Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-246/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi, fors-major hal, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X3, Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə yaranmış borcun, habelə boşdayanma xərcinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 17 senyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçının və cavabdehin nümayəndələri (vəkilləri) tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında 03 noyabr 2023-cü il tarixli AİS-CSS-031123 saylı “tikinti texnikasının icarəsinə dair” müqavilə bağlanmışdır.
2. Həmin müqavilənin 1.1-ci bəndinə görə, icarəyə verən təsviri, icarə müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş və razılaşdırılmış tikinti texnikasını (texnika) icarə predmeti qismində müqavilə ilə razılaşdırılmış şərtlərlə icarəçiyə icarəyə verməyi, icarəçi isə texnikanı icarəyə götürüb qarşılığında müqavilə ilə razılaşdırılmış icarə haqqını müqavilədə müəyyən olunan qaydada və şərtlərlə icarəyə verənə ödəməyi öhdələrinə götürürlər.
3. Müqavilənin 1.2-ci bəndinə əsasən, texnika icarəçi tərəfindən onun əsas təyinatı dəyişdirilmədən istifadə olunmaq üçün icarəyə götürülür. İcarəçi avtonəqliyyat vasitələrini tikinti işlərinin icra edilməsi məqsədilə Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şükürbəyli kəndində tikinti işlərində istifadə edəcəkdir. Texnikanın həmin ərazidən çıxardılaraq başqa ərazidə istifadə edilməsi üçün icarəçi icarəyə verənin yazılı razılığını almalıdır.
4. Müqavilənin 1.3-cü bəndinə görə, müqavilə üzrə yaranan icarəçiyə aid öhdəliklər yalnız icarəçiyə məxsusdur. İcarəçinin işçilərinin, partnyorlarının, müqaviləyə əsasən təqdim edilmiş sürücülərinin, səlahiyyət verilmiş digər üçüncü şəxslərinin, qonaqlarının hərəkətinə (hərəkətsizliyinə) görə icarəçi tam məsuliyyət daşıyır.
5. Müqavilənin 2.1-ci bəndinə əsasən, icarəyə verən öhdəsinə götürür: 2.1.1. texnikanı bu müqavilə ilə razılaşdırılmış qaydada və texniki standartlara uyğun şəkildə icarəçiyə icarəyə vermək; 2.1.2. texnikanı təhvil-təslim aktına əsasən, icarəçiyə təhvil vermək və icarə müddətinin sonunda təbii amortazisasiya nəzərə alınmaqla təhvil-təslim aktına əsasən təhvil almaq.
6. Müqavilənin 2.2-ci bəndinə görə, icarəçi öhdəsinə götürür: 2.2.1. texnikanı təhvil aldığı tarixdə yoxlayıb, təhvil-təslim aktını 2 (iki) nüsxədə imzalamaqla və 1 (bir) nüsxəsini icarəyə verənə verməklə qəbul etmək və ya texnikada hər hansı çatışmazlıq və ya qüsur aşkar edildikdə təhvil-təslim aktında bu barədə qeyd aparmaqla texnikanı təhvil almaq və yaxud onu təhvil almaqdan imtina etmək; 2.2.2. texnikanı təyinatı üzrə istifadə etmək, bu şərtin pozulmasına görə icarəyə verənə dəyən ziyanı (zərəri) tam şəkildə ödəmək.
7. Müqavilənin 3.1-ci bəndinə əsasən, texnika üçün aylıq icarə haqqının məbləği ƏDV daxil 6136 (altı min yüz otuz altı) manat müəyyən edilir; 3.2-ci bəndinə əsasən texnikaların icarəsinə görə xidmət haqqı texnikanın icarədə olduğu hər ay (30 gün) bitdikdən sonra 5 (beş) iş günü ərzində ödəniləcəkdir. Müqavilənin qüvvədə olduğu hər ay (30 gün) bitdikdən sonra icarəyə verən 1 (bir) iş günü ərzində təhvil-təslim aktı tərtib edir və icarəçiyə təqdim edir. İcarəçi həmin təhvil-təslim aktına 1 (bir) iş günü ərzində münasibət bildirməlidir. İcarəçinin təhvil-təslim aktını imzalamaqdan əsassız olaraq imtina etməsi icarəçini icarə haqqını ödəməkdən azad etmir; 3.3-cü bəndinə əsasən icarəyə götürülən texnikaların icarəçinin müəyyən etdiyi yerə çatdırılması və icarə müddəti bitdikdən sonra icarǝyǝ verənin müəyyən etdiyi yerə çatdırılması xərci icarəçiyə aiddir; 3.4-cü bəndinə əsasən texnikaların aylıq icarə haqqı dedikdə texnikanın ay (30 gün ərzində) ərzində 26 gün və gündəlik 8 saatlıq istifadəsi müddəti nəzərdə tutulur. Texnikanın icarəçi tərəfindən istifadə edilməməsi aylıq icarə haqqının günləri hesablanarkən nəzərə alınmır. Texnikanın bu bənddə müəyyən edilən 26 gündən və gündəlik 8 saatdan artıq istifadə edilməsi zamanı artıq istifadə edilən vaxtların xidmət haqqı müqavilənin əlavəsində qeyd edilmişdir.
8. Müqavilənin 4.4-cü bəndinə əsasən, icarəçi icarə haqqının ödənişini 15 gündən artıq gecikdirdikdə icarə haqqı ödənişinin hər gecikdirildiyi gün üçün vurulmuş zərərin əvəzi olaraq ödənişin gecikdirildiyi hər gün üçün 230 manat məbləğində boşdayanma xərci ödəməlidir.
9. Müqavilənin 5.1-ci maddəsinə görə, tərəflərin heç biri müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tərəflərin iradəsindən aslı olmayan, qabaqcadan nəzərdə tutulması və məntiqə uyğun ehtiyatlıq şəraitində dəf edilməsi mümkün olmayan və müqavilə imzalandıqdan sonra meydana çıxan qarşısıalınmaz qüvvə (fors-major), yəni konkret dövrün, konkret şərtlərində fövqəladə və aradan qaldırıla bilməyən hallarda (daşqın, yanğın, zəlzələ və digər təbii fəlakətlərin, habelə müharibə, mühasirə) tam və ya qismən yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyət daşımır. Bu hallar baş verdikdə tərəflərin öhdəliklərinin icrası müddəti qarşısıalınmaz qüvvə hallarının təsir göstərdiyi müddətə qədər uzadılır.
10. Müqavilənin 5.2-ci bəndinə əsasən, müqavilə üzrə öhdəliklərin fors-major halları səbəbindən yerinə yetirə bilməyən tərəf digər tərəfi fors-major halların başlanması, ehtimal edilən qüvvədə olma müddəti və bitməsi haqqında dərhal yazılı surətdə xəbərdar etməlidir. Müqavilənin fors-major halları və ya onların nəticələrinin təsiri 30 (otuz) təqvim günündən artıq davam etdiyi təqdirdə, tərəflərdən hər biri, müqavilə üzrə tərəflər arasında qarşılıqlı hesablaşmaların fors-major halının başlanması gününə qədərki müddət üçün aparılması şərti ilə müqaviləni ləğv edə bilər.
11. Müqavilənin 1 saylı Əlavəsinə əsasən, icarəyə verilmiş texnika “Hyundai H 940S” markalı çalovlu ekskavatordur (Bekoloder), texnikanın aylıq icarə haqqının məbləği ƏDV daxil 6136 manat təşkil edir, texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq günə görə xidmət haqqı ƏDV daxil 236 manat, texnikanın müqavilədə nəzərdə tutulmuş istifadə günlərindən artıq istifadə edildiyi hər artıq saata görə xidmət haqqı ƏDV daxil 29,5 manatdır.
12. “Tikinti texnikasının icarəsinə dair” 03 noyabr 2023-cü il tarixli AİS- CSS031123 saylı müqavilə üzrə aşağıdakı təhvil-təslim aktları tərtib edilmişdir:
- 1 saylı tǝhvil-tǝslim aktına görə, “Hyundai H 940S” markalı çalovlu ekskavator (Bekoloder) xx.xx.2023-cü il tarixdə icarəyə verən tərəfindən icarəçiyə tam saz vəziyyətdə, hər hansı çatışmazlıq olmadan təhvil verilmişdir.
- 6 nömrəli tǝhvil-tǝslim aktına görə, “CAT 428 E” markalı yükləyici-bekoloder icarəyə verən tərəfindən 04 fevral 2024-cü il tarixindən 07 fevral 2024-cü il tarixədək icarə xidməti üçün təslim edilmiş və icarəçi həmin icarə xidmətlərini təhvil almışdır. Cəmi icarə haqqı ƏDV daxil 767 manat təşkil edir.
- 7 nömrəli tǝhvil-tǝslim aktına əsasən, “CAT 428 E” markalı yükləyicibekoloder icarəyə verən tərəfindən 07 fevral 2024-cü il tarixindən 07 mart 2024-cü il tarixədək icarə xidməti üçün təslim edilmiş və icarəçi həmin icarə xidmətlərini təhvil almışdır. Cəmi icarə haqqı ƏDV daxil 7080 (6000 + 1080 ƏDV) manat təşkil edir.
- 8 nömrəli tǝhvil-tǝslim aktına görə, “CAT 428 E” markalı yükləyici-bekoloder icarəyə verən tərəfindən 08 mart 2024-cü il tarixindən 09 aprel 2024-cü tarixədək icarə xidməti üçün təslim edilmiş və icarəçi həmin icarə xidmətlərini təhvil almışdır. Cəmi icarə haqqı ƏDV daxil 5221,50 (4425 + 796,50 ƏDV) manat təşkil edir.
- 10 nömrəli tǝhvil-tǝslim aktına əsasən, “CAT 428 E” markalı yükləyicibekoloder icarəyə verən tərəfindən 13 may 2024-cü il tarixindən 07 iyun 2024-cü il tarixədək icarə xidməti üçün təslim edilmiş və icarəçi həmin icarə xidmətlərini təhvil almışdır. Cəmi icarə haqqı ƏDV daxil 6136 (5200 + 936 ƏDV) manat təşkil edir.
13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 16 aprel 2024-cü il tarixli pretenziya məktubunda borc məbləğinin 30 may 2024-cü il tarixinədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
14. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə EBEA seriyalı 092035 nömrəli 07 mart 2024-cü il tarixli, ƏDV daxil 7080 manat məbləğində, EBEB seriyalı 793102 nömrəli 15 aprel 2024-cü il tarixli, ƏDV daxil 5221,50 manat məbləğində, EBED seriyalı 876322 nömrəli 07 iyun 2024-cü il tarixli, ƏDV daxil 6136 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
15. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən müqavilə öhdəliklərinin icrası ilə əlaqədar 10 068,50 manat icarə haqqı, 6900 manat boşdayanma xərci və məhkəməyə müraciət üçün çəkilmiş xərcin əvəzi qismində 140,90 manat olmaqla, cəmi 17 109,40 manat vəsaitin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış müqavilə üzrə cavabdehə müxtəlif formalarda icarə haqqının ödənilməsi ilə bağlı bildirişlər verilsə də, cavabdeh öhdəliyini icra etməkdən yayınır Belə ki, cavabdeh 2024-cü ilin fevral, mart və aprel aylarına görə icarə haqqlarını ödəməmiş, ümumilikdə 10 068,5 icarə haqqı üçün borcu yaranmışdır. Müqavilə üzrə icarə haqqı məbləğləri tərəflər arasında imzalanmış təhvil-təslim aktları ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.4-cü bəndinə görə icarəçi icarə haqqının ödənişini 15 gündən artıq gecikdirdikdə icarə haqqı ödənişinin hər gecikdirildiyi gün üçün vurulmuş zərərin əvəzi olaraq 230 manat məbləğində boşdayanma xərci ödəməlidir. Müqavilə üzrə öhdəliklərin icrası qaydasında ödənilməli vəsaitin 10 iş günü ərzində ödənilməsi ilə bağlı cavabdehə 16 aprel 2024-cü il tarixli pretenziya məktubu göndərilmiş, pretenziyanın verilməsindən sonra cavabdeh tərəfindən 02 may 2024-cü il tarixində 3000 manat ödəniş edilmişdir. Halbuki tələb məbləğin tam ödənilməsi ilə bağlı olmuşdur. Müqavilənin 4.4-cü bəndi nəzərə alınmaqla hazırda cavabdeh tərəfindən ödənilməli boşdayanma məbləği aşağıdakı qaydada hesablanır: 7 mart 2024-cü il tarixli akt üzrə 30 günlük gecikməyə görə 6900 manat. 2 may 2024-cü il tarixinə qədər icarəçinin müqaviləyə əsasən ödəməli olduğu vəsait ümumilikdə 16 968,5 manat təşkil edir.
17. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehdən müqavilə öhdəliklərinin icrası ilə əlaqədar ƏDV daxil 16 033,25 manat icarə haqqı, 6900 manat boşdayanma xərci və məhkəməyə müraciət üçün çəkilmiş xərcin əvəzi qismində 159 manat olmaqla, ümumilikdə 23 092,25 manat vəsaitin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh fevral ayı üzrə (7 saylı akt) ödəməli olduğu 6000,00 manatdan 2350,00 manat, mart ayı üzrə (8 saylı akt) ödəməli olduğu 4425,00 manatdan 3000,00 manat icarə haqqı ödəmiş, may ayı üzrə (10 saylı akt) 5200,00 manat məbləğində icarə haqqını isə ödəməmişdir. Cavabdehin 2024-cü ilin fevral, mart və may aylarına görə icarəyə verənə ödəməli olduğu icarə haqqı məbləği ümumilikdə ƏDV xaric 10 275,00 manat təşkil edir. Müqavilə üzrə icarə haqqı məbləğləri tərəflər arasında imzalanmış təhvil-təslim aktları ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.4-cü bəndinə əsasən icarəçi icarə haqqının ödənişini 15 gündən artıq gecikdirdikdə, icarə haqqı ödənişinin hər gecikdirildiyi gün üçün vurulmuş zərərin əvəzi olaraq ödənişin gecikdirildiyi hər gün üçün 230 manat məbləğində boşdayanma xərci ödəməlidir. Müqavilənin 4.4-cü bəndi nəzərə alınmaqla, hazırda cavabdeh tərəfindən ödənilməli boşdayanma məbləği aşağıdakı qaydada hesablanır: 7 mart 2024-cü il tarixli akt üzrə 30 günlük gecikməyə görə 6900 manat. Tərəflər arasında bağlanmış 03 noyabr 2023-cü il tarixli AİS-CSS-031123 nömrəli müqaviləyə 6 və 7 saylı əlavələrinin 4.5-ci maddəsinə əsasən, icarəçi elektron qaimənin göndərildiyi tarixdən 55 gün keçdiyi üçün 10 saylı akt üzrə 5200,00 manat deyil, 7800,00 manat, 8 saylı akt üzrə isə 1425,00 manat əvəzinə 2137,50 manat məbləğində icarə haqqı ödəməlidir. Hazırda icarəçi 03 noyabr 2023-cü il tarixli AİS-CSS-031123 nömrəli “tikinti texnikasının icarəsinə dair” müqaviləyə əsasən 7 saylı akt üzrə ƏDV daxil olmaqla 4307,00 manat icarə haqqı, 6900,00 manat ödənişin gecikdirildiyinə görə, 8 saylı akt üzrə ƏDV daxil 2522,25 icarə haqqı, 10 saylı akt üzrə ƏDV daxil olmaqla, 9204,00 manat icarə haqqı, ümumilikdə 22 933,25 manat məbləğində pul vəsaitini icarəyə verənə ödəməyə borcludur.
19. Cavabdehin nümayəndəsi tərəfindən iddiaya qarşı yazılı etiraz verilmiş, etiraz belə əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilmiş məbləğlər həddindən artıq şişirdilmiş və təhrif edilmişdir. Şirkətə təqdim edilmiş elektron qaimələrlə ödənilmiş məbləğlər arasında fərq yaranmışdır. Belə olduğu təqdirdə əsas məbləğə hesablanmış boşdayanma xərcinin (dəbbə pulunun) hesablanması ağlabatan deyil. Müqavilənin 1.2-ci bəndində birbaşa qeyd edilmişdir ki, icarəçi avtonəqliyyat vasitəsini tikinti işlərinin icra edilməsi məqsədi ilə işğaldan azad olunmuş Cəbrayıl rayonunun Şükürbəyli kəndində tikinti işlərində istifadə edəcəkdir. Respublikanın sözügedən bölgərində yalnız dövlət lahiyələri əsasında müvafiq icazələr əsasında tikinti işləri aparmaq mümkündür, yəni hər hansısa şirkətin fəaliyyətindən asılı olmayaraq layihənin davamlılıq müddətini öncədən hesablamaq mümkün deyildir. Bu səbəbdən, müqavilənin 5.3-cü bəndinə əsasən müqavilə üzrə tərəflər arasında qarşılıqlı hesablaşmalar fors-major halının başlanması gününə qədərki müddət üçün aparılmalıdır. Müqavilə şərtlərində nəzərdə tutulduğu kimi texnikanı idarə etmək səlahiyyəti yalnız iddiaçı tərəfindən təyin edilmiş operatora həvalə edilmişdir (operatorun bütün məsrəfləri icarəçi tərəfindən qarşılanmışdır.) Buna görə də sözügedən texnikanın digər şəxs tərəfindən idarə edilməsi mümkün olmamışdır. Eyzi zamanda, texnikaya iddiaçı tərəfindən “GPS” sistemi quraşdırılmışdır. Bu sistem vasitəsilə texnikanın işə salınması halında iddiaçı tərəfə məlumat ötürülür və mərkəzləşmiş sistem nəticəsində məsafədən asılı olmayaraq texnikanın hərəkəti dayandırıla bilir. Bu baxımdan, iddiaçı tərəfindən müqaviləyə xitam verilməmiş, istifadə olunmayan ayların belə xidmət haqqı və boşdayanma xərcləri hesablanmışdır. Halbuki, müqavilə şərtlərində birbaşa nəzərdə tutmuşdur ki, icarəçi iki gündən artıq xidmət haqqını gecikdirdikdə texnikanı geri götürə bilərdi. Bütün bu qeyd olunanlardan belə bir nəticəyə gəlinir ki, iddiaçı məqsədyönlü şəkildə bu addımları atmışdır və hüquqi şəxsin vəziyyətindən sui-istifadə edərək borcu fantastik rəqəmlərə yüksəltmişdir. Halbuki, iddiaçıya dəfələrlə bildirilmişdir ki, layihə müəyyən səbəblərə görə dayandırılmışdır və yenidən işin başlama tarixi qeyri-müəyyən olaraq qalmaqdadır. İddiaçının direktor müavini ilə bu barədə razılıq əldə edilməsinə baxmayaraq sonuncu, verdiyi sözdən dönmüş, əlavə gəlir əldə etmək və şirkətin işgüzar nüfuzuna xələl gətirmək məqsədi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş edir.
20. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia ərizəsinə qarşı etirazda göstərilənlərə uyğun izahat vermiş, bununla yanaşı bildirmişdir ki, 7500 manat hissədə icarə müqaviləsi üzrə borc məbləğini qəbul edir, iddianın qalan hissədə təmin olunmamasını xahiş edir (i.v, səhifə 87).
22. Birinci instansiya məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdehndən 13 087,50 manat (on üç min səksən yeddi manat əlli qəpik) əsas borc, 600 (altı yüz) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 94,80 manat (doxsan dörd manat səksən qəpik) olmaqla, cəmi 13 782,30 manat (on üç min yeddi yüz səksən iki manat otuz qəpik) manatın tutulub İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
23. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
23.1. Tǝhvil-tǝslim aktları (7, 8 və 10 saylı) üzrə ümumilikdə ƏDV daxil 18 437,5 manat (7080 + 5221,50 + 6136) məbləğində icarə haqqı hesablanmışdır (həmin təhviltəslim aktları üzrə eyni məbləğdə 3 elektron qaimə iddiaçı tərəfindən cavabdehə göndərilmiş, lakin iddiaçı həmin qaimələrin elektron qaydada məhkəməyə təqdim edilməsini təmin etməmişdir). İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə 7 saylı akt üzrə 2350 manat, 8 saylı akt üzrə isə 3000 manat məbləğində ödəniş edildiyini bildirmişdir. Göründüyü kimi, hazırda cavabdehin iddiaçıya olan borcunun məbləği 13 087,50 manat (18 437,5 – (2350 + 3000) = 13 087,50) təşkil edir. 23.2. İddia tələbinin digər hissəsini cavabdеhdən 6900 manat məbləğində boşdayanma xərcinin tutulması təşkil edir. Tərəflərin izahatları və müqavilə şərtlərindən görünür ki, müqavilədə göstərilən boşdayanma xərci əslində cərimə kimi başa düşülməlidir. Belə ki, müqavilənin 4.4-cü bəndindən göründüyü kimi, icarəçi icarə haqqının ödənişini 15 gündən artıq gecikdirdikdə icarə haqqı ödənişinin gecikdirildiyi hər gün üçün 230 manat məbləğində boşdayanma xərci ödəməlidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən həmin məbləğin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan cərimə-boşdayanma xərcinin əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq həmin məbləğ azaldılaraq 600 (altı yüz) müəyyən edilməli, boşdayanma xərcinin ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
24. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385-ci, 386-cı, 442-ci, 448-ci, 462-ci, 465.2-ci 700.1-ci, 700.2-ci maddələrinə istinad etmişdir.
25. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, məhkəmənin boşdayanma ilə bağlı əsassız nəticəyə gəldiyini irəli sürmüşdür.
26. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) də apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığı, məhkəmənin cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsi, eləcə də öhdəliyin icrasının fors-major hallara görə mümkünsüz olduğunu, bu baxımdan dəbbə pulu ilə bağlı əsassız nəticəyə gəldiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz
27. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
28. İddiaçının və cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndələri apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahatlar verərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
30. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
31. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
32. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
35. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
36. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
37. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
38. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
39. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
40. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
41. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
42. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
51. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, iddiaçının şikayətinə münasibətdə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməməsi (mübahisələndirilən məbləğ: 9309,25 manat) ilə bağlı hissəsi üzrə; cavabdehin şikayətinə münasibətdə iddia tələbinin 7500 manatdan artıq məbləğdə təmin olunması ilə bağlı hissəsi üzrə (mübahisələndirilən məbləğ 6282,3 manat) qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Qeyd olunmalıdır ki, cavabdehin yazılı apellyasiya şikayətində qətnamənin ləğvi tələb olunsa da, apellyasiya baxışı zamanı onun nümayəndəsi iddia tələbini 7500 manat hissədə qəbul etdiklərini, buna görə də qətnamənin yalnız cavabdehdən 7500 manatdan artıq pul tutulması ilə bağlı hissəsindən narazı olduqlarını bəyan etmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
52. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
53. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
54. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
55. İşin faktiki hallarından görünür ki, iddiaçı, cavabdehlə bağladığı icarə müqaviləsinə istinadla cavabdeh tərəfindən ödənilməyən icarə haqqını, habelə ödənişin gecikdirilməsinə görə cəriməni tələb edir; cavabdeh isə iddianı qismən qəbul edir, lakin icarə predmetindən faktiki olaraq istiadə edilməyən müddətə görə ödəniş etməməli olduğunu irəli sürür.
56. Beləliklə, tərəflər arasında münasibətlərin xarakterinə görə iddianın qanuni əsası kimi icarə münasibətləri ilə bağlı normalar nəzərdən keçirilə bilər. Bu baxımdan iddiaçı, icarə müqaviləsi üzrə ödənilməyən icarə haqqının məbləğini və hər ay üçün ödənişin gecikdirildiyi günlərin sayını sübut etməlidir; cavabdeh isə iddiaçıya 7500 manatdan artıq borcunun qalmadığını, eyni zamanda icarə predmetindən fors-major hallara görə istifadə edə bilmədiyini sübut etmək vəzifəsi daşıyır.
57. İddiaçı, müqavilənin 4.4-cü bəndinə istinadla gecikdirilən günlərə görə 6900 manat məbləğində dəbbə pulu tələb edir. Birinci instansiya məhkəməsi bununla bağlı gəldiyi nəticəni ətraflı araşdırmasa da, müqavilənin 3.2-ci və 3.4-cü bəndlərinin birgə təhlilindən görünür ki, texnikaların icarəsinə görə xidmət haqqı texnikanın icarədə olduğu hər ay (30 gün) bitdikdən sonra 5 (beş) iş günü ərzində ödənilməlidir və texnikaların aylıq icarə haqqı dedikdə texnikanın ay (30 gün ərzində) ərzində 26 gün və gündəlik 8 saatlıq istifadəsi müddəti nəzərdə tutulur. Belə olan halda dəbbə pulunun hesablanması zamanı, hər ay üzrə ödənişin gecikdirilməsinin konret müddəti hesablanmalıdır. Lakin nə iddiaçı, nə də cavabdeh bununla bağlı ödənişi təsdiq edən sənəd (ödəniş qəbzi, ödəniş tapşırığı, maliyyə arayışı və s.) təqdim etməyiblər. İddiaçı pretenziyaya istinad edərək həm iddia ərizəsində, həm də apellyasiya şikayətində cavabdeh tərəfindən müəyyən ödənişlərin həyata keçirdiyini göstərsə də, həmin ödənişlərin konkret tarixi barədə hər hansı dəlil təqdim olunmayıb. Cavabdeh də apellyasiya şikayətində ödənişlərin olmasını qeyd etmiş, lakin sənəd təqdim etməmişdir. Belə olan halda gecikdirilmə müddətini müəyyən etmək mümkün deyil.
58. Halbuki, boşdayanmanın müddətini məhz iddiaçı sübuta yetirməlidir (GPS sisteminin məlumatları, yazışmalar və s.).
59. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 43, 44).
60. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edir.
61. Belə ki, cavabdeh birinci instansiya məhkəməsi tərəfindən ödənişlərin nəzərə alınmadığını irəli sürsə də, işdən görünür ki, məhkəmə iddiaçının sonradan təqdim etdiyi “iddia ərizəsinə dəqiqləşdirmə” barədə ərizəyə uyğun olaraq 3000 manat və 2350 manat ödənişləri nəzərə almış, eləcə də hesablama zamanı yekun məbləğdən çıxmışdır. Buna görə də cavabdehin bu dəlili əsassızdır.
62. Cavabdeh həmçinin qeyd etmişdir ki, fors-major hallara görə faktiki olaraq icarə obyektindən istifadə edilməmiş və istifadə edilməyən müddətə görə ödəniş etmək öhdəliyi yoxdur.
63. Kollegiya hesab edir ki, cavabdeh icarə obyektindən istifadə edə bilməməsini fors-major halla əlaqələndirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir.
64. Azərbaycan Respublikasının Ali Məhkəməsi bir neçə qərarında1 vurğulamışdır ki, fors-major hala istinad edən tərəf iki halı göstərməlidir: 1) hadisə tərəflər arasında bağlanmış müqaviləyə görə obyektiv baxımından fors-major hal olmalı; 2) tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq qarşı tərəfə müvafiq qaydada bildiriş göndərilməlidir.
65. Məhkəmə kollegiyası müqavilənin təfsiri ilə bağlı müəyyənləşdirilmiş meyarları (§ 35) nəzərə almaqla qeyd edir ki, cavabdeh tərəfindən icarə obyektinin istifadə edildiyi ərazidə (Cəbrayıl rayonunun Şükürbəyli kəndi) yalnız dövlət layihələrinin icra edilməsi və əvvəlcədən daimi layihələrin olmaması fors-major hal kimi qiymətləndirə bilməz.
66. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, qarşısıalınmaz qüvvə (fors-major) müqavilə
1 Ali Məhkəmə, İş № 2-2(102)-58/2024, (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_58+01.02.2024.pdf), § 46
İş № 2-2(102)-389/2023, (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_389+13.09.2023.pdf), § 155 öhdəliklərinin icrasını qeyri-mümkün edir. Başqa sözlə, belə bir hal baş verdikdə müqavilənin icrası nəticəsində tərəflər nəinki əvvəlcədən əldə etmək istədiyi hüquqi nəticəyə nail olmur, bu halda, ümumiyyətlə, müqavilə üzrə öhdəliklərin icrası mümkünsüz olur.
67. Hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış müqavilədə fors-major hallar konkret olaraq göstərilmiş və bu hallara “tərəflərin iradəsindən aslı olmayan, qabaqcadan nəzərdə tutulması və məntiqə uyğun ehtiyatlıq şəraitində dəf edilməsi mümkün olmayan və hazırkı müqavilə imzalandıqdan sonra meydana çıxan qarşısıalınmaz qüvvə (fors-major), yəni konkret dövrün, konkret şərtlərində fövqəladə və aradan qaldırıla bilməyən hallarda (daşqın, yanğın, zəlzələ və digər təbii fəlakətlərin, habelə müharibə, mühasirə” aid olunmuşdur.
68. Göründüyü kimi müqavilənin istinad edilən bəndində icarə obyektinin dövlət layihələri əsasında vaxtaşırı istifadə olunması və əvvəlcədən daimi layihələrin olmaması fors-major hal kimi müəyyən edilməmişdir.
69. Digər tərəfdən qeyd olunmalıdır ki, tərəflər icarə obyektinin məhz Cəbrayıl rayonunun Şükürbəyli kəndində istifadə olunacağını müqavilədə razılaşdırmışlar və bu baxımdan cavabdeh, həmin ərazidə görəcəyi işləri əvvəlcədən müəyyən etmək və buna uyğun icarə müqaviləsi bağlamaq imkanına sahib olmuşdur (§ 3).
70. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh istinad etdiyi fors-major hal baş verdikdən sonra da bununla bağlı qarşı tərəfə hər hansı bildiriş və ya xəbərdarlıq göndərməmişdir.
71. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 30). Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.
72. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyekt kimi, müqaviləni bağlayarkən icarə obyektinin istifadəsi ilə bağlı Cəbrayıl rayonunun Şükürbəyli kəndində görəcəyi işləri müəyyən etmək və buna uyğun icarə müqaviləsini bağlamamasına görə risk daşıyır. Digər tərəfdən cavabdeh iddia etdiyi fors-major hal yarandığı an qarşı tərəfə hər hansı bildiriş göndərməmiş və ödəniləcək məbləğləri təhvil-təslim aktı ilə də qəbul etmişdir. Belə olduğu təqdirdə isə cavabdehin özünün təsdiq etdiyi borcu sonradan təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.
73. Cavabdehin tərəflər arasında bağlanmış müqavilə üzrə icarə obyektinin işlədilməməsinə görə onun ödənişdən azad olunması ilə bağlı irəli sürdüyü dəlili də əsassızdır.
74. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehə qaimələr təqdim etmiş və müvafiq ayların sonu iddiaçı ilə cavabdeh arasında təhvil-təslim aktı bağlanmış, cavabdeh tərəfindən isə bunlar mübahisələndirilməmişdir. Hazırda isə cavabdeh bu halı mübahisələndirərək, ödənilməli olan məbləğin şişirdilmiş olması barədə dəlil irəli sürür.
75. Kollegiya xatırlatmağı zəruri hesab edir ki, mülki qanunvericiliyə görə, tərəflər öz hüquqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən vicdanlılıq prinsipinə əməl etməlidirlər. Bu isə digər məsələlərlə yanaşı mülki hüquq subyektinin hər hansı formada təsdiq və ya etiraf etdiyi faktı daha sonra mübahisələndirməsini də əhatə edir.
76. Belə ki, “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.
77. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıldır.
78. Kollegiya, apellyasiya şikayətləri üçün ödənilən dövlət rüsumlarının məbləğlərini tərəflərin özlərinə aid etməyi məqsədəuyğun sayır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.
79. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3526/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 17 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Ziya Şirinov
Leyla Əliyeva