Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-242/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3562/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 13.12.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı "xxxx" ASC Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 37.175,73 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13.12.2021-ci il tarixli e-2-2(113)-3562/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MTK apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə3 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. Cavabdehə məxsus yaşayış binalarının elektrik təchizatı üçün 11-T/036 saylı 04.01.2005-ci il tarixli və TMX-11-984 saylı 21.05.2007-ci il tarixli texniki şərtlər verilmiş və buna uyğun olaraq da "xxxx" ASC tərəfindən Cavabdeh MTK-ya ümumbalans sayğacı quraşdırılmışdır. İddiaçı bildirir ki, elektrik enerjisinin istehlakına görə cavabdehin 37.175,73 manat borcu mövcuddur. Lakin sonuncu həmin borcu ödəməkdən yayınır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddia ərizəsində göstərilən borc cavabdehin istifadə etdiyi elektrik enerjisinə görə yaranmış borc deyildir. Belə ki, xidmət göstərdikləri binalar "xxxx" MMC tərəfindən inşa edilmiş, daha sonra həmin binalara xidmət göstərilməsi məqsədilə Cavabdeh MTK təsis edilmişdir. Hazırda elektrik enerjisinin ötürüldüyü transformator da "xxxx" MMC-nin balansındadır. Həmin binalar inşa edilən zaman iddiaçı tərəfindən yalnız mənzillərə görə texniki şərt verilmiş, bu səbəbdən orada olan qeyri-yaşayış obyektlərinə quraşdırılmış sayğaclar da mənzillər üçün nəzərdə tutulmuş məişət sayğaclarıdır, göstərilən səbəbdən həmin sayğaclar qeyri-yaşayış obyektlərində istifadə edilən elektrik enerjisini tam şəkildə, bütünlüklə qeydə ala bilmir, qeydə alına bilinməyən hissədə həmin ödənişin edilməsi cavabdehdən tələb edilir ki, bu da qanunsuzdur. Belə ki, həmin qeyri-yaşayış obyektlərində çoxsaylı kombi, kondisioner quraşdırılmasına baxmayaraq orta aylıq sərfiyyat 30-40 manat qeydə alınır ki, bu da ağlabatan deyildir. Bundan əlavə, həmin qeyri-yaşayış sahələri qanunsuz olaraq cavabdehə məxsus elektrik xətlərinə qoşulmuş, həmin istehlak edilən elektrik enerjisinə görə də cavabdehdən ödəniş tələb edilir. Bu səbəbdən cavabdeh faktiki istifadə etdiyi elektrik enerjisini müəyyən etmək və buna uyğun ödənişlər etmək üçün öz vəsaiti hesabına binaların girişinə və su nasosu üzərinə sayğaclar quraşdırmış, həmin sayğacların göstəricilərinə əsasən də iddiaçıya elektrik enerjisinə görə borclar ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.14-cü bəndində təsbit olunmuşdur ki, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. İş materiallarında olan 30.09.2021-ci il tarixli maliyyə arayışından və abonent saldosundan da görünür ki, cavabdehin 16.06.2021-ci il tarixinə sayğac göstəricilərinə görə ümumilikdə 37.175,73 manat borcu mövcuddur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 37.175,73 manat borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi də düzgün olaraq iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Cavabdeh MTK-nın dəlilləri isə əsassızdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi cavabdehə məxsus yaşayış binalarının elektrik təchizatı üçün 11-T/036 saylı 04.01.2005-ci il tarixli və TMX-11-984 saylı 21.05.2007-ci il tarixli texniki şərtlər verilmiş və buna uyğun olaraq da "xxxx" ASC tərəfindən Cavabdeh MTK-ya ümumbalans sayğacı quraşdırılmışdır. Cavabdeh isə ümumbalans sayğacından keçən elektrik enerjisindən onun icazəsi olmadan üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edildiyini bildirir. Kollegiya qeyd edir ki, bu hala cavabdeh istinad etdiyi üçün həmin halı sübut etmək vəzifəsi də onun üzərinə düşür. Lakin o, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan əlavə hazırki apellyasiya zamanı cavabdeh tərəfindən təqdim edilən qəbzlərdən görünür ki, hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsinin 13.12.2021-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra Cavabdeh MTK tərəfindən elektrik enerjisinə görə "xxxx" ASC-yə ümumilikdə 31254 manat məbləğində pul ödənilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra ödənilmiş həmin pul məbləği hazırda deyil, məhkəmə aktının icrası zamanı nəzərə alınaraq, həll olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3562/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 13.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-242/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-242/2022
12.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver