Məhkəmə qərarları › İş №2-2(103)-239/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-239/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-239/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2879/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29.11.2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.08.2018-ci il tarixli 005L**********53 saylı uzunmüddətli kredit müqaviləsi, 17.08.2018-ci il tarixli 005R********** saylı krеdit razılaşması və 30.08.2019-cu il tarixli 005R**********S saylı sazişə xitam verilməsi, Cavabdeh3 MMC-dən və Cavabdeh1 müştərək qaydada "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 34336,36 manat məbləğində krеdit bоrcu, 6371,66 manat məbləğində faiz borcu və 10826,93 manat məbləğində cərimə borcu olmaqla, cəmi 51534 (əlli bir min beş yüz otuz dörd) manat 95 (doxsan beş) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsində yerləşən 97 saylı evin 7 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və 51.534 (əlli bir min beş yüz otuz dörd) manat 95 (doxsan beş) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3 MMC-dən və Cavabdeh1 iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə müştərək qaydada tutulması, Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsində yerləşən 97 saylı evin 7 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin əmlakdan çıxarılmaları, həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.11.2021-ci il tarixli e-2-2(113)-2879/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı QSC ilə Cavabdeh3 MMC arasında bağlanmış 16.08.2018-ci il tarixli 005L**********53 saylı uzunmüddətli kredit müqaviləsi, 11.08.2018-ci il tarixli 005R********** saylı krеdit razılaşması və 30.08.2019-cu il tarixli 005R**********S saylı sazişin ləğv edilməsi, əsas borc üzrə 34336,36 manat, 6371,66 manat faiz bоrcu və 1700 manat cərimə borcu olmaqla, cəmi 42408 (qırx iki min dörd yüz səkkiz) manat 02 (iki) qəpik məbləğində pulun müştərək qaydada Cavabdeh3 MMC-dən və Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat və 21 manat xidmət haqqının müştərək qaydada Cavabdeh3 MMC-dən və Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsində yerləşən 97 saylı evin 7 saylı mənzilinə yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsində yerləşən 97 saylı evin 7 saylı mənzilin hərracdan ilkin satış qiyməti 105.000 (yüz beş min) manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin əsas borc üzrə 34336,36 manat, 6371,66 manat faiz bоrcu və 1700 manat cərimə borcu olmaqla, cəmi 42408 (qırx iki min dörd yüz səkkiz) manat 02 (iki) qəpik məbləğində borcun ödənilməsinə yönəldilməsi, Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsində yerləşən 97 saylı evin 7 saylı mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaqla boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi, iddia tələbi üzrə cərimə məbləğinin tam ləğv edilməsi, ipoteka predmeti olan mənzilin obyektiv-real ilkin satış qiymətinin müəyyən edilməsi və tutma yönəldilmiş ipoteka predmetinin yeganə yaşayış yeri olduğuna görə tutma yönəldilməsinin 1 il müddətinə təxirə salınması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini araşdıran zaman kredit müqaviləsinə əsasən hesablanmış cərimə borcunu azaltmasına baxmayaraq yenə də yüksək müəyyən edilmişdir. Bundan başqa, o, ipoteka predmetinin ilkin satış qiymətinə etiraz etməyinə baxmayaraq ilkin satış qiyməti 105.000 manat məbləğində müəyyən edilmişdir. Halbuki maddi və prosessual hüquq normalarının tələblərinə görə tutma yönəldilən ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirildiyi halda məhkəmə ekspertizasının təyin edilməsi və keçirilməsi labüddür. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız dəbbə pulunun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi və onun ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" QSC ilə Cavabdeh3 MMC arasında 16.08.2018-ci il tarixli 005L**********53 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən borcalana 120 ay müddətinə 800.000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Tərəflər arasında 16.08.2018-ci il tarixli 005R********** saylı krеdit razılaşması imzalanmış və Cavabdeh3 MMC-yə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində krеdit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi "xxxx" QSC ilə Cavabdeh1 arasında 16.08.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh1 borclu Cavabdeh3 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. Həmçinin kredit müqaviləsinin təminatı kimi "xxxx" QSC ilə Cavabdeh1 arasında 16.08.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsində yerləşən 97 saylı evin 7 saylı mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. "xxxx" QSC ilə Cavabdeh3 MMC arasında bağlanmış 30.08.2019-cu il tarixli 005R**********S saylı sazişlə krеdit razılaşmasına və ödəniş planına dəyişiklik edilərək, sonuncu ödəniş tarixi 17 yanvar 2022-ci il tarixi müəyyən edilmişdir. İddiaçı bildirir ki, Cavabdeh3 MMC müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 34336,36 manat, faiz borcu 6371,66 manat, cərimə ******* manat, cəmi borcu isə 51534,95 manat təşkil edir. Cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 10826,93 manat dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, əsas borcun 5 faizini təşkil edən 1700 manat məbləğində müəyyənləşdirmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59.3-cü maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi və həmin əmlakın boşaldılmasını tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə də düzgün nəticəyə gəlmişdir. Həmçinin kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən ipoteka premetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 105.000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirdiyi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və "xxxx" MMC tərəfindən 21.10.2021-ci il tarixli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Bakı şəhəri Nəsimi rayonu Rəsul Rza küçəsində yerləşən 97 saylı evin 7 saylı, ümumi sahəsi 71,9 kv.m təşkil edən mənzilin bazar dəyəri 125.000 manat, likvid dəyəri isə 105.000 manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ipoteka predmetinin ilkin satış qiymətini 105.000 manat məbləğində müəyyən etmişdir. Apellyasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsində cərimənin tamamilə silinməsi deyil, azaldılmasının mümkünlüyü nəzərdə tutulmuşdur. İpoteka predmetinin ilkin satış qiyməti isə ekspert (qiymətləndirmə) rəyinə əsasən müəyyən edilmişdir. Tutmanın ipoteka predmetinə yönəldilməsinin 1 il müddətinə təxirə salınması ilə bağlı qeyd olunur ki, birinci instansiya məhkəməsində cavabdeh bu barədə vəsatət verməmiş və ümumiyyətlə bu məsələ müzakirə predmeti olmamışdır. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində isə təsbit edilmişdir ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh həmin prosessual qaydaya riayət etməmişdir. Ona görə də, hazırda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinin tətbiqi ilə bağlı məsələ müzakirə predmeti ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2879/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 29.11.2021-ci il tarixli qətnaməsi dəbbə pulunun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi və onun ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar