Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-240/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X2 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh4 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3074/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 18 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 17.123,2 manat əsas, 1.846,18 manat faiz, 327,24 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 19.296,62 manat borcun və 200 manat ödənilmiş dövlət rüsumunun (mediasiya xərcinin) tutulması; tutmanın İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh4 mülkiyyətindəki HİTACHİ ZX180W markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, narıncı rəngli ekskavatorun (ban: JK6CCB**********5, mühərrik № 926699 ) açıq hərrac vasitəsilə satılması hesabına ödənilməsi; ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada cavabdehlər tərəfindən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3074/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər X1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 18 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 17.123,2 manat əsas, 560,33 manat faiz, 327,24 manat cərimə borcu olmaqla, ümumilikdə 18.010,77 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 190 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh4 mülkiyyətində olan HİTACHİ ZX180W Ekskavator (narıncı rəngli) markalı 10BC110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh4 qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
3. İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3074/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini qismən-ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edərək, ipoteka predmeti olan HİTACHİ ZX180W markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, narıncı rəngli ekskavatorın ilkin satış qiymətinin 25.000 manat müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: işin hallarından görünür ki, borclu 18 mart 2021-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, borcunu ödəməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin məhkəmə qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində Legal Prime MMC tərəfindən keçirilmiş ekspertizaya əsasən təqdim edilmiş mütəxəssis rəyinə əsaslanmışdır. Halbuki ipoteka predmetinə qoyulmuş qiymət reallığı əks etdirmir. Belə olan halda ipoteka predmeti olan texnikanın ilkin satış qiymətinə münasibətdə yalnız ekspert rəyinə əsaslanaraq əsassız qətnamə qəbul etmişdir. Belə ki, ipoteka predmeti olan texnikanın yəni, HİTACHİ ZX180W markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, narıncı rəngli ekskavatorun qiyməti ilə bağlı qiymətləndirmə ekspertizasının nəticəsi kimi müvafiq texnikanın hazırki bazar dəyəri 45.000 manat, likvid dəyəri isə 40.000 manat kimi dəyərləndirilmişdir. Lakin müvafiq texnikanın ekspertiza nəticəsində müəyyənləşən qiyməti əsassız hesab olunmalıdır. Çünki HİTACHİ ZX180W markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, narıncı rəngli ekskavator köhnə və istifadə üçün əlverişli deyildir. Bu əsasla iş üzrə qətnamə əsassız olduğu üçün qismən ləğv edilib ipoteka predmetinin dəyərinin 25.000 manat müəyyən edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında Cavabdeh4 apellyasiya şikayətinə etiraz etmiş və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
8. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
12. Həmin Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
13. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
14. Həmin Qanunun 34.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
15. Həmin Qanunun 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur.
16. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
17. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır.
18. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: .. 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
19. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
20. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin yalnız ipoteka predmetinin ilkin satış qiymətinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin olunan hissəsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
24. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ASC (kreditor) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3-MAGZ3-5-0-104-21 saylı kredit limiti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 250.000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin müqavilə əsasında tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3-MAGZ3-5-0-104-21 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 biznes məqsədi üçün borc alana kreditin müddəti 24 ay olmaqla, 45.000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı ASC Cavabdeh1 müqavilədə müəyyən edilmiş şərtlərlə 45.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
25. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3- MAGZ3-5-0-104-21 kredit limiti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı ASC və Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3-MAGZ3-5-0-104-21 saylı ipoteka müqaviləsinə əsasən hazırda mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus HİTACHİ ZX180W Ekskavator (narıncı rəngli) markalı 10BC110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetinə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınar əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.
26. Həmin ipotaka müqaviləsində ipoteka predmetinin ilkin satış qiyməti 51 000 manat müəyyən edilmişdir. Lakin iddiaçı tərəf ipoteka predmetinin amortizasiya etdiyini əsas götürərək həmin ilkin satış qiyməti mübahisələndirmişdir.
27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
28. Məhkəmə ilkin satış qiyməti ilə bağlı mübahisəli halı aydınlaşdırmaqdan ötrü məhkəmə əmtəəşünaslıq ekspertizası keçirmişdir. Belə ki, "xxxx" MMC-nin 14 avqust 2023-cü il tarixli, LP-150/2023 saylı mütəxəssis rəyinə əsasən HİTACHİ ZX180W Ekskavator (narıncı rəngli) markalı 10BC110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hazırkı bazar dəyəri 45.000 manat, likvid qiyməti 40.000 manat dəyərində müəyyən edilmişdir.
29. Belə olan halda məhkəmə hesab etmişdir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh4 məxsus HİTACHİ ZX180W Ekskavator (narıncı rəngli) markalı 10BC110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh4 qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulmalıdır.
30. Göründüyü kimi məhkəmə ilkin satış qiymətini müəyyən etsə də, qətnamənin nəticə hissəsində həmin məbləği qeyd etməmişdir. Apellyasiya şikayətində bu məsələ qeyd edilmişdir.
31. Lakin apellyator heç bir rəyə əsaslanmadan ilkin satış qiymətinin 25 000 manat həddində müəyyən edilməsini istəmişdir.
32. Apellyasiya icraatı zamanı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilsə də, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində qiymətləndirmənin aparılmasının mümkün olmaması nəticəsinə gəlinmişdir. Ekspert yerli internet saytında və mərkəzdə məlumatın olmamasına əsaslanmışdır.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ilkin satış qiymətinin müəyyən edilməməsi barədə dəlili ilə razılaşsa da, lakin digər dəlillə, yəni ilkin satış qiymətinin 25 000 manat məbləğində müəyyən edilməsi ilə razılaşmır. Belə ki, iş materiallarında bu qiymətin müəyyən edilməsi üçün sübutlar təqdim edilməmişdir. Kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməli və ilkin satış qiyməti məhkəmənin araşdırma nəticəsində əldə etdiyi rəydə qeyd olunan 40 000 manat məbləğində müəyyən edilməlidir.
34. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 385.1.3, 389, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3074/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. İlkin satış qiyməti 40.000 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.