Məhkəmə qərarları › İş №2-2(103)-24/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-24/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-24/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair kommersiya işi Açar söz: kredit borcunun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(113)-185/2022 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh3 (ipoteka qoyan) tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. 12 iyun 2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh1 MMC-yə İddiaçı ASC tərəfindən xx.xx.2020-ci il tarixinədək illik faiz dərəcəsi 16% (illik cərimə faizi 31%, gündəlik 0.086111%) olmaqla, 100.000 manat məbləğində kredit vermişdir.

2. 12 iyun 2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh1 MMC-yə İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixinədək illik faiz dərəcəsi 17% (illik cərimə faizi 15%, gündəlik 0.0416%) olmaqla, 125.000 manat məbləğində birdəfəlik krеdit verilmişdir.

3. 12 iyun 2018-ci il tarixli İ2357 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2018-ci il tarixli, GL2606 saylı kredit limiti müqaviləsi üzrə borcalanın bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyan Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evi və mülkiyyət hüquqları Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 21 iyun 2018-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ipoteka saxlayan İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri 270.000 manat göstərilmişdir.

4. xx.xx.2019- cu il tarixli İ2357 saylı ipoteka müqaviləsinə 01 nömrəli əlavədən görünür ki, xx.xx.2018-ci il tarixli, GL2606 nömrəli kredit limiti müqaviləsindən və ona edilmiş xx.xx.2019-cu il tarixli 01 nömrəli əlavədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evi və mülkiyyət hüquqları Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 01 avqust 2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ipoteka saxlayan İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 5.12 iyun 2018-ci il tarixli Z2615 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi üzrə zamin Cavabdeh2 borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

6. 25 iyun 2019-ci il tarixli Z2615 nömrəli zaminlik müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi və ona əlavə edilmiş xx.xx.2019-cu il tarixli 01 saylı əlavə üzrə zamin Cavabdeh2 borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6657 nömrəli 04 oktyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 12 iyun 2018-ci il tarixli K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə maliyyə arayışında borcun hesablandığı xx.xx.2021-ci il tarixə əsas borc 9492,45 manat, faiz borcu isə 387,15 manat, xx.xx.2020-ci il tarixli K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə maliyyə arayışnda borcun hesablandığı xx.xx.2021-ci il tarixə İddiaçı ASC-yə əsas borc 120138,70 manat, faiz borcu isə 15828,45 manat təşkil edir. 8."xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə 9/21 nömrəli 16 noyabr 2021-ci il tarixli hesabatından görünür ki, Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinin bazar dəyəri 292000 manat, likvid dəyəri 248000 manat təşkil edir. 9.Cavabdeh1 MMC-nin xx.xx.2018-ci il tarixli xx.xx.2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi və ona əlavə edilmiş xx.xx.2019-cu il tarixli 01 saylı əlavə üzrə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə olan borcu barədə maliyyə arayışından görünür ki, K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 9492,45 manat, faiz borcu isə 387,15 manat, K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 120138,70 manat, faiz borcu isə 28025,84 manat təşkil edir. 10.İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli ********* nömrəli, ********** qeydiyyat kodlu Azərbaycan Respublikası Mərkəzi Bankının–X3 ödənilmiş mədaxil qəbzindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat məbləğində xidmət haqqı ödənilmişdir.

11. 30 iyun 2021-ci il tarixli **********31 nömrəli DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ASC-yə göndərdiyi məktubdan göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı ASC iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə 9492,45 manat əsas borc, 387,15 manat faiz borcu, 3284,24 manat cərimə borcu olmaqla, cəmi 13163,84 manat məbləğində borcun K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə 120138,70 manat əsas borc, 28025,84 manat faiz borcu, 7554,99 manat cərimə borcu olmaqla, cəmi 155719,53 manat, K2607 saylı və K4058 saylı maliyyələşdirmə üçün ərizələr üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinin hərracdan ilkin satış qiyməti 248000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlər "xxxx" MMC və Cavabdeh2 İddiaçı ASC-yə olan K2607 saylı və K4058 saylı maliyyələşdirmə üçün ərizələr üzrə borclarının ödənilməsinə yönəldilməsi, əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti K2607 saylı və K4058 saylı maliyyələşdirmə üçün ərizələr üzrə İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 149 manat məbləğində dövlət rüsumunun cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli PB/GTC-073/2015 saylı bank xidmətlərinin göstərilməsinə dair “X5” müqaviləsi bağlanmış, sonradan tərəflər arasında xx.xx.2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi və ona xx.xx.2019-cu il tarixli 01 nömrəli əlavə imzalanmışdır. Daha sonra GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində tərəflər arasında xx.xx.2018-ci il tarixli K2607 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və bank tərəfindən Borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə xx.xx.2020-ci il tarixinədək illik faiz dərəcəsi 16% (illik cərimə faizi 31%, gündəlik 0.086111%) olmaqla, 100.000 manat məbləğində tranşlarla krеdit verilmişdir. Bununla yanaşı GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində tərəflər arasında xx.xx.2020-ci il tarixli K4058 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və bank tərəfindən borcalana K3313 saylı və K3809 saylı öhdəliklərin bağlanması məqsədilə xx.xx.2022-ci il tarixinədək illik faiz dərəcəsi 17% (illik cərimə faizi 15%, gündəlik 0.0416%) olmaqla, 125.000 (yüz iyirmi beş min) manat məbləğində birdəfəlik krеdit verilmişdir. xx.xx.2018-ci il tarixli, GL2606 saylı kredit limiti müqaviləsi üzrə borcalanın Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə: - Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evi İddiaçı ASCnin xeyrinə 12 iyun 2018-ci il tarixli İ2357 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2018-ci il tarixli RX1312702 saylı dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, GL2606 nömrəli kredit limiti müqaviləsindən və ona edilmiş xx.xx.2019-cu il tarixli 01 nömrəli əlavədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İ2357 saylı ipoteka müqaviləsinə 01 nömrəli xx.xx.2019- cu il tarixli əlavə imzalanmış, ipoteka müqaviləsinə edilmiş xx.xx.2019-cu il tarixli 01 nömrəli əlavə dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa xx.xx.2018-ci il tarixli, GL2606 nömrəli kredit limiti müqaviləsi üzrə borcalanın bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli, Z2615 saylı zaminlik müqaviləsi və zaminlik müqaviləsinə xx.xx.2019-cu il tarixli 01 nömrəli əlavə bağlanmışdır. Lakin müştəri K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə 259 gün, K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 252 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyan Cavabdeh3 ipoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanların Banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-185/2022 saylı qətnaməsi ilə (hakim Emin Əliyev) iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 12 iyun 2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borc 9492,45 manat, faiz borcu 387,15 manat və cərimə 120,40 manat cəmi 10000 manat, K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə əsas borc 120138,70 manat, faiz borcu 28025,84 manat və cərimə 335,46 manat, cəmi 148500 manat ümumilikdə 158500 manat məbləğində borc, həmçinin dövlət rüsumu kimi ödənilmiş 139,83 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı ASCyə ödənilməsi, tutma Cavabdeh3 məxsus ilkin satış qiyməti 270000 manat məbləğində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin K2607 saylı və K4058 saylı maliyyələşdirmə üçün ərizələr üzrə borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 birgə qaydada tutulması, nühasibatlıq ekspertizası ilə bağlı olan 200 manat məbləğində xərcin 12,30 manatının "xxxx" ASC-dən, 187,70 manatının isə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə, əmtəəşünaslıq ekspertizası ilə bağlı olan 250 manat məbləğində xərcin 15,37 manatının "xxxx" ASC-dən, 234,63 manatının isə Cavabdeh1 MMC və Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

15. Məhkəmə işdəki sübutlara əsasən tərəflər arasında kredit müqaviləsi bağlandığını, məhkəmə mühasibatləq ekspertizasının rəyinə əsasən borclunun K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcunun 9492,45 manat, faiz borcunun 387,15 manat, K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə əsas borcunun 120138,70 manat, faiz borcunun 28025,84 manat olduğunu müəyyən edərək həmin məbləğdə kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddiaçının tələbini təmin etmişdir.

16. Məhkəmə iddianın cərimə tələbi hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə MPM-nin 467-ci maddəsinə əsasən azaldılaraq K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə 120,40 manat, K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 335,46 manat məbləğində müəyyən olunmalıdır. 17.Məhkəmə tərəfindən təyin edilən məhkəmə-əmtəəşünaslıq rəyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinin likvid qiymətinin 248000 manat, bazar dəyəri isə 292000 manat məbləğində müəyyən edildiyini, Cavabdeh3 nümayəndəsi Vəkil1 müstəqil əmtəəşünaslıq rəyinə əsasən ipoteka predmetinin bazar dəyərinin 620.000 manat məbləğində müəyyən edildiyini bildirdiyini nəzərə alaraq hesab etmişdir ki, gələcəkdə tərəflərin ipoteka predmetinin likvid qiyməti ilə bağlı mübahisənin qarşısının alınması məqsədi ilə ipoteka predmetinin likvid satış qiyməti tərəflərin ipoteka müqaviləsində razılaşdığı kimi 270000 manat məbləğində müəyyən edilməlidir.

18. Məhkəmə xərcləri təmin edilmiş tələbə mütənasib olaraq bölüşdürülmüşdür.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

19.Qətnamədən iddiaçı və Cavabdeh3 (ipoteka qoyan) apellyasiya şikayəti vermişdir. 20.İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-185/2022 saylı qətnaməsinin cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, sonradan ərizə ilə tələbini dəqiqləşdirərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 185/2022 saylı qətnaməsinin ipoteka predmetinin likvid dəyəri müəyyən edilən hissədə ləğv edilərək iş üzrə iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin 6cı bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, kreditdən müqavilə ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə və ya kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı bankın əsaslı ehtimalları yarandıqda bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrasının gecikdirilməsi müddətlərini nəzərə almamışdır.

23. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti olaraq tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndində göstərilmiş qiyməti əsas götürmüşdür. Halbuki müqavilənin həmin bəndindən aydın olur ki, göstərilən qiymət (270.000 manat) predmetin qiymətidir və buradan aydın olmur ki, bu qiymət predmetin bazar dəyəridir, yaxud likvid dəyəridir. Müqavilədə buna aydınlıq gətirilməmişdir. Belə olan halda məhkəmə tərəfindən həmin dəyərin məhz ilkin satış qiyməti kimi qəbul edilməsi anlaşılmazdır və bu cür yanaşma qanunsuz qətnamənin çıxarılması ilə nəticələnmişdir. İşdən aydın olur ki, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında mübahisə mövcuddur və ipoteka qoyan müqavilədə göstərilən qiymətin formal qiymət olduğunu predmetin real bazar və likvid dəyərini müəyyən etmədiyini bildirmişdir. Belə olan halda məhkəmə qeyd edilən maddi hüquq normalarının göstərişlərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və kommersiya kollegiyalarının 01 nömrəli qərarının 21-ci bəndində təsbit edilmiş hüquqi mövqeyini nəzərə almalı idi. Lakin məhkəmə tərəfindən həmin tələblərə əməl olunmamışdır. Məhkəmə əmlakın qiymətləndirilməsinə dair qərar qəbul edib daha sonra həmin qərar üzrə əldə edilmiş rəyi, hətta o cavabdehin mənafeyinə zidd olsa belə nəzərə almamışdır. Bu isə məhkəmənin sübutların qiymətləndirilməsinə dair mövqeyinin əsassız və qanunvericiliyin tələbinə uyğun olmadığına dair ciddi və əsaslı qənaət formalaşdırır. Beləliklə, məhkəmə iş üzrə sübutları düzgün qiymətləndirməyərək, onlara düzgün hüquqi qiymət verməmişdir. Bu isə yekunda qanunsuz və cavabdehin maraqlarına uyğun olamayan qətnamənin çıxarılması ilə nəticələnmişdir

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

25. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

26. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi; 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddə- borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddə- borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 467-ci maddə- Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti qeyd edilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

27. Qətnamə iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilən hissələrdə-cərimə borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissələrdə mübahisələndirildiyindən həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

28. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh3 apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-185/2022-073 saylı qətnaməsi 12 iyun 2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimənin tutulması və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməli, 12 iyun 2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə cavabdehlərdən 474,5 manat cərimə tutulmalı, tutma yönəldilmiş ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinil ilkin satış qiyməti 410.000 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə bu hissədə razılaşır ki, 12 iyun 2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliyin icra müddəti xx.xx.2020-ci il tarixdə bitdiyi halda kredit borcunun qaytarılması təmin edilmədiyindən cavabdehlərdən icrası 1 il gecikdirilmiş öhdəlik üzrə cəmi 120,40 manat cərimə tutularkən məhkəmə tərəfindən kreditorun mənafeyi nəzərə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayəti bu hissədə qismən təmin edilərək 12 iyun 2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə məhkəmə tərəfindən tutulmuş cərimənin məbləği dəyişdirilərək formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq əsas borcun 5% məbləğində-474,5 manat müəyyən edilməlidir.

30. Məhkəmə K4058 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliyin icra müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən edildiyini, iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə, qrafik üzrə ödənişlərin gecikdirilməsinə əsaslanaraq kreditin qaytarılması ilə bağlı öhdəliyin icra müddəti bitmədən müraciət etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin müqavilə üzrə məhkəmə tərəfindən tutulmuş 335,46 manat cərimə məbləği ağlabatan məbləğ olduğundan bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Cavabdehin apellyasiya şikayətində tutma yönəldilmiş ipoteka predmetinin ilkin satış qiymətinin onun real dəyərinin xeyli aşağı müəyyən edildiyini iddia etdiyindən bu halın yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4119 saylı rəyinə əsasən ümumi sahəsi 500 kv.m olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi, 25-ci döngəd yerləşən 2 mərtəbəli 4 saylı fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 585000 manat, 30% azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 410000 manat məbləğində müəyyən edilmişdir.

32. Məhkəmə tərəflər arasında ipoteka müqaviləsinin 12 iyun 2018-ci il tarixdə bağlandığını və ipoteka ilə yüklü edilmiş mənzilin bazar dəyərinin 3 il əvvəl 270.000 manat müəyyən edildiyini, daşınmaz əmlak bazarında qiymətlərin bu müddət ərzində xeyli artdığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tutma yönəldilmiş ipoteka predmetinin ilkin satış qiyməti kimi ipoteka müqaviləsindəki qiyməti əsas götürməyə haqlı olmamışdır. Eyni zamanda məhkəmə hesab edir ki, "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə 9/21 nömrəli 16 noyabr 2021-ci il tarixli hesabatında ipoteka predmeti olan əmlakın likvid dəyəri onun ipoteka müqaviləsi ilə müəyyən edilmiş ilkin satış qiymətindən belə aşağı (248000 manat) göstərildiyindən həmin rəy əsaslı hesab edilə bilməz.

33. Məhkəmə kollegiyası götərilənlərə əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4119 saylı rəyi kifayət qədər əsaslandırıldığından və həmin rəylə müəyyən edilmiş qiymət əmlakın real bazar qiymətinə daha çox uyğun olduğundan bu rəy məhkəmə tərəfindən əsas götürülməklə tutma yönəldilmiş ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinil ilkin satış qiyməti 410.000 manat müəyyən edilməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Məhkəmə qeyd edilən normanın tələbini nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası mərhələsində yaranmış 150 manat ekspertiza xərci cavabdhin Cavabdeh3 tutulmalıdır.

35. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh3 apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-185/2022-073 saylı qətnaməsi 12 iyun 2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimənin tutulması və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməli, 12 iyun 2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə cavabdehlərdən 474,5 manat cərimə tutulmalı, tutma yönəldilmiş ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinil ilkin satış qiyməti 410.000 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.

36. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-185/2022 saylı qətnaməsi 12 iyun 2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimənin tutulması və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. 12 iyun 2018-ci il tarixli GL2606 saylı kredit limiti müqaviləsi çərçivəsində K2607 saylı maliyyələşdirmə üçün ərizə üzrə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 474,5 manat cərimə tutulsun. Tutma yönəldilmiş ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xətai küçəsi 25-ci döngə, 4 saylı fərdi yaşayış evinil ilkin satış qiyməti 410.000 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. 150 manat ekspertiza xərci (apellyasiya instansiyası mərhələsində) Cavabdeh3 Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. İşə apellyasiya qaydasında baxılarkən ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar