Məhkəmə qərarları › İş №2-2(103)-240/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-240/2022

01.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-240/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin Cavabdeh MMC-yə qarşı dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-386/2021 nömrəli iş üzrə 17 dekabr 2021-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin 11.02.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 22.926,95 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 25.396,99 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 978,79 manat məbləğdə borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 410.200 manat məbləğdə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı yenidən cavabdehə qarşı məhkəməyə iddia ərizəsi təqdim edərək, cavabdehin 18.09.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 347,02 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 31.508,66 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 1.325,81 manat məbləğdə borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 86.100 manat məbləğdə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04.03.2021-ci il tarixli qərardadı ilə işlər birləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.05.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı tərəfindən cavabdehin siyahıya alınmış 410.200 manat məbləğdə əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən cavabdehin dövlət büdcəsinə ödənilməmiş 22.926,95 manatın, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 25.396,99 manatın və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 978,79 manat məbləğdə borcunun və 10 manat məbləğdə dövlət rüsumunun tutulması, vəsaitin qalan hissəsinin cavabdehə qaytarılması qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, dövlət büdcəsinə ödənilməmiş vergilər üzrə ümumilikdə 34.057,73 manat, məcburi dövlət sosial sığorta haqları üzrə ümumilikdə 31.508,66 manat, işsizlikdən sığorta haqları üzrə isə ümumilikdə 1.325,81 manat borcun ödənilməsinin təmin edilməsi məqsədilə vergi ödəyicisinin 410.200 manat məbləğdə əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədən apekkyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.08.2021-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18.08.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi KK-nın 2-2(103)-1082/2021 nömrəli iş üzrə 13.09.2021-ci il tarixli qərardadı ilə 06.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi KK-nın 2-2(103)-1229/2021 nömrəli iş üzrə 01.10.2021-ci il tarixli qərardadı ilə cavabdehin 08.05.2021-ci il tarixli qətnamədən apellyasiyası qeyri-mümkün sayılmışdır. Bundan sonra iddiaçı qətnamədəki yanlışlıqların düzəldilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 08.05.2021-ci il tarixli qətnamədə iddia təmin olunduğundan iddia ərizələri üzrə qeyd edilmiş məbləğin düzəldilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.11.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət və müddətin bərpası barədə ərizə verib, buraxılmış müddətin üzrlü hesab edilərək, bərpa edilməsini və şikayətə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizənin əsaslarına görə, 5 gün ərzində, hətta bu müddətdən sonra məhkəmə qərardadının Vahid Məhkəmə Portalı vasitəsilə əldə edilməsi üçün iş materiallarına daxil olduqda, xəta baş vermişdir. Belə ki, məhkəmə qərardadının səhifələrində heç bir məzmun əks olunmamış, yəni sənəd boş görünmüşdür. Yalnız müəyyən müddət keçdikdən sonra məhkəmə qərardadının tam məzmunda görmək mümkün olmuşdur. Buna görə də iddiaçıdan asılı olmayan səbəbdən məhkəmə qərardadının vaxtında əldə edilməsi və 10 gün müddətdə şikayətin təqdim edilməsi mümkün olmamışdır. Bakı Kommersiya Məhkəməsinin 17.12.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.01.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlillərinə görə, 5 gün ərzində, hətta bu müddətdən sonra məhkəmə qərardadının Vahid Məhkəmə Portalı vasitəsilə əldə edilməsi üçün iş materiallarına daxil olduqda, xəta baş vermişdir. Belə ki, məhkəmə qərardadının səhifələrində heç bir məzmun əks olunmamış, yəni sənəd boş görünmüşdür. Yalnız müəyyən müddət keçdikdən sonra məhkəmə qərardadının tam məzmunda görmək mümkün olmuşdur. Buna görə də iddiaçıdan asılı olmayan səbəbdən məhkəmə qərardadının vaxtında əldə edilməsi və 10 gün müddətində şikayətin təqdim edilməsi mümkün olmamışdır. Göstərilən səbəblərdən, iddiaçı tərəfindən qərardaddan şikayət verilməsi üçün prosessual müddət üzrlü səbəbdən ötürülmüşdür. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır; 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İşdən müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin 10.11.2021-ci il tarixli qərardadı tərəflərin elektron kabinetlərinə 15.11.2021-ci il tarixdə saat 16:45-də yerləşdirilmiş, iddiaçı qərardaddan şikayəti elektron qaydada 30.11.2021-ci il tarixdə vermiş, bununla da qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət onun tərəfindən ötürülmüşdür. İddiaçı şikayətində 5 gün ərzində xəta baş verdiyini bildirsə də, qalan 5 gün ərzində hüququndan istifadə etməməsinin səbəblərini açıqlamamış, yalnız müəyyən müddət keçdikdən sonra məhkəmə qərardadını tam məzmunda görmək mümkün olduğunu qeyd edərək, “müəyyən müddət”in də neçə gün olduğunu dəqiqləşdirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08.05.2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalı, dəlilləri əsassız olduğu üçün şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-386/2021 nömrəli iş üzrə 17 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar