Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-244/2024 08.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: torpaqdan əldə edilmiş bəhər üzərində hüquq Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı cavabdedən 187820 kq (187 ton 820 kq) taxıl məhsulunun dəyəri olan 105000 manat pulun alınıb iddiaçıya verilməsi barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-4334/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-63/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı Qəbələ rayonu, Qaş ərazisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus torpaq sahəsinin 56,4516 ha hissəsinə girişinə və ondan istifadəsinə qadağa qoyulması və həmin torpaq sahəsinə münasibətdə istənilən müdaxiləsinə son qoyulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.
2. Həmin qətnamədən müəyyən olunur ki, Qəbələ Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 145 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə üzümçülüyü inkişaf etdirmək məqsədi ilə Qaş ərazisində uzunmüddətli icarəyə 174 hektar torpaq sahəsinin ayrılması qərara alınmış və tərəflər arasında xx.xx.2006-cı il tarixli 379 nömrəli müqavilə bağlanaraq Qəbələ Rayon İcra Hakimiyyəti və "xxxx" MMC xx.xx.2006-cı il tarixli 145 saylı sərəncamı əsasında müqavilə bağlamış, 174 ha torpaq sahəsini üzüm əkmək məqsədilə 90 il müddətinə "xxxx" MMC-nin icarəsinə vermişdir. Həmin icarə hüququ MH seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla dövlət qeydiyyatına alınmışdır. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə təqdim etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin icarəsində olan 94,9820 ha torpaq sahəsinin 56,4516 ha hissəsi İddiaçı faktiki istifadəsində olmuşdur.
3. İşdəki xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Qəbələ rayonunda icarəsində olan torpaq sahələrini cavabdehə (əvvəlki adı X3” MMC) icarəyə vermişdir.
4. İşdəki cavabdehin (“X3” MMC-nin) əməkdaşları, iddiaçı və kürd kənd sakini X1 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Qəbələ rayonu Qaş sahəsində "xxxx" MMC-nin uzun müddətli icarəsində olan 102 ha torpaq sahəsində Kürd kənd sakinləri tərəfindən əkilmiş 62 ha sahədən 44 ha torpaq sahəsindən “X3” MMC tərəfindən biçilərək müəssisənin anbarına 124600 kq buğda mədaxil edilmişdir.
5. xx.xx.2022-ci il tarixdə cavabdehin (“X3” MMC-nin) əməkdaşları, iddiaçı və kürd kənd sakini X1 tərəfindən imzalanmış digər aktdan görünür ki, Qəbələ rayonu Qaş sahəsində "xxxx" MMC-nin uzun müddətli icarəsində olan 102 ha torpaq sahəsində Kürd kənd sakinləri tərəfindən əkilmiş 62 ha sahədən 18 ha torpaq sahəsində “X3” MMC tərəfindən biçilərək müəssisənin anbarına 63220 kq buğda mədaxil edilmişdir.
6. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, bir kiloqram buğdanın orta satış qiyməti 70 qəpik təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddiaçıya məxsus 187820 kq (187 ton 820 kq) taxıl məhsulunun dəyəri olan 105000 manat pulun, həmçinin mediasiya prosesində mediasiya xərci kimi ödənilmiş 400 manatın alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2006-cı il tarixli, 379 nömrəli icarə müqaviləsi əsasında "xxxx" MMC-yə Qəbələ rayonu, Kürd kəndinin Qaş adlanan ərazisindən 102 ha torpaq sahəsi 90 illik icarəyə verilmiş, həmin torpaq sahəsinə seriya MH0003571 olan, reyestr nömrəsi **********43, qeydiyyat tarixi ********* saylı çıxarış işlənmişdir. Qeyd edilən 102 ha torpaq sahəsinin 56,4516 ha hissəsi iddiaçının sahibliyində və istifadəsində olmuş və həmin sahəyə buğda əkmişdir. Bundan sonra "xxxx" MMC iddiaçını məhkəməyə vermiş və Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)- 63/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Qəbələ rayonu Qaş ərazisində yerləşən "xxxx" MMC-yə məxsus torpaq sahəsinin 56,4516 ha hissəsinə girişinə və ondan istifadəsinə qadağa qoyulmuşdur. Yuxarıda qeyd etdiyi məlumatlar Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e2-2(117)-63/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Belə ki, sözügedən qətnamədə qeyd edilir ki, Qəbələ rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 145 nömrəli Sərəncamı ilə "xxxx" MMC-yə üzümçülüyü inkişaf etdirmək məqsədi ilə Qaş ərazisində olan dövlət torpaq fondundan 174 ha uzun müddətli icarəyə torpaq sahəsinin ayrılması qərara alınmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli, 379 nömrəli müqavilədən görünür ki, Qəbələ rayon İcra Hakimiyyəti və "xxxx" MMC xx.xx.2006-cı il tarixli 145 saylı sərəncam əsasında müqavilə bağlamış, 174 ha torpaq sahəsi üzüm əkmək məqsədilə 90 il müddətinə "xxxx" MMC-nin icarəsinə verilmişdir. MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ rayonu Qaş ərazisində yerləşən 102 ha torpaq sahəsi 90 il müddətinə "xxxx" MMC-nin icarəsində olmasında dair hüququ dövlət qeydiyyatına alınmışdır. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə təqdim etdiyi mütəxəssis rəyindən görünür ki, "xxxx" MMC-nin icarəsində olan 94,9820 ha torpaq sahəsinin 56,4516 ha hissəsi İddiaçı faktiki istifadəsindədir. Yəni, məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, 102 ha torpaq sahəsinin yalnız 56,4516 ha hissəsini cavabdehin (İddiaçı) qeyri-qanuni istifadəsində olduğu təsdiqləndiyindən, iddia həmin hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Cavabdehin əvvəl adı “X3” MMC olmuş, hüquqi ünvanı Qəbələ rayonu olduğundan hazırki tələblə bağlı Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Lakin, cavabdehin adı və hüquqi ünvanı dəyişdiyindən hazırki tələbi ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə mübahisəsi başlamamışdan istifadə etdiyi 52,4516 ha torpaq sahəsinə əkdiyi buğda məhsulu cavabdeh tərəfindən biçilərək həmin Cəmiyyətin anbarına yığılmışdır. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlarda xx.xx.2022-ci ildə 44 ha torpaq sahəsində əkilmiş 124600 kq buğda məhsulunun və xx.xx.2022-ci il tarixdə 18 ha torpaq sahəsinə əkilmiş 63220 kq buğda məhsulu cavabdeh tərəfindən biçilərək müəssisənin anbarına mədaxil edilmişdir. Bununla bağlı tərəzi çekləri və sahə qaimələri yuxarıda qeyd edilən aktlara əlavə edilmişdir (xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlar və onlara əlavə edilən tərəzi çekləri və qaimələrin əsli cavabdehdə saxlanılmış, biz həmin sənədlərin surətini əldə edə bilmişik. 2 ədəd akt və 13 ədəd tərəzi çeki və qaimələr) Yuxarıda qeyd edilənlərdən də məlum olur ki, istifadə etdiyi 52,4516 ha torpaq sahəsinə əkdiyi ümumilikdə 187,82 ton (187 820 kq (124 600 kq+63 220 kq)) buğda məhsulu cavabdeh tərəfindən toplanaraq həmin müəssisənin anbarına daxil edilmişdir. Dəfələrlə məhsulunun ona geri verilməsini cavabdehdən tələb etsə də, onlar nə məhsulunu, nə də məhsulun dəyərini ona qaytarmamışlar. Bundan sonra həmin tələbi ilə bağlı mediasiya prosesinin keçirilməsi məqsədilə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, lakin cavabdeh həmin təklifinə qanunla müəyyən edilmiş müddətdə cavab verməmişdir. Daha sonra isə iddiaçı ilkin mediasiya sessiyasının təyin edilməsi ilə bağlı Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Təyin edilmiş mediator tərəfindən ilkin mediasiya sessiyası təyin edilsə də, cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bununla bağlı iddiaçı mediasiya təşkilatına ilkin mediasiya sessiyası üçün 400 manat rüsum da ödəmişdir. Bundan sonra iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya ünvanlayaraq istifadəsində olan 52,4516 ha torpaq sahəsindən biçdikləri 187 ton 820 kq taxılın və ya onun dəyərinin ona qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh bu müraciətinə də məhəl qoymamışdır. Həmin taxılın bir kiloqramının dəyəri 0,56 qəpik olmuşdur. Hazırda isə 1 kiloqram taxıl 0,70 qəpikdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məlum olur ki, cavabdeh iddiaçının istifadəsində olan 52 ha torpaq sahəsinə əkdiyi taxıl məhsulunu biçərək öz anbarına yığmış və tələb etməsinə baxmayaraq həmin məhsulu ona qaytarmamışdır.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4334/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia rədd edilmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, Şəki Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsindən göründüyü kimi torpaq sahəsi cavabdehə qanuni əsaslarla verilmiş və həmin torpaq sahəsi üzərindəki hüququ dövlət qeydiyyatına alınmış, iddiaçının isə həmin torpaq sahəsi ilə bağlı hər hansı rəsmi sənədi olmamışdır.
11. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, işin hallarından və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən göründüyü kimi iddiaçı cavabdehə məxsus (icarəsində olan) torpaq sahəsindən qanunsuz istifadə etməklə həmin torpaq sahəsində əkin əkmişdir. Yəni iddiaçı cavabdehin icarəsində olan torpaq sahəsinə özbaşına olaraq sahiblənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinin tələbinə əsasən, bu hal iddiaçının vicdansız sahib olduğunu göstərir. Həmin maddənin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər.
12. Məhkəmə son olaraq qeyd etmişdir ki, vicdansız sahib olan iddiaçı torpaq sahəsinin ona məxsus olmadığını bildiyi halda, yəni qanunsuz sahibliyində olduğu vaxtda torpaq sahəsi üçün çəkdiyi xərcləri, habelə torpaq sahəsinin bəhərini geri tələb etməkdə haqlı deyildir. Eyni zamanda, icarə müqaviləsinə əsasən cavabdeh icarəyə götürdüyü torpaq sahəsindən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da ona verildiyindən, torpaq sahəsinin təbii bəhəri də onun mülkiyyətindədir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4334/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan 187.820 kq buğda iddiaçı tərəfindən əkilmiş, cavabdeh tərəfindən isə biçilib götürülmüşdür. Sözügedən miqdarda buğda məhsulunun cavabdeh tərəfindən biçilərək anbarlarına tökülməsi sonradan isə razılaşmanın olacağına dair sənədləşmə aparılmış, hər iki tərəf akt və qaimə imzaları ilə təsdiq etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş etiraz və icara müqaviləsini məhkəməyə təqdim etmişdir. Müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə cavabdeh arasında torpaq sahəsinə dair icarə müqaviləsi 01 noyabr 2021-ci il tarixdə bağlanılmışdır. Hansı ki, həmin vaxta qədər mübahisə predmeti olan torpaq sahəsi əkilərək toxum səpilmişdir. Yəni müqavilənin özündən göründüyü kimi taxıl səpilib qurtaranadək cavabdehin həmin torpaq sahəsinə münasibətdə heç bir hüquqi bağlılığı olmamışdır. Belə olduğu təqdirdə isə məhkəmə işin bu faktiki halını araşdırmamış, iddiaçını mübahisəyə münasibətdə “vicdansız sahib” adlandırmaqla düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Yəni iddiaçı sözügedən müqavilənin mövcudluğunu heç bilmək istəsə belə bilə-bilməzdi. Eyni zamanda, həmin müqavilə tərəflər arasında sonradan, yəni taxıl məhsulu alınaraq anbara töküldükdən sonra bağlanılaraq məhkəmə mübahisəsi ilə bağlı iş materiallarına əlavə edilmişdir. Belə ki, sözügedən və hazırki mübahisədə əsas predmet olan “icarə müqaviləsinin “sonradan bağlanmasına biz sübut edə bilmərik, ancaq eyni zamanda cavabdeh tərəf də müqavilənin sonradan deyil, məhz 01 noyabr 2021-ci il tarixdə bağlanılmasını hər hansı mötəbər sübut vasitəsi ilə təsdiq edə bilməz, yəni bizim həmin müqavilənin sonradan bağlanılmasına dair dəlillərimizi təkzib edən, bunun əksini təsdiq edən subut təqdim edilə bilməz. Cavabdeh tərəf belə bir müqavilə əvvəldən mövcud olsaydı, mənim taxıl məhsulumu anbarına, heç bir əsas olmadan biçib tökərkən, əlbəttə ki, müqaviləni bizə təqdim edərdi, əksinə taxılın anbara tökülməsini təsdiqləyərək sonradan məsələnin həll edilməli olmasını bildirməzdi. Əvvəlki məhkəmə mübahisələri zamanı həmin icarə müqaviləsi məhkəmələrə təqdim edilməmiş, həmin mübahisələr üzrə məhkəmə qətnamələrində icarə müqaviləsinə istinad edilməmiş və iş materiallarında yoxdur. Əgər sözügedən icarə müqaviləsi 2021-ci ildən mövcud olmuş olsa idi, məhkəmə mübahisələri üzrə yekun məhkəmə qərarları çıxarılarkən məhz ona da istinad edilmiş olsa idi, bu hal artıq qətnamədə əksini tapdığından iddiaçı iddiasını geri çəkərdi. Hansı ki, həmin qətnamələr iddiaçı tərəfindən hazırki iş üzrə məhkəməyə təqdim edilmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
16. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
17. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 135.10-cu maddə- adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 135.12-ci maddə- əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir. 181.3-cü maddə- şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12-ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
111-ci maddəsinin 2-ci hissəsi- özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
18. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4334/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçı dövlətə məxsus Qəbələ Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 145 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilmiş Qəbələ rayonu Qaş ərazisində yerləşən özbaşına tutduğu 56,4516 ha torpaq sahəsində buğda əkmiş, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-63/2022 saylı qətnaməsi əsasında iddiaçı həmin sahədən çıxarılmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə əsasında həmin sahəsini "xxxx" MMC-dən icarəyə götürmüşdür.
21. İddiaçı onun tərəfindən çıxarıldığı torpaq sahəsində əkilmiş və cavabdeh tərəfindən yığılmış 187820 kq (187 ton 820 kq) taxıl məhsulunun dəyəri olan 105000 manat pulun cavabdehdən tutulmasını tələb edir.
22. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlara əsasən müəyyən olunur ki, 187820 kq buğda yalnız iddiaçının zəbt etdiyi sahədən deyil, ümumilikdə 102 ha sahədən yığılmış və həmin aktda taxılın Kürd kənd sakinləri İddiaçı və X1 tərəfindən əkildiyi qeyd edilmişdir. Belə olan halda müəyyən olunur ki, həmin taxılın hamısı iddiaçı tərəfindən əkilməmişdir.
23. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddianın təmin edilməsi üçün qanuni əsas yoxdur. Belə ki, iddiaçı hazırda zəbt etdiyi torpaqdan əldə edilmiş bəhər üzərində hüququ olduğunu iddia edərək həmin bəhərin, yəni buğdanın dəyərinin cavabdehdən tutulmasını tələb edir və bunu belə əsaslandırır ki, cavabdeh həmin bəhər üzərində hər hansı hüquqa malik deyil.
24. Məhkəmə qeyd edir ki, cavabdehin hüquqları ilə bağlı araşdırma aparılmasından əvvəl ilk növbədə məhkəmə tərəfindən iddiaçının özünün tələb etdiyi əmlak (və ya dəyəri) üzərində subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalıdır. MMnin 135.12-ci maddəsində əşyanın təbii bəhərinin əşyanın mülkiyyətçisi kimdirsə onun mülkiyyətində olduğu təsbit edildiyindən müəyyən olunur ki, hazırda dövlət mülkiyyətində olan və zəbt edilmiş torpaq sahəsində əkilmiş taxıl üzərində mülkiyyət hüququ dövlətə məxsusdur və bu məhsulu başqa şəxsin qanunsuz sahibliyindən yalnız torpağı icarəyə vermiş dövlət orqanı tələb edə bilər. İddiaçının zəbt etdiyi torpaqda əkdiyi məhsulla bağlı hər hansı xərcin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olmadığı eyni zamanda Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində öz əksini tapmışdır.
25. İşə baxmış məhkəmənin iş üzrə gəldiyi nəticə düzgün olduğundan qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
26. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4334/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4334/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.