Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-238/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair Açar söz: pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 4909/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2022-ci il tarixli, NDQ 011276 saylı aktdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən İddiaçı MMC-də elektrik enerjisi uçotu və “X1 Qaydaları”na riayət edilməsinın yoxlanılması məqsədilə baxış keçirmiş və baxış zamanı sayğac sxeminin tərs olması səbəbilə sayğacın dövrədən keçən yükü düzgün qeyd etmədiyi aşkar edilmişdir.
2. xx.xx.2022-ci il tarixli, NDQ 011276 saylı akt əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, abonentdən 22.856 kvt sərfiyyata görə 2514,16 manat tələb edilmişdir.
3. İddiaçı MMC-nin (**********30094 saylı) abunə haqqında məlumatından görünür ki, abonentə xx.xx.2022-ci il tarixdə “X1 Qaydaları”nın pozulmasına görə NDQ 011276 saylı akta əsasən 2.514,16 manat (22.856 Kvt x 0,11 manat) məbləğində borc hesablanmışdır. xx.xx.2022-ci il tarixə abonentin borcu yoxdur.
4. xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 505096 nömrəli elektron qaiməyə əsasən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən (ƏDV daxil) 2.514,16 manat dəyərində (22.856 Kvt aktiv enerji) göstərilmiş xidmətlərə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir.
5. İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xəbərdarlıq məktubuna əsasən müəyyən edilir ki, "xxxx" ASC-dən əsassız yazılmış borca görə ödənilmiş 2.514,16 manat pulun qaytarılması tələb edilmiş, əks halda 5 iş günü ərzində pulun qaytarılması barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən əsassız yazılmış borca görə ödənilmiş 2.514,16 manat və mediasiya xərcləri üçün ödənilmiş 60 manat, ümumilikdə 2.574,16 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında iddiaçıya məxsus Abşeron rayonu, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən müəssəsənin elektrik enerjisi ilə təmin olunmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən "xxxx" ASC Abşeron rayonu, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən müəssisəni elektrik enerjisi ilə təmin etməyi, İddiaçı MMC isə istifadə olunmuş elektrik enerjisinə görə haqq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin obyektdə 9213064M181918E sayılı elektrik sayğacı xx.xx.2021-ci il tarixdə YG 18/21E-061 "xxxx" MMC tərəfindən quraşdırılmışdır. Daha sonra Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixli YG 18/21E-061 istismara buraxılış aktı tərtib olunaraq istismara buraxılmışdır. Bundan sonra cavabdeh "xxxx" ASC tərəfindən istifadə olunmuş elektrik enerjisinə görə aylıq olaraq elektron qaimələr elektron kabinet vasitəsi ilə İddiaçı MMC-nin hesabına göndərilmişdir. Qeyd olunan qaimələr vaxtında gecikdirilmədən ödənilmişdir. Lakin aprel ayının axırı "xxxx" ASC-nin əməkdaşları tərəfindən müəssisələrinə gələrək indiyə kimi səhv əmsalla sayğac göstəricilərinin səhv hesabladığı bildirilmiş və xx.xx.2022-ci il tarixində MMC-nin adına hesabına "xxxx" ASC tərəfindən əsassız olaraq 2.514,16 manat məbləğində X1yə görə № 505096 saylı elektron qaimə göndərilmişdir. MMC müəssisədə elektrik enerjisininin və iş fəaliyyətinin davamiyyətini təmin etmək üçün qeyd olunan əsassız borcu ödəmişdir. Lakin həmin borc əsassız olaraq hesablanmışdır və "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə geri ödənilməlidir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4909/2022 saylı qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia tələbi təmin edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh "xxxx" ASC mübahisəli borc məbləğinin hesablanmasına əsas kimi İddiaçı MMC-nin elektrik enerjisi sayğacının texniki nasazlıq – sayğacın sxeminin tərs olması səbəbi ilə sayğacın dövrədən keçən yükü düzgün qeydə almaması, bunun nəticəsində "xxxx" ASC-yə ziyan vurulması ilə əsaslandırsa da, mübahisəli sayğacın elektrik enerjisi sərfiyyatını düzgün qeydə almaması, eləcə də düzgün qeydə almadığı halda elektrik enerjisi itkilərinin nə qədər təşkil etməsi ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
10. Məhkəməyə təqdim edilmiş NDQ 011276 saylı akta münasibətdə isə məhkəmə qeyd etmişdir ki, həmin akt cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edildiyindən aktlar sayğacda göstərilən qüsurun həqiqətdə mövcud olması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyil.
11. Ehtimal edilən pozuntu nəticəsində yaranmış elektrik enerjisi itkilərinin məbləğinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən dəfələrlə təklif edilməsinə baxmayaraq cavabdeh tərəfindən itkilərin hesablaması qaydasına dair izahat verilməmiş, eləcə də hesablamada istifadə olunan göstəricilərin düzgünlüyü sübuta yetirilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdeh Azərişıq” ASC tərəfindən İddiaçı MMC-yə akta əsasən hesablanmış 2.514,16 manat məbləğində borcun əsaslı olması iş materialları ilə öz təsdiqini tapmamışdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4909/2022 saylı qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, NDQ 011276 saylı aktdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən İddiaçı MMC-də elektrik enerjisi uçotuna “X1 Qaydaları”na riayət edilməsinın yoxlanılması məqsədilə baxış keçirmiş və baxış zamanı sayğac sxeminin tərs olması səbəbilə sayğacın dövrədən keçən yükü düzgün qeyd etmədiyi aşkar edilmişdir. Həmin Akt əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, abonentə 22.856 kvt sərfiyyata görə 2514,16 manat tələb edilməsi qərara alınmışdır. Hazırda həmin məbləğin silinməsi üçün əsaslar yoxdur. Belə ki, hesablanan məbləğ cərimə deyil, iddiaçının ay üzrə istifadə etdiyi enerji sərfiyyatıdır. Qətnamənin 3-cü səhifəsinin 3-cü abzasında məhkəmə qeyd etmişdir ki, cavabdeh "xxxx" ASC mübahisəli borc məbləğinin hesablanmasına əsas kimi İddiaçı MMC-nin elektrik enerjisi sayğacının texniki nasazlıq – sayğacın sxeminin tərs olması səbəbi ilə sayğacın dövrədən keçən yükü düzgün qeydə almaması, bunun nəticəsində "xxxx" ASC-yə ziyan vurulması ilə əsaslandırsa da, mübahisəli sayğacın elektrik enerjisi sərfiyyatını düzgün qeydə almaması, eləcə də düzgün qeydə almadığı halda elektrik enerjisi itkilərinin nə qədər təşkil etməsi ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. "xxxx" ASC mübahisəli borc məbləğinin hesablanmasını əks etdirən sənəd xx.xx.2022-ci il tarixli icra vərəqi məhkəməyə təqdim edilmişdir. Həmin sənəddə hesablama üsulu öz əksini tapmışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
15. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
17. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 18.Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4909/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, mübahisəli borc məbləğinin hesablanmasını əks etdirən sənəd xx.xx.2022-ci il tarixli icra vərəqi məhkəməyə təqdim edilmiş, sənəddə hesablama üsulu öz əksini tapmışdır.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçıya borcun hesablanmasına əsas olmuş xx.xx.2022-ci il tarixli, NDQ 011276 saylı aktın qanuni və əsaslı olduğu cavabdeh tərəfindən mötəbər sübutlarla təsdiq edilmədiyindən ödənilmiş borcun geri qaytarılması barədə tələb qanuni və əsaslıdır.
22. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.
23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 4909/2022 2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4909/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.