istifadəsində olan 442,0 kv.m torpaq sahəsinin sərhədləri daxilində yerləşir.

56. Həmin torpaq sahəsi isə Bələdiyyə mülkiyyyətindədir və ona dair texniki pasport xx.xx.2017-ci il tarixdə, yəni hazırki mübahisənin predmeti olan xx.xx.2018-ci il tarixli 1431 saylı torpaq icarə müqaviləsindən əvvəl tərtib edilmişdir.

57. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olur ki, iddiaçı tərəfindən inşa edilmiş yaşayış binası hazırki mübahisənin predmeti olan icarə müqaviləsinə əsasən icarəyə verilmiş 678,7 kv.m torpaq sahəsində yerləşmir.

58. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir.

59. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-651/2022 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. İddiaçı MMC ilə Bakı Şəhəri İcra Hakimiyyəti arasında 26 yanvar 2018-ci il tarixində bağlanmış 1431 saylı Torpağa dair icarə müqaviləsinə xitam verilsin və həmin müqavilədə göstərilən ünvan 1 ünvanında yerləşən 678,7 kv.metr torpaq sahəsi torpaq sahəsi dövlət mülkiyyətinə (istifadəsinə) qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Fərrux Qasımov

Məmməd Məmməddov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar