Məhkəmə qərarları › İş №2-2(103)-245/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-245/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-245/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlərin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı icarə müqaviləsinin ləğv edilməsi, əmlakın qaytarılması və pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5628/2024 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 16 iyun 2023-ci il tarixli, № 16/0623P2 saylı icarə müqaviləsinin ləğv olunması, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 16 iyun 2023- ci il tarixli, № 16/0623P2 saylı icarə müqaviləsi və İddiaçı MMC ilə digər cavabdeh Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2023-cü il tarixli “zaminlik müqaviləsi” əsasında icarə haqqından yaranmış 47619,81 manat məbləğində pulun cavabdehlərdən tutularaq, İddiaçı MMC-yə verilməsi, cavabdehə təqdim olunmuş 1 ədədinin qiyməti 25 manat olmaqla, 4000 ədəd 3,85 metr ölçülü dəmir dirəklərin və yaxud onların dəyəri olan 100000 manat pulun, 1 ədədinin qiyməti 20 manat olmaqla 300 ədəd 1,5 metr ölçülü dəmir dirəklərin və yaxud onların dəyəri olan 6000 manat pulun cavabdehlərdən alınaraq İddiaçı MMC-yə verilməsi, hüquqi yardım üçün vəkilə ödənilən 300 (üç yüz) manat pul və ödənilmiş 444 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 16 iyun 2023-ci il tarixli, № 16/0623P2 saylı icarə müqaviləsi və İddiaçı MMC ilə digər cavabdeh Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi əsasında icarə (həmçinin daşınma) haqqından yaranmış 47619,81 manat məbləğində pulun cavabdehlərdən tutularaq İddiaçı MMC-yə verilməsi, cavabdehə təqdim olunmuş 1 ədədinin qiyməti 25 manat olmaqla, 4000 ədəd 3,85 metr ölçülü dəmir dirəklərin və yaxud onların dəyəri - 100000 manat pulun, 1 ədədinin qiyməti 20 manat olmaqla, 300 ədəd 1,5 metr ölçülü dəmir dirəklərin və yaxud onların dəyəri - 6000 manat pulun cavabdehlərdən alınaraq İddiaçı MMC-yə verilməsi, hüquqi yardım üçün vəkilə ödənilən 300 (üç yüz) manat pul və ödənilmiş 444 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5628/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada 47619,81 manat (qırx yeddi min altı yüz on doqquz manat səksən bir qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh1nə təhvil verilmiş 1000 ədəd 3,35 metr ölçülü, 3000 ədəd 3,85 metr ölçülü, 300 ədəd 1,5 metr ölçülü dəmir dirəklər alınaraq İddiaçınə geri qaytarılması, cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada 300 (üç yüz) manat məbləğində hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137,52 manat (yüz otuz yeddi manat əlli iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edliməsini və həmin hissədə iddianın rədd edilməsi edilməsini xahiş etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apelyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırki iş üzrə iddianın qismən təmin edilməsi barədə nəticəyə gələn Bakı Kommersiya Məhkəməsi, həmin hissədə iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xidmətlər haqqında PR1469-2308 nömrəli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xidmətlər haqqında PR1469- 2309 nömrəli və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xidmətlər haqqında PR1469-2311 nömrəli aktlara istinad etmişdir. Hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin iddianın təmin edilməsi hissəsində iş üzrə səhf nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdyi həmin PR1469-2308 nömrəli, PR1469-2309 nömrəli və PR1469-2311 nömrəli aktlardakı imza Cavabdeh1 MMC-nin qanuni təmsilçisinə və ya digər səlahiyyətli nümayəndəsinə aid deyil. Həmin aktlar Cavabdeh1 MMC-yə təqdim olunmamışdır. İddiaçı MMC-ni təmsil edən şəxs (lər) başqa sənədlərin arasına sözügedən aktları qoymuş və nəticədə həmin aktlara MMC-nin möhürünün vurulmasına nail olmuşlar. Bundan Cavabdeh1 MMC-nin məlumatı olmamışdır. Qeyd olunan xüsusatın araşdırılması və həqiqətin aşkara çıxarılması yalnız iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin oulunması yolu ilə mümkün ola bilər. Bundan başqa, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarəyə verən müvafiq avadanlığı icarəyə təhvil verdikdən sonra icarə haqqının hesablanması başlayır. İddiaçı MMC-nin məhkəməyə təqdim etdiyi 01 №-li aktda 3.000 ədəd 3.85 m. dəmir dirəyin xx.xx.2023-cü il tarixdə, 02 №-li aktda isə 1.000 ədəd 3.35 m. dəmir dirəyin və 300 ədəd 1.5 m. dəmir dirəyin xx.xx.2023-cü il tarixdə təhvil verildiyi qeyd olunmuşdur. Belə olan halda, aylıq icarə haqqı da 3.000 ədəd 3.85 m. dəmir dirəyə münasibətdə xx.xx.2023-cü il tarixdən, 3.000 ədəd 3.35 m. dəmir dirəyin və 300 ədəd 1.5 m. dəmir dirəyə münasibətdə isə xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmin qaydada hesablama aparıldıqda müəyyən ounur ki, ödənilməmiş icarə haqqı 19.593 manat olmalıdır. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi həmin hesablamalarda da səhvə yol vermiş və təqdim olunmuş aktlara əsasən icarə haqqının məbləğini düzgün müəyyən etməmişdir. Hesab edir ki, müzakirə olunan hissədə də icarə haqqının düzgün müəyyən olunması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməli idi. Lakin birinci instansiya məhkəməsi iş üzrə tam və obyektiv araşdırma aparılması, iş üzrə qanuni, əsaslı və ədalətli qərar qəbul edilməsi üçün qanunvericiliyin ona verdiyi səlahiyyətlərindən istifadə etməmişdir. Nəticədə isə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş və iş üzrə səhf qətnamə qəbul etmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

9. Digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

12. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

13. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.

14. Həmin Məcəllənin 704.1-ci əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin edilən hissəsində yoxlanılır. APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

21. Hazırki işin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 16 iyun 2023-ci il tarixli, № 16/0623P2 nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, Cavabdeh1 MMC müqaviləyə əsasən icarə haqqının ödənilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, müqaviləyə əsasən iddiaçı ona məxsus əmlakı cavabdehə icarəyə vermiş, cavabdeh isə icarə haqqını (eyni zamanda müqavilədə nəzərdə tutulmuş daşınma xərcləri) ödəməmişdir. Eyni zamanda İddiaçı MMC, Cavabdeh1 MMC və Qanuni nümayəndə arasında bağlanan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Qanuni nümayəndə xx.xx.2023-cü il tarixli, 16/0623P2 nömrəli icarə müqaviləsi ilə müəyyən edilmiş əsas öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı cavabdehlərdən 47619,81 manat məbləğində ödənilməmiş icarə haqqının tutulmasını xahiş etmişdir.

22. İşin halları müqavilə, müqaviləyə əlavələr, təhvil-təslim aktları, xidmətlər haqqında aktlar və digər sənədlərlə təsdiqlənmişdir.

23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında tələb olunan məbləğə ƏDV məbləğinin daxil edilmədiyini bildirmişdir. İddiaçı məhkəməyə hər iki tərəfin təsdiq etdiyi 3 akt təqdim etmişdir. Həmin aktlar üzrə ƏDV-siz məbləğ 27041,51 manat (9854,84+12886,67+4300=27041,51) təşkil edir və xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edir. İddiaçının nümayəndəsi verdiyi izahatında növbəti aylar üçün aktların cavabdehə təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən imzalanmadığını bildirmişdir. İddiaçı xx.xx.2024cü ilədək yaranmış borcun tutulmasını xahiş etmişdir (aylıq icarə haqqı 4300 manat təşkil etmişdir). İddiaçının nümayəndəsi əslində icarə haqqı məbləğinin daha çox olduğunu, lakin bəzi hallar nəzərə alınaraq, cavabdehə güzəşt etdklərini və tələbdə qeyd olunan məbləğin cavabdehlərdən tutulmasını xahiş etmişdir. İddia tələbində qeyd olunan əmlakların cavabdehə təhvil verilməsi (ümumilikdə 4300 ədəd dirək) təhvil-təslim aktları ilə öz təsdiqini tapır və həmin əmlaklar iddiaçıya qaytarılmamışdır. Ona görə də məhkəmənin qənaətinə əsasən iddiaçı həmin tələbi cavabdehlərə qarşı irəli sürməkdə haqlı olmuşdur.

24. Məhkəmə qanunvericilik normalarını, cavabdehlərin icarə müqaviləsi və zaminlik müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada 47619,81 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Belə ki, Qanuni nümayəndə ilə bağlanmış zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən o, xx.xx.2023 tarixli 16 0623P2 saylı icarə müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq (bənd 1), öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə velirmədikdə icarəyəverənin qarşısında icarəçinin öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşımaq (bənd 2.1), birgə məsuliyyət daşımaq (bənd 2.3) öhdəliyini üzərinə götürmüşdür.

25. Tərəflər arasında imzalanmış təhvil-təslim aktları ilə müəyyən edilir ki, İddiaçı MMC tərəfindən 3000 ədəd 3,85 m dəmir dirək, 1000 ədəd 3,35 m dəmir dirək və 300 ədəd 1,5 m dəmir dirək Cavabdeh1 MMC-yə təhvil verilmişdir. Ona görə də iddia tələbi sözügedən hissədə qismən təmin edilməli və Cavabdeh1 MMC-yə təhvil verilmiş 1000 ədəd 3,35 metr ölçülü, 3000 ədəd 3,85 metr ölçülü, 300 ədəd 1,5 metr ölçülü dəmir dirəklər alınaraq İddiaçınə geri qaytarılmalıdır.

26. Apellyator apellyasiya şikayətində iki məsələni mübahisələndirmişdir. Biri iddiaçının xidmətlərini təsdiq edən 3 ədəd aktlardakı imzanın cavabdeh hüquqi şəxsin qanuni təmsilçisinə aid olmaması, digəri isə həmin aktlarda qeyd edilənlərin məbləğlərin düzgün hesablanmamasıdır.

27. İşdə olan xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xidmətlər haqqında PR1469-2308 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 11628,71 manat təşkil edir.

28. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xidmətlər haqqında PR1469- 2309 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 15206,27 manat təşkil edir.

29. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xidmətlər haqqında PR1469- 2311 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 5074 manat təşkil edir.

30. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən aktlardakı imzanın cavabdeh tərəfindən yerinə yetirilməməsi üçün şübhə mövcud deyil. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində dəfələrlə keçirilən məhkəmə iclasları barədə məlumatlı olsa da, iştirak etməmiş, iddiaya etiraz etməmiş, elektron kabinetə belə şikayətdə göstərdiyi dəlili mülahizə və ya etiraz formasında iradə ifadəsini nümayiş etdirməmişdir. Bu dəlilin yalnız apellyasiya icraatında irəli sürülməsi, qeyd edilən aktlarda cavabdehin möhürünün olması onu göstərir ki, imzanın həqiqiliyinə dair şübhə və ya aldatma halları mövcud deyil və ona görə də həmin aktlarda göstərilmiş məbləğlər barədə cavabdehin razılığı olmuşdur. Cavabdeh tərəf bu məbləğlərin düzgün hesablanmasını da məhkəmədə mübahisələndirməmişdir. Qeyd edilənlər apellyasiya şikayətinin dəlillərinin (xətşünaslıq və mühasibatlıq ekspertizalarının keçirilməsi) əsassız olmasını göstərir.

31. İddiaçı icarə haqqı və əşyanın geri qaytarılması barədə irəli sürdüyü tələbləri təsdiq edən sübutları təqdim etmiş, məhkəmə mötəbərlik, aidlik və mümkünlük meyarlarına uyğun onları qiymətləndirərək, əsaslı olaraq iddia tələblərini qismən təmin etmişdir.

32. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

33. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1090/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar