Məhkəmə qərarları › İş №2-2(103)-248/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-248/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-248/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2048/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC Cavabdeh MMС-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMС ilə bağlanılmış xx.xx.2021-ci il tarixli 012 saylı icarə müqaviləsindəm yaranmış 10.000 manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı MMC-nin direktoru Qalib Mənsimova ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli 011 və 012 saylı icarə müqaviləsi bağlanmışdır. Cavabdeh 011 saylı müqavilədə göstərilən borcu ödəmiş, lakin 012 saylı müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdeh tələbkarın xeyrinə müqavilədə göstərilən 10.000 manat borcunu bu günə gədər ödəməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır.

3. 03.09.2023-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı MMC ilə Cavabdeh MMС ilə bağlanılmış xx.xx.2021-ci il tarixli 012 saylı icarə müqaviləsindən yaranmış 10.000 manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2048/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 9.000 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 90 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

5. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2 (113)-2048/2023 saylı qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunun tələbindən göründüyü kimi müqavilə iki tərəfin razılaşdırılmış iradə ifadəsidir. Əvvəla qeyd etmək istəyirlər ki, iddia ərizəsində iki müqavilə bağlanması qeyd olunsa da, faktiki olaraq bağlanmış müqavilələr 2 hektardan ibarət bir sahə ilə bağlı olmuş, bununla belə qeyd olunan müqavilənin 1-cisinə, yəni 011 saylı müqaviləyə tərəfindən imza edilsə də, 012 saylı müqaviləyə imza edilməmişdir. Digər tərəfdən də aralarında olan razılaşmaya əsasən iddiçıya icarə haqqı olaraq 3000 manat ödəniş edilmiş, lakin şifahi olaraq icarə haqqının 12000 manat olması barədə razılaşdıqlarından, ödənilməmiş qalan 9000 manatı İddiaçı MMC-nin direktoruna qeyri-rəsmi ödənilmişdir. Lakin, birinci instansiya məhkəməsi zamanı ilkin iclasda iştirak etsə də, işin materiallarında olan sənədlərlə tanış ola bilmədiyindən, 012 saylı müqaviləyə də guya onun tərəfindən imza edilməsindən xəbəri olmamışdır. Ona görə də məhkəmə iclasının növbəti iclaslarında üzrlü səbəbdən iştirak edə bilmədiyindən 012 saylı müqavilədəki imzanın ona məxsus olmaması və bunun sübut olunması üçün məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsinin zəruri olmasını bildirə bilməmişdir. Beləliklə, işin halları ilə də mühasisəsiz qaydada müəyyən edilmişdir ki, iddiaçı ilə aralarında iki müqavilə bağlansa da, faktiki olaraq həmin müqavilələr bir sahə ilə bağlı olmuşdur. Bu hal da, onu deməyə əsas verir ki, o icarəyə götürdüyü sahə ilə bağlı yalnız 1 müqaviləyə imza etmiş, lakin iddiaçı sonradan ona şifahi olaraq icarə haqqının 12000 manat ödəməli olduğunu dediyindən o da ona qalan məbləği şəxsən ödəmişdir, buna baxmayaraq məhkəmə tərəfindən guya onun götürdüyü öhdəliyi, yəni icarə haqqını ödəməməyi əsası ilə iddia qismən təmin olunaraq maddi hüquq normaları pozulmuşdur. Qanunun tələbindən göründüyü kimi digər sübut növləri ilə müqayisədə daha üstün qüvvəyə malik sübut növü ekspert rəyi hesab edillir. Yuxarıda qeyd etdiyi kimi bir sahə ilə bağlı onun iki müqavilə bağlamağı həqiqəti əks etdirmir. Yəni eyni sahə ilə bağlı 1 müqavilə 011 saylı müqavilə bağlanmış, lakin 012 saylı müqavilə, yəni icarə haqqına görə 12000 manat ödəməli olduğu barədə müqavilə rəsmi qaydada bağlanmamış, iddiaçı ilə bu barədə aralarında şifahi razılıq olduğu üçün o da yerdə qalan məbləği qeyri-rəsmi iddiaçıya ödəmişdir. Ona görə də apellyasiya şikayətində qeyd etdiyi halların həqiqət olmasının təsdiq olunması üçün məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsi zəruridir. Belə ki, onun xəbəri olmayan müqavilə üzrə öhdəliyinin yaranması onun hüquqlarını pozur. Məhkəmə kollegiyası qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməli idi. Birinci instansiyası məhkəməsi tərəfindən faktiki olaraq hər iki müqavilənin eyni sahə ilə bağlı olması müəyyən edilsə də, nə üçün eyni sahə ilə bağlı bir-birini tamamlamayan, əksinə zidd olan müqavilələrin hər ikisini sübut kimi qəbul etməsi anlaşılan deyil. Beləliklə, də qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmadan çıxarılmaqla prosessaul hüquq normaları da pozulmuşdur. Ona görə də hesab edir ki, maddi və posessual hüquq normaları pozulmaqla çıxarıldığından qətnamə ləğv edilməli, iddia ərizəsi əsassız olduğundan rədd olunmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

9. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

14. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

16. Həmin Məcəllənin 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

17. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

20. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən-iddia tələbinin təmin edilən hissəsində əsaslıdır.

23. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMС (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 011 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən Xaçmaz rayonu Qaradağ buduq kəndində yerləşən 11 ha ərazidə olan 20000 m2 istixana sahəsini icarəçiyə icarəyə verir, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür.

24. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə hər iki tərəf onu imzaladığı gündən qüvvəyə minir.

25. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə xx.xx.2022-ci il tarixədək bağlanmışdır. 4.1-ci bəndinə əsasən illik icarə haqqı 3.000 manatı təşkil edir.

26. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqı müqavilə imzalandığı tarixdən 6 ay ərzində icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir.

27. Həmin müqavilənin 6.1.1-ci bəndinə əsasən sahəni icarəçiyə bu müqavilədə göstərilmiş tarixdən təhvil vermək icarəyə verənin vəzifəsidir.

28. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və qüvvədə olduğu müddətin qurtarmasına 1 (bir) ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə yazılı niyyətini bildirmədiyi halda müqavilə gələn 1 (bir) il müddətinə uzadılmış hesab edilir.

29. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

30. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh MMС (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 012 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən Xaçmaz rayonu Qaradağ buduq kəndində yerləşən 11 ha ərazidə olan 20000 m2 istixana sahəsini icarəçiyə icarəyə verir, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür.

31. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə hər iki tərəf onu imzaladığı gündən qüvvəyə minir.

32. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə 1 (bir) il müddətinə bağlanmışdır.

33. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən illik icarə haqqı 12.000 manatı təşkil edir.

34. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqı müqavilə imzalandığı tarixdən 5 iş günü müddətində icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir.

35. Həmin müqavilənin 6.1.1-ci bəndinə əsasən sahəni icarəçiyə bu müqavilədə göstərilmiş tarixdən təhvil vermək icarəyə verənin vəzifəsidir.

36. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və qüvvədə olduğu müddətin qurtarmasına 1 (bir) ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə yazılı niyyətini bildirmədiyi halda müqavilə gələn 1 (bir) il müddətinə uzadılmış hesab edilir.

37. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

38. 12.10.2021-ci il tarixli 01/21 nömrəli (təhvil-təslim) aktdan görünür ki, icarədar İddiaçı MMC icarəçi X1 20000 m2 olan istixana sahəsini kənarlarda sıradan çıxmış politilen örtükləri Türkiyə istehsalı 12 aylıq polietilenlə əvəz etməklə 12.000 manat illik olmaqla icarəyə verir. Bununla birlikdə aktda qeyd edilən mal-materialları (istixana kompleksi, qızdırıcı qazan, transformator və s.) mühafizə etmək və cavabdehlik üzrə məsul şəxs Xeyirli Ramin olacaq.

39. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrü əhatə edən (İddiaçı MMC-yə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMС tərəfindən xx.xx.2021-ci il tarixli 011 nömrəli icarə müqaviləsi üzrə 3.000 manat ödəniş edilmişdir. Həmçinin çıxarışdan görünür ki, hazırki dövrdən öncəki son əməliyyat tarixi xx.xx.2021-ci ildir.

40. Hazırkı işdən görünür ki, Xaçmaz rayonu Qaradağ buduq kəndində yerləşən 11 ha ərazidə olan 20000 m2 olan istixana icarə müqaviləsinə əsasən cavabdehin istifadəsinə verilmiş, bununla bağlı təhvil-təslim aktı imzalanmışdır.

41. Həmçinin, müəyyən olunmuşdur ki, iki icarə müqaviləsi bağlansa da, icarə obyekti eyni olmuşdur.

42. İstixananın icarəsinə görə ödənilməli olan icarə haqqının məbləğinə münasibətdə isə qeyd olunmalıdır ki, icarə müqavilələrində fərqli icarə haqqı məbləğləri (011 saylı müqavilədə illik 3000 manat, 012 saylı müqavilədə illik 12.000 manat) müəyyən edilsə də, hər iki tərəfin imzaladığı icarə obyektinin təhvil-təslim aktında illik icarə haqqının 12.000 manat olması, cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatında 3000 manat məbləğində ödənişlə yanaşı 9000 manat məbləğində ödənişin qeyri-rəsmi olaraq iddiaçının direktorunun hesabına ödənildiyini qeyd etməsi Xaçmaz rayonu Qaradağ buduq kəndində yerləşən 11 ha ərazidə olan 20000 m2 olan 1 ədəd istixananın icarəsinə görə cavabdeh tərəfindən iddiaçıya bir illik müddət üçün ödənilməli olan məbləğin 12.000 manat məbləğində müəyyən edilməsi nəticəsinə gəlməyə əsas verir.

43. Bununla yanaşı, qeyd olunmalıdır ki, Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “pacta sunt servanda” (müqavilələr icra olunmalıdır) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

44. Kollegiya qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, mülki hüquqlarını hüquqa uyğun həyata keçirməli, hüquqdan sui-istifadə etməməlidir. Belə ki, mülki hüquq münasibətinin digər tərəfinin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftarına zidd hüququ həyata keçirməməli və öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan inkaryönümlü istinad etməməlidir. Bu mənada bir tərəfin mövcud hüquqi şəraitə güvənməsi və həmin etimadın qanunla qorunduğu halda, digər tərəfin cari hüquqi şəraiti birinciyə ziyan vurmaq məqsədi ilə dəyişməsi vicdanlılığa zidd olmaqla hüquqdan sui-istifadəyə məruz qalmış şəxslərə müdafiə hüququ yaradır.

45. Cavabdeh tərəf 9000 manat icarə haqqı borcunun iddiaçının direktoruna ödənilməsini iddia etsə də, istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

46. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Xaçmaz rayonu Qaradağ buduq kəndində yerləşən 11 ha ərazidə olan 20000 m2 olan istixana sahəsinin icarəsinə görə 9000 manat icarə haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir.

47. Eyni zamanda, iş üzrə xətşünaslıq ekspertizasının təyin edilməsi üçün əsaslar müəyyən edilmir.

48. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi xx.xx.2021-ci il tarixli 012 saylı icarə müqaviləsindəki imzanın direktor Qanuni nümayəndə tərəfindən icra edilməməsi barədə dəlilinə gəldikdə müqavilənin direktor tərəfindən imzalanmaması ehtimal edilsə belə, həmin müqaviləyə şirkətin möhürünün vurulması (həmin fakt mübahisələndirilməmişdir) cavabdeh şirkətin səlahiyyətli şəxsinin həmin əqdi bəyənməsinə dəlalət edir.

49. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

50. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

51. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

52. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2048/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar