Məhkəmə qərarları › İş №2-2(103)-231/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-231/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-231/2022 11.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə cavabdehlər Cavabdeh2 MMC (bundan sonra - 1-ci cavabdeh) və Cavabdeh1 (bundan sonra - 2-ci cavabdeh) qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-486/2021 nömrəli iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsindən 2-ci cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasında ümumi sahəsi 570 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında onunla 1-ci cavabdeh arasında bağlanmış 04.01.2018-ci il tarixli 129 nömrəli müqavilə üzrə borc öhdəliyinin tənzimlənməsi və ödənilməsinin təmin edilməsi haqqında 01.03.2019-cu il tarixli üçtərəfli razılaşma üzrə 08.05.2019-cu il tarixinə mövcud olan əsas borc üzrə ƏDV daxil 20.350 manat məbləğdə pul vəsaitinin, habelə ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun və 0,4 manat məbləğdə bank komissiyası haqqının, cəmi ƏDV daxil 20.380,4 manat məbləğin cavabdehlərdən onun xeyrinə birgə, müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.11.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlərdən 20.350 manat məbləğdə borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamənin əsaslarına görə, “2-ci cavabdehin zaminliyinə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən xitam verilməli olması barədə cavabdehin istinad etdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin istinad edilən 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından isə görünür ki, hazırkı halda tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə borc öhdəliyinin tənzimləməsi və ödənilməsinin təmin edilməsi haqqında razılaşmada zaminliyin verilmə müddəti müəyyən edilməmişdir. Eyni zamanda razılaşmada nəzərdə tutulmuşdur ki, əsas öhdəliy 01 mart 2019-cu il tarixindən etibarən hər ardıcıl gələn ayın ilk on günü ərzində hər hansı fasiləyə yol vermədən ƏDV daxil 2.550 manat ödəməklə, 10 aydan gec olmayan müddətdə icra edilməlidir. Göründüyü kimi razılaşmada öhdəliyinin 01 yanvar 2020-ci il tarixinədək tam şəkildə icra edilməli olması göstərilmişdir. Odur ki, iddiaçı 13.11.2020-ci il tarixdə öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində hazırkı iddianı irəli sürdüyündən 2-ci cavabdehin zaminliyinə Mülki Məcəllənin 477.0.4-cü maddəsində göstərilən əsaslarla xitam verilməsi üçün əsaslar mövcud deyil. ... Belə olan halda məhkəmə tərəflər arasında bağlanmış 01.03.2019-cu il tarixli razılaşmaya əsasən 1-ci cavabdehin iddiaçıya borcunun olmasını etiraf etdiyini və həmin borcu 10 ay ərzində ödəməyi öhdəsinə götürdüyünü, eləcə də 2-ci cavabdehin 1-ci cavabdehin göstərilən öhdəliklərinə zamin durduğundan həmin öhdəliyə görə borclu ilə birgə məsuliyyət daşıdığını, eləcə də sözügedən borcun bir hissəsi ödənilərək hal-hazırda 20.350 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin borcun borclu 1-ci cavabdehdən və zamin 2-ci cavabdehdən müştərək (birgə) qaydada tutulmasını tələb etməkdə haqlıdır.” Qətnamə ilə razılaşmayan 2-ci cavabdeh ondan apellyasiya şikayəti verərək, ona aid hissədə ləğv edilib, həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, işdən görünür ki, iddiaçı ilə 1-ci cavabdeh arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 11 aydan yuxarı müddətə müqavilə bağlanmışdır. İcarə müqaviləsi qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edilmədən bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1 və 144.2-ci maddələrinin imperativ tələblərinə əsasən daşınmaz əmlak üzərində sərəncamverici əqdlər notarial qaydada təsdiq edilməlidir. Hazırkı halda icarə müqaviləsi yalnız tərəflərin imzası ilə təsdiq olunmuşdur. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununa əsasən 11 aydan yuxarı bağlanmış icarə müqavilələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. İşdən görünür ki, qeyd edilən müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin, tərəflər arasında bağlanmış 01.03.2019-cu il tarixli Razılaşmada 2-ci cavabdeh məhz əsas öhdəliyin icrası üçün zamin kimi çıxış etmişdir. Məhkəmə isə bu məsələyə qiymət verərkən bütövlükdə müqaviləyə zaminlik müqaviləsi kimi deyil, mövcud borcun etiraf edilməsi kimi yanaşmışdır. Baxmayaraq ki, zamin öhdəliyin icrası üçün məsuliyyət daşıyır və o ümumiyyətlə borcun etirafina dair hər hansı hərəkət edə bilməz. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdə olan, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 570 kv.m. olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. "xxxx" MMC (mülkiyyətçi) ilə iddiaçı (idarə edən) arasında bağlanmış 27.12.2017-ci il tarixli FOT-27/12/17-853 nömrəli Daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqaviləyə görə, mülkiyyətçi siyahısı bu müqavilənin müvafiq əlavələrində göstərilən obyekt(lər)i, üçüncü şəxslərə icarə, sub-icarə (ikinci əldən icarəyə) və ya idarəetməyə vermək, yaxud obyekt(lər)i birgə istifadə etmək hüququ ilə, idarə edənin icarəsinə və idarəetməsinə verir və idarə edəni obyekt(lər)in səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, idarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. Müqaviləyə 01.01.2018-ci il tarixdən qüvvəyə minən 1.54. nömrəli əlavə ilə obyekt 10 il müddətinə icarə və idarəetməyə verilmişdir. İddiaçı (icarəyə verən) ilə 1-ci cavabdeh (icarəçi) arasında bağlanmış 04.01.2018-ci il tarixli 129 nömrəli Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən, icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan ünvan 3 ünvan yerləşən qeyri-yaşayış binasında ümumi sahəsi 570 kv.m. təşkil edən qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin: 1.3-cü bəndinə görə, icarəçi icarəyə verilən əmlakdan “Jimmy Key” və “Collezione” ticarət markalarının mallarının satışı mağazası kimi istifadə edəcəkdir; 2.1-ci bəndinə əsasən, müqavilə tərəflər arasında 01.01.2018-ci il tarixdən etibarən yaranmış münasibətlərə tətbiq edilir; 2.2-ci bəndinə görə, icarə müddəti 01.01.2018-ci il tarixdə başlayır və hazırkı icarənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə, 31.12.2018-ci il tarixdə saat 23:59-da başa çatacaqdır; 3.2-ci bəndinə əsasən, icarəçi icarəyə verənə 01.01.2018-ci il tarixdən başlayaraq bu icarənin qüvvədə olduğu müddət ərzində ƏDV daxil olmaqla 8.500 manat icarə haqqı ödəməlidir; 3.3-cü bəndinə görə, icarə haqqı hər cari ayın əvvəlində həyata keçiriləcək və müvafiq hesab-faktura təqdim olunan tarixdən 3 iş günündən gec olmayaraq icarəçi tərəfindən hər ay əvvəlcədən icarəyə verənə nağd və ya bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İddiaçı (icarəyə verən) ilə 1-ci cavabdeh (icarəçi) arasında Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 04.01.2018-ci il tarixli 129 nömrəli müqaviləyə xitam verilməsi barədə 09.03.2018-ci il tarixdə razılaşma bağlanmışdır. Razılaşmanın: 1-ci bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığına əsasən icarə müqaviləsinə 31.03.2018-ci il tarixində xitam verilir; 2-ci bəndinə görə, icarəçi icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlakın icarəyə verənə təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən icarə haqqının, icarə müqaviləsində nəzərdə tutulmuş xidmət haqlarının və digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir; 3-ci bəndinə əsasən, tərəflər təsdiq edirlər ki, icarəçinin xitam tarixinədək icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 25.500 manat təşkil edir. İddiaçı (icarəyə verən), 1-ci cavabdeh (icarəçi) və 2-ci cavabdeh (zamin) arasında bağlanmış İcarə müqaviləsi üzrə borc öhdəliyinin tənzimləməsi və ödənilməsinin təmin edilməsi haqqında 01.03.2019-cu il tarixdə razılaşma imzalanmışdır. Razılaşmanın: 1-ci bəndinə əsasən, tərəflər bir daha təsdiq edirlər ki, icarəyə verilən əmlak(lar)ın icarəsi ilə əlaqədar xitam tarixinədək ödənilməmiş borc məbləği ƏDV daxil 25.500 manat təşkil edir və icarəçi müvafiq borc məbləğini 01.03.2019-cu il tarixindən etibarən hər ardıcıl gələn ayın ilk on günü ərzində hər hansı fasiləyə yol vermədən ƏDV daxil 2.550 manat ödəməklə, 10 aydan gec olmayan müddətdə tam təmin etməyi öhdəsinə götürmüşdür; 5-ci bəndinə görə, zamin bu razılaşmanı imzalamaqla, icarəçinin bu razilaşma üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürür; 6-cı bəndinə əsasən, icarəçi bu razılaşmadan irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə zamin icarəyə verən qarşısında icarəçinin öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşıyır; 7-ci bəndinə görə, zamin icarəçinin icarəyə verən qarşısındakı öhdəliklərinin yerinə yetirilməməsi və lazımınca yerinə yetirilməməsi haqqında icarəyə verənin bildirişini aldığı gündən 5 (beş) iş günü ərzində icarəçinin icarəyə verən qarşısındakı öhdəliklərini yerinə yetirməyə borcludur; 8-ci bəndinə əsasən, icarəçi zaminin zaminliklə təmin etdiyi öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə icarəçi və zamin icarəyə verən qarşısında birgə məsuliyyət daşıyırlar; 9-cu bəndinə görə, borc məbləği, dəbbə pulu, faizlər, habelə onların tutulması üzrə məhkəmə xərclərinin və icarəçinin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində icarəyə verənə dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin icarəyə verən qarşısında icarəçi ilə eyni həcmdə məsuliyyət daşıyır; 15-ci bəndinə əsasən, bu razılaşma tərəflər və ya onların səlahiyyətli nümayəndələri tərəfindən təsdiq olunması şərti ilə 01.03.2019-cu il tarixdən qüvvəyə minir və icarəçi və/və ya zamin bu razılaşma üzrə öz öhdəliyini tam təmin edənədək öz qüvvəsində qalır. İşin sadalanan faktiki hallarından məhkəmə kollegiyasının araşdırması ilə müəyyən edilir ki, iddiaçı ilə 1-ci cavabdeh arasında bağlanmış 04.01.2018-ci il tarixli 129 nömrəli icarə müqaviləsinə əsasən 1-ci cavabdeh iddiaçının istifadəsində olan qeyri-yaşayış binasında ümumi sahəsi 570 kv.m. təşkil edən qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. Eyni tərəflər arasında bağlanmış 09.03.2018-ci il tarixli razılaşma ilə sözügedən icarə müqaviləsinə 31.03.2018-ci il tarixdən xitam verilmiş, eləcə də həmin razılaşmada icarə müqaviləsi üzrə 1-ci cavabdeh iddiaçıya 25.500 manat məbləğdə borcunun olması qeyd edilmişdir. Bundan sonra, 01.03.2019-cu il tarixdə iddiaçı ilə cavabdehlər arasında icarə müqaviləsi üzrə borc öhdəliyinin tənzimləməsi və ödənilməsinin təmin edilməsi haqqında razılaşma imzalanmış və həmin razılaşmaya əsasən 1-ci cavabdeh iddiaçıya icarə müqaviləsi üzrə ƏDV daxil 25.500 manat məbləğdə borcunun olmasını bir daha təsdiq etmiş və həmin borcu hissə-hissə 10 aydan gec olmayan müddətdə ödəməyi öhdəsinə götürmüş, 2-ci cavabdeh isə 1-ci cavabdehin göstərilən öhdəliyini icra edəcəyinə zamin durmuşdur. Hazırda 1-ci cavabdehin iddiaçıya olan borcu 20.350 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir; Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın; Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz; Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. İlk olaraq, şikayətin icarə müqaviləsinin qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edilmədən bağlandığı üçün etibarsız sayılması barədə dəlili əsassızdır. Belə ki, birincisi, 2-ci cavabdeh həmin icarə müqaviləsinin tərəfi olmadığı üçün onun etibarsızlığını da mübahisə edə bilməz. Doğrudur, məhkəmə təcrübəsində maraqlı şəxslərin əqddən bilavasitə zərər çəkdiyi müstəsna hallarda tərəfi olmadıqları müqaviləni mübahisələndirə biləcəkləri qəbul edilsə də, bu hallar Mülki Məcəllənin 337.2-ci maddəsində təsbit olunan “müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir” qaydasını dəyişdirmir. 2-ci cavabdehin isə iş üzrə icarə müqaviləsi bağlandığı anda hər hansı hüquqi marağının mövcudluğu müəyyən edilmir ki, sözügedən marağın pozulmasından da bəhs oluna bilsin. Bu kontekstdə o, 01.03.2019-cu il tarixli icarə müqaviləsi üzrə borc öhdəliyinin tənzimləməsi və ödənilməsinin təmin edilməsi haqqında razılaşmanı mübahisə edə bilərdi ki, bunu da etmir. Digər tərəfdən, 1-ci cavabdehin həm icarə müqaviləsinin, həm də qətnamənin qanuniliyini mübahisə etməməsi də diqqətə alınmalıdır. İkincisi, fərz olunsa ki, 2-ci cavabdeh icarə müqaviləsinin etibarsızlığını mübahisə etmək hüququna malik olmuşdur, o halda onun bu dəlili, icarə müqaviləsini həmin müqavilə üzrə yaranmış borcun ödənilməsi məqsədilə bağlanmış borcun etirafı haqqında mücərrəd müqaviləni zamin qismində imzalamaqla qəbul edərək, mübahisə etmək hüququnu itirdiyi üçün, əsaslı sayılmayacaqdı (Mülki Məcəllənin 351.3-cü maddəsi). Bundan əlavə, iddia ərizəsində göstərilmişdir ki, “2-ci cavabdeh tərəfindən 2019-cu ilin mart ayında (29.03.2019-cu il) borcun ƏDV daxil 1.550 manatlıq hissəsi, 2019-cu ilin may ayında (08.05.2019-cu il) isə hər iki cavabdehin adından üçüncü şəxs (X1) tərəfindən ƏDV daxil 3.600 manatlıq hissəsi ödənilmişdir. Beləliklə, razılaşma üzrə ümumi borc azalaraq, ƏDV daxil 20.350 təşkil etmişdir.” 2-ci cavabdeh tərəfindən təkzib olunmayan həmin fakt da özlüyündə ona dəlalət edir ki, hazırkı məhkəməyə qədər onun icarə müqaviləsinin qanuniliyi ilə bağlı narazılığı olmamışdır. Üçüncüsü, hazırkı məhkəmə tədqiqatının predmetini təşkil edən mübahisəli 01.03.2019-cu il tarixli razılaşma mahiyyətinə görə borcun etirafı barədə mücərrəd müqavilə və həmin müqavilə üzrə borclunun öhdəliklərinin təmin edilməsi məqsədilə bağlanmış zaminlik müqaviləsinin elementlərini özündə birləşdirir. Mülki Məcəllənin 882.2ci maddəsinə görə isə, borcun etirafı barədə mücərrəd müqavilə tərəflərin qarşılıqlı hüquq və öhdəliklərinin yaranması üçün əsas olan müstəqil əqd olduğundan, həmin əqdin etibarlılığı başlıca əqdin etibarlılığından asılı deyil. Həmçinin, mübahisəli razılaşma, borcun etirafı barədə mücərrəd müqavilə və zaminlik müqaviləsi üçün qanunvericilikdə nəzərdə tutulan forma tələblərinə riayət edilməklə bağlanmışdır. Dördüncüsü, Mülki Məcəllənin 144.1 və 144.2-ci maddələri və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddələri qeyd olunan dəlilin qanuni əsası kimi mübahisəyə tətbiq oluna bilməz. Belə ki, Mülki Məcəllənin sözügedən normaları daşınmaz əmlaka dair sərəncam verilməsi haqqında əqdlərə şamil olunur, icarə müqaviləsi isə icarəçiyə daşınmaz əmlakın hüquqi müqəddəratını təyin etmək imkanını təmin etmir (Mülki Məcəllənin 152.4-cü maddəsi). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun adıçəkilən maddəsində isə daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alındığı təsbit olunsa da, həmin normada, o cümlədən həmin Qanunda belə bir qeydiyyatın aparılmamasının əqdlərin qanuniliyinə hüquqi təsiri müəyyən edilməmişdir. Nəzərə alınsa ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun ümumi hüquq sahəsinə daxil olan normativ-hüquqi aktıdır, o halda 19-cu maddədə xüsusi hüququn predmetinə aid tənzimləmənin olmaması səbəbləri aydın olar. Şikayətin məhkəmənin bütovlükdə müqaviləyə zaminlik müqaviləsi kimi deyil, mövcud borcun etiraf edilməsi kimi yanaşmasının doğru olmamasına dair dəlili də əsassızdır. Belə ki, əvvəlki abzaslarda hüquqi qiymət verildiyi kimi, 01.03.2019-cu il tarixli razılaşma qarışıq müqavilə olmaqla, 1-ci cavabdehə münasibətdə borcun etirafı barədə mücərrəd müqavilə, 2-ci cavabdehə münasibətdə isə icarə müqaviləsi üzrə borc öhdəliklərinin təmin edilməsi məqsədilə bağlanmış zaminlik müqaviləsidir. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-486/2021 nömrəli iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 qətnamə ona rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar