Məhkəmə qərarları › İş №2-2(103)-238/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-238/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-238/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh “xxxxxxxx” mənzil tikinti kooperativinə qarşı «kredit məbləğinin geri qaytarılmasına dair» iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(82)-53/2019 saylı qətnaməsindən (hakim Xaliq İmanov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(82)-53/2019 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh “xxxxxxxx” mənzil tikinti kooperativinə qarşı iddiası təmin edilərək xx.xx.2015-ci il tarixli, 109/15 saylı kredit müqaviləsinə əsasən cavabdeh “xxxxxxxx” MTKdan 5300 manat məbləğində əsas borc, 412,19 manat məbləğində faiz borcu, 253,23 manat cərimə borcu, ümumilikdə 5965,42 manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutulması qət edilmişdir Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə borcun məbləğini müəyyən edərkən yalnız iddiaçının təqdim etdiyi çıxarışa əsaslanmışdır, halbuki həmin sənədə əsasən faizlərin düzgün hesablanıb-hesablanmadığını müəyyən etmək mümkün deyil. Məhkəmə borcun hesablanması üçün mühasibatlıq ekspertizası təyin etməmişdir. İddiaçı ilə bir neçə kredit müqaviləsi bağlanmış və müəyyən məbləğdə ödənişlər həyata keçirilmişdir. İddiaçı tərəfindən xx.xx.2015-ci il tarixli, 109/15 saylı kredit müqaviləsi üzrə ödənişlərə dair sənədlər təqdim edilməmişdir. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(82)-53/2019 saylı qətnaməsi cavabdehdən faiz borcu tutulması hissəndə ləğv edilməli, iddia faiz borcu tutulması hissəsində rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh “xxxxxxxx” MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 109/15 saylı kredit müqaviləsinə əsasən bu müqavilə üzrə bank borcalana 12 ay müddətinə qaytarmaq şərti ilə illik 8 faizlə 34300 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən borcalan kredit müqaviləsi üzrə faizləri hər il dekabr ayının sonuncu iş günü, əsas borcu isə müddətin sonunda ödəməlidir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün ödəniş məbləğinin 1% həcmində və vaxtı keçmiş kredit üzrə isə illik faiz dərəcəsi 16% faizi ödəməlidir. Müqaviləyə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, cavabdeh tərəfindən ödənişlər qrafik üzrə həyata keçirildiyi təqdirdə banka cəmi 1504,45 manat faiz ödənilməli idi. Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2018-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borclu “xxxxxxxx” MTK-nın xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxx 2017-ci il tarixinə 5300 manat əsas borcu, 412,19 manat faiz borcu, 253,23 manat cərimə (dəbbə) borcu, cəmi 5965,42 manat borcu vardır. Arayışda cavabdeh tərəfindən müqavilə üzrə sonuncu dəfə 29.000 ödəniş edildiyi, öhdəliyin icra müddətinin sonuna 91,24 manat faiz borcu olduğu qeyd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2-1(81)3620/2016 saylı qərarı ilə İddiaçı ASC məcburi ləğv olunmuş və X1 xx xxxx 2016-cı il tarixindən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin 10/H-6911 saylı, xx xxxxxxx 2017-ci il tarixli məktubu ilə “xxxxxxxx” MTK-ya pretenziya qaydasında xəbərdarlıq ünvanlanaraq, xx xxxxxxx 2017-ci il tarixədək hesablanmış 5300 manat əsas, 353,31 manat faiz məbləğində borcun 5 gün müddətində ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi tələb edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən cavabdehin vəsatətinə əsasən kredit borcunun hesablanması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən kredit borcunun hesablanması üçün təqdim edilməsi tələb olunan sənədlər təqdim edilmədiyi üçün ekspertiza təyin edilməsi barədə qərardad xx.xx.2019-cu il tarixli məktubla geri qaytarılmışdır. İşin mübahisəsiz halı bundan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl etmiş, cavabdeh isə öhdəliyi lazımı qaydada icra etməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin kredit borcunun məbləğini iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı əsasında müəyyən edərək iddianı MM-nin 385.1, 386.1, 739.1, 389, 390.1, 425, 44, 442-ci maddələrə istinad edərək iddianı təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməli olduğunu bildirsə də, nə iddiaçı, nə də cavabdeh tərəfindən kredit ödənişləri ilə bağlı sənədlər təqdim edilmədiyindən və iş materiallarında olan sənədlər əsasında mühasibatlıq ekspertizasının keçirilməsi mümkün olmadığından məhkəmə iş üzrə ekspertiza təyin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrıayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur ...Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli, 109/15 saylı kredit müqaviləsi üzrə iki dəfə ödəniş edilmişdir. xx.xx.2016-cı ildə ödənilmiş 2002,82 manat faiz borcu üzrə, xx.xx.2006-cı ildə ödənilmiş 29.000 manat əsas borc üzrə silinmişdir. Cavabdeh tərəfindən kredit öhdəliyi üzrə cəmi 1504,45 manat faiz borcu ödəməli olduğu nəzərə alınarsa faiz borcunun tam ödənildiyi müəyyən olunur. Birinci instansiya məhkəməsi işə baxarkən cavabdehin hansı məbləğdə faiz ödənişi etməsini araşdırmamış, nəticədə faiz borcunun tutulması hissəsində məhkəmənin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən faiz borcunun tutulması barədə iddia tələbi əsassız olduğundan qətnamə həmin hissədə ləğv edilərək faiz borcu tələbi rədd edilməlidir. Əsas və cərimə borcunun tutulması hissəsində qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(82)-53/2019 saylı qətnaməsi cavabdehdən faiz borcu tutulması hissəndə ləğv edilməli, iddia faiz borcu tutulması hissəsində rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “xxxxxxxx” mənzil tikinti kooperativinin apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(82)-53/2019 saylı qətnaməsi cavabdeh “xxxxxxxx” mənzil tikinti kooperativindən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə faiz borcu tutulması hissəndə ləğv edilsin. İddia faiz borcu tutulması hissəsində rədd edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar