Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-249/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: ziyanın ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 Cavabdeh MMC-yə qarşı ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1798/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 191,4 m2 olan qeyri-yaşayış binası İddiaçı1 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
2. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, İddiaçı1 (icarəyəverən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış 30 mart 2017-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən ünvan 2 ünvanda yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 15 kv.m. olan icarə obyektini illik icarə haqqı 4.200 manat (vergilər daxil deyil) olmaqla icarəyə vermişdir.
3. Həmin müqaviləyə əsasən müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq icarə sahəsini yararlı vəziyyətdə saxlamaq və icarə haqqını vaxtında ödəmək; icarə sahəsini texniki qaydalara müvafiq istismar etmək; icarə sahəsində tikinti-quraşdırma işləri aparıldığı zaman sahəyə dəymiş ziyanı icarəçinin hesabına bərpa etmək icarəçinin vəzifəsilərinə aid edilmişdir. Müqavilənin qüvvəsi xx.xx.2019- cu il tarixədək müəyyən edilsə də 4.2-ci bənddə nəzərdə tutulmuşdur ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə 2 (iki) həftə qalmış ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin yazılı müraciəti olmadıqda, müqavilə eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab edilir.
4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Monitorinq İdarəsinin 03 avqust 2022-ci il tarixli aktından görünür ki, ünvan 3 ünvanında şüalanma selinin sıxlığının təyin edilməsi məqsədilə monitorinq keçirilmiş, monitorinq zamanı məlum olmuşdur ki, şikayətçi İddiaçı1 məxsus “Avalon” adlı ictimai iaşə obyektinin (həmçinin həmin ərazidə 53 nömrəli tam orta məktəb yerləşir) yaxınlığında Bakcell şirkətinə məxsus ötürücü quraşdırılmışdır. ATT-2592 səyyari cihazı vasitəsilə ölçmə işləri aparılmış və nəticədə müəyyən edilmişdir ki, (şüalanma selinin sıxlığı) 16,95 mkvt/sm2 təşkil etmişdir. Qeyd: norma 10 mkvt/sm2-dır, ölçmə zamanı təyin edilmiş göstərici ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Sənədə foto-şəkillər və videogörüntü əlavə edilmişdir.
5. "xxxx" MMC-nin dəymiş maddi ziyanın və əldən çıxmış faydanın müəyyən edilməsi barədə xx.xx.2022-ci il tarixli UNİ/A 06-636/22 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasına dəymiş maddi ziyanın məbləği xx.xx.2022-ci il tarixinə 11.490 manat, həmi qeyri-yaşayış binasına dəymiş ziyan nəticəsində əldən çıxmış faydanın məbləği xx.xx.2022-ci il tarixinə 30.000 manat təşkil edir.
6. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov və Şəhriyar küçəsinin kəsişməsində yerləşən “Avalon” restoranın və məktəbin yaxınlığında keçirilən monitorinq zamanı sözügedən ünvanda yerləşən kafenin yaxınlığında Cavabdeh şirkəti tərəfindən quraşdırılmış ötürücü qurğudan ətrafa yayılan elektromaqnit şüalanma səviyyəsi iki dəfə ölçülmüş və ölçmə nəticələrinə əsasən 53 nömrəli tam orta məktəbin həyətində elektromaqnit şüalanması norma daxilində, lakin “Avalon” restoranının 2-ci mərtəbəsində müştərilər üçün nəzərdə tutulmuş xidmət sahəsində (teras) isə normadan artıq olduğu müəyyən edilmişdir. Mövcud vəziyyətə əlaqədar “Bakcell MMC-yə akt və protokol tərtib olunmuş və hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə toplanmış materiallar Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.
7. İş materiallarında olan foto-şəkillərin, səsli danışıqların və səsli video görüntünün qeyd edildiyi CD-diskə baxış keçirilərkən foto-şəkillərdən və səsli-video görüntülərdən görünür ki, ictimai iaşə obyektinin damında mobil telefon rabitəsinə aid texnoloji avadanlıq (rabitə ötürücü antena) quraşdırılmış, damın (rabitə ötürücü antenanın) ətrafına su axır, binanın dam örtüyündə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın (rabitə ötürücü antena) söküldüyü hissədən, qeyri-yaşayış sahəsinin (ictimai iaşə obyektinin) damından su axır. Eyni zamanda CD-diskə əlavə olunan səsli fayl dinlənərkən müəyyən edilmişdir ki, İddiaçı1 müxtəlif vaxtlarda ictimai iaşə obyektinin damında quraşdırılmış mobil telefon rabitəsinə aid texnoloji avadanlığın (rabitə ötürücü antenanın) sökülərək götürülməsini tələb edilmiş, əks təqdirdə mütəxəssislərin iştirakı ilə aktlaşdırılaraq özü tərəfindən söküləcəyi barədə xəbərdarlıq etmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı1 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Cavabdeh MMC-nin təqsiri üzündən ona məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşyış binasına dəymiş real maddi zərərin əvəzi olaraq 14.646 manat və əldən çıxmış faydanın əvəzi kimi 30.000 manat -cəmi 44.646 manat maddi zərərin müəyyən edilməsi, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 400 manat, mediasiya prossesi üçün ödənilmiş 203 manat, dövlət rüsumu üçün ödənilmiş 217 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 191,40 kvadrat metr olan qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Həmin qeyriyaşayış sahəsinin ikinci mərtəbəsinin bir hissəsini əvvəllər icarə müqaviləsi əsasında işlətmək üçün müxtəlif şəxslərə vermişdir. 2021-ci ildə Cavabdeh MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin damında rabitə ötürücü antena quraşdırılmışdır. Əldə olunmuş razılığa əsasən antenanın yerində sökülüb yenidən quraşdırılması, obyektin 2-ci mərtəbəsində antena yerləşdirilməsi üçün tikili təhvil verilmişdir. Həmin yerə antena quraşdırılmışdır. 2022-ci ilin may ayında Cavabdeh MMCnin əməkdaşları müqavilənin şərtlərini pozaraq damdan rabitəötürücü antenanı söküb aparmışlar. Nəticədə köhnə antenanın yerləşdiyi yer bərbad vəziyyətə düşmüş, dam örtüyü deformasiyaya uğramış, damın izolyasiya sistemi yararsız vəziyyətə düşmüşdür. Antenanın sökülərək quraşdırıldığı yerin təmir olunmaması nəticəsində yağmış yağış nəticəsində zalların və çardağın tavanı suyun təsiri ilə zədələnmiş, suvağı və emulsiyası qopmuş, alçipan nəmdən deformasiyaya uğramış, tavanda ləkələr, divarda çatlar əmələ gəlmişdir. Suyun təsiri nəticəsində zalların oboyları qopmuş, elektrik sistemində qısa qapanma baş vermiş, spot işıqlar və elektrik yuvalarının bir qismi yararsız vəziyyətə düşmüşdür. Qeyd edilən çatışmazlıqların aradan qaldırılması üçün çardağın damında yenidən izolyasiya və beton işləri aparılmalı, zalların, kabinetin və çardağın tavanında alçıpan və bərpa işləri görülməli, oboylar sökülərək yenisi ilə əvəz edilməli, spotlar, açar və yuvalar təmizlənməli, elektirik işləri görülməli idi. Ona məxsus olan qeyri-yaşayış binasına dəymiş maddi ziyanın məbləği mütəxəssis rəyinə əsasən 16 avqust 2022-ci ilə kimi 11.490 manat təşkil etmişdir. Yuxarıda göstərdiyi kimi, obyektin damında antenanın sökülərək onun quraşdırıldığı yerin təmir edilməməsi nəticəsində zaldan və otaqlardan istifadə etmək mümkün olmamış və o 30.000 manat gəlir itirmişdir. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu mütəxəssis rəyi ilə təsdiq olunur. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun əmlakının bir hissəsi yararsız vəziyyətə düşmüşdür.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1798/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən dəymiş maddi zərərin əvəzi olaraq 14.646 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 140 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir.
11. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2023-cü il tarixli, 10/3434 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin konstruktiv elementləri üzərində, yəni tavanı və divarları üzərində su sızma ləkələrinin olduğunu, həmçinin mülki iş materialında olan video və foto görüntülərdə həmin tikililərə suyun axmasının əks olunduğunu nəzərə alaraq, binanın dam örtüyündə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın (rabitə ötürücü antena) quraşdırılması və sökülməsi zamanı dam örtüyünün izolyasiya qatının zədələnməsi nəticəsində həmin hissədən, İddiaçı1 məxsus qeyri-yaşayış sahəsinin damından su axdığı və nəticəsində həmin qeyri-yaşayış sahəsinə (dama, eləcə də damın altındakı sahələrə) ziyan dəydiyi müəyyən edilmişdir. Qeyri-yaşayış sahəsinin 1, 2 və 5 saylı tikililərin daxilində təmir işlərinin aparıldığı müəyyən edilmişdir. Su sızma nəticəsində, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2.680 manat məbləğində, su sızma nəticəsində, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülmüş təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 11.966 manat məbləğində müəyyən edilmişdir (bu işlər tərəflərin qarşılıqlı təqdim etdiyi işlər və mülki iş materiallarında olan məlumatlar əsasında müəyyənləşdirilmişdir). Rəyə tədqiq olunan evdə aparılmalı təmir-bərpa işlərinin dəyərinin müəyyən olunmasına dair smeta əlavə olunmuşdur.
12. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış 30 mart 2017-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh MMC iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov və Şəhriyar küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin damında mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 15 kv.m. olan sahəni icarəyə götürmüşdür. Daha sonra iddiaçı 2022-ci ilin aprel ayından etibarən dəfələrlə avadanlığın yerinin dəyişdirilməsini, sonradan isə avadanlıqların götürülməsini tələb etmiş və cavabdeh sözügedən avadanlığı icarə obyektindən götürmüşdür.
13. Məhkəmə qeyd etmişdir ki, işin hallarına əsasən tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən cavabdeh icarə sahəsində tikinti-quraşdırma işlərinin aparılması nəticəsində sahəyə dəymiş ziyanı öz hesabına bərpa etmək öhdəliyi daşıdığı halda həmin öhdəliyi lazımi qaydada icra etməmiş, yəni tərəflərindən avadanlığın sökülməsi zamanı zədələnmiş damın izolyasiya örtüyünü bərpa etməmiş, nəticədə cavabdeh tərəfindən öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçıya 14.646 manat məbləğində real maddi zərər dəymişdir. Odur ki, real maddi zərərin əvəzi olaraq pul vəsaitinin tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən dəymiş maddi zərərin əvəzi olaraq 14.646 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
14. Zərərin həcminin iddiaçının təqsiri (damın zədələnməsi barədə iddiaçıya vaxtında məlumat verməməsi) üzündən artması barədə cavabdehin dəlilinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, birincisi, cavabdeh zərərin məbləğinin damın izolyasiya qatında zədələnmənin aşkar edildiyi vaxtdan qısa müddət ərzində aradan qaldırılmaması nəticəsində artmasını sübuta yetirməmişdir. İkincisi, cavabdeh damın izolyasiya qatının zədələnməsi barədə kifayət qədər uzun müddət ərzində məlumatlı olmasına baxmayaraq hal-hazıradək damın bərpa edilməsi istiqamətində heç bir addım atmamış, bundan əlavə axırıncı məhkəmə iclasına qədər damın onlar tərəfindən avadanlığın sökülməsi zamanı zədələnməsini ümumiyyətlə inkar etmişdir. Belə olan halda isə zədələnmənin iddiaçının onlara məlumat verməməsi səbəbindən vaxtında aradan qaldırılmaması barədə cavabdehin dəlilləri inandırıcı görünmür.
15. İddianın əldən çıxmış faydaya görə pulun tutulması hissəsinə gəldikdə məhkəmə qeyd etmişdir ki, Cavabdeh MMC tərəfindən öhdəliklərin pozulması nəticəsində iddiaçıya real zərər vurulması müəyyən edilsə də, iddiaçı tərəfindən ona əldən çıxmış fayda formasında maddi zərər vurulmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı ona əldən çıxmış fayda formasında zərər vurulmasını damın izolyasiya qatının zədələnməsi və damdan su axması nəticəsində qeyri-yaşayış sahəsinin zalından və otaqlarından istifadə etməsinin mümkün olmaması, nəticədə onun gəlir itirməsi ilə əsaslandırmaqla əldən çıxmış faydanın məbləğini "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən gəlirin işləmədiyi dövrlər üzrə aylıq (illik) icarə haqları məbləğində hesablamışdır. Halbuki iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin icarə verilməsinə hər hansı bir cəhd etməsini, bunun üçün aktiv tədbirlər görməsini, məsələn, icarə verilmə ilə bağlı elan verməsini, potensial icarəçilərlə danışıqlar aparmasını, lakin damın təmir edilməməsi səbəbindən binanı icarəyə vermək hüququnu həyata keçirə bilməməsini, eləcə də hadisədən əvvəlki dövrdə qeyri-yaşayış sahəsinin icarədə olmasını və ya həmin dövrdə qeyri-yaşayış sahəsindən istifadədən əldə etdiyi gəlirləri sübut edə bilməmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1798/2023 nömrəli qətnaməsinin qismən təmin edilməsi hissəsində ləğv olunmasını və Cavabdeh MMC-nin təqsiri üzündən iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına dəymiş əldə çıxmış faydanın əvəzi olaraq 30.000 manat ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1798/2023 nömrəli qətnaməsinin qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qətanməsində cavabdeh icarə sahəsində tikinti-quraşdırma işlərinin aparılması nəticəsində sahəyə dəymiş ziyanı öz hesabına bərpa etmək öhdəliyi daşıdığı halda həmin öhdəliyi lazımi qaydada icra etməməsi ilə iddiaçıya zərər vurulmasını birmənalı olaraq təsdiq etmişdir. Qeyd edilən qeyri-yaşayış sahəsi restoran kimi fəaliyyət göstərmişdir. Cavabdehin hərəkətləri nəticəsində sahəsi 110,4 kv. metr olan birinci zalın və sahəsi 110 kv.m. terrasın fəaliyyəti tamam dayanmış, həmin sahədə müştərilərə xidmət göstərmək mümkün olmamışdır. Məlumdur ki, həmin sahənin yararsız olması ora müştərinin gəlməməsi və orada müştəriyə xidmət göstərilməməsi, eyni zamanda obeyektə gələn müştərilərin sayının azalması deməkdir. Bütün bunlar isə obyektdə gəlirlərin azalması deməkdir. Hər hansı bir sahibkar isə belə bir yararsız sahədən istifadə etməz və həmin yararsız sahəni icarəyə götürməsi mümkün deyildir. Konkret halda da həmin sahəyə görə icarəçi pul ödəməkdən imtina etmişdir. Qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə və onun yaxınlığında olan oxşar obyektlərin aylıq icarə haqqı 8000-10000 manat təşkil edir. Obyektin cavabdeh tərəfindən yuxarıda qeyd edilən hissəsinin yararsız hala salınması nəticəsində həmin hissədən istifadə edilmədiyi müddətdə mülkiyyətçi ekspertin rəyində göstərildiyi kimi 30.000 manat gəlirdən məhrum olunmuşdur. Bir məsələni nəzərə almaq lazımdır ki, məhz cavabdehin təqsiri üzündən həmin sahədən istifadə etmək mümkün olmamışdır. Yararsız hala salınan kimi terrasda və birinci zalda kifayt qədər müştəri olmuş, məlumdur ki, heç bir müştəri yararsız hala salınmış yerdə ona xidmət göstərilməsini istəməz və bu da hazırkı dövrdə mümkün deyildir. Terras havanın yaxşı olduğu vaxtlarda müştərilərin ən çox istifadə etdiyi yer olmuşdur. xx.xx.2022-ci il tarixli UNİ/A 06-636/22 nömrəli mütəxəssis rəyində göstərildiyi kimi zallara yağış sularının sızması nəticəsində tavana və divarlara ziyan dəymiş, ləkələr əmələ gəlmiş, interyerin görüntüsü pozulmuşdur. Bu da öz növbəsində müştəri axımına təsir etmişdir. Yuxarıda göstərilən səbəbdən obyektin birinci mərtəbəsində yerləşən 110,4 kv.m sahədən iöarət zallardan və ikinci mərətəbədə yerləşən 110 kv.mterrasdan təyinatı üzrə istifadə etmək mükün olmamışdır. Rəydə göstərilir ki,əldə çıxmış gəliri başqa yolla müəyyən etmək mümkün olmadığından, sahələrin icarə dəyərləri əsas götürülməklə hesablanmışdır. Bundan əlavə, hətta həmin sahə təmir edildikdən sonra da cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin önündə rabitə ötürücü antena quraşdırılması nəticəsində qeyd edilən sahədən istifadə edilməmişdir. Qurğu obyektin ön divarından 2,98 metr məsafədə yerləşir. Ötürücü qurğunun yaydığı şüalanma normadan yüksək 16,95 mkvt/sm təşkil edir ki, bu da normadan artıq hesab edilir. Bu Azərbaycan Respublikası ETSN-nin X1 Monitorinq İdarəsinin 03 avqust 2022-ci il tarixli aktında qeyd edilmişdir. Şüalanmanın normadan artıq olması obyektin terrasında əyləşən müştərilərin sağlamlığına təsir etdiyindən həmin sahədə xidmətin göstərilməsi mümkün olmamışdır.
19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Belə ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, tərəfimizdən iddiaçıya ziyan vurulmadığı təqdirdə, ziyanın vurulması qənaətinə gəlinmiş, təkrar məhkəmə tikinti texniki ekspertizanın keçirilməsi barədə vəsatət heç bir əsas olmadan təmin edilməmişdir. İddiaçı tərəfindən ona məxsus obyektə dəymiş ziyanın cavabdehə məxsus avdanlıqların çıxarılması nəticəsində baş verməsini sübut etməməsinə baxmayarq məhkəmə iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı ona məxsus obyektə ziyan dəysə belə, bu barədə cavabdehə yazılı məlumat verməmişdir. Buna görə də hesab edirik ki, iddiaçı özü ona ziyan vurulmasına və ziyanın artmasına şərait yaratmışdır. Əgər avadanlıqların götürülməsi zamanı iddiaçıya məxsus obyektə ziyan vurulsaydı, o bunu dərhal bildirə bilərdi, avadanlıqların götürülməsi barədə aktda bu barədə qeyd aparardı. Əlavə olaraq avadanlıqlar götürüldükdən sonra da, iddiaçı ona ziyan vurulması ilə bağlı cavabdehə rəsmi müraciət etməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçı1 məhkəmə iclasında tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
21. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
22. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.4-cü maddə-əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 102.2-ci maddə-məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
23. Qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
24. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1798/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 15 kv.m. olan sahəni (damda olan) Cavabdeh MMC-yə 30 mart 2017-ci il tarixli icarə müqaviləsinə əsasən mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün icarəyə verilmiş, 2022-ci ilin ilin ortalarında (iddiaçı iddia ərizəsində may ayında, cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixdə iyul ayında söküldüyünü göstərmişdir) icarə münasibətlərinə xitam verilərək mobil telefon rabitəsinə aid antenna sökülmüş, söküntüdən sonra dam örtüyü zədələnmiş, zədələnmiş hissədə su sızması nəticəsində iddiaçının mülkiyyətində olan əmlaka ziyan dəymişdir.
26. Cavabdehin apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə ziyan dəyməsi faktını mübahisələndirmir. Apellyasiya şikayətində ziyanın həqiqətən cavabdeh tərəfindən cavabdeh tərəfindən quraşdırılmış telefon rabitəsinə aid texnoloji avadanlığın sökülməsi nəticəsində dəyib-dəymədiyi və real ziyanın məbləğinin yenidən ekspertiza təyin edilməklə araşdırılmasını xahiş edilmiş, bu məqsədlə cavabdehin nümayəndəsi tərəfindən apellyasiya instansiyası məhkəməsinə iş üzrə təkrar ekspertiza təyin edilməsi barədə vəsatət verilmişdir.
27. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2023-cü il tarixli, 10/3434 saylı ekspert rəyindən görünür ki, işə baxmış birinci instansiya məhkəməsi tərəfindən ekspert qarşısında iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin izolyasiya qatının hansı səbəbdən zədələndiyinə dair sual qoyulmuş, ekspert sualı cavablandıraraq binanın dam örtüyünün telefon rabitəsinə aid texnoloji avadanlığın sökülməsi nəticəsində ziyan dəydiyi qeyd edilmişdir. Eyni zamanda ekspert rəyi ilə ziyanın aradan qaldırılması üçün aparılmalı olan təmir bərpa işlərinin dəyəri (görüləcək işlər qeyd edilməklə) müəyyən edilmişdir. Rəyə fotoşəkillər əlavə edilməsə də, işdən görünür ki, ekspert tərəfindən tədqiqat obyektinə xx.xx.2023-cü il tarixdə baxış keçirilərək rəy tərtib edilmişdir. Bundan əlavə zədələnmiş dam örtüyünün fotoşəkilləri olan maddi sübut (CD disk) iş materiallarına əlavə edilmişdir.
28. MPM-nin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Hazırkı halda cavabdeh təkrar ekspertiza keçirilməsi barədə vəsatətdə məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün hər hansı əsas qeyd etmədiyindən vəsatət əsassız hesab edilərək təmin edilməmişdir.
29. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddianın təmin edildiyi hissədə qətnamənin ləğv edilməsi üçün əsaslar mövcud deyil.
30. Məhkəmə eyni zamanda birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçının əldən çıxmış faydaya görə pulun tutulması barədə iddia tələbi ilə bağlı məhkəməyə mötəbər sübutlar (qeyri-yaşayış sahəsinin hansı tarixdən yararsız vəziyyətə düşdüyü, qeyri-yaşayış sahəsinə zərər dəyənədək iddiaçının ayda hansı məbləğdə gəlir əldə etdiyi, 30.000 manat məbləğin hansı sənədlər əsasında hesablandığı və.s) təqdim edilmədiyindən həmin hissədə iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsi düzgün olaraq "xxxx" MMC-nin mütəxəssis rəyini mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, rəydə iddiaçının illik icarə haqqının hansı sənədlər əsasında hesablandığı qeyd edilməmişdir.
31. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1798/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı1 və Cavabdeh MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1798/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.