Məhkəmə qərarları › İş №2-2(103)-25/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-25/2020

09.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-25/2020 09.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Seyidova Səriyyə Seyid qızı və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İsmayılzadə Fərid Sabir oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan «xxxx» açıq səhmdar cəmiyyətinin (onun adından ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun) nümayəndəsi Nümayəndə1 iştrakı ilə Cavabdeh FZCO şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-854/2017 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2013-cü il tarixli 14K/13 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixə əsas borc üzrə 516.272,86 manat, faiz borcu üzrə 304.235,90 manat, cərimə borcu üzrə 112.633,50 manat olmaqla, cəmi 933.142,26 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-854/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə nəzərdə tutulan 3 illik iddia müddətini ötürmüşdür. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmetı kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında isə qeyd edilib ki, AR Mülki Məcəlləsinin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-2(103)-197/2018 nömrəli iş üzrə xx.xx.2018ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-2(102)-268/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2018-ci il tarixli qətnaməsi qismən - faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilmiş, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “... apellyasiya instansiya məhkəməsi cavabdeh Nümayəndəliyin iddiaçı ASC-yə əsas borcunun düzgün olaraq 516.272,86 manat olmasını müəyyən etsə də, faiz və cərimə borcunu məhz, yuxarıda qeyd edilən maliyyə arayışında göstərilən müvafiq olaraq 304.235,90 və 112.633,50 manat məbləğərində olmasını əsaslanıra bilməmişdir.” Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2018-ci il tarixli qətnaməsi 516.272,86 manat məbləğdə əsas borc hissədə dəyişdirilmədən saxlanıldığından, hazırkı apellyasiya araşdırmasının predmetini yalnız faiz və cərimə borcları təşkil edir. Beləliklə, iddiaçının işdə olan xx.xx.2017-ci il tarixli 2243 nömrəli Maliyyə arayışına görə, borc alan cavabdeh xx.xx.2013-cü il tarixli 14K/13 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə 1.795 manat ödəmişdir, onun xx.xx.2017-ci il tarixə əsas borc üzrə 516.272,86 manat, faiz borcu üzrə 304.235,90 manat, cərimə borcu üzrə 112.633,50 manat borcu vardır, kredit müqaviləsinin bitmə tarixinə faiz borcu 200.121,54 manatdır, kredit müqaviləsinin bitmə tarixinə cərimə borcu mövcud deyil. AR Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəyə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 448.4-cü maddəyə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası, əvvəlcə, müqavilə müddətindən sonrakı tarixlər üçün cavabdehə faiz borcu hesablanmasını qanunsuz sayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında bildirmişdir ki, “Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Konstitusiya Məhkəməsi gəldiyi bu nəticəni onunla əsaslandırmışdır ki, “Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri) MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.” Məhkəmə kollegiyası xx.xx.2013-cü il tarixli 14K/13 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə kimi tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli müqavilə ilə xx.xx.2013-cü il tarixli müqavilənin müddətinin xx.xx.2014-cü il tarixədək artırıldığını və Müqavilə üzrə kreditin 15%-lə verildiyini nəzərə alaraq, cavabdehə 304.235,90 manat məbləğdə faiz borcunun hesablanması ilə razılaşmır və hesab edir ki, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyaraq, müqavilənin icrası şərtlərini pozub, iddiaçıdan aldığı əsas kreditə görə faiz borclarını müqavilə ilə nəzərdə tutulan müddətlərdə ödəmədiyi, yəni müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi üçün ona olan borclarını ödəməli olan cavabdehdən 77.684,10 manat məbləğdə faiz borcu tutula bilər (kreditin məbləği 517.894 manat x 15%). xx.xx.2017-ci il tarixli 2243 nömrəli Maliyyə arayışında kredit müqaviləsinin bitmə tarixinə cərimə borcunun olmadığı qeyd olunduğundan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən hər hansı məbləğdə cərimə borcu tutulmamalıdır. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə qismən razılaşır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməklə (MPM-390) birinci instansiya məhkəməsinin iddianı faiz borcunun tutulması hissədə rədd etməsi faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur. Bununla bağlı olaraq, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cərimə borclarının tutulması rədd olunan hissələrdə ləğv edilməli (MPM-385.1.4), həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli (MPM-384.0.2) və iddia faiz borcunun tutulması hissədə qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin (onun adından ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun) apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-854/2017 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi qismən - faiz borcu üzrə 304.235,90 manatın və cərimə borcu üzrə 112.633,50 manatın tutulması rədd olunan hissədə - ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və eyni hissədə iddia qismən təmin edilsin. xx xxxx 2013-cü il tarixli 14K/13 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh FZCO şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə 77.684,10 manat (yetmiş yeddi min altı yüz səksən dörd manat on qəpik) məbləğdə faiz borcu tutulsun. İddia 226.551,80 manat məbləğdə faiz borcunun və 112.633,50 manat məbləğdə cərimə borcunun tutulması hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Səriyyə Seyidova İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar