Məhkəmə qərarları › İş №2-2(103)-237/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-237/2022

23.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-237/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" MTK-ya qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 10.12.2021-ci il tarixli e-2-2(113)-1962/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə haqqı üzrə yaranmış 71711,17 manat borcun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdehin dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar 13.10.2020-cı il tarixə dövlət büdcəsinə 71711,17 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcu yaranmış və vergi ödəyicisinə xəbərdarlıq göndərilməsinə baxmayaraq cəmiyyət tərəfindən borc xəbərdarlıqda göstərilən müddətdə ödənilməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1962/2021, 24.11.2021-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-2(113)-1962/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 10.12.2021-ci il tarixli e-2-2(113)-1962/2021 nömrəli qətnaməsini ləğv edərək, "xxxx" MTK barəsində hesablanmış 71711,17 manat məbləğində icarə haqqı üzrə borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Hazırkı iddia tələbinin əsası kimi istinad edilmiş icarə müqavilələri dövlət torpaqlarının icarəyə verilməsi ilə əlaqədar olduğundan Bakı şəhər İcra Hakimiyyəti müqavilələri dövlət tərəfindən ona verilmiş səlahiyyətlərə əsasında dövlətin adından bağlamışdır. Dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxil olmalara nəzarəti həyata keçirmək Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Dövlət Vergi Xidmətinin hüquqlarına aid edilmişdir. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Torpaq sahəsindən istifadəyə görə yaranmış icarə haqqını vaxtında ödəmək icarəçinin vəzifəsidir. Məhkəmə qətnaməsi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanındaDövlət Vergi Xidmətinin cavabdeh vergi ödəyicisinə qarşı torpaq icarə haqqının ödənilməsinə dair tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Lakin göstərilən faktla bağlı hər hansı araşdırma aparmamış, sübutlara əsaslanmadan qərar qəbul etmişdir. Halbuki Mülki-Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən, dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən, nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Dövlət Vergi Xidmətinin hüquqlarına aid edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən bu faktı nəzərə almamışdır. Məhkəmə əsassız olaraq Dövlət Vergi Xidmətinin subyektiv hüququ olmadığını qeyd etmiş, bunu onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" Mənzil- Tikinti Kooperativi arasında bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Hazırkı iddia tələbinin əsası kimi istinad edilmiş icarə müqavilələri dövlət torpaqlarının icarəyə verilməsi ilə əlaqədar olduğundan Bakı şəhər İcra Hakimiyyəti müqavilələri dövləttərəfindən ona verilmiş səlahiyyətlərə əsasında dövlətin adından bağlamışdır. İşə apellyasiya qaydasında baxılması 23.02.2022-ci il tarixə təyin edilmiş, iddiaçı məhkəmə iclasının vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də iclasda səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 10.12.2021-ci il tarixli e-2-2(113)-1962/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallara əlavə olunmuş torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında 29.04.2003-cü il tarixli 207 nömrəli sərəncama əsasən Xətai Rayon İcra Hakimiyyətinin 03.02.2003-cü il tarixli, 97 saylı və "xxxx" MMC-nin 17.04.2003- cü il tarixli 027 saylı məktubları nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyətinin 27.12.2002-ci il tarixli 710 saylı sərəncamı ilə yaşayış binalarının tikintisinə icazə verilmiş özəlləşdirilmiş torpaq sahəsinə Xətai rayonu, Ə.Quliyev küçəsindəki 1131-ci məhəllədə çoxmərtəbəli yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün əlavə 0,6 ha torapq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilmişdir. 14 may 2003-cü il tarixli 0199 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”dən məlum olur ki, icarəyəverən (Bakı şəhər İcra Hakimiyyəti) Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.04.2003-cü il tarixli 207 saylı Sərəncamına əsasən Xətai rayonu, Babək prospekti, Ə.Quliyev küçəsi, 1131-ci məhəllədə yerləşən 6000 kv m torpaq sahəsini icarə əsasında icarəçinin 49 il müddətinə istifadəsinə verir. İcarəçi isə onu qəbul edir. İcarəçi hər il 3.600.000 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Bu müqaviləyə əsasən ödənişlər hüquqi şəxsin uçotda olduğu vergi orqanının müvafiq xəzinə hesabına ödənilməlidir. Həmin müqavilə icarəyəverən və icarəçinin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və möhürlərlə təsdiq edilmişdir. 23 yanvar 2007-ci il tarixli 0750 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”dən məlum olur ki, icarəyəverən (Bakı şəhər İcra Hakimiyyəti) Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.12.2006-cı il tarixli 394 saylı, 29.04.2003-cü il tarixli 207 saylı, 08.01.2007-ci il tarixli 07/01 saylı Sərəncamlarına əsasən Xətai rayonu, Babək prospekti, Ə.Quliyev küçəsi 1131-ci məhəllədə 6378,5 kv.m ayrılmış torpaq sahəsini icarə əsasında icarəçinin 49 il müddətinə istifadəsinə verir. İcarəçi isə onu qəbul edir. İcarəçi hər il 5349,37 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Bu müqaviləyə əsasən ödənişlər hüquqi şəxsin uçotda olduğu vergi orqanının müvafiq xəzinə hesabına ödənilməlidir. Həmin müqavilə icarəyəverən və icarəçinin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və möhürlərlə təsdiq edilmişdir. Məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Dövlət Vergi Xidmətinin hüquqlarına aid edilmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2002-ci il tarixli, 828 nömrəli Fərmanında göstərilir ki, “Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Fərman 2003-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2005-ci il tarixli, 321 nömrəli Fərmanına əsasən "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir." Fərman 2006-cı il yanvarın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında" 2005-ci il 26 oktyabr tarixli, 1065 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2010-cu il tarixli, 291 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanının 13.2-ci bəndin altıncı abzası aşağıdakı redaksiyada verilmişdir: “həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir." İş materiallarına əlavə edilmiş çıxarışlardan, fotoşəkillərdən, “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının aktı”ndan görünür ki, cavabdehə icarəyə verilmiş torpaq sahələri üzərində fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələri mövcuddur. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, üzərində tikililər yerləşən dövlətə məxsus torpaqların icarəyə verilməsindən daxil olmalara nəzarət etmək hüququ Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi aid olduğundan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli Bakı Kommersiya Məhkəməsinin 10.12.2021-ci il tarixli e-2- 2(113)-1962/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 10.12.2021-ci il tarixli e-2-2(113)-1962/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar