Məhkəmə qərarları › İş №2-2(103)-231/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-231/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-231/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X3, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (82)-345/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Leyla Əliyeva) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMCdən CBHK-0018-02 nömrəli, xx xxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 1.500.000 manat əsas borcun, 275.000,10 manat faiz borcunun, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixə kimi əsas borca illik 5% dərəcəsi ilə hesablanmış 116.666,67 manat faiz borcunun, ümumilikdə 1.891.666,77 manat kredit borcunun; CBHK-0018-03 nömrəli, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə banka olan 500.000 manat əsas borcun, 100.000 manat faiz borcunun, müqavilənin müddətinin bitdiyi tarixdən xx xxxxxxx 2019-cu il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 37.291,67 manat faiz borcunun, cəmi 637.291,67 manat kredit borcunun, hər iki kredit müqaviləsi üzrə cəmi 2.528.958,44 manat borcun, hüquqi sənədlərin notarial qaydada təsdiq olunması üçün ödənilmiş 50 manat notariat xərcinin və 30 manat ş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (82)-345/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 145 manat ekspertiza xərcinin cavabdehdən tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (82)-345/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın cavabdehdən kredit borcuna görə illik 5 % olmaqla 116.666,67 manat və 37.291,67 manat məbləğində faiz borclarının, məhkəmə və notariat xərclərinin tutulması hissəsində rədd edilməsini, ekspertiza xərcinin iddiaçıdan tutulmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İddiaçı ASC-nin məhkəməyə təqdim etdiyi iddia tələbinə dəqiqləşmə barədə ərizəni 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin işi artıq mahiyyəti üzrə baxıldıqdan sonra təqdim etmişdir. İddia tələbinə dəqiqləşmə ilə bağlı ərizə cavabdehə gec verildiyinə görə cavabdehin bununla bağlı heç bir münasibət göstərmək imkanı olmamışdır. İş materiallarından görünür ki, iddiaçının iddia tələbinin dəqiqləşmə ərizəsində kredit müqavilələrinin bitən tarixindən müqavilələr üzrə əsas borcun xx xxxxxxx 2019-cu il tarixədək cavabdehdən illik 5 faiz dərəcə ilə əlavə olaraq tutulmasını CBHK-0018-02 nömrəli üzrə 116.666,67 manat məbləğində, CBHK-0018-03 nömrəli 37.291,67 manat məbləğində təqdim olunub. Qeyd edilən 116.666,67 manat və 37.291,67 manat məbləğin tutulması bərabərlik prinsipinə ziddir. Həmçinin birinci instansiya məhkəməsinin qərəzli mövqeyi iddiaçının məhkəmə və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat xərclərini cavabdehdən tutulması barədə qərarın qəbul edilməsidir. Çünki ilkin iddia ərizəsində qeyd edilən hər iki müqavilə üzrə ümumi borc 2.834.935,94 manat məbləğində olmuş, ekspertiza rəyinə əsasən ümumilikdə hər iki müqavilə üzrə borc 2.375.000 manat məbləğində borc göstərilmişdir. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının İddiaçı ASC-nin lisenziyasının ləğv edilməsi və hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı başqa vaxta təxirə salınmasını xahiş etmiş, qeyd edilən hal məhkəmə iclasının təxirə salınması üçün əsas olmadığından vəsatət təmin edilməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (82)-345/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, İddiaçı ASC “X4 (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. “X4” ASC (borc verən) ilə “xxxx” MMC (borc alan) arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli, CBHK-0018-02 nömrəli kredit müqaviləsinə əsasən borc verən borc alana 12 ay müddətinə illik 20% ödəmək şərti ilə 1.500.000 manat məbləğində kredit verməyi, borc alan isə verilmiş pul məbləğini qəbul edərək, həmin müqavilədə və həmin müqavilənin ayrılmaz tərkib hissəsində nəzərdə tutulmuş müddətdə və qaydada ödənişlərin aparılmasına riayət edilməklə, təyinat və məqsədlə istifadə etməklə, müddətin sonunadək kreditə görə hesablanmış faizləri və kredit kredit məbləğini banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. “X4” ASC (borc verən) ilə “xxxx” MMC (borc alan) arasında bağlanmış xx xxx 2017-ci il tarixli, CBHK-0018-03 nömrəli kredit müqaviləsinə əsasən borc verən borc alana 12 ay müddətinə illik 20% ödəmək şərtilə 500.000 manat məbləğində kredit verməyi, borc alan isə verilmiş pul məbləğini qəbul edərək, həmin müqavilədə və həmin müqavilənin ayrılmaz tərkib hissəsində nəzərdə tutulmuş müddətdə və qaydada ödənişlərin aparılmasına riayət edilməklə, təyinat və məqsədlə istifadə etməklə, müddətin sonunadək kreditə görə hesablanmış faizləri və kredit kredit məbləğini banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 9659 saylı ekspert rəyi ilə xx xxxxx 2017-ci il tarixli, CBHK-0018- 02 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya xx.xx.2018-ci il tarixə olan əsas borcunun 1.500.000 manat, faiz borcunun 275.000,10 manat, cəmi borcun 1.775.000,10 manat məbləğində olması; xx xxx 2017-ci il tarixli, CBHK-0018-03 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya xx.xx.2018-ci il tarixə olan əsas borcunun 500.000 manat, faiz borcunun 100.000 manat, cəmi borcunun 600.000,00 manat məbləğində olması müəyyən edilmişdir. İşdəki sübutlara əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, “X4” ASC ilə “xxxx” MMC arasında xx xxxxx 2017-ci il tarixli, CBHK-0018-02 nömrəli və x xxx 2017-ci il tarixli, CBHK-0018-03 nömrəli kredit müqavilələri bağlanmış, bank göstərilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək kredit məbləğini cavabdehin sərəncamına versə də, cavabdeh “xxxx” MMC kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə “xxxx” MMC-nin İddiaçı ASC-yə xx xxxxx 2017-ci il tarixli, CBHK0018-02 nömrəli kredit müqaviləsi üzrə 1.500.000 manat əsas, 275.000,10 manat məbləğində faiz borcu, x xxx 2017-ci il tarixli, CBHK-0018- 03 nömrəli kredit müqaviləsi üzrə isə 500.000 əsas, 100.000 manat məbləğində faiz borcu yaranmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386-cı, 442, 445.7, 443.1, 448.1, 739-cu maddələrinə istinad edərək iddianın təmin edilməli olduğuna dair nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda cavabdeh tərəfindən qətnamə yalnız kredit öhdəliyinin icra müddəti bitdikdən sonra əsas borca hesablanmış 5 %-lə əldən çıxmış faydanın və xərclərin tutulması hissəsində mübahisələndirir. Məhkəmə qətnaməni mübahisələndirilən hissələrdə yoxlayaraq hesab edir ki, qeyd edilən hissələrdə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki qanunvericiliyin istinad edilən 445.7-ci maddəsi banka kredit öhdəliyinin icra müddəti bitdikdən sonrakı dövr üçün borcludan borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququ verdiyindən məhkəmə iddia tələbini həmin hissədə təmin etməklə hər hansı pozuntuya yol verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçının xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim etdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizədə iddianın məbləği tələb edilən faiz borcu hissəsində azaldığından və ərizə iş üzrə qətnamə qəbul edilənək təqdim edildiyindən cavabdehə ərizəyə münasibət bildirmək üçün əlavə vaxt verilməməsi qətnamənin ləğv edilməsinə əsas olan kobud prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. İş materiallarından görünür ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiqi üçün 50 manat məbləğində pul vəsaiti ödənilmişdir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. İddia tam təmin edildiyindən və mübahisə müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən pozulması ilə əlaqədar yarandığından iddiaçı tərəfindən iddianın qaldırılması ilə bağlı çəkilmiş xərclərin, o cümlədən məhkəmə xərclərinin cavabdehdən tutulması qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki,cavabdeh “xxxx” MMCninapellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (82)-345/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “xxxx” MMC-ninapellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (82)-345/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar