Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-234/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5910/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ödənilməmiş malların dəyərinə görə 213.293 manat, 38.393 manat ƏDV, 82.776,4 manat hesablanmış peniya və ödənilmiş dövlət rüsumu 624,86 manat məbləğində pulun, cəmi 335.087,26 manat məbləğin pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5910/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 213.293 (iki yüz on üç min iki yüz doxsan üç) manat, ƏDV borcu üzrə 38.393 (otuz səkkiz min üç yüz doxsan üç) manat, cərimə borcu üzrə 10.500 (on min beş yüz) manat olmaqla, cəmi 262.186 (iki yüz altmış iki min yüz səksən altı) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 552 (beş yüz əlli iki) manat, 19 (on doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5910/2024 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şirkətin hal-hazırkı fəaliyyəti işğaldan azad olunmuş ərazilərin bərpa quruculuq fəaliyyəti ilə bağlıdır. Qeyd olunan hallarla bağlı icra olunan, lakin bu günədək icra olunub bitməsinə baxmayaraq müqavilələr üzrə ödənilməli olan məbləğlər alınmadığı üçün cavabdeh mövcud mübahisə üzrə öhdəliyi yerinə yetirə bilməmişdir. Həmçinin, İddiaçı MMC müqavilə üzrə öhdəliklərini düzgün yerinə yetirməmiş, təqdim etməli olduğu mal və xidmətləri vaxtında icra etmədiyindən cavabdehə zərər dəymişdir. Qeyd olunan qətnamə Cavabdeh MMC-nin iştirakı olmadan qəbul olunmuşdur. Bu səbəblə də Cavabdeh MMC məhkəmənin yekun qətnaməsi üzrə hər hansı sübutlar təqdim etmək imkanı olmamışdır. Cavabdehin təqdim etdiyi sənədlər üzrə çıxan yekun borc məbləği düzgün hesablanmamış, hər hansı ekspertiza rəyi əlavə olunmamışdir. Bundan əlavə olaraq hüquq normalarını düzgün tətbiq etməmiş və həqiqətə uyğun olmayan məbləğdə cərimə borcu hesablamışdır. Bütün bunları nəzərə alaraq, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5910/2024 saylı xx.xx.2024 -cü il tarixli qətnaməsinin ləğv edilməsi xahiş olunur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz daxil olmuşdur.
6. Etiraz belə əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan rədd olunmalı və apellyasiya şikayətinin təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, Bakı Kommersiya Məhkəməsində müvəqqəti təminat tədbirinin növünün dəyişdirilməsi barədə iş üzrə də Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, “Qeyd olunan hallarla bağlı tərəfindən icra olunan, lakin bu günədək icra olunub bitməsinə baxmayaraq müqavilələr üzrə ödənilməli olan məbləğlər ala bilmədiyi üçün biz də mövcud mübahisə üzrə öhdəliyi yerinə yetirə bilməyib. Ona qarşı tərəfin iddiasını qismən qəbul edir və müqavilə üzrə öhdəliyi yerinə yetirəcəyinə hər hansı şübhə mövcud deyildir. ” Cavabdehin məhkəmədə iştirak etməməsi ilə bağlı bildirir ki, cavabdeh xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə vəkillə təmsil olunmaqla və sübutların təqdim edilməsi üçün məhkəmə prosesini təxirə salınmasına görə ərizə ilə, xx.xx.2024-cü il tarixdə yuxarıda qeyd olunan məzmunlu etirazla məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh təqdim etdiyi etirazda və müvəqqəti təminat tədbirinin növünün dəyişdirilməsi barədə iş üzrə də vermiş olduqları ərizədə də iddianı etiraf etdiklərini, birinci instansiya məhkəməsində iddianın əsas borc hissəsini qəbul etmələrini, lakin peniya ilə bağlı hissəsindən narazı olduğunu qeyd etmişdir. Lakin, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində isə ümumiyyətlə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5910/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh maddi və prossesual hüquq normalarını formal olaraq sadalamaqla qətnamənin ləğv ediməsini xahiş etmişdir. Şikayət sadacə olaraq formal mülahizələrə əsaslanaraq verilmişdir. Birinci instansiya məhkəməsində iş kifayət qədər araşdırılmış, tərəflərə sübutlar təqdim edilməsi üçün kifayət qədər zaman verilmişdir. Tərəflərin iştirakı təmin edilməsi üçün dəfələlə məhkəmə iclasları təxirə salınmışdır. Lakin cavabdehin məhkəmə proseslərinin yeri və vaxtı barədə məhkəmə tərəfindən məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və məhkəməyə heç bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətində qeyd edilənlər tamamilə yalan və əsassısdır. Bakı Kommersiya Məhkəməsi iddia ərizəsini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Sadəcə olaraq cavabdeh borcunu ödəməkdən yayınmaq məqsədi ilə belə bir əsassız apellyasiya şikayəti vermişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
11. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
12. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
14. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
15. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
16. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
17. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
18. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
24. İşin faktiki halları ondan ibarətdir ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli, 126 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. İşdə olan elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 463.293,12 manat təşkil edir. İş materiallarına əlavə olunmuş ödəniş sənədlərindən məlum olur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC tərəfindən 20.000 manat və xx.xx.2023-cü il tarixdə 50.000 manat məbləğində ödəniş əsas borc üzrə, xx.xx.2024-cü il tarixdə 45.000 manat məbləğində ƏDV ödənişi edilmişdir. Beləliklə iddiaçı malları satsa da, cavabdeh pulu ödəməyərk, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh tərəf iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələr üzrə müvafiq ödənişlər etməklə malların ona verildiyi halını qəbul etmişdir.
25. Bundan başqa Cavabdeh MMC məhkəməyə göndərdiyi ərizəsində şirkətin maliyə sıxıntıları səbəbindən "xxxx" MMCnə olan borc öhdəliyini bu günədək yerinə yetirə bilmədiyini bildirmiş, yalnız iddianın “82776,4 manat hesablanmış peniya” tutulması hissəsində rədd edilməsini məhkəmədən xahiş etmişdir.
26. İşin halları müqavilə, elektron qaimələr, cavabdehin ərizəsi ilə təsdiqlənmişdir.
27. Bakı Kommersiya Məhkəməsində müvəqqəti təminat tədbirinin növünün dəyişdirilməsi barədə iş üzrə də Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, “Qeyd olunan hallarla bağlı tərəfindən icra olunan, lakin bu günədək icra olunub bitməsinə baxmayaraq müqavilələr üzrə ödənilməli olan məbləğlər ala bilmədiyi üçün biz də mövcud mübahisə üzrə öhdəliyi yerinə yetirə bilməyib. Ona qarşı tərəfin iddiasını qismən qəbul edir və müqavilə üzrə öhdəliyi yerinə yetirəcəyinə hər hansı şübhə mövcud deyildir.”
28. Cavabdehin məhkəmədə iştirak etməməsi ilə bağlı qeyd olunmalıdır ki, cavabdeh xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə vəkillə təmsil olunmaqla və sübutların təqdim edilməsi üçün məhkəmə prosesini təxirə salınmasına görə ərizə ilə, xx.xx.2024-cü il tarixdə yuxarıda qeyd olunan məzmunlu etirazla məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh təqdim etdiyi etirazda və müvəqqəti təminat tədbirinin növünün dəyişdirilməsi barədə iş üzrə də vermiş olduqları ərizədə də iddianı etiraf etdiklərini, birinci instansiya məhkəməsində iddianın əsas borc hissəsini qəbul etmələrini, lakin peniya ilə bağlı hissəsindən narazı olduğunu qeyd etmişdir. Lakin, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində isə ümumiyyətlə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5910/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
29. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.
30. Göründüyü kimi iddiaçının tələb etdiyi müqavilə üzrə borc cavabdeh tərəfindən təsdiq edilmişdir. Bu halda iddiaçı tərəfindən əlavə sübutlar təqdim edilməsi prosessual qənaət baxımından yolverilməzdir. Cavabdehin borcu qəbul etməsi və sonradan əksini iddia etməsi onun vicdanlı rəftar etməməsini göstərir. Beləliklə şikayətin dəlilləri formal mülahizələrdən ibarətdir.
31. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
32. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
33. Məhkəmə qeyd edilənləri rəhbər tutaraq əsaslı olaraq dəbbə pulunun miqdarını azaltmış, həmin pulun miqdarının daha da azaldılması üçün yeni əsaslar müəyyən edilməmişdir.
34. İddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi iddiaya etiraz edən cavabdehin üzərindədir. Hal-hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.
35. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
36. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5910/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.