Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-242/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbinə dair iş üzrə iş № 2-2(103)-242/2025 (Açar sözlər: əşyanın qanunsuz sahiblikdən geri qaytarılması, mülkiyyət hüququnun müdafiəsi, öhdəliyinin icrasının təminatı üsulu, saxlama, girov hüququ) Bakı şəhəri, 06 mart 2025-ci il hakimlər Şirinov Ziya Allahverdi oğlundan (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlundan və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Əlihəsrət oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “nəqliyyat vasitəsinin cavabdehin qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. “X2 E-215 BLC” markalı, ban nömrəsi YN1147892, buraxılış ili 2007-ci il olan DQN 10 F 987 olan nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixli AS 07/0124 saylı alqı-satqı müqaviləsi əsasında "xxxx" ASC (satıcı) tərəfindən ƏDV daxil olmaqla 2000 manata İddiaçı (alıcı) satılmışdır.
2. Həmin müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuşdur ki, texnikanın təhvil-təslimi tərəflər arasında imzalanacaq təhvil-təslim aktı əsasında satıcının bildirdiyi yerdə həyata keçirilir; 3.2-ci bəndinə görə, texnika alıcıya təhvil verildiyi andan texnikaya mülkiyyət hüququ və texnikanın zədələnməsi, korlanması və bütün digər risklər alıcıya keçir.
3. “X2 E-215 BLC” markalı, ban nömrəsi YN1147892, buraxılış ili 2007-ci il olan sarı rəngli texnika 1 saylı DAİM tərəfindən verilmiş AZ041765 saylı qeydiyyat şəhadətnaməsi əsasında xx.xx.2024-cü il tarixində İddiaçı adına qeydiyyata alınmış, ekskavatora ** BA *** qeydiyyat nişanı təhkim olunmuşdur.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvəqqəti təminat tədbirinin görülməsinə dair xx.xx.2024-cü il tarixli qərardadı ilə “X2 E-215 BLC” markalı, ban nömrəsi YN1147892, buraxılış ili 2007-ci il olan ** BA *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə 4 ay müddətinə xx.xx.2024-cü il tarixinə qədər həbs qoyulması və nəqliyyat vasitəsinin BDYP-nin duracağına yerləşdirilməsi, “X3” QSC-nə və digər şəxslərə (avtoservisin əməkdaşlarına, orada fəaliyyət göstərən ustalara) həmin nəqliyyat vasitəsinə və onun ehtiyyat hissələrinə müdaxilə hərəkətlərinin qadağan edilməsi qərara alınmışdır.
5. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin AR DİN BDYPİ-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda, “X2 E-215 BLC” markalı, ban nömrəsi YN1147892, buraxılış ili 2007-ci il olan sarı rəngli, ** BA *** DQN nəqliyyat vasitəsinin üzərinə 4 ay müddətinə - 28.7.2024-cü il tarixinə qədər həbs qoyulması və DİN BDYPİ-nin duracağına yerləşdirilməsi, “X3” QSC-nin və digər şəxslərin həmin nəqliyyat vasitəsinə və onun ehtiyyat hissələrinə müdaxilə hərəkətlərinin qadağan edilməsi xahiş olunmuşdur.
6. Cavabdeh MMC-nin "xxxx" ASC-nə qarşı Cavabdeh MMC və Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında bağlanmış 14 fevral 2012-ci il tarixli AA308\0412 nömrəli müqavilə üzrə görülmüş təmir işlərinə əsasən cavabdeh tərəfindən ödənilməli olan 41 173,70 manat dəyərindəki borcun, 34 585,9 manat faizin və 318 manat dövlət rüsumunun cavabdehdən tutulması, həmçinin borc ödənilənədək əmlakın (nəqliyyat vasitəsinin) iddiaçıda saxlancda saxlanılması” tələbi iddia müddətinin ötürülmüş olduğu əsas göstərilməklə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə rədd edilmişdir.
7. Həmin qətnamənin qəbul olunmasına əsas təşkil edən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixli 06120C saylı təmir aktına əsasən "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə aid olan “NEW HOLLAND E-215B” markalı 10 F 987 DQN-lı ekskavatorun mühərrikinin və yanacaq sisteminin təmiri həyata keçirilmiş, beləliklə "xxxx" ASC-nin işçi haqqı ilə birlikdə ƏDV daxil 27 099.68 manatlıq borcu yaranmış, borcun 2913,28 manatlıq hissəsi ödənilmiş, 24 186.40 manat olan qalıq borc isə ödənilməmiş, texnikaya dair xx.xx.2012-ci il tarixli qüsur aktı tərtib edilmiş və "xxxx" ASC-nin nümayəndəsi tərəfindən imza ilə təsdiq edilmişdir. Bundan əlavə, xx.xx.2013-cü il tarixli 06035C saylı təmir aktına əsasən "xxxx" ASC-nə aid olan “FOTOL FL 958G” markalı 10 A 614 DQN-lı frontal yükləyicinin təmiri üzrə, ümumi olaraq, ƏDV daxil 18 579,00 AZN borc yaranmış, həmin borcun 14 170,50 manatlıq hissəsi borclu tərəfindən ödənilmiş, 4408.50 manat olan qalıq borc isə ödənilməmiş olaraq qalmış, sözügedən borcu "xxxx" ASC “Faktiki görülmüş və nəzərdə tutulmuş təmir işlərinin ümumi smetası” haqqında sənədi xx.xx.2014-cü il tarixində imzalamaqla təsdiq etmişdir. Həmçinin, xx.xx.2014-cü il tarixli 06222C saylı təmir aktına əsasən "xxxx" ASC-nə aid olan “NEW HOLLAND E 385B” markalı 10 H 710 DQN-lı texnikanın təmiri üzrə ümumi olaraq ƏDV daxil 12 578.80 AZN borc yaranmış, həmin borcun heç bir hissəsi ödənilməmişdir.
8. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli aktında, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədinin icrasına əsasən Cavabdeh MMC-nin faktiki fəaliyyət göstərildiyi ünvanda olunduğu və “X2 E-215 BLC” markalı, ban nömrəsi YN1147892, buraxılış ili 2007-ci il olan sarı rəngli, ** BA *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ünvanda olduğunun müəyyən edildiyi qeyd olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. İddiaçı (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan “X2 E-215 BLC” markalı, ban nömrəsi YN1147892, buraxılış ili 2007-ci il olan sarı rəngli ** BA *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehin qanunsuz sahibliyindən alınmaqla ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 1 saylı DAİM tərəfindən verilmiş AZ041765 saylı nəqliyyat vasitəsinin qeydiyat şəhadətnaməsi əsasında xx.xx.2024-cü ildən mülkiyyətində olan “X2 E-215 BLC” markalı, ban nömrəsi YN1147892, buraxılış ili 2007-ci il olan sarı rəngli ** BA *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi hazırda cavabdehin qanunsuz sahibliyindədir. Həmin nəqliyyat vasitələrinin fotoları, qeydiyyat şəhadətnamələri, şəxsiyyət vəsiqəsi və nümayəndənin etibarnaməsi pretenziya məktubuna əlavə edilməklə nəqliyyat vasitəsinin mülkiyyətçisinə və ya nümayəndəsinə təhvil verilməsi üçün xx.xx.2024-cü il tarixdə cavabdehə e-mail və poçt vasitəsilə göndərilməsinə baxmayaraq nəqliyyat vasitəsi geri qaytarılmır. Xüsusi mülkiyyət Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquqdur. Daha əvvəl cavabdehə qarşı qaldırılmış iddiada müəyyən edilmişdir ki, əmlakı cavabdeh tərəfindən saxlanılır və bu cəmiyyətin saxlancındadır. Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş aktlarda da həmin texnikanın cavabdehdə olduğu öz təsdiqini tapmışdır.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) göndərilməsi qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" ASC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuşdur.
13. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz göndərilmiş, etirazda aşağıdakılar göstərilmişdir: “...Məhkəmə tərəfindən araşdırılmalı əsas məsələ ondan ibarətdir ki, sözügedən nəqliyyat vasitəsi kimin mülkiyyətindədir? Hansı əsasla sözügedən nəqliyyat vasitəsi cavabdehin ərazisində qalmışdır? Sözügedən vəziyyət cavabdehin hüquqlarının pozulmasına gətirib çıxarıbmı? Sözügedən nəqliyyat vasitəsi iddiaçıya "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən satılmışdır. "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC isə mübahisə obyekti olan nəqliyyat vasitəsini özünün mülkiyyətində olduğu dövrdə cavabdehə texniki xidmət göstərilməsi üçün təqdim edilmişdir. Cavabdeh də öz növbəsində bu xidməti tam göstərmişdir, lakin "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC nəqliyyat vasitəsini müəssisənin ərazisindən götürməmiş və öz börcunu ödəməmişdir. Bu hal müvafiq məhkəmə qərarı ilə təsdiq edilmişdir. Cavabdeh də öz növbəsində sözügedən nəqliyyat vasitəsini Mülki Məcəllənin 757-ci maddəsinə istinad edərək girov kimi saxlamışdır. Nəqliyyat vasitəsi daşınar əmlak kimi cavabdeh tərəfindən girov hüququ əsasında saxlanılmasına baxmayaraq, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC əmlakı iddiaçıya satmaqla üçüncü şəxslərin hüquqlarından azad əşya vermək vəzifəsinə riayət etməmişdir. Bu da öz növbəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin məqsədinə köklü surətdə ziddir. (Maddə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin məqsəd və vəzifələri - 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir.) Nəqliyyat vasitəsinin müəssisədən alınaraq İddiaçıya verilməsi qanunvericiliyin normalarına ziddir. Çünki Mülki Məcəllə mülkiyyət hüququ ilə yanaşı girov hüququnu da əmlak hüququ sayır və mülkiyyətçi olmayan şəxsə də mənsub ola biləcəyini bildirir. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 58.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 5. Buradan görünür ki, Mülki Məcəllənin 757-ci maddəsinə əsasən həmin texnika üzərində "GMC Group MMC”-nin girov hüququ mövcud olmasına və həmin texnikanın sözügedən şirkətdə saxlanması halına baxmarayaraq, İddiaçı və "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 3-cü şəxslərin hüquqları ilə yüklü nəqliyyat vasitəsi barəsində əsassız alqı-satqı müqaviləsi bağlamış, mülki qanunvericliyin tələblərini pozaraq vicdansız alıcı və vicdansız satıcı qismində çıxış etmişlər. Çünki İddiaçı sözügedən texnikanı "xxxx" ASC şirkətindən alarkan texnikaya baxış keçirməmiş, texnikanın harada və hansı vəziyyətdə olması ilə bağlı ümumiyyətlə məlumatsız olmuşdur. "xxxx" ASC şirkəti isə həmin texnikanın "GMC Group” MMC şirkətinin anbarında saxlanmaqda olduğunu və müəssisəyə borcu olduğuna görə borcu ödənilənədək həmin texnikanın ona qaytarılmayacağı halını İddiaçı bildirməmişdir. Bu səbəblərə görə İddiaçı ilə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında “NEW HOLLAND E-215B” texnikasına dair bağlanılmış alqı-satqı müqaviləsi əsassızdır və ləğv edilməlidir”.
14. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddia tələblərinin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) iddianın əsassız olduğunu bildirmiş, "xxxx" ASC isə nümayəndəsini məhkəməyə göndərməmişdir.
15. Birinci instansiya məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.
16. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, əşyaların tələbi ilə bağlı iddialarda, ümumi qaydaya müvafiq olaraq – “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi tətbiq edilir. Başqa sözlə, iddiaçı sübut etməlidir ki: Birincisi, tələb olunan əşya mövcuddur; İkincisi, tələb edilən əşya iddiaçıya məxsusdur; Üçüncüsü, tələb edilən əşya cavabdehdədir; Dördüncüsü, tələb edilən əşyanı cavabdehin saxlaması qanunsuzdur, yəni o, qanunsuz sahibdir. Yalnız qeyd olunan bu halların, həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübutetmə ardıcıllığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlamasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir. Məlum məsələdir ki, iddiaçı yalnız mövcudluğu sübut olunan əşyanın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır. Tələb olunan əşyanın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əşyanın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əşyanı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər (Mülki Məcəllə, maddə 157.2, 157.8, 164.2). Əşyanın mövcudluğunu və özünə məxsus olduğunu sübut etmiş iddiaçı, növbəti mərhələdə tələb olunan əşyanın məhz cavabdehdə olmasını, başqa sözlə, cavabdehin həmin əşyanı özündə saxlamasını sübut etməlidir.
17. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən tələb etdiyi nəqliyyat vasitəsinə dair yuxarıda qeyd olunan halları sübuta yetirə bilmiş, mübahisə predmeti olan əmlakın onun mülkiyyətində olmasına və həmin əşyanın cavabdehə məxsus ərazidə olmasına dair yetərli sübutları məhkəməyə təqdim etmişdir.
18. Məhkəmə vurğulamışdır ki, cavabdeh, mübahisə predmeti olan ekskavator üzərində girov hüquqlarının olduğunu bildirsə də, həmin hüququnu təsdiq edən hər hansı sübutu (girov müqaviləsini) təqdim edə bilməmişdir.
19. Cavabdehin “14 fevral 2012-ci il tarixli AA308\0412 nömrəli müqavilə üzrə görülmüş təmir işləri ilə bağlı "xxxx" ASC-nin yaranmış borcuna görə həmin nəqliyyat vasitəsinin girov qismində saxlanması” arqumentinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdehin "xxxx" ASC-yə qarşı olan iddiası rədd edilmişdir.
20. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 157.1-ci, 157.2-ci, 157.8-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinad etmişdir.
21. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını irəli sürməklə şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş qeydiyyat şəhadətnaməsinə istinad etməklə cavabdehin sahibliyinin qanunsuz olmasına istinad etmişdir. Bu hal tamamilə qanunvericiliyə ziddir. Belə ki, Mülki Məcəllənin 157, 158-ci maddələri mülkiyyətçinin mülkiyyət hüququnun olmasını və bu hüquq olduğu halda belə mülkiyyətçi olmayan şəxsin hüquqlarının pozulması dispozisiyasını qeyd edir. Yəni iddiaçının mülkiyyətçi olması bizim mülkiyyətçi olmayan şəxs kimi hüquqlarımızın pozula bilməyəcəyi mənasına gəlməsi qənaətini qəbul etmək mümkün deyil və hazırkı mübahisəyə aidiyyəti yoxdur. Çünki iddiaçının iddiası öz mülkiyyət hüquqlarının tanınması deyil, mülkiyyətinin qanunsuz sahiblikdən alınmasıdır. Məhkəmənin kiçikhəcimli əsaslandırmasının böyük hissəsini təşkil edən əsas hal isə tərəflər arasında girov müqaviləsinin olmamasıdır. Halbuki, istər normativ hüquqi akt kimi Mülki Məcəllənin bölmələrinə, istərsə də doktrinal mətnlərə baxanda görmək olur ki, girov hüququ ikili təbiətə malikdir. Mülki Məcəllənin 158-ci maddəsində nəzərdə tutulan girov hüququ əşya hüququ kimi girov hesab olunub, öhdəlik xarakterli girovdan fərqlənir. Öhdəlik xarakterli girovda A və B arasında hüquq münasibəti olur və tərəflər yazılı olaraq razılaşırlar ki, əgər borclu öhdəliyini icra etməsə kreditorun girov predmetinə girov hüququ var. Lakin əşya hüququ kimi girov münasibətlərində isə situasiya tamamilə fərqlidir. Bu halda A ilə B arasında yaranan hüquq münasibəti üzrə, Sifariçi öhdəliklərini icra etmir və hüquq münasibətini predmeti olan əmlak (girova qoyulmuş və öhdəlik kimi öncədən müəyyən edilmiş hər hansısa bir əmlak və ya münasibətin predmeti olan əmlak yox - belə halda girov predmeti icraçının sahibliyində olmur, birbaşa mülkiyyətinə keçir) istər-istəməz icraçının qanuni sahibliyinə düşür. Bu sahiblik hüququ da əmlak hüququ sayılıb, 158-ci maddədə terminoloji olaraq “girov” kimi qorunur. İcranın təmin edilmə üsulu kimi girovdan fərqli olaraq, bu halda sifarişçi ilə icraçı arasında ön razılaşma olmur. Üstəlik, hazırkı mübahisə üzrə girov münasibətləri Sifarişçi və İcraçı arasında yox, İcraçı ilə vicdansız sahib arasında yaranmış münasibətdir. Belə olan halda, yazılı girov müqaviləsinin olması absurddur. Cavabdeh olaraq nəqliyyat vasitəsinin müəssisəmizin qanuni sahibliyində olduğunu sübut etmək üçün tərəfimizdən müvafiq normalara istinad edilmişdir. Bu normalardan biri də üçüncü şəxs olaraq mülkiyyətçinin hüquqlarından sui-istifadəsi nəticəsində pozulan əmlak hüquqlarımızla əlaqədar olan Mülki Məcəllənin 157.8-ci maddəsidir. Bu maddənin mahiyyətinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Sözügedən maddənin hazırkı mübahisəyə şamil olunmamasının səbəbi məhkəmə qətnaməsində ümumiyyətlə əsaslandırılmamışdır. Belə ki, mülkiyyətçi olmayan şəxsin hüquqları Mülki Məcəllənin 158-ci maddəsində öz əksini tapmışdır. Bu maddəyə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Lakin nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmçinin, Mülki Məcəllənin 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Bu müddəaları nəzərə almayan məhkəmə, əmlakın faktiki olaraq mülkiyyətçiyə verilməməsinə heç bir münasibət bildirməmiş və əmlak bizim heç bir məlumatımız olmadan, iddiaçıya satılmışır. Məhkəmə istinad etdiyimiz müvafiq normalara aydınlıq gətirməyərək arqumentlərimizi dəyərləndirməmişdir, həmçinin məhkəmə qətnaməsini əsaslandırmamış, nə Mülki Məcəllənin 163-cü maddəsi, nə də Mülki Məcəllənin 572-ci maddəsinə əsasən bildiridyimiz arqumentlərə heç bir yanaşma göstərilməmişdir”.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
22. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, verilən izahatlar
23. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçının nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirmiş, "xxxx" ASC isə nümayəndəsini məhkəməyə göndərməmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
25. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu
26. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.
30. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
31. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.
32. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
33. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
34. Maddə 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.
35. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
36. 163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər.
37. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
38. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.
39. Maddə 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.
40. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğısatqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir.
41. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
42. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
43. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
44. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
45. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
46. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
47. Maddə 468.1. Borcluya və ya borclunun göstərdiyi şəxsə verilməli əmlak kreditorda olduqda, əgər borclu həmin əmlakı ödəmək və ya kreditora bununla bağlı xərclərin və digər zərərin əvəzini ödəmək öhdəliyini vaxtında icra etməzsə, kreditorun həmin əmlakı müvafiq öhdəlik icra edilənədək saxlamaq ixtiyarı vardır.
48. Maddə 468.2. Əmlakın və ya ona çəkilən xərclərin və digər zərərin əvəzinin ödənilməsi ilə bağlı olmasa da, tərəfləri sahibkarlar kimi fəaliyyət göstərən öhdəlikdən əmələ gələn tələblər də əmlakın saxlanması ilə təmin edilə bilər.
49. Maddə 468.3. Kreditor onda olan əmlakı həmin əmlak kreditorun sahibliyinə daxil olduqdan sonra əmlaka hüquqları üçüncü şəxsin əldə etməsinə baxmayaraq saxlaya bilər.
50. Maddə 469. Əmlakı saxlayan kreditorun tələbləri girovla təmin edilmiş tələblərin ödənilməsi üçün nəzərdə tutulan həcmdə və qaydada əmlakın dəyərindən ödənilir.
51. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qaşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
52. Maddə 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.
53. Maddə 572.2. Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir.
54. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
55. Maddə 757. Əgər podratçının hazırladığı və ya təmir etdiyi sifarişçiyə məxsus daşınar əşya hazırlanma və ya təmir məqsədilə onun sahibliyindədirsə, podratçı öz tələblərinin təminatı üçün həmin əşyaya girov hüququndan istifadə edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
59. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
60. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
61. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
63. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
64. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
65. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
67. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, hüququn tətbiq edilməsində səhv buraxmışdır.
68. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
69. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
70. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
71. İddiaçı, mülkiyyətində olan “X2 E-215 BLC” markalı, ban nömrəsi YN1147892, buraxılış ili 2007-ci il olan əmlakın (nəqliyyat vasitəsinin) cavabdehin qanunsuz sahibliyində olduğunu bildirir və əmlakının cavabdehdən alınıb ona qaytarılmasını tələb edir; cavabdeh isə iddiaya etiraz edərək, nəqliyyat vasitəsini Mülki Məcəllənin 757-ci maddəsinə əsasən girov kimi saxladığını, "xxxx" ASC-nin əmlakı iddiaçıya satmaqla üçüncü şəxslərin hüquqlarından azad əşya vermək vəzifəsinə riayət etmədiyini, əmlak hüququ kimi girov hüququnun mülkiyyətin başqa şəxsə keçməsi ilə xitam olunmadığını irəli sürür.
72. Bu kontekstdə kollegiyanın qənaətinə görə, mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübuta yetirməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
73. “X2 E-215 BLC” markalı texnika üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alındığı və iddia irəli sürüldüyü anda (həmçinin hazırda) əmlakın cavabdehin sahibliyində olduğu işin mübahisələndirilməyən hallarıdır; bu isə o deməkdir iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün, cavabdehin əmlaka sahibliyinin qanunsuz olub-olmadığı aydınlaşdırılmalıdır.
74. İşin hallarından aydın olur ki, “New Holland E-215 BLC” markalı ekskavator "xxxx" ASCnin mülkiyyətində olduğu dövrdə cavabdeh tərəfindən onun təmiri həyata keçirilmiş, həmin təmir işlərinə görə "xxxx" ASC-nin cavabdehə borcu yaranmış, borcun bir hissəsi ödənilsə də, qalıq borc ödənilməmiş, texnikaya dair xx.xx.2012-ci il tarixdə qüsur aktı tərtib olunaraq "xxxx" ASC-nin nümayəndəsi tərəfindən imza ilə təsdiq edilmişdir.
75. Bu baxımdan kollegiyanın qənaətinə görə, cavabdehin "xxxx" ASC-yə münasibətdə həmin əmlakı iki fərqli əsasla: 1) öhdəliyin icrasının təminatı üsulu olaraq (§ 47); 2) podratçı kimi tələblərinin təminatı üçün əşyaya girov hüququndan istifadə edərək (§ 55) özündə saxlamaq hüququ olmuşdur.
76. Qeyd olunmalıdır ki, cavabdehin sözügedən hüquqları müqavilə əsasında deyil, bilavasitə qanun (Mülki Məcəllə) əsasında yaranmışdır və buna görə də birinci instansiya məhkəməsinin “cavabdeh həmin hüququnu təsdiq edən hər hansı sübutu (girov müqaviləsini) təqdim edə bilməmişdir” qənaətinin hüquqi əsası mövcud deyildir.
77. Qanunvericilik təsbit edir ki, əgər üçüncü şəxs xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər, lakin sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur (§ 36).
78. İşin hallarından görünür ki, "xxxx" ASC əmlakı iddiaçıya özgəninkiləşdirərkən, bu barədə cavabdehə bildiriş verməmişdir və beləliklə də sahibliyin iddiaçıya ötürülməsi əslində cavabdeh üçün etibarlı deyildir.
79. Bununla belə nəzərə alınmalıdır ki, sahibliyin iddiaçıya ötürülməsi etibarlı sayılsa belə, hər bir halda cavabdehin, əşyanı "xxxx" ASC-nə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla iddiaçıya verməkdən də imtina etmək hüququ vardır (§ 36).
80. Cavabdehin "xxxx" ASC-nə qarşı “14 fevral 2012-ci il tarixli AA308\0412 nömrəli müqavilə üzrə görülmüş təmir işlərinə əsasən cavabdeh tərəfindən ödənilməli olan pul vəsaitinin tutulması, həmçinin borc ödənilənədək əmlakın (nəqliyyat vasitəsinin) saxlancda saxlanılması” tələbinin məhkəmə tərəfindən rədd edilmiş olması da məsələyə fərqli mövqedən yanaşılmasına səbəb ola bilməz; çünkü həmin tələb iddia müddətinin ötürülmüş olması əsası ilə təmin edilməmişdir - iddia müddətinin ötürülməsi isə öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı).
81. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında da qeyd etmişdir ki, “...girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. ...Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. ...Əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir”.
82. Şərh olunanları ümumiləşdirməklə kollegiya hesab edir ki, cavabdehin “New Holland E- 215 BLC” markalı ekskavatora sahibliyi qanunsuz sayıla bilməz; bu isə o deməkdir ki, iddiaçının Mülki Məcəllənin 157.2-ci maddəsinə istinadən irəli sürdüyü tələbin təmin olunması üçün zəruri olan şərtlərdən biri mövcud deyildir.
83. Kollegiya həmçinin iddiaçıya izah edir ki, o, əgər "xxxx" ASC əmlakı ona satarkən, əmlakı cavabdehin hüququ ilə yüklü vəziyyətdə almağa razılıq verməmişdirsə, bu halda əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb edə bilər (§ 52).
84. Kollegiya məhkəmə xərclərinə də münasibət bildirərək qeyd edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
85. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7090/2024 saylı iş üzrə 06 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh MMC-yə qarşı “nəqliyyat vasitəsinin cavabdehin qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsi” tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Ziya Şirinov
Hakimlər Elnur Həsənov
Leyla Əliyeva