Məhkəmə qərarları › İş №2-2(103)-251/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-251/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-251/2025 21.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli e-2-2(113)-5175/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən 18 oktyabr 2023-cü il tarixdə ödənilmiş 5200 manat məbləğində pul vəsaitinin ləğv prosesində olan Cavabdeh2 ASC ilə İddiaçı MMC arasında bağlanılmış 19 iyun 2023-cü il tarixli 350/M nömrəli kredit müqaviləsi üzrə borc məbləğindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan Cavabdeh2 ASC ilə İddiaçı MMC arasında bağlanılmış 19 iyun 2023-cü il tarixli 350/M nömrəli kredit müqaviləsi üzrə İddiaçı MMC tərəfindən 18 oktyabr 2023-cü il tarixdə 5200 manat borc ödənilmiş, lakin həmin ödəniş borc məbləğindən silinməmişdir. Bununla əlaqədar olaraq ödənilmiş 5200 manatın Muğanbank” ASC ilə İddiaçı MMC arasında bağlanılmış 19 iyun 2023-cü il tarixli 350/M nömrəli kredit müqaviləsi üzrə borc məbləğindən silinməsi ilə əlaqədar cavabdehə yazılı və şifahi müraciətlər edilsə də, cavabdeh qanunvericiliyin tələbini pozaraq qeyd edilən ödənişi borc məbləğindən silməmişdir. Azərbaycan Respublikası Qanunvericiliyinin tələbinə əsasən cavabdeh ödənilmiş 5200 manatı yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə borcdan siliməsinə görə öhdəlik daşıyır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5175/2024 saylı qərardadı ilə Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə əsasən icraata xitam verilmişdir. İddiaçı qeyd olunan qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli e-2-2(113)-5175/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə İddiaçı MMC tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət edilmədən öncə Cavabdeh2ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna "xxxx" MMC tərəfindən 18 oktyabr 2023-cü il tarixdə ödənilmiş 5200 manat məbləğində pul vəsaitinin Ləğv prosesində olan Cavabdeh2 ASC ilə İddiaçı MMC arasında bağlanılmış 19 iyun 2023-cü il tarixli 350/M nömrəli kredit müqaviləsi üzrə borc məbləğindən silinməsi barədə müraciət edildiyi vəCavabdeh2ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun həmin müraciəti təmin etməməsi faktına hüquqi qiymət verməmişdir. Barəsində şikayət edilən qərardadda İddiaçı MMC-yə hazırkı tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməsi tövsiyə olunur. Halbuki, ləğv prosessində olan Cavabdeh2 ASC ilə İddiaçı MMC arasında bağlanılmış 19 iyun 2023-cü il tarixli 350/M nömrəli kredit müqaviləsi üzrə münasibətlər üfüqi xarakterli olub sırf kommersiya münasibətləri olmuşdur və hazırkı iddia tələbi də həmin kredit müqaviləsi üzrə kommersiya münasibətlərindən yaranmışdır. Amma, barəsində şikayət edilən qərardadda tərəflər arasında yaranmış münasibətlərin inzibati xarakterli olması sübut edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5175/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qərardadın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli e-2-2(113)-5175/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Banklar haqqında” Qanunun: 68-ci maddəsinə əsasən bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. 72.1.3-cü maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. 77.1-ci maddəsinə əsasən, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. Həmin Qanunun 82-ci maddəsində müflis elan olunmuş banklara qarşı tələblərin xüsusi ödəniş qaydası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 13 iyun 2017-ci il tarixli Qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı məhkəmə icraatına başlanılmır və banka qarşı göstərilən tələblər yalnız “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməlidir. Hazırkı halda iddiaçı "xxxx" MMC iddiasını Cavabdeh2 ASC ilə bağladığı kredit müqaviləsi üzrə 18 oktyabr 2023-cü il tarixdə 5200 manat məbləğində ödəniş etməsi, lakin həmin ödənişin kredit müqaviləsi üzrə borcdan silinməməsi ilə əsaslandırsa da, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 18 oktyabr 2023-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC-nin "xxxx" ASC-dəki bank hesabından iddiaçının Cavabdeh2 ASCdəki cari bank hesabına 5200 manat məbləğində pul vəsaitinin köçürülməsi barədə sərəncam verilmiş və həmin sərəncama əsasən vəsait iddiaçının Cavabdeh2 ASC-dəki cari bank hesabına mədaxil edilmişdir. İddiaçı tərəfindən Cavabdeh2 ASC-dəki cari hesaba mədaxil edilmiş pul vəsaitinin kredit borcunun ödənilməsinə yönəldilməsi barədə sərəncam verilməsi isə iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, hazırkı halda iddia tələbi bank müflis elan edildiyi vaxt iddiaçının cari bank hesabında olan pul vəsaitinin iddiaçı kredit borcuna silinməsi, yəni iddiaçının müflisləşmə prosesində olan banka qarşı bank hesabı haqqında müqaviləsindən irəli gələn kreditor tələbinin bankın MMC-yə qarşı olan kredit müqaviləsindən irəli gələn tələbi ilə əvəzləşdirilməsindən ibarətdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi müflis elan edilmiş bankın bank fəaliyyətindən (müştərisi ilə bağladığı bank hesabı barədə müqavilədən) irəli gələn tələb olmaqla müflisləşmə prosesi gedişində bankın yeganə qanuni təmsilçisi olan şəxs qismində Əmanətlərin Sığortalanması Fonduna qarşı, yəni faktiki olaraq ləğv prosesində olan banka qarşı yönəldilmişdir. “Banklar haqqında Qanunun: 59.5-ci maddəsinə əsasən bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmə qərarının qəbul edildiyi andan: 59.5.1. bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri ləğvediciyə keçir (banka müvəqqəti inzibatçı təyin olunduğu halda, müvəqqəti inzibatçının səlahiyyətlərinə bankın məcburi ləğvi barədə məhkəmə qərarı qəbul edildiyi andan Mərkəzi Bank tərəfindən xitam verilir); 59.5.2. bank inzibatçılarının və ya səhmdarlarının bank adından etdikləri hərəkətlər hüquqi qüvvəyə malik olmur; 58.5.3. bank aktivlərinin mühafizəsi və məhkəmə qərarlarının icrası məqsədilə aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; 59.5.4. bankın girov məbləği (ipoteka) həddində təmin etdiyi öhdəlikləri istisna olmaqla, qalan aktivlər həbsdən və ya icraatdan müdafiə edilir. 71.3-cü maddəsinə görə banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, İddiaçı MMC-nin cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürdüyü iddia üzrə tələb mahiyyət etibarilə ləğv prosesində olan banka qarşı yönəldilmiş kreditor tələb olduğundan hazırkı iddia ərizəsinə mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Odur ki, işə mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. 262.3-cü maddəsinə əsasən Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bununla bağlı xüsusi qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə düzgün nəticəyə gəlsə də, MPM-in 262.3-cü maddəsinə əsasən iddiaçının hazırkı tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməli olmasını izah edərkən səhvə yol vermişdir, belə ki, İnzibati Prosessual Məcəllənin 131.1-ci maddəsinin tələblərinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın iflas proseduruna başlanması, ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Odur ki, iddiaçıya izah edilməlidir ki, hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını izah edərkən səhvə yol verməsi mahiyyətcə düzgün olan məhkəmə qərardadının ləğvi üçün əsas vermir. Beləliklə, iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli e-2-2(113)-5175/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Elnur Həsənov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar