Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-233/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4393/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı MMC və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı reklam qurğusuna vurmuş zərərə görə 3201,36 manat məbləğində pulun, 60 manat məbləğində mediasiya xərcinin, 200 manat məbləğində hüquqi yardım xərcinin və 53 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, 01 aprel 2023-cü il tarixində cavabdehin mülkiyyətində olan HYUNDAİ HD 72 yük markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən işçisi X1 qeyd edilən nəqliyyat vasitəsi ilə geriyə manevr edərkən nəqliyyat vasitəsini iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 273d ünvanında quraşdırılmış 3,6x2,4 metr ölçüdə roller tipli reklam qurğusuna vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Nəqliyyat vasitəsini idarə edən sürücü hadisə yerini tərk edərək getmişdir. İddiaçı hadisə barədə sonradan məlumat almış və müraciəti nəticəsində aparılmış araşdırmalar nəticəsində hadisənin cavabdehin mülkiyyətində olan nəqliyyat vasitəsi ilə törədilməsi müəyyən edilmişdir. Hadisə ilə bağlı inzibati protokol tərtib edilmiş və cavabdehin nəqliyyat vasitəsini idarə edən işçisi X1 inzibati qaydada qaydada cərimə edilmişdir. Nəticədə qeyd edilən reklam qurğusuna ümumilikdə 3201,36 manat məbləğində zərər dəymişdir. Bundan sonra baş vermiş hadisə ilə bağlı cavabdehə məlumat verərək vurduğu zərərin ödənilməsi tələb etmişdir. Lakin cavabdeh bu günə qədər vurduğu zərəri ödəməmişdir. Buna görə də iddiaçı pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh iddianı qismən – 1500 manat hissəsində etiraf edir, qalan hissədə isə iddiaya etiraz edir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4393/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən reklam qurğusuna vurulmuş zərərə görə 2257,36 manat məbləğində pul, 60 manat məbləğində mediasiya xərci, 200 manat məbləğində hüquqi yardım xərci və dövlət rüsumuna görə 37,37 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
5. İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.
6. Cavabdeh MMC də apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ziyan vurulmuş reklam qurğusunun təmir edilməsi ilə bağlı "xxxx" MMC tərəfindən təqdim edilmiş 944 manat (ƏDV daxil olmaqla) məbləğində elektron qaimə üzrə ödəniş maddi problemlərlə əlaqədar olaraq İddiaçı MMC tərəfindən ödənilməmişdir. Buna görə də iddiaçı həmin elektron qaimə üzrə ödənişi təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddianın məhkəmə tərəfindən təmin edilmiş hissəsi üzrə elektron qaimə xx.xx.2023-cü il tarixində verilməsinə baxmayaraq, İddiaçı MMC tərəfindən ödəniş dörd ay sonra, yəni xx.xx.2023-cü il tarixində icra edilmişdir. Bu baxımdan "xxxx" MMC tərəfindən təqdim edilmiş 944 manat (ƏDV daxil olmaqla) məbləğində elektron qaimə üzrə ödəniş məhkəmə prossesi başa çatdıqdan sonra ödənildiyi üçün həmin ödənişin icra edilməsini təsdiq edən sübutu birinci instansiya məhkəməsində təqdim edə bilməmişlər. Həmçinin, ödənişin icra edilməsi üçün imkanın olmaması cavabdeh tərəfindən zərərin vurulmaması kimi qiymətləndirilə bilməz. Belə ki, təqdim edilən sübutlardan görünür ki, ziyan vurulmuş reklam lövhəsinin təmiri ilə bağlı zəruri işlər icra edilmiş və bununla bağlı müvafiq sənədlər təqdim edilmişdir.
8. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli, PME********** nömrəli avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanmışdır. Hazırkı mübahisədə də cavabdeh qismində "xxxx" MMC çıxış etməlidir. Həmçinin, birinci instansiya məhkəməsi məbləği müəyyən edərkən, işin faktiki hallarını tam nəzərə almamışdırlar. Belə ki, iddiaçı tərəfindən təqdim edilən elektron qaimələr reklam qurğusuna görə ödənişlərin həyata keçirildiyini sübut etmir. Belə olduğu təqdirdə, birinci instansiya məhkəməsi ekspertiza təyin edərək, dəymiş zərərlə bağlı orta bazar dəyərini təyin etməli idi.
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
13. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
16. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
17. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 18.Həmin Məcəllənin 372.2-ci madəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir.
21. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdehin işçisi X1 xx.xx.2023cü il tarixdə saat 12:05 radələrində Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsində idarə etdiyi cavabdehə məxsus HYUNDAİ HD 72 yük markalı, 90JN966 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçıya məxsus iki tərəfli 3,6x2,4 metr ölçüdə roller tipli reklam qurğusuna zərər dəymişdir.
22. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 21.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
23. Hazırki işdə də həmin əsaslar mövcüddur.
24. Belə ki, xx.xx.2023-cü il tarixli, İ**********0107 qeydiyyat nömrəli Açıq məkanda reklam yerləşdirilməsinə icazədən görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi tərəfindən iddiaçıya Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 273d ünvanında iki tərəfli 3,6x2,4 metr ölçüdə roller tipli reklam qurğusu quraşdırılmasına icazə verilmişdir.
25. İXP seriyalı, ******* saylı İnzibati xəta haqqında protokolun surətindən görünür ki, X1 Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsində xx.xx.2023-cü il tarixdə saat 12:05 radələrində idarə etdiyi HYUNDAİ HD 72 yük markalı, 90JN966 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
26. AC seriyalı, 691072 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, HYUNDAİ HD 72 yük markalı, 90JN966 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehin adına qedyiyyata alınmışdır
27. Göründüyü kimi xx.xx.2024-cü il tarixdə cavabdehin işçisinin ona məxsus avtomobili istismar etdiyi zaman baş vermiş qəza nəticəsində iddiaçının istifadəsində olan reklam qurğusuna zərər dəyməsi işin mübahisəsiz halıdır və cavabdeh bu faktı mübahisələndirmir.
28. Mülki Məcəllənin 1099.1-ci maddəsində isə təsbit edilmişdir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
29. Bu baxımdan, kollegiya hesab edir ki, baş vermiş qəzaya görə cavabdeh hüquqa zidd əməl üçün məsuliyyət daşıdığına görə, iddiaçı Mülki Məcəllənin yuxarıda göstərilən müddəalarına əsasən həmin hadisə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinin cavabdehdən tələb etməkdə haqlıdır.
30. Bununla belə, tərəflər dəymiş zərərin məbləği ilə bağlı razılaşmadıqlarına görə və hər iki tərəfin apellyasiya şikayətlərinin dəlilləri məhz həmin məbləğin müəyyən edilməsində birinci instansiya məhkəməsinin əsaslandırılmasına yönəldiyinə görə məhkəmə kollegiyası bu məsələ ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 462837 saylı elektron qaimədən və "xxxx" MMC ilə iddiaçı arasında tərtib edilmiş aktdan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli, 19/23 saylı müqaviləyə əsasən "xxxx" MMC-yə reklamın yerləşdirilməsi üçün 944 manat (ƏDV daxil) məbləğində ödəniş etməlidir.
32. xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 811523 saylı elektron qaimədən və xx.xx.2023-cü il tarixli işlərin təhvil-təslim edilməsinə dair aktdan görünür ki, "xxxx" İnnovativ Reklamçılıq Şirkəti” MMC böyük ikitərəfli scroller tipli reklam daşıyıcısında ehtiyyat hissəsini yenisi ilə əvəz etməklə iddiaçıya təhvil vermiş və iddiaçı həmin işləri qəbul etmişdir. Xidmətin dəyəri 2257,36 manat təşkil etmişdir.
33. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından və köçürmənin aparılması haqqında bildirişdən görünür ki, iddiaçı 1913,02 manat və 344,34 manat ƏDV olmaqla, 2257,36 manat "xxxx" İnnovativ Reklamçılıq Şirkəti” MMC-nin hesabına ödəniş etmişdir.
34. Bununla belə, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 462837 saylı elektron qaimə üzrə ödənişi təsdiq edən sübut təqdim edilməmişdir.
35. İddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, OD4 nömrəli ödəniş tapşırığından və köçürülmənin aparılması haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı yuxarıda göstərilən elektron qaiməyə görə ödənişlər etmişdir.
36. Bununla bağlı məhkəmə kollegiyası iddiaçı tərəfindən apellyasiya məhkəməsində icraat zamanı təqdim edilmiş sübutların mümkünlüyü məsələsinə qiymət verilməsini zəruri hesab edir.
37. Belə ki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 38.Hazırkı işdə də iddiaçı tərəfindən yeni sübutun təqdim edilməsi əsaslandırılmışdır. 39.Belə ki, işin faktiki hallarından görünür ki, birinci instansiya məhkəməsində icraat xx.xx.2023-cü ildə bitmişdir. Ödəniş tapşırığından və köçürülmənin aparılması haqqında bildirişdən isə görünür ki, xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 462837 saylı elektron qaimə üzrə ödənişlər xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir.
40. Göründüyü kimi iddiaçı ödənişləri birinci instansiya məhkəməsində icraat bitəndən sonra həyata keçirmişdir və faktiki olaraq onları icraat zamanı təqdim etməyə imkanı olmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apellyasiya icraatı zamanı təqdim edilən sübutlar qəbul edilməlidir.
41. Bundan başqa, hazırkı məhkəmə icraatı zamanı xx.xx.2024-cü il tarixli, 2-2(103)- 233/2024 saylı qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 273d ünvanında quraşdırılmış 3,6x2,4 metr ölçüdə roller tipli reklam qurğusuna 01 aprel 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər və onun bərpa edilməsi üçün tələb olunan vəsaitin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
42. Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2024-cü il tarixli, 9/2162 saylı rəyində qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən, ekspertiza təyini haqqında qərarda göstərilən işıq dirəyə dəymiş ziyanın ümumi məbləği 3327,60 manat müəyyən edilmişdir. Həmçinin tədqiqata təqdim edilmiş iş materiallarında olan “X3” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən, ekspertiza təyini haqqında qərarda göstərilən işıq dirəyə dəymiş ziyanın ümumi məbləği 1014 manat müəyyən edilmişdir.
43. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, iddia tam təmin edilməli və Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 273d ünvanında quraşdırılmış 3,6x2,4 metr ölçüdə roller tipli reklam qurğusuna 01 aprel 2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 3201,36 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
44. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, Mülki Məcəllənin “Mülki hüquq pozuntuları (deliktlər)” adlı 59-cu fəslində zərər vuranın sığortaçı ilə müqaviləsi əsasında onun üçüncü şəxlərə vurduğu zərərə görə məsuliyyətdən azad edilməsi müəyyən edilməmişdir. Belə olduğu təqdirdə iddiaçı haqlı olaraq, iddia tələbini Cavabdeh MMC-yə qarşı yönəltmişdir. Vurulmuş zərərin məbləği isə yuxarıda istinad olunan sübutlarla təsdiq edilir.
45. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın təmin edilməmiş hissəsində ləğv edilməli və iddia tam təmin edilməlidir. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə cavabdehə aid edilməlidir.
46. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4393/2023 qətnaməsi qismən ləğv edilsin, yəni iddianın təmin edilməmiş hissəsində ləğv edilsin və iddia tam təmin edilsin. Cavabdeh MMC-dən dəymiş zərərin əvəzi olaraq 3201,36 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı MMC-yə ödənilsin. Cavabdehin çəkdiyi məhkəmə xərcləri onun özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 27 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC tutularaq İddiaçı MMC-yə ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov