Məhkəmə qərarları › İş №2-2(103)-245/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-245/2021

13.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-245/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Məmmədzadə Ramil Tarix oğlunun və cavabdeh “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndəsi Babayev Fərman Ağababa oğlunun iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-362/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı “Azer Mega Response Pazarlama LTD” müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Azer Mega Response Pazarlama LTD” müəssisəsi cavabdehlər “Körpü Tunel Tikinti” MMC, “Azərbaycan Dəmir Yolları” QSC və “Cavabdeh1 Mühendislik və Müşavirlik A.Ş”-yə (“Nooril-İman L.P” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 4 ünvanda 2.5 ha özəl torpaq sahəsində “Azer Mega Response Pazarlama LTD” şirkətinə məxsus fındıq emalı zavodunun giriş qapısının önündə inşa edilmiş piyada keçidinin sökülməsi və müvafiq qaydada təsdiq edilmiş layihəyə uyğun tikilməsinin “Körpü Bina Tikinti” MMC-nin üzərinə qoyulması, mövcud yolun təhlükəsizlik tələbini təmin edən mövcud şəhərsalma qaydalarına uyğun təsdiq edilmiş layihə əsasında bərpasına texniki cəhətdən əlaqələndirmə, tikinti işlərin aparılmasına şərait yaradılmasının “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-362/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı “Azer Mega Response Pazarlama LTD” müəssisəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Məmmədzadə Ramil Tarix oğlu apellyasiya şikayətini müdafiə etdi, cavabdeh “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndəsi Babayev Fərman Ağababa oğlu isə apellyasiya şikayətinə etiraz etdi. Digər cavabdehlərin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir. Həmin əmlak kompleksinin qarşısından dəmir yolu keçir. Əvvəllər həmin dəmir yolu üzərində avtomobil yolu keçidi mövcud olmuşdur. Sonradan “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən həmin keçid sökülmüş və dəmir yolunun kənarları mühafizə olunmuş, habelə üzərindən piyada keçidi tikilmişdir. İddiaçı bildirir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 4 ünvanda 2,5 ha özəl torpaq sahəsində iddiaçıya məxsus fındıq emalı zavoduna yeganə giriş dəmir yolu üzərində qurulmuş avtomobil yolu keçidi olmuşdur. Zavodun ərazisi fərdi yaşayış evləri ilə əhatə olunduğundan buraya hər hansı bir başqa girişin açılması mümkün deyildir. Araşdırmalar və cavabdeh tərəfindən verilmiş sənədlər əsasında məlum olmuşdur ki, zavodun qarşısında olan ərazidə “Cavabdeh1 Mühendislik və Müşavirlik A.Ş”-nin tərtib etdiyi layihə əsasında yerüstü piyada keçidi tikilir. Layihənin sifarişçisi “Azərbaycan Dəmir Yolları” QSC dəmiryolunun üzərindən piyadalar üçün keçid tikilməsinin layihəsini sifariş etmişdir. Bununla belə, araşdırmalar zamanı müəyyən edilmişdir ki, ümumiyyətlə tikinti işlərin aparılmasına qanunvericiliyin tələbinə əsasən tələb olunan heç bir icazə verici sənəd, o cümlədən icra hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi yoxdur və aparılan tikinti işləri qanuni hesab edilməsi üçün bu komitənin tikilən obyektlərin reyestrinə daxil edilməmiş, ona müvafiq tikintiyə icazə ilə bağlı kod verilməmişdir. Digər tərəfdən qeyd edilən layihənin yalnız texniki göstəricilərinin düzgün olduğunu bildirən “Dövlət ekspertiza razılaşdırılmışdır” kimi bir ştamp vurulmuşdur. Lakin bu layihənin icra edilməsi üçün kifayət deyildir. Layihənin düzgün hazırlanmadığı ən azından ondan irəli gəlir ki, dəmir yolu üzərində salınan piyada körpüsü 3-cü şəxslərin hüquq və maraqlarına toxunmamalıdır. Lakin layihə hazırlanarkən ətraf ərazilərə uyğun şərait nəzərə alınmamışdır. Cavabdeh “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndəsi iddiaya etiraz edir və bildirir ki, ərazidə aparılan işlər məhz “Bakı sərnişin – Sabunçu – Pirşağı – Sumqayıt sərnişin – Xırdalan - Biləcəri - Bakı dairəvi dəmir yolunun yenidən qurulması layihəsi” çərçivəsində aparılır. Həmin layihə “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə – smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2018-ci il tarixli, 3767 №-li sərəncamında verdiyi təxirəsalınmaz tapşırıqların icrası məqsədilə həyata keçirilir və layihə üzrə aparılan tikinti işlərin Nazirlər Kabinetinin sərəncamı ilə icazə verilmişdir. Həm köhnə avtomobil yolu keçidi, həm də yeni tikilmiş yerüstü piyada keçidi “Azərbaycan Dəmir Yolları” QSC-nin mühafizə zolağında yerləşir və mühafizə zolağının hüdudları 24 metr təşkil edir. “Azərbaycan Dəmir Yolları” QSC özünə məxsus ərazidə tikinti işləri aparmağa haqlıdır. “Azer Mega Response Pazarlama LTD” müəssisəsinə məxsus zavodun isə mühafizə zolağı ilə heç bir əlaqəsi yoxdur. Bundan başqa iddiaçı tərəfindən həmin avtomobil yolu keçidinin açılması ilə bağlı heç bir qərar və ya layihə təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş birinci tələb ona məxsus fındıq emalı zavodunun giriş qapısının önündə inşa edilmiş piyada keçidinin sökülməsi və müvafiq qaydada təsdiq edilmiş layihəyə uyğun tikilməsinin “xxxx” MMC-nin üzərinə qoyulması ilə bağlıdır. İddiaçının istinad etdiyi hal isə ondan ibarətdir ki, piyada keçidinin tikintisi qanunvericiliyin tələblərinə zidd olaraq buna hər hansı icazə verilmədən qanunsuz olaraq həyata keçirilir. Qeyd olunan hallara əsasən həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 180-ci maddəsi təşkil edir. Həmin normanın tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (Mülki Məcəllənin 180.1-ci maddəsi). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.4-cü maddəsi). Qeyd olunan tələblərin əsaslı olub-olmadığının yoxlanılması üçün aşağıdakı hallar araşdırılmalıdır: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olub-olmadığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. Mülki Məcəllənin qeyd olunan maddənin dispozitiv şərtlərindən məlum olur ki, özbaşına tikinti hesab edilən daşınmaz əmlaklar yalnız məhkəmənin qərarı əsasında sökülə bilər və bu iddiaları müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəf irəli sürə bilər. Həmçinin maddədə göstərilən “maraqlı tərəf” dedikdə, özbaşına tikintinin aparılması nəticəsində qanunla qorunan maraqları və hüquqları pozulmuş şəxslər başa düşülür. Lakin hazırkı iş üzrə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun maddə 9- 1-ci maddəsinə əsasən avtomobil yollarında piyada keçidləri təhsil, səhiyyə, iri ticarət (xidmət, istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır. Piyada zolağında hərəkətin svetoforla nizamlanması vacib olan hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (1-ci bənd). Bu Qanunun 9-1-ci maddəsinin İİİ hissəsinin 2-ci bəndində nəzərdə tutulan avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan digər hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (4-cü bənd). Hazırki işin də halları ondan ibarətdir ki, “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihəsmeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 3767 saylı Sərəncamına əsasən Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi, əsaslı təmiri və tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.3.7-ci yarımbəndində göstərilmiş məbləğin 100,0 (yüz) milyon manatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ayrılmışdır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2019-cu il tarixli 644 saylı Sərəncamı ilə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 İyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.7-1.1-ci yarımbəndinə əsasən “Bakı sərnişin - Sabunçu - Pirşağı - Sumqayıt sərnişin - Xırdalan - Biləcəri - Bakı sərnişin dairəvi dəmir yolunun yenidən qurulması” obyektinin tikintisinə icazə verilmişdir. Hazırda mübahisələndirilən piyada keçidinin tikintisi də məhz yuxarı icra hakimiyyəti orqanlarının aktlarına uyğun olaraq bu sahədə müvafiq icra hakimiyyəti orqanı olan “xxxx” QSC-nin sifarişi əsasında “Körpü Tunel Tikinti” MMC tərəfindən həyata keçirilmişdir. Göründüyü kimi mübahisələndirilən piyada keçidinin özbaşına olaraq tikilməsi müəyyən olunmur. Bu baxımdan kollegiya hesab edir ki, piyada keçidinin sökülməsi ilə bağlı iddia tələbləri digər şərt yoxlanılmadan rədd olunmalıdır. Eyni zamanda iddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçının digər tələbləri servitutla bağlıdır. Yəni o, məhz ona məxsus zavoda dəmir yolu üzərindən olan yeganə avtomobil yolunun bağlanmasına istinad edərək, ona avtomobil giriş-çıxış yolu verilməsi üçün həmin tələbləri irəli sürmüşdür. Bu əsasla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 255-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir (255.1). Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər (255.4). Qeyd olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi servitut daşınmaz əmlak mülkiyyətçisinin digər mülkiyyətçinin daşınmaz əmlakından istifadə etmədən ödənilə bilməyən ehtiyaclarının təmin edilməsi üçün tələb oluna bilər. Yəni şəxsin öz daşınmaz əmlakına mülkiyyət hüququnu tam həyata keçirməsi üçün digərinin daşınmaz əmlakından istifadə etməsi vahid çıxış yolu olarsa həmin əmlak servitutla yüklü edilə bilər. Əgər mülkiyyətçinin öz daşınmaz əmlakından istifadə etməsi üçün yaranmış ehtiyacı bir neçə digər mülkiyyətçilərin daşınmaz əmlakı hesabına təmin edilə bilərsə, servitut bu məqsəd üçün daha əlverişli olan, az məsrəflər hesabına başa gələn daşınmaz əmlaka qoyulmalıdır. Qeyd olunan hallar üzrə sübutetmə vəzifəsi isə məhz servitut tələb edən şəxsin, yəni hazırda iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı sübut etməlidir ki, ona məxsus zavoddan yeganə giriş çıxış yolu məhz dəmir yolu üzərində olmuş avtomobil yoludur və bundan başqa servitutla yüklü edilə biləcək hər hansı bir yol mövcud deyildir. Lakin hazırki işdə bu hallar sübut olunmur. Belə ki, yuxarıda qeyd olunan halların, yəni dəmir yolu üzərindən keçən avtomobil yolunun iddiaçının yeganə giriş-çıxış yolu olub-olmamasının, həmin yola alternativ hər hansı bir yolun mövcud olub-olmamasının və digər halların müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2020-ci il tarixli 17947 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən ünvan 1 ünvanında yerləşən “X4 Pazarlama LTD” şirkətinə məxsus obyektin qarşısında piyada keçidinin inşasına dair müvafiq qaydada təsdiq edilmiş layihə sənədləri təqdim edilmədiyindən bu sualın cavablandırılması mümkün olmadı. Tədqiq olunan sahədə iri tonajlı avtomobillərin zavodun ərazisinə keçidi üçün dəmiryolunun üzərində mövcud olmuş avtomobil yol keçidinin faktiki olaraq söküldüyü və həmin sahədə (avtomobil keçid yolunun üzərində) yerüstü piyada keçidinin inşası ilə bağlı tikinti işləri aparılaraq tökmə dəmir-beton dayaq elementləri quraşdırıldığı müəyyən edilmişdir. Faktiki vəziyyətdə həmin sahədən zavodun ərazisinə nəqliyyat vasitələrinin, o cümlədən iri tonnajlı avtomobillərin keçidi mümkün deyildir. Qeyd olunur ki, tədqiq olunan əraziyə iri tonnajlı avtomobillərin keçidi mövcud dəmir yolunun altından tikinti norma və qaydalarına əsasən keçid yolu (tunel) inşa edilməsi ilə mümkün ola bilər. Baxış zamanı tədqiq olunan zavodun yerləşdiyi ərazinin yaxınlığından keçən (Məmmədəli Şərifli küçəsi tərəfdən) yalnız bir məhəllə daxili küçə olduğu, küçənin relyefi mailli olmaqla, eni giriş hissədə 4,9 metr, orta hissələrdə 4,6-5,4 metr, zavodun ərazisinə yaxın hissələrdə isə təqribən 10 metr, küçənin mailliyi isə yerlərdən asılı olaraq 25-30° təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş rəyin məlumatlarını, eləcə də baxış zamanı müəyyən edilmiş məlumatları nəzərə alaraq, tədqiq olunan zavodun ərazisinə iri tonajlı avtomobillərin girişi üçün digər istiqamətdən (Məmmədəli Şərifli küçəsi tərəfdən məhəllədaxili küçə) alternativ yolun çəkilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 16 nömrəli qərarı ilə təsdiq olunmuş “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında Qanunun tələblərinə uyğun olmadığı müəyyən edilir. Hazırki apelyasiya baxışı zamanı mübahisəli əraziyə yerində müayinə keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçıya məxsus zavodun əhatəsində çoxsaylı yaşayış evləri, önündə isə dəmir yolu mövcuddur. Dəmir yolunun üzərində əvvəllər avtomobil yolu olmuş, sonradan həmin yol sökülərək, dəmir yolunun kənarları mühafizə olunmuş və üzərindən piyada keçidi tikilmişdir. Həmçinin dəmir yolu üzərindən kifayət qədər böyük surətə malik qatarlar keçir. Kollegiya qeyd edir ki, iddia tələblərinin təmin edilməsi və iddiaçıya servitut, yəni dəmiryolu üzərindən avtomobil yolu verilməsi üçün ilk növbədə iddiaçı digər heç bir yolla onun giriş-çıxışının təmin edilməsinin mümkün olmadığını sübut etməlidir. Bunun üçün isə o, ən azı ona məxsus zavodun əhatəsində olan çoxsaylı yaşayış evlərinin xüsusi mülkiyyətdə olması və ya digər texniki səbəblərə həmin yaşayış evlərindən heç bir halda servitut ala bilməyəcəyini sübut etməlidir. Yalnız həmin hallar öz təsdiqini tapdığı halda tikinti norma və qaydalarının tələbləri nəzərə alınmaqla iddiaçıya servitut verilməsi məsələsi həll oluna ola bilər. Çünki yerində müayinə zamanı da müəyyən olunmuşdur ki, üzərindən yüksək surətli qatarlar keçdiyi üçün dəmir yolunun üzərindən avtomobil yolunun salınması çox təhlükəlidir. Lakin iddiaçı qeyd olunanların təsdiqi barədə sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması” Qaydalarının 2-ci bəndinin 3-cü abzasına əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 15-ci bəndinə əsasən xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yol obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Bu Qaydalarda nəzərdə tutulmuş fəaliyyət istisna olmaqla, xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinə əsasən avtomobil yollarının dəmir yolları ilə kəsişməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mövcud standart və normaların və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq müəyyən olunmuş qaydada təsdiq edilmiş layihə sənədləri əsasında həyata keçirilir. Eyni səviyyəli dəmir yollarından keçən avtomobil yol keçidlərinin bağlanması və açılması haqqında qərarlar, dəmir və avtomobil yolları mülkiyyətçilərinin və müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul olunur. Lakin hazırki işdə iddiaçı “Azer Mega Response Pazarlama LTD” müəssisəsi qeyd dəmir yolu xətti ilə eyni səviyyədə kəsişmədə tikilmiş avtomobil yolu keçidi üçün razılığın alınması ilə bağlı aidiyyatı orqanlara müraciət etməsini təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçının istinad etdiyi “Başkan” firması ilə Azərbaycan Dövlət Dəmir X2 İstehsalat Birliyi arasında bağlanmış xx.xx.2000-ci il tarixli müqavilə isə həmin müraciətlərin edilməsi və icazələrin alınmasını deyil, podrat müqaviləsinin bağlanması və dəmi yolu üzərindən avtomobil yolu keçidinin kim tərəfindən tikilməsini təsdiq edir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı “Azer Mega Response Pazarlama LTD” müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-362/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar