Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-25/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İlk iddia tələbi üzrə iddiaçının nümayəndəi Nümayəndə və ilk iddia tələbi üzrə cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh “X4 Hovuz and SPA” MMC-yə qarşı “pul” tələbinə dair ilk, iddiaçı “X4 Hovuz and SPA” MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-415/2020 saylı, 11 mart 2020-ci il tarixli qətnaməsindən ilk iddia tələbi üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdeh “X4 Hovuz and SPA” MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh “X4 Hovuz and SPA” MMC-dən 30954 AZN borcun tutularaq İddiaçı ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(82)- 941/2019 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin ərizəsinə əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli e-2-2(82)-941/2019 saylı qərardadı ilə ərizənin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli e-2-2(82)-941/2019 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və iqtisadi mübahisəyə dair iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. “X4 Hovuz and SPA” MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı ASCyə qarşı qarşılıqlı iddia qaldıraraq, 45000 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatına olan məzənnəsi ilə hesablanaraq 30954 manat vəsait çıxılmaqla qalan məbləğin İddiaçı ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 mart 2020-ci il tarixli e-2-2(113)-415/2020 saylı qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “X4 Hovuz and SPA” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə ilkin iddiasının təmin edilməsi, 30954 (otuz min doqquz yüz əlli dörd) manat məbləğində pul vəsaitinin “X4 Hovuz and SPA” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaitinin “X4 Hovuz and SPA” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi, “X4 Hovuz and SPA” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İlk iddia tələbi üzrə cavabdeh “X4 Hovuz and SPA” MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(103)-400/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-415/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(102)-125/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 avqust tarixli, 2-2(103)-400/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia tələbi üzrə cavabdehin vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia tələbi üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-415/2020 saylı, 11 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından müəyyən olunur ki, İddiaçı ASC (satıcı) ilə “X4 Hovuz and SPA” MMC (alıcı) arasında 2017-ci ilin noyabr ayında nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı tərəfindən alıcıya cəmi 133954 manat dəyərində mərmər daşları satılmış və alıcı da götürdüyü malların tam dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. “X4 Hovuz and SPA” MMC-nin direktoru Hasan Kaya tərəfindən İddiaçı ASC-yə ünvanlanmış ödənişlərin vəziyyəti barədə 15 iyul 2018-ci il tarixli iltizama əsasən cavabdehin iddiaçı ilə alqı-satqı münasibətlərindən irəli gələn borcu həmin tarixə 75954 manat təşkil edir və “X5 Hovuz and SPA” MMC həmin borcu tam olaraq 2018-ci ilin avqust ayında ödəcəyini vəd edir. Cavabdeh “X4 Hovuz and SPA” MMC tərəfindən İddiaçı ASC-yə 27 iyul 2018-ci il tarixdə 15000 manat, 01 sentyabr 2018-ci il tarixdə 3000 manat, 03 sentyabr 2018-ci il tarixdə 20000 manat, 13 sentyabr 2018-ci il tarixdə 7000 manat, cəmi 45000 manat məbləğində ödəniş edilmiş, 24 sentyabr 2019-cu il tarixə cavabdehin iddiaçıya ödənilməmiş borcu 30954 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanıqəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməyi vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən verilmiş əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan halları nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehdən satılmış əşyaların dəyərinin qalığı olan 30954 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Qeyd olunan normanın məzmunundan görünür ki, əşyanın qüsurlarının verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirmək vəzifəsi alıcının üzərinə düşür. Mülki Məcəllənin 587.1.3-cü maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin iddiaya etirazın və qarşılıqlı iddianın əsası kimi göstərilən hal ondan ibarətdir ki, İddiaçı ASC “X4 Hovuz and SPA” MMCyə lazımi keyfiyyətdə malları təhvil verməmiş, alınmış mərmərlərin birləşmə və orta yerlərində qısa müddət ərzində sarı ləkələrin yaranması müşahidə olunmuş, buna görə də "xxxx" MMC-nin xidmət göstərdiyi müştəri bu halı əsas tutaraq mərmərlərin dəyişdirilməsini tələb etmiş və ödəməli olduğu 45000 ABŞ dolları məbləğində vəsaiti ödəməkdən boyun qaçırmışdır. Lakin "xxxx" MMC tərəfindən məhkəməyə əşyanın qüsurlarının verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini, müştəri ilə 45000 ABŞ dolları məbləğində müqavilə bağlandığını, həmin məbləğin ona ödənilmədiyini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Yəni, hazırkı vəziyyətdə "xxxx" MMC tərəfindən ən azı zərərin mövcud olduğunu təsdiq edənsübut təqdim olunmalı idi ki, məhkəmə zərərin yaranma səbəbini araşdırsın. Ali Məhkəmə işi yeni apellyasiya baxışına qaytararkən qərarında qeyd etmişdir ki, cavabdehin etirazının əsasını təşkil edən-satılmış mərmərlərin keyfiyyəti ilə bağlı dəlilləri məhkəmələr tərəfindən adekvat qiymətləndirilməmiş, bu dəlil konkret sübutlarla deyil, yalnız ehtimal və mülahizələrlə rədd edilmişdir ki, bu da öz növbəsində tam əsaslandırılmamış məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnmişdir. Mülki Məcəllənin 588.2-ci maddəsinin tələbləri baxımından satıcı-hazırkı halda İddiaçı ASC mərmərləri alıcıya verdikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısı alınmaz qüvvənin təsiri ilə əşyada qüsurların əmələ gəldiyini sübuta yetirməlidir. İş materiallarından isə satıcının qanunla öhdəsinə qoyulmuş vəzifəni yerinə yetirmədiyi, mərmərlərin lazımi keyfiyyətdə olmasına dair mötəbərliyi şübhə doğurmayan sübutlar təqdim etmədiyi, yalnız cavabdehin mərmərləri yapışdırarkən düzgün yapışdırıcıdan istifadə etmədiyi barədə ehtimallarını qeyd etməklə kifayətləndiyi aydın olur. İşdə isə cavabdehə satılmış mərmərlərin həqiqətən lazımi keyfiyyətdə olmasına dair hər hansı mötəbər sübut yoxdur, mərmərlərin keyfiyyətinin müəyyən edilməsi üçün müvafiq məhkəmə ekspertizasının təyin edilməsi barədə cavabdehin vəsatəti isə apelyasiya məhkəməsi tərəfindən protokolda qeyd etməklə, faktiki olaraq isə əsaslandırılmadan rədd edilmiş, məhkəmə satılmış malların həqiqətən lazımi keyfiyyətdə olmasını müəyyən etmək, bununla da yaranmış mübahisənin bu sahədə lazımi biliklərə malik müvafiq ekspertin rəyi əldə olunmaqla qanuni və hər hansı şübhələrdən uzaq birmənalı həllini təmin etməmişdir. Halbuki, cavabdeh “X4 Hovuz and SPA” MMC-yə satılmış mərmərlərin keyfiyyətinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə texniki ekspertizasının təyin edilməsi mühüm əhəmiyyət daşımaqla, satılmış malların keyfiyyətinə dair cavabdehin irad və dəlillərinin adekvat qiymətləndirilməsinə xidmət etməklə, sonda obyektiv və qanuni məhkəmə qərarının qəbul edilməsinə səbəb olardı ki, hazırkı halda isə bu baş verməmişdir. Bu məsələlərin hərtərəfli araşdırılmaması və dəqiqləşdirilməməsi isə sonda tam əsaslandırılmamış məhkəmə qətnaməsinin qəbul edilməsi, cavabdehin apelyasiya şikayətinin iş üçün əhəmiyyətli dəlillərinin isə müfəssəl və adekvat qiymətləndirilməməsi ilə nəticələnmişdir. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, cavabdehə satılmış mərmərlərin keyfiyyətinin, həmçinin mərmərlərin hansı yapışdırıcı ilə yapışdırıldığı, həmin yapışdırıcın mərmərlərin keyfiyyətinə və bir müddət sonra saralmasına təsir edib-etmədiyinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə texniki ekspertizası təyin edilməklə, müvafiq ekspert rəyi alınmalı və nəticəsindən asılı olaraq da mübahisənin qanuni həlli təmin edilməlidir. Mülki-Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yeni apellyasiya baxışı zamanı xx.xx.2021-ci il tarixli qərardadla iş üzrə məhkəmə texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İlk iddia tələbi üzrə İddiaçı ASC tərəfindən ilk iddia tələbi üzrə cavabdeh “X4 Hovuz and SPA” MMC-yə satılmış mərmərlər keyfiyyətli olmuşdurmu ? - Mərmərlər yapışdırılarkən hansı yapışdırıcıdan istifadə edilmişdir, həmin yapışdırıcıdan istifadə edilməsi mərmərlərin keyfiyyətinə və bir müddət sonra saralmasına təsir göstərə bilərmi ? Məhkəməyə daxil olmuş 19 noyabr 2021-ci il tarixli, 6/3139-6/3533 saylı ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş ağ rəngli şəffaf daş lövhə qeyri-üzvi tərkibli olub təbii ağ daşdır, plastikliyi, bircinsliyi və unikal ağ rəngi ilə fərqlənir. Tərkibində kalsit kristalları var, bu kristallar sayəsində daş işıq əksetməsinə malikdir. Xırda dənəvərliliyə malik olduğu üçün ondan asan mərmər almaq mümkündür. Şaxtalı və intensiv yağış altında, daş rəngi dəyişmədən öz ilkin parlaqlığını itirir. Təqdim olunmuş nümunə fiziki xüsusiyyətlərinə və kimyəvi tərkibinə görə mərmərə uyğundur və ГОСТ 9478-un texniki şərtlərini ödəyir. Tədqiqat obyekti qismində yapışdırıcı maddənin göndərilməsi barədə ekspert vəsatəti təmin olunmadığına görə “Mərmərlər yapışdırılarkən hansı yapışdırıcıdan istifadə edilmişdir, həmin yapışdırıcıdan istifadə edilməsi mərmərlərin keyfiyyətinə və bir müddət sonra saralmasına təsir göstərə bilərmi ?” sualı cavablandırılmadı. xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə təkrar məhkəmə texniki ekspertizası təyin edilmiş, məhkəməyə daxil olmuş 27 may 2022-ci il tarixli, 6/1390-6/1473 saylı ekspert rəyində qeyd olunmuşdur ki, qərarın birinci sualı üzrə xx.xx.2021-ci il tarixli qərardadla təyin edilmiş məhkəmə kimyəvi ekspertizası üzrə 19 noyabr 2021-ci il tarixli, 6/3139- 6/3533 nömrəli rəy verilmişdir. Tədqiqata təqdim olunmuş üzərində “weberkol flex granit” mətnli yazıları olan ağımtıl rəngli tozşəkilli məmulat qeyri-üzvi kimyəvi tərkibli sement əsaslı bərkidici maddədir və tərkibində saralma xüsusiyyətinə malik maddələr müəyyən olunmadı. Cavabdehin satılmış mərmərlərin keyfiyyəti ilə bağlı dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ekpert rəyi ilə müəyyən olunmuşdur ki, təqdim olunmuş nümunə fiziki xüsusiyyətlərinə və kimyəvi tərkibinə görə mərmərə uyğundur və ГОСТ 9478-un texniki şərtlərini ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Bundan başqa, kollegiya qeyd edir ki, məhkəmə təkrar məhkəmə-texniki ekspertizası təyin edərkən, tərəflərin iştirakı ilə satılmış mərmər və həmin mərmərin yapışdırılması üçün istifadə edilən kley nümunəsinin götürülməsi ilə rəyin verilməsini tələb etsə də, ekspert tərəflərin iştirakı olmadan yalnız iddiaçı tərəfindən təqdim olunmuş mərmər və cavabdeh tərəfindən təqdim edilmiş kley nümunələri üzrə rəy vermişdir. Təqdim edilmiş mərmər nümunələrinin iddiaçı tərəfindən cavabdehə satılmış mərmər nümunələri olması, kley nümunələrinin isə məhz iddiaçı tərəfindən satılmış mərmərin yapışdırılması üçün istifadə edilmiş kley nümunəsi olduğu müəyyən edilmir. Bununla yanaşı, "xxxx" MMC-nin baş direktoru X6 tərəfindən verilmiş 15 iyul 2018-ci il tarixli iltizamda qeyd edilmişdir ki, 2017-ci ilin noyabr ayında Sizin şirkətlə mənim aramda olan razılaşmaya əsasən mən Sizə 50.000 AZN nağd pul ödəməyim qarşılığında tərəfinizdən mənə 140.000 AZN-ə qədər məbləğdə mal verəcəkdiniz (razılaşdırılmış qiymətlər daxilində). İşlərin gedişi zamanı mən mütəmadi olaraq müəyyən məbləğlərdə pul ödəyəcəkdim, tam məbləği isə işləri bitdikdə bağlayacaqdım. 2018-ci ilin fevral ayından etibarən mal götürməyə başladım. 2018-ci ilin may ayında isə 5000 AZN və 3000 AZN olmaqla cəmi 8000 AZN pul ödədim. Bu günə qədər 133.954 AZN dəyərində mal götürmüşəm. 15 iyul 2018-ci il tarixində mənim Sizə olan borcum 75.954 AZN təşkil edir. Hazırda (2018-ci ilin iyul ayı) işlər yekunlaşmaq ərəfəsindədir. Bu ayın sonuna qədər 15.000 AZN-20.000 AZN məbləğində ödəniş edəcəyəm. Tam məbləği isə 2018-ci ilin avqust ayı ərzində ödəyəcəyəm. Əgər işlər tez yekunlaşarsa ödənişi avqustdan daha tez müddətdə edəcəyəm. Amma məndən asılı olmayan səbəblərdən işlər 10-15 gün gecikərsə dərhal Sizə yazılı olaraq məlumat verəcəm və qarşılıqlı razılıq əldə edəcəm. Yuxarıda qeyd olunanlara əsasən bildirmək istəyirəm ki, gələcəkdə də əməkdaşlığımızın yüksək səviyyədə davam etməsi üçün əlimdən gələni edəcəyəm. Cavabdehin mərmərlərin lazımi keyfiyyətdə olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh 2017-ci ilin noyabr ayında 133.954 AZN dəyərində mal götürmüş, ilkin olaraq 50.000 AZN, daha sonra isə 2018-ci ilin may ayına 8000 AZN ödəniş etmiş, mərmərlərin lazımi keyfiyyətdə olmaması ilə bağlı hər hansı narazılığı olmamış, iddiaçı şirkətlə əməkdaşlığa davam etmişdir. Həmçinin, ilkin iddia üzrə cavabdeh satılmış mərmər məhsulları ilə bağlı narazılığı olduğu halda, bununla bağlı iddiaçıya və ya iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, yalnız İddiaçı ASC-nin məhkəməyə müraciətindən sonra, “X4 Hovuz and SPA” MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə ilkin ekspertiza zamanı kley nümunəsinin təqdim edilməməsi səbəbindən məhkəmə kollegiyası tərəfindən təkrar məhkəmə texniki ekspertizası təyin edilmiş, tərəflərin iştirakı ilə satılmış mərmər və həmin mərmərin yapışdırılması üçün istifadə edilən kley nümunələrinin götürülməsi tapşırılsa da xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ilk iddia tələbi üzrə cavabdehin vəkili yapışdırıcını satın aldıqları mağazadan alıb təqdim etdiklərini bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh “X4 Hovuz and SPA” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-415/2020 saylı, 11 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-2(103)-25/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-25/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver