Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-238/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X8” Bank Olmayan Kredit X6 Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-4377/2023 saylı qətnaməsindən cavabdeh “X8” BOKT QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Azərbaycan Hökümətinin və X3 üzrə Beynəlxalq Fondun (İFAD) razılığı əsasında “X7 İnkişafı” layihəsinin Revolver Fondunda cəmləşən vəsait hesabına ailə fermer təsərrüfatlarına sub-kreditlərin verilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə “X8” BOKT QSC arasında xx.xx.2015-ci il tariхli əlavə kredit müqaviləsi bağlanmışdır.
2. Müqavilənin 1.01-ci bəndinə əsasən konteksin tələb etiyi başqa halları çıxmaqla, bu müqavilədə istifadə edilən terminlər aşağıdakı müvafiq mənaları bildirəcəkdir: h) Benefisiar-BOKT-dan subkrediti alan AFT-dir. j) Kredit - bu müqavilə ilə müəyyənləşdirilmiş məqsəd və şərtlərlə BOKT-a veriləcək vəsaitləri bildirir. k) Subkredit - bu müqavilə ilə müəyyənləşdirilmiş məqsəd və şərtlərlə BOKT-un benefisiarlara verdiyi girovsuz kreditlər nəzərdə tutulur.
3. Müqavilənin 2.01-ci bəndinə əsasən KTKDA layihə ərazisində südlük ətlik heyvandarlığın inkişaf etdirilməsi üçün müqaviləyə uyğun olaraq təqdim olunan sifarişlər əsasında BOKT-u kredit xətti şəklində tranşlarla vəsaitlə təmin edəcəkdir. BOKT öz növbəsində bu müqavilənin şərtlərinə müvafiq qaydada AFT-lərə kredit xətti açaraq vəsaiti tranşlarla ayıracaq.
4. Müqavilənin 2.01-ci bəndinin İİİ alt bəndinə əsasən faiz dərəcəsi - BOKT tərəfindən Dövlət Büdcəsinə ödəniləcək faiz dərəcəsi illik 2 faiz, BOKT-un AFT-lərə verilən subkreditlərə tətbiq etdiyi faiz dərəcəsi xidmət və komissiya daxil omlaqla 10 faizdən çox olmayacaqdır. Dövlət Büdcəsinə ödəniləcək faiz dərəcəsi müvafiq razılaşmalar əsasında KTKDA tərəfindən azaldıla bilər.
5. Müqavilənin 2.01-ci bəndinin İV alt bəndinə əsasən faizlərin hesablanması - vəsait BOKT-un hesabına daxil olduqdan sonra növbəti bank günündən başlayaraq hesablanacaqdır.
6. Müqavilənin 2.01-ci bəndinin V alt bəndinə əsasən geri ödəmə - BOKT benefisiar tərəfindən ödənilən faiz məbləğlərini rübdə bir dəfə dövlət nüdcəsinə, əsas borc üzrə olan ödənişləri isə növbəti ayın ilk 5 iş günü ərzində KTKDA tərəfindən açılan “Revolver Fond” hesabına köçürməlidir.
7. Müqavilənin 2.02-ci bəndinə əsasən BOKT aldığı borc vəsaitini əks etdirmək üçün özünün balans hesabında ayrıca passiv hesab açmalıdır.
8. Müqavilənin 2.03-cü bəndinə əsasən BOKT tərəfindən Ağcabədi, Bərdə və İmişli rayonlarında fəaliyyət göstərən benefisiarlara kreditlər bu müqavilənin və KTKDA, Aqrolizinq və BOKT arasında bağlanılmış 3 tərəfli memorandumun şərtlərinə uyğun veriləcəkdir.
9. Müqavilənin 2.04-cü bəndinə əsasən BOKT hər bir subborcalan AFT-nin uçotunu aparmalı və müvafiq məlumatları KTKDA-y təqdim etməlidir.
10. Müqavilənin 4.01-ci bəndinə əsasən BOKT faiz məbləğlərini əsas borcun geri qaytarılma müddətinin sonuna kimi ödəməlidir.
11. Müqavilənin 5.01-ci bəndinə əsasən BOKT qarşı tərəfin yazılı qaydada razılığı olmadan bu Müqavilə ilə bağlı hər hansı bir hüququ və öhdəliyi başqasına tapşıra bilməz.
12. Müqavilənin 6.01-ci bəndinə əsasən BOKT kreditin verilməsi ilə bağlı yekun qərarın qəbul edilməsi hüququna malikdir. BOKT öz prosedurlarına və kredit təşkilatı standartlarına uyğun olaraq subkredit üçün müraciətləri nəzərdən keçirərək qiymətləndirməli və əməliyyat təlimatları əsasında subkreditlərin verilməsini təmin etməlidir. Kredit üçün müraciətlər kreditin təyinatı baxımından sadələşdirilməli və subkreditlərin ödəniş qrafikləri tərtib edilərkən benefisirların gəlir əldə etdiyi mövsümün nəzərə alınmasına səy göstərməlidir. BOKT tərəfindən veriləcək kreditlər müvafiq maliyyə və kredit təşkilatı standartları əsasında veriləcəkdir.
13. Müqavilənin 6.06-cı bəndinə əsasən BOKT subkreditlərin təyinatı üzrə istifadəsinə, son məhsulun satılmasına və onun dəyəri hesabına BOKT-a və Aqrolizinqə borcun ödənilməsinə öz səlahiyyətləri daxilində nəzarət etməlidir.
14. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd təsərrüfatı Layihələri və Kreditlərin idarə edilməsi üzrə Dövlət Xidməti ilə “X8” BOKT QSC arasında “X7 İnkişafı Layihəsi”nin kənd yerlərində maliyyə xidmətlərinin göstərilməsi komponentinin icrası üzrə 08 iyul 2015-ci il tarixdə bağlanan əlavə kredit müqaviləsinə xx.xx.2016-cı il tarixində edilən dəyişikliklərə əsasən əlavə kredit müqaviləsinin 2-ci maddəsinin 2.01-ci Vİ bəndi üzrə: Subkreditlərin müddəti və məbləği: BOKT tərəfindən bu müqaviləyə uyğun olaraq hədəf benefisiarlara sub-kreditlər girovsuz, 4 ilədək, güzəşt müddəti 18 ayadək (kreditin müddəti 4 ilədək olduqda güzəşt müddəti maksimum 18 ayadək, kreditin müddəti 3 ilədək olduqda güzəşt müddəti maksimum 12 ayadək, kreditin müddəti 2 ilədək olduqda isə güzəşt müddəti maksimum 6 ayadək), məbləği isə 40.000 manatadək olacaqdır. Əlavə kredit müqaviləsinin X maddəsinin 10.01-ci bəndi yeni redaksiyada: Bənd 10.01. bu müqavilə 5 il müddətinə bağlanılır və tərəflərin imzaladığı gündən qüvvəyə minir.
Birinci instansiya məhkəməsindəki icraat
15. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh “X8” BOKT QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 may 2023-cü il tarixə 08 iyul 2015-ci il tarixli müqavilə üzrə yaranmış 530000 manat əsas məbləğ üzrə borcun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manatın, hüquqi yardımla bağlı ödənilmiş 500 manatın, cəmi 530900 manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı bildirir ki, cavabdeh 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş və nəticədə maliyyə arayışının tərtib edildiyi 31 may 2023-cü il tarixə 08 iyul 2015-ci il tarixli müqavilə üzrə 530000 manat əsas məbləğ üzrə borc yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
17. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, maliyyə arayışlarının tərtib edildiyi 07 oktyabr 2023-cü il tarixə 08 iyul 2015-ci il tarixli müqavilə üzrə yaranmış 518000 manat əsas məbləğ üzrə borcun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manatın, hüquqi yardımla bağlı ödənilmiş 500 manatın, cəmi 518900 manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, pullar benefisiarlara daxil olan vəsaitlər hesabına qaytarılmalıdır. Cavabdeh bu borc üzrə məsuliyyət daşımır. Həmin məbləğ cavabdehə borc olaraq verilməmişdir.
19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-4377/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
20. Cavabdeh “X8 BOKT” QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, "xxxx" ASC və “X8” BOKT QSC arasında “X7 İnkişafı” layihəsinin RevolverFondunda cəmləşən vəsait hesabına kreditləşdirilən benefisiarlar tərəfindən "xxxx"ASC-dən lizinq yolu ilə cins qaramalın alınmasına dair 16 iyun 2015-ci il tarixli anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum çərçivəsində “X10 Təsərrüfatının yaradılması və inkişafı üçün” 2015-ci il tarixdə Agentlik tərəfindən “X8” BOKT QSC-yə bu layihə üçün seçilmiş Bərdə və İmişli rayonlarında yaşayan 27 müştəriyə subkreditlərin verilməsi məqsədilə 655231,0 manat vəsait ayrılmışdır. BOKT-a ayrılmış vəsaitlər təyinatı üzrə ”Aqrolizinq” ASC-dən iri buynuzlu cins heyvanların alınması üçün ilkin ödənişə, onların saxlanması üçün xüsusi tövlələrin tikintisinə, cari mövsüm üçün həmin fermerlərin istifadəsində olan torpaq sahələrinin əkilməsinə, portatif sağım, yem, yem doğrayan və qarışdıran aparatların alınmasına, həmçinin alınmış heyvanların sığortalanmasına yönəldilmişdir. Kredit müqavilələri bağlandığı ilk vaxtlarda borclular müqavilə öhdəliklərini qismən icra etsələr də, sonradan onlar bu öhdəliklərini yerinə yetirmək iqtidarında olmamışlar. Kreditlərin qaytarılması üçün “X8” BOKT QSC-nin əməkdaşları dəfələrlə müştərilərin yaşadığı ünvanlarda yaranmış problemlərin həlli istiqamətində mümkün tədbirlərin görülməsi üçün fərdi görüşlər aparmaqla monitorinqlər keçirmişlər. Bu zaman benefisiarlar (fermerlər) tərəfindən yerli şəraitə uyğun olmaması səbəbdən tam tələf olunmasının qarşısını almaq üçün ətlik-südlük heyvanların kütləvi şəkildə satılması faktı müəyyən edilmiş, satışdan əldə edilmiş vəsaitin müəyyən hissəsi kredit borclarının ödənişinə yönəldilmişdir. Borclularla kredit borclarının qalan hissəsinin qaytarılması üçün görülmüş tədbirlər çərçivəsində danışıqlar aparılmış və onlara bildirişlər göndərilmiş, lakin borclular pilot layihəsini təşkil etmiş müvafiq orqanların yarımaz fəaliyyəti, əməkdaşlarının iş bilməməsi səbəbindən özlərini aldanmış hesab edərək pilot layihənin uğursuz olması səbəbi ilə, həm də maddi imkansızlıqlarını əsas gətirərək kredit borclarının qaytarılmasına imkanlarının olmadıqlarını bildirmişlər. “X8” BOKT QSC verilmiş kreditlərin qaytarılması üçün həm İmişli və Bərdə Rayon Məhkəmələrində borclulara qarşı borcun tutulmasına dair iddialar qaldırmış və 27 iş üzrə qətnamə qəbul edilmişdir. Həmin qətnamələr üzrə 3 nəfərin borcu tam ödənilmişdir. Verilmiş vəsaitin bir hissəsi üç tərəfli anlaşmaya əsasən "xxxx" ASC-dən lizinq yolu ilə portatif sağım, yem doğrayan və qarışdıran aparatların alınmasına yönəldilmişdir. Sığorta üçün ayrılan vəsait "xxxx" ASC-yə tərəflər arasında bağlanmış üç tərəfli müqavilə əsasında ödənilmişdir. Sözügedən müqavilədə iddiaçı tərəf üç tərəfli anlaşmaya əsasən həmin vəsaitin "xxxx" ASC-yə verilməsini həyata keçirən tərəfdir. Belə olduğu halda iddiaçı tərəfindən cavabdeh şəxs qismində "xxxx" ASC də məhkəmə prosesinə cəlb edilməli olduğu halda, iddiaçı bunu etməmiş və cavabdehliyi yalnız “X8” BOKT QSC üzərinə qoymuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli Əlavə kredit müqaviləsinin 2.01-ci bəndinin “v” yarımbəndində göstərilən “BOKT benefisiarlar tərəfindən ödənilən faiz məbləğlərini rübdə bir dəfə dövlət büdcəsinə, əsas borc üzrə ödənişləri isə növbəti ayın ilk 5 iş günü ərzində KTKDA tərəfindən açılan “Revolver Fond” hesabına köçürməlidir”’ ifadəsi BOKT-a benefisiarlar tərəfindən ödənilən vəsaitlərin hansı müddətdə və hansı formada KTKDA-yə ödənilməsi ilə bağlı BOKT-un öhdəliklərinə dair məsələləri tənzimləyir və benefisiarlar tərəfindən ödəniş olmadığı halda BOKT-un məsuliyyətdən azad olunmasını müəyyən etməmişdir. Həmçinin müqavilədə benefisiarlar tərəfindən öhdəliklər icra olunmadığı halda BOKT-un öhdəlikdən azad olunmasına dair hər hansı müddəa da mövcud deyildir. Eyni zamanda müqavilənin kredit müqaviləsi olması, o cümlədən ödənişlərin, faizlərin və müddətin müqavilədə əks olunmasına əsasən, habelə qanunvericiliklə də kredit münasibətlərinin mahiyyətinə görə BOKT-lar ödənişlərlə bağlı birbaşa məsuliyyət daşıyırlar.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 25.Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Həmin Məcəllənin 739.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
29. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir və hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcüddur.
30. Çünki işin mübahisəsiz hallarına görə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə “X7 İnkişafı” layihəsi fondunda cəmləşən vəsait hesabına ailə fermer təsərrüfatlarına sub-kreditlərin verilməsi məqsədi ilə 655231 manat vəsait ayrılmış, həmin vəsait hesabına cavabdeh tərəfindən ailə fermer təsərrüfatlarına subkreditlər verilmiş, bu vəsaitin 137231 manatı qaytarılmış və 518000 manat qalıq borc qalmışdır.
31. Cavabdeh borcun məbləğini mübahisələndirmir, iddiaya etirazının və apellyasiya şikayətinin dəlilləri isə ondan ibarətdir ki, bu vəsait “X7 İnkişafı” layihəsi üzrə ailə fermer təsərrüfatlarına təminatsız olaraq verildiyindən və iddiaçının tələb etdiyi vəsait fermer təsərrüfatları tərəfindən cavabdehə qaytarılmadığından cavabdehin hazırda bu vəsaiti iddiaçıya ödəmək öhdəliyi yaranmadığı üçün iddia rədd edilməlidir.
32. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə kredit müqaviləsidir. Bu müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə istifadə məqsədi kredit verən tərəfindən müəyyən edilməklə və müəyyən müddətdən sonra qaytarılması şərti ilə faizlə pul vəsaiti verilmiş, cavabdeh həmin vəsait hesabına subkreditlər verərək gəlir əldə etmişdir. Müqavilənin 10.1-ci bəndində müqavilənin müddəti 5 il müəyyən edilmiş və 4.0.1-ci bənddə qeyd edilmişdir ki, BOKT faiz məbləğlərini əsas borcun geri qaytarılma müddətinin sonuna kimi ödəməlidir. Müqavilədə cavabdehin əsas kredit borcunu hansı tarixdə qaytarmalı olduğu konkret qeyd edilməsə də, müqavilənin şərtləri bir-biri ilə əlaqəli şəkildə təfsir edilərək müqavilə müddətinin 5 il müəyyən edildiyi, müqavilənin 4.0.1-ci bəndində “əsas borcun geri qaytarılma müddətinin sonu”na kimi faizlərin ödənilməli olduğunun nəzərə alındığı halda müəyyən olunur ki, verilmiş əsas kredit vəsaitinin qaytarılması cavabdeh tərəfindən müqavilə müddətinin sonunda icra edilməli idi. Eyni zamanda, müqavilədə əsas borcun subkreditlər qaytarıldıqdan sonra iddiaçıya qaytarılmalı olduğuna dair şərt nəzərdə tutulmamışdır.
33. Həmçinin işə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə tərəflər arasında xx.xx.2021-ci il tarixdə imzalanmış “Anlaşma memorandum”u təqdim edilmiş, həmin memorandumda da cavabdehi kreditin qaytarılması ilə bağlı öhdəliyin icrasından azad edəcək hər hansı şərt nəzərdə tutulmamışdır.
34. Eyni zamanda, kollegiya qeyd edir ki, müqavilədə bu vəsait hesabına subkreditlər verilməli olan şəxslərin dairəsinin əvvəlcədən müəyyən edilməsi (ailə fermer təsərrüfatları) və subkreditlərin təminatsız verilməsi də cavabdehi öhdəliyin icrasından azad etmir. Çünki cavabdeh iddiaçı ilə müqavilə bağlayarkən müqavilə müddətinin sonunadək sub-kreditlərin qaytarılmama riski olduğunu əvvəlcədən gördüyü və ya görməli olduğu halda müqaviləyə qaytarılmamış sub-kreditlərə görə onu məsuliyyətdən azad edən şərtin əlavə edilməsini tələb etməmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsində isə təsbit edilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Ona görə də, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra edərək qalıq kredit vəsaitini iddiaçıya qaytarmağa borcludur.
36. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
37. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı və məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir.
38. Birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra cavabdeh tərəfindən müəyyən ödənişin edilməsinə dair isə kollegiya qeyd edir ki, həmin ödəniş qətnamənin icrası mərhələsində nəzərə alınmalıdır.
39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “X8” BOKT QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-4377/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh “X8” BOKT QSC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Vahid Sadıqov