Məhkəmə qərarları › İş №2-2(103)-241/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-241/2025

05.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-241/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Naxçıvan Muxtar Respublikasının X1” X3 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi Açar söz: öhdəliklərin icrası, pul tələbi, alqı-satqı müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı “Naxçıvan Muxtar Respublikasının X1” X3 Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7056/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı “Naxçıvan Muxtar Respublikasının X1” PHŞ tərəfindən Cavabdeh MMCyə xx.xx.2023-cü il tarixli EBDC309566 saylı e-qaimə üzrə 86.400 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBDC405536 saylı e-qaimə üzrə 70.100 manat dəyərində və xx.xx.2023-cü il tarixli, EBDD181782 saylı e-qaimə üzrə 59.900 manat dəyərində məhsul satışına dair e-qaimələr göndərilmişdir.

2. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən cavabdeh tərəfindən iddiaçıya EBCD309566 saylı e-qaimə üzrə - 50.000 manat dəyərində, xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən EBCD309566 saylı e-qaimə üzrə - 36.400 manat dəyərində, xx.xx.2023cü il tarixli ödəniş tapşırığına əsasən EBDC405536 saylı e-qaimə üzrə 30.000 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən EBDC405536 saylı e-qaimə üzrə - 10.000 manat və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən EBDC405536 saylı e-qaimə üzrə isə 10.000 manat məbləğində ödəniş edilmişdir.

3. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanladığı (imza və möhürlə təsdiqlənmiş) məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində 216,400 manat məbləğində məhsul alışı edilmiş və alınmış məhsullar üzrə 116400 manat məbləğində ödəniş edildiyi və 100.000 manat məbləğində ödənişin xx.xx.2023-cü il tarixində 25000 manatı, xx.xx.2023-cü il tarixində 25000 manatı, xx.xx.2023-cü il tarixində 25000 manatı və xx.xx.2023-cü il tarixində 25000 manatının ödənilməsini planlaşdırdıqları qeyd olunmuşdur.

4. Cavabdeh MMC-nin iddiaçıya ünvanladığı məktubunda agentlik tərəfindən onlara təqdim edilmiş məhsullar yararsız olduğu üçün satılmamış və hələ də anbarlarında qaldığını, bununla bağlı dəfələrlə şifahi şəkildə məlumat verildiyi, indiyə qədər tərəflərindən edilən ödənişlər isə həmin məhsulların satışından əldə edilməmiş, öz büdcələrindən ödənildiyini, bununla da onlara kifayət qədər zerər dəydiyini, məhsulun yararsız halda olması həm agentliyin, həm də onların qurumuna zərər vurmuş olduğunu, bu günə qədər edilmiş məbləği nəzərə alaraq, qalıq 80.000 manat məbləğin 50 faizinin güzəşt edilməsini, qalan 50 faiz məbləğin isə cədvəl üzrə (xx.xx.2024-cü ildə 5000 manat, xx.xx.2024-cü ildə 5000 manat, xx.xx.2024-cü ildə 5000 manat, xx.xx.2024-cü ildə 5000 manat, xx.xx.2024-cü ildə 5000 manat, xx.xx.2025-ci ildə 5000 manat, xx.xx.2025-ci ildə 5000 manat və xx.xx.2025-ci ildə 5000 manat olmaqla) ödənilməsinə razılıq verilməsini iddiaçıdan xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı “Naxçıvan Muxtar Respublikasının X1” X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 80.000 manat borc, Bakı şəhər 19 saylı Vəkil Bürosunun vəkili Vəkil Behbud oğluna hüquqi yardımın göstərilməsinə görə ödənilmiş olan 1.000 manat, 333,50 manat dövlət rüsumunun, ümumilikdə isə 81.333,50 (səksən bir min üç yüz otuz üç əlli qəpik) manat pulun Cavabdeh MMC-dən alınaraq “Naxçıvan MR-nın X1” PHŞ-nə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Cavabdeh (bundan sonra cavabdeh) “Naxçıvan MR-nın X1” X4 (bundan sonra iddiaçı) ümumilikdə 216.400 (iki yüz on altı min, dörd yüz) manat məbləğində İran xurması, Zahidi xurması, sarı kişmiş və qızılı kişmiş almışdır. Cavabdeh MMC tərəfindən “Naxçıvan MR-nın X1” PHŞ-ə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda alınmış məhsullar üzrə ümumilikdə 116.400 (yüz on altı min dörd yüz) manat ödəniş edildiyini bildirmişdir. Yerdə qalan 100.000 (bir yüz min) manat vəsaitin 15 noyabr 2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 25.000 (iyirmi beş min) manat olmaqla qrafik üzrə icra etməyi üzərinə götürərək planlaşdırmışdır. Bu planlaşdırımadan sonra xx.xx.2024-cü il tarixində 10.000 (on min) manat və xx.xx.2024-cü il tarixdə isə 10.000 (on min) manat olmaqla “Naxçıvan MR-nın X1” PHŞ-nə ödənişlər həyata keçirmişdir. Bundan sonra Cavabdeh MMC qalıq borc üçün ödənişləri həyata keçirməmişdir. “Naxçıvan MR-nın X1” PHŞ tərəfindən xx.xx.2024-cü il tarixli №22 saylı Cavabdeh MMC-yə ünvanlanmış məktubda qeyd etmişdir ki, yerdə qalan 80.000 manatın ödənilməsini təmin edilsin. Lakin tələb edilən məbləğ cavabdeh tərəfindən ödənilməyərək qalmaqdadır. 05 sentyabr 2024-cü il tarixində Cavabdeh MMC-yə 80.000 manat yaranmış borclarını, 1.000 manat göstərilən hüquqi xidmətə görə və məhkəmə üçün ödənilmiş 333.50 manat dövlət rüsumunun ödənilməsinin təmin edilməsinə dair pretenziya məktubu və ona əlavə edilmiş iddia ərizəsi ünvanlanmışdır. Həmin məktubda 5 (beş) gün ərzində 81.333.50 (səksən bir min üç yüz otuz üç, əlli qəpik) manatın ödənilməsi təklif edilmişdir. 81.333.50 manatın ödənilməyəcəyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Çəkilmiş bütün xərclərin ödənilməsini, onlardan tələb ediləcəyini bildirilməsinə baxmayaraq heç bir nəticəsiyə hasil olunmamışdır. Beləliklə verilən mallara görə ödənilməyən və çəkilmiş olan xərc ümumilikdə 81.333.50 (səksən bir min üç yüz otuz üç, əlli qəpik) manatdır ki, bu xərc də Cavabdeh MMC-dən alınıb verilməsi təmin edilməlidir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7056/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh MMC-dən 80.000 (səksən min) manat borc məbləği, vəkil xərcinin əvəzi olaraq 500 (beş yüz) manat və dövət rüsumunun əvəzi olaraq 333 (üç yüz otuz üç) manat tutularaq iddiaçı “Naxçıvan Muxtar Respublikasının X1” X5 ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış və müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə elektron qaimələr əsasında müxtəlif məhsul satışı həyata keçirilmişdir. Cavabdeh MMC tərəfindən həmin elektron qaimələr ödənişin təyinatı olaraq göstərərək qismi ödənişlər həyata keçirilsə də, yaranmış borc məbləği bugunə kimi ödənilməmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimə, ödəniş qəbzləri və borcun mövcüdluğuna dair cavabdehin məktubları ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 80.000 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

9. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 443.1, 567, 568.1, 579.1, 600.4-cü maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh MMC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-7056/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı “Naxçıvan MR-nın X1” X8 tərəfindən xx.xx.2023-cü il tarixində Cavabdehnə ümumi dəyəri 216.400 (iki yüz on altı min, dörd yüz) manat məbləğində dəyərləndirilən xurma məhsulları təqdim edilmişdir. Bununla bağlı tərəflər arasında hər hansı müqavilə bağlanmamış, sadəcə tanışlıq münasibətləri ilə razılaşdırılmışdır. Lakin xurma məhsulları Cavabdeh MMC-nin anbarına daxil olduqdan sonra məhsulların yararsız olduğu aşkarlanmışdır. Bununla bağlı iddiaçı tərəf şifahi şəkildə məlumatlandırılsa da, məhsullar geri alınmamışdır. Nticədə Cavabdeh MMC məbləğin böyük bir hissəsini daxili imkanları hesabına ödəmişdir. Hətta bu məhsullardan zərər görməsinə baxmayaraq, iddaçıya məbləğin qalan 80000 (səksən min) manat hissəsinin 50 faizinin güzəşt edilməini və qalıq məbləğin hissələrə bölünərək ödənilməsinə razılıq verilməsi xahiş olunmuşdur. Lakin iddiaçı bu müraciətə cavab verməmiş, əksinə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən məhsulun yararsız olduğu hakimin diqqətinə çatdırılmış və bununla bağlı ekspertiza təyin olunmasına dair məhkəməyə vəsatət təqdim edilmişdir. Lakin məhkəmə vəsatəti rədd etmiş, beləliklə də işin həqiqi hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir. Yuxarıda da qeyd etdiyimiz kimi, malların cavabdehə verilməsi hər hansı müqavilə ilə rəsmiləşdirilməmişdir. Belə olan halda cavabdehin ümumiyyətlə məhsul aldığını inkar etmək imkanları olduğu halda, hər iki tərəfin daha az zərərlə bu problemdən qurtarmasını təklif etməsi iddiaçıya qarşı ən böyük güzəştdir. Bununla belə, məhkəmə tərəfindən iddianın təmin edilməsi işin ədalətsiz şəkildə həllinə zəmin yaratmışdır. Bu səsbsbdən də hesab edirik ki, qətnamə ləğv olunmalı, işin həqiqi hallarına uyğun olaraq yeni qətnamə qəbul edilməlidir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh MMC tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7056/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış və müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə elektron qaimələr əsasında müxtəlif məhsul satışı həyata keçirilmişdir. Cavabdeh MMC tərəfindən həmin elektron qaimələr ödənişin təyinatı olaraq göstərərək qismən ödənişlər həyata keçirilsə də, yaranmış borc məbləği bu günə kimi ödənilməmişdir. İddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimə, ödəniş qəbzləri və borcun mövcüdluğuna dair cavabdehin məktubları ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 80.000 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

18. Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil etdiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən bu dəlillərin araşdırılmasını və müəyyən edilməsini qeyd edir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, əqd mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitamına yönəlmiş iradə ifadəsidir, müqavilə ikitərəfli əqddir. Tərəflər arasında alqı-satqı münasibətlərinin yarandığı və iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş əşyanı cavabdehə təqdim edilməsi müəyyən edilir. Cavabdeh malları qəbul etmiş, qəbul etdikdən sonra iddiaçıya malların keyfiyyəti ilə bağlı hər hansı bir pretenziya irəli sürməmişdir. İş materiallarından cavabdehin öz öhdəliyini yerinə yetirmədiyi müəyyən edilir. Halbuki, müqavilələrin icra edilməməsi, həm mülki dövriyyənin sabitliyinin pozulmasına, sahibkarlıq subyektlərinin hüquqlarının təmin olunmamasına, tərəflərin iradə ifadəsinin təzahürü kimi bağlanan müqavilənin əhəmiyyətsizliyinə əsas olur. Qanunvericilik məhz bu nöqteyi-nəzərdən tərəflərin hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli olduqlarını qeyd edir (MM 425.1-ci maddə). Malların lazımı keyfiyyətdə olmaması ilə bağlı cavabdehin gətirdiyi dəlil iş materiallarına əsasən müəyyən edilmir. Belə ki, cavabdeh bu halı aşkar etdiyi halda ona lazımı tədbirlər görməyə (malların xarab olması barədə akt tərtib etmək, mütəxəssis dəvət etmək, iddiaçıya bu barədə yazılı şəkildə bildirmək) heç nə mane olmurdu. Cavabdeh AR MM-nin 587-ci maddəsinin tələbinə əsasən lazımı keyfiyyətdə olmayan əşyanın qüsurları ilə bağlı cavabdehə pretenziya irəli sürə bilərdi, belə ki, MM 589-cu maddənin tələbinə əsasən əşyanın alıcının mülkiyyətinə verilənə qədər qüsurlarının olması ilə bağlı iddianı sübut etmək vəzifəsi alıcının üzərindədir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmışdır.

19. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7056/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar