Məhkəmə qərarları › İş №2-2(103)-241/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-241/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-241/2024 08.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı Açar söz: kredit borcunun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh və Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı kredit borcunun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5135/2023 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. xx.xx.2018-ci il tarixdə GTC-399LE/2018 saylı Bank xidmətlərinin göstərilməsinə dair X5n görünür ki, bir tərəfdə İddiaçı ASC və digər tərəfdə Cavabdeh2 MMC arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunu imzaladılar.

2. xx.xx.2021-ci il tarixli DCL00082183-04 saylı Maliyyələşdirmə üçün ərizədən görünür ki, Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 70.000 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

3. xx.xx.2021-ci il tarixli DG**********447 saylı zaminlik müqaviləsindən görünür ki, bank ilə borcalan arasında müqavilənin 2.1-ci bəndində göstərilən öhdəlik əsasında borcalana veriləcək müqavilənin 2.2 bəndində göstərilən məbləğdə kredit xətti ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür.

4. xx.xx.2023-cü il tarixli İddiaçı ASC tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, “X3” MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DCL00082183-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 61705,55 manat əsas borc, 845,02 manat faiz borcu, 16938,08 manat cərimə borcu olmaqla, cəmi 79533,65 manat təşkil edir. Gecikmə günü 327 gündür.

5. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC Bakı şəhəri 8 saylı mediasiya təşkilatına 400 manat məbləğində mediasiya xərci ödəmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1dan birgə qaydada DCL00082183-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 61705,55 manat əsas borc, 845,02 manat faiz borcu, 16938,08 manat cərimə borcu olmaqla, cəmi 79533,65 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2018-ci il tarixdə GTC-399LE/2017 saylı Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmışdır. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DCL00082183-04 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 70.000 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borcalanın Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank və Cavabdeh1 arasında DCL00082183- 04 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********447 saylı zaminlik müqaviləsi bağlanmışdır. Hazırda borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DCL00082183-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 61705,55 manat əsas borc, 845,02 manat faiz borcu, 15447,30 manat cərimə borcu olmaqla, cəmi 77997,87 manat təşkil edir, gecikmə günlərinin sayı 299 gün. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5135/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada DCL00082183-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 61705,55 manat əsas borc, 845,02 manat faiz borcu, 2449,43 manat cərimə borcu olmaqla, cəmi 65000 manat və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarından da göründüyü kimi iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan öhdəliklərini yerinə yetirməyərək borcu ödəməmişlər.

10. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab etmişdir ki, iddia 61705,55 manat əsas borc, 845,02 manat faiz borcu, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı tələbi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

11. Həmçinin məhkəmə iddia tələbinin DC00267692-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 16938,08 manat məbləğində cərimə hissəsi ilə əlaqədar qeyd etmişdir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 2449,43 manat məbləğində müəyyən edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5135/2023 nömrəli qətnaməsini cərimə borcunun təmin edilməyən hissəsində hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh2 MMC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5135/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X5 qeyd edilir ki, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Birdəfəlik kredit üzrə, “Fərdi müştərilərin maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən ödəniş tarixdən sonra 7 (yeddi) gün ərzində ödəniş olmadığı təqdirdə, müştəri müvafiq ərizə formasında müəyyənləşdirilən faiz həcmində gündəlik hesablanan cərimə ödəyir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı DC00215931-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 327 gün olduğundan cərimə məbləğinin DC00215931-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2449,43 manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz.

15. Cavabdeh2 MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin təmin edilməsi cavabdehin mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. X4 tərəfindən Cavabdeh2 MMC-nin icraçı direktor olduğu xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, habelə icraçı direktoru olduğu şirkətlə bağlı mənimsəmə, israfetmə hərəkətlərinə yol vermişdir. Baş vermiş cinayət hadisəsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən göstəriş verilmiş, iş üzrə istintaq davam etdirilir. Habelə cavabdehə “X7” MMC tərəfindən külli miqdarda ziyan vurulmuş, faktla bağlı cinayət işi başlanılmışdır. Məhz yuxarıda qeyd edilən səbəblərdən, yəni şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə görə cavabdeh bank qarşısında olan öhdəliklərini üzrlü səbəbdən yerinə yetirə bilməmişdir. Yəni cavabdeh İddiaçıla kredit müqaviləsi bağlayan zaman şirkətə qarşı müxtəlif şəxslər tərəfindən külli miqdarda ziyan vurulmasını bilə bilmədiyi üçün, öhdəliyinin icrasının gecikdirilməsi ehtimalını da qabaqcadan görə bilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında tərəflərindən apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

17. Cavabdeh1 qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

18. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddə-(tərəflər arasında müqavilə münasibətləri bağlanarkən qüvvədə olan redaksiya) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 448.1-ci maddə-əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 470.1-ci maddə- zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddə- borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddə-əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddə-məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

19. Qətnamə iddiaçı və Cavabdeh2 MMC tərəfindən mübahisələndirilən hissələrdəcərimə tələbinin rədd edidliyi və iddianın təmin edildiyi hissələrdə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

20. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5135/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. ` 21. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz halıdır ki, Bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% 70.000 manat məbləğində kredit verilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən müəyyən edilmişdir ki, müqavilənin icra müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə Cavabdeh2 MMC-nin 61705,55 manat əsas borc, 845,02 manat faiz borcu olmuşdur.

22. İddiaçı iddia ərizəsinə əlavədə öhdəliyin icrasının gecikdirilməsinə görə ümumi şərtlər toplusunun 4-cü bölməsinin 3.11-ci bəndinə əsasən maliyyələşmə haqqında ərizədə nəzərdə tutulmuş 16983,08 manat cərimə tələb etmiş, məhkəmə MPM-nin 467-ci maddəsini nəzərə alaraq həmin hissədə iddianı 2449,43 manat hissədə təmin etmişdir. Məhkəmə əsas borc məbləğinin 61705,55 manat olduğunu nəzərə alaraq tutulmuş dəbbə pulu məbləğini əsas borca mütənasib hesab edir və belə qənaətə gəlir ki, cərimə məbləğinin tam tutulması barədə iddiaçının apellyasiya şikayəti əsassızdır.

23. Cavabdehin apellyasiya şikayəti ilə bağlı məhkəmə qeyd edir ki, hüquqi şəxsin icraçı direktoru X1 öz vəzifə səlahiyyətlərini düzgün icra etməməsi, o cümlədən digər hüquqi şəxslər tərəfindən cavabdeh "X2” MMC-nə ziyan vurulması bank qarşısında kredit öhdəliyinin icra edilməməsinə görə borcalanın məsuliyyətini istisna etmir və öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödəməkdən azad etmir. MM-nin 443.9-ci maddəsində qeyd edilir ki, borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır.

24. Eyni zamanda məhkəmə izah edir ki, Mülki Məcəllənin 49.3-cü maddəsinə əsasən, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borclu olduğundan həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilmədiyi halda hüquqi şəxsə dəymiş zərərin əvəzinin ödənilməsi üçün həmin şəxsə qarşı iddia qaldırıla bilər.

25. Məhkəmə tərəfindən tutulmuş kredit üzrə əsas və faiz borcunun məbləği isə Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Cavabdeh1 tərəfindən məhkəmə iclasında mübahisələndirilməmişdir.

26. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 5135/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı ASC və Cavabdeh2 MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5135/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar