Məhkəmə qərarları › İş №2-2(103)-244/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-244/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-244/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1863/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 12 dekabr 2019-cu il tarixli, 101842-819184/1 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə illik 23% ödəmək şərtilə 18 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında 12 dekabr 2019-cu il tarixli, 101842-819184/1 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin borclu Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 5290,91 manat əsas borc, 972,41 manat faiz borcu və gecikdirilmiş vaxt üçün illik 5 faiz 302,48 manat olmaqla cəmi 6565,8 manat və 200 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, Cavabdeh1 müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 5290,91 manat, faiz borcu 972,41 manat, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan faiz borcu 302,48 manat, cəmi borcu isə 6565,8 manat təşkil edir.

5. Cavabdeh1 birinci instansiya məhkəməsində faiz borcunun azaldılmasını xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1863/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada 5290,91 manat (beş min iki yüz doxsan manat doxsan bir qəpik) məbləğində əsas borc, müqavilə müddəti bitdiyi tarixdən sonrakı müddət üçün borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5 %-lə hesablanmış 204 manat (iki yüz dörd manat) məbləğində faizlər, cəmi 5494,91 manat (beş min dörd yüz doxsan dörd manat doxsan bir qəpik) məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 40 (qırx) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaitinin 80 manat hissəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada, 20 manat hissəsinin isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

7. Cavabdeh1 apellyasiya şikayəti verərək, həmin qətnamənin iddia tələbinin qismən təmin olunmuş hissəsinin ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçıya vaxtı-vaxtında ödəniş cədvəli üzrə ödənişləri etmiş və yekunda kreditindən 10000 manatdan çox ödəniş etmişdir. Lakin, bank onun ödənişlərini nəzərə almamış və məhkəmə də qətnamə qəbul edərkən onun ödədiyi məbləğlərə istinad etmədən, onları nəzərə almadan yekun məhkəmə qərarı çıxarmışdır. Hal-hazırda işsiz olduğu və maddi durumu aşağı olduğu üçün faiz borcunun azaldılmasına zərurət vardır. Bundan əlavə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 80 manat hissəsinin ondan tutulması əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh2 apellyasiya şikayəti ilə razı olduğunu bildirdi.

11. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

13. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

14. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

15. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Həmin Məcəllənin 102-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız Cavabdeh1 tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız həmin cavabdehə və kredit borcunun məbləğinə aid hissədə yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.

20. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741, 445.7-ci maddələri təşkil edir.

21. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.

22. Belə ki, kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 25 iyul 2022-ci il tarixli, 9/4891 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) ödənilməli əsas borcu 10287,93 manat, faiz borcu 72,30 manat, xx.xx.2022-ci il tarixə isə (iddia ərizəsinin verildiyi tarixə) ödənilməli əsas borcu 5898,79 manat, faiz borcu 130,26 manat təşkil edir.

23. Ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində əks olunmuş hesablama cədvəlindən müəyyən edilir ki, müqavilə müddətinin bitdiyi tarixə borc alana müqavilə şərtlərinə əsasən hesablanmış faiz borcu 72,3 manat təşkil etmiş, bundan sonra xx.xx.2022-ci il tarixədək ola müddətdə borc alana illik 5% hesabı ilə 268,82 manat faiz hesablanmışdır. Müqavilə müddəti bitdikdən sonra borc alan tərəfindən faiz üzrə (həm müqavilə faizləri və MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış faizlər) cəmi 210,86 manat məbləğində ödəniş edilmişdir. Odur ki, xx.xx.2022-ci il tarixə faiz borcu 130,26 (72,3+268,82-210,86) manat təşkil edir.

24. Göründüyü kimi borc alan tərəfindən kredit müqaviləsi şərtlərinə əsasən müqavilə müddəti üçün hesablanmış faizlər tam ödənilmiş, yalnız MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış faizlərin 130,26 manat hissəsi ödənilməmiş qalmışdır.

25. xx.xx.2022-ci il tarixdən sonuncu maliyyə arayışının verildiyi tarixədək, yəni xx.xx.2022-ci il tarixədək olan 3 aylıq müddət üçün isə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalı olan faiz borcu isə 73,73 (5898,79 manat 5%/12ay*3 ay) təşkil edir. Odur ki, sonuncu maliyyə arayışının və iddia tələbinin həcminin artırılması barədə ərizənin veriliyi tarixə əsas öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5%-lə hesablanmış faiz borcu 204 manat (130,26+73,73) təşkil edir.

26. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində iddianı tam təmin etmiş, faiz borcunun tutulması hissəsində iddianı rədd etmiş, müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunun tutulması hissəsində isə iddianı qismən təmin etmişdir.

27. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə 05 iyul 2022-ci il tarixli maliyyə arayışını, qeyd olunan ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739, 741, 445.7-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, Cavabdeh1 və kredit borcunun məbləğinə aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

28. Apellyasiya şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan əlavə cavabdehin maddi vəziyyəti iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borcun hissə-hissə ödənilməsi məsələsi isə qətnamənin icrası mərhələsində həll olunan məsələlərə aiddir. Eyni zamanda, məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun bölüşdürülmüşdür.

29. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

30. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1863/2022 saylı qətnaməsi Cavabdeh1 və kredit borcunun məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar