Məhkəmə qərarları › İş №2-2(103)-234/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-234/2020

17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-234/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibаrət tərkibdə; Məhkəmə iclas katibi Abdullayev Hacıağa Rövşən oğlunun katibliyi; Cavabdehin nümayəndəsi X2 iştirakı ilə; İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “kredit borcunun olmaması” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-582/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit borcunun və ümumiyyətlə borcunun olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-582/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmışdır. Qərardaddan narazı qalan İddiaçı MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-582/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsində göstərilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-582/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı elektron kabinetə xx xxxxxx 2020-ci il tarixində, yəni 18 gün sonra yerləşdirildiyindən MPM-in 151.3-cü maddəsinə əsasən qəbul edilmiş sayılır. Həmin qərardad xx xxxxxx 2020-ci il tarixindən qəbul edilmişdirsə, MPM-in 263.5-1 maddəsinə əsasən həmin gün, yəni xx xxxxxx 2020-ci tarixində hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron İnformasiya Məhkəmə Sistemi”ndə yerləşdirilməli idi və bu baş vermədi. MPM-in 266.3-cü maddəsinə əsasən xx xxxxxx 2020ci il tarixindən 5 gün ərzində onların elektron kabinetində sözügedən qərardad yerləşdirilməli idi və xx xxxxxx 2020-ci il tarixində qəbul edilmiş elektron iddia ərizəsinin geri qaytarılmasına dair xx xxxxxx 2020-ci il tarixli qərardad x xxxxxx 2020-ci il, yəni 18 gün sonra onların elektron kabinetinə yerləşdirilmişdir. Bu da sözügedən iddia ərizəsinin MPM-in 151.3-cü maddəsinə əsasən qəbul edilməsinə əsasdır. Göstərilənlərə əsasən qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nicat Muxtarov şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəflər arasında yaranmış mübahisənin həlli üzrə pretenziya ərizəsini cavabdehə təqdim etdikdən sonra qanunvericiliklə müəyyən olunmuş müddəti gözləmədən eyni tarixdə iddia ərizəsini də cavabdehə göndərmişdir. Belə ki, iş materiallarında olan: - 151799 nömrəli poçt qəbzinə əsasən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə təhvil alınmışdır. - 151798 nömrəli poçt qəbzinə əsasən iddiaçı tərəfindən məhkəməyə verilmiş iddia ərizəsinin surəti cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə təhvil alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunmuş normaların məzmunundan da görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən qabaq mübahisənin nizama salınması üçün pretenziya qaydasında cavabdehə müraciət etməli idi. Lakin iş materiallarından da görünür ki, iddiaçı cavabdehə pretenziya məktubu və iddia ərizəsini eyni tarixdə, yəni xx.xx.2019-cu il tarixdə göndərmişdir. Belə olan halda iddiaçı tərəfindən pretenziya təqdim edildikdən sonra qanunvericiliklə nəzərdə tutulmuş müddət gözlənilməmişdir. Məhkəmə kollegiyası şikayətin “xx xxxxxx 2020-ci il tarixində qəbul edilmiş elektron iddia ərizəsinin geri qaytarılmasına dair xx xxxxxx 2020-ci il tarixli qərardad x xxxxxx 2020-ci il, yəni 18 gün sonra onların elektron kabinetinə yerləşdirilmişdir” dəlilinə münasibətdə qeyd edir ki, “AZEMİS Elektron Məhkəmə Sistemi”ndəki hazırki iş üzrə məlumatlardan göründüyü kimi, iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuş, məhkəmə tərəfindən işə 10 gün müddətində, yəni xx.xx.2020-ci il tarixdə qərardad çıxarılaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Məhkəmənin həmin qərardadının nəticəsi xx.xx.2020-ci ildə, qərardad isə xx.xx.2020-ci il tarixdə elektron sistemə yerləşdirilmişdir. Şikayətin də dəlilindən görünür ki, iddiaçı 18 günlük müddətin keçməsini əsassız olaraq iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən qərardadın elektron sistemə yerləşdirildiyi, yəni xx.xx.2020-ci il tarixədək olan müddətə əsasən hesablamışdır. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin “MPM-in 263.5-1 maddəsinə əsasən məhkəmə qərardadı həmin gün, yəni xx xxxxxx 2020-ci tarixində hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron İnformasiya Məhkəmə Sistemi”ndə yerləşdirilməli idi” dəlilinə münasibətdə qeyd edir ki, qeyd olunmuş normanın məzmunundan görünür ki, həmin qərardad deyil, qərardad barədə məlumat elektron sistemdə yerləşdirilməlidir. “AZEMİS Elektron Məhkəmə Sistemi”ndə hazırki iş üzrə məlumatlardan görünür ki, məhkəmə həmin qərardad barədə məlumatı xx.xx.2020-ci il tarixdə, yəni qərardad qəbul edildiyi gün elektron sistemdə yerləşdirmişdir. MPM-in 263.5-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə elan olunmuş qərardad barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir. Belə olan halda kollegiya hesab edir ki, məhkəmə iddia ərizəsinin qaytarılması barədə qərardad qəbul edərkən hər hansı bir prosessual pozuntuya yol verməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-582/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar