Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-252/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə haqqının, cərimənin və elektrik borcunun ödənilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2888/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2019-ci il tarixində bağlanmış ofis icarəsinə dair müqaviləyə əsasən, cavabdehdən 1980 manat ödənilməmiş icarə haqqı borcu, 356,40 manat ƏDV borcu, 700,20 manat gecikdirilmiş günlər üçün cərimə borcu, 4,50 manat elektrik borcu olmaqla, cəmi 3041,10 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında xx.xx.2019-cu il tarixində ofis icarəsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı (“icarəyə verən”), Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1065, Cəfər Cabbarlı 44 ünvanında yerləşən "Caspian Plaza”-da müqaviləyə edilmiş əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında cavabdehə (“İcarəçiyə”) verir. Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavənin 1.1-ci madəsinə əsasən, icarəyə verən binanın 4-cü mərtəbəsində yerləşən 57 sahəni icarəçiyə icarəyə verir. Əlavə 1-in 2.1-ci maddəsinə əsasən, İcarəçi xx.xx.2019 tarixindən xx.xx.2020-ci il tarixinədək 660 manat+18% ƏDV icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş aylıq olmaq şərti ilə hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər bir gecikdirilmiş gün üçün icarə haqqının 1%-ini ödəməlidir. Hazırki müqavilə üzrə cavabdeh mart ayından etibarən heç bir ödəniş etməmişdir. Ümumilikdə cavabdehin icarə müqaviləsi üzrə cəmi 1980 manat ödənilməmiş icarə haqqı borcu, 356,40 manat ƏDV borcu, 700,20 manat gecikdirilmiş günlər üçün cərimə borcu və 4,50 manat elektrik borcu yaranmışdır. xx xxxx 2020-ci il tarixində iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilsə də cavab verilməmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddianı qəbul etməyərək rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə və bu müqavilənin ayrılmaz tərkib hisəssi olan 1 saylı əlavəyə əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsi, aylıq icarə haqqı 660 manat+18% ƏDV olmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək icarəyə götürülmüş, cəmiyyətin əsas fəaliyyət növü ayrı-ayrı şəxslərə müvafiq təlimlərin keçirilməsindən ibarət olmuş, dünyada yayılan Koronavirus (Covid-19) infeksiyasına qarşı Azərbaycan höküməti tərəfindən aparılan tədbirlər çərçivəsində bu ilin mart ayından ölkə ərazisində xüsusi karantin rejiminin və bununla əlaqədar olaraq xüsusi əmək, eləcə də xüsusi hərəkət rejimi qaydalarının tətbiq edilməsi ilə əlaqədar olaraq bəzi sahiblkarlıq subyektlərinin fəaliyyətinə məhdudiyyətlər tətbiq olunmuşdu. Cavabdeh cəmiyyət də fəaliyyətinə məhdudiyyət tətbiq olunan sahibkarlıq subyektlərinə aid olduğundan göstərilən səbəblərdən bu ilin mart ayından fəlaiyyətini dayandırmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2888/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və xx.xx.2019-cu il tarixində ofis icarəsinə dair müqavilə və həmin müqaviləyə 1 saylı əlavə üzrə yaranmış 660 manat məbləğində icarə haqqı borcu, 118,80 manat ƏDV borcu, 71,20 manat cərimə borcu, sərf olunmuş elektrik enerjisinə görə 4,50 manat məbləğində borc, cəmi 854,50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 8,42 manat - məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət olumuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırki işdə düzgün hüquq normalarını tətbiq etməyib. Belə ki, 1. məhkəmə qətnaməsində cavabdehin icarə haqqından azad olunmasını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli qərarına və həmin qərarda göstərilən “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-1.-ci bəndinə istinad edərək dövlətin müstəsna yanaşması kimi təqdim etmişdir. Həmin Əsasnamənin 8-1.ci bəndində əsasən, Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslərə və fərdi sahibkarlara münasibətdə bu Əsasnaməyə uyğun müəyyən edilmiş icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmır. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin Əsasnamə ilə tənzimlənən münasibətlər hüquqi şəxslərə məxsus müəssisələrin yerləşdiyi torpaq sahələri və dövlət arasında olan münasibətləri əhatə edir. İddiaçı və cavabdeh arasında olan münasibətlər isə birinciyə məxsus mülkiyyətin cavabdehə icarəyə verilməsindən, yəni, 2 hüquqi şəxs arasında olan icarə münasibətlərdən ibarətdir. Bu münasibətlər isə tərəflərin qarşılıqlı razılaşmasına əsasən, müqavilədə özəksini tapır. Əsasnamənin hüquqi şəxslər arasında olan icarə münasibətləri ilə əlaqəsi yoxdur. Bununla yanaşı, məhkəmə öz qətnaməsində cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsini fors major halı kimi qiymətləndirmişdir. Mülki qanunvericiliklə fors major halı nəzərdə tutulmamışdır. Lakin tərəflər müqavilədə qarşılıqlı razılıq əsasında fors major halını və şərtlərini müəyyən edə bilərlər. Belə ki, icarə müqaviləsinin 10-cu maddəsinə əsasən, tərəflər fors major halını təbii fəlakət, yanğın halları və müharibə vəziyyəti ilə əlaqədar qəbul etmişlər. Lakin hazırki pandemiyanı və ümumiyyətlə hər hansı epidemiya hallarını tərəflər müqavilədə fors major halı kimi qeyd etməyiblər. Buna görə də, hazırki vəziyyəti tərəflər üçün fors major halı hesab etmək olmaz. Mülki Məcəllənin 448.4-cü maddəsinin tələbinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və yaaradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtındaalınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Cavabdeh rəsmən iddiaçıya müqavilənin ləğvi və ya öhdəliyinin icrası ilə bağlı müraciət etməmişdir. Karantin rejiminin tətbiq edilməsi öz-özlüyündə (avtomatik olaraq) fors major halının baş verməsini şərtləndirmir. Tərəf öz öhdəliyini icra etmək üçün bütün ağlabatan cəhdlərdən istifadə etməli, risklərin və itkilərin azaldılması üçün mümkün səylər göstərməlidir. Karantin rejimində tədris fəaliyyətini həyata keçirən bir çox şəxslər bu fəaliyyəti onlayn qaydada həyata keçirməyə başladılar. Hətta Ali təhsil ocaqlarında da tədris onlayn qaydada keçirildi. Buna baxmayaraq, iddiaçı bu üsullardan istifadə etməmiş və borc öhdəliklərini yerinə yetirmək, risklərin və itkilərin azaldılması üçün heç bir cəhd göstərməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Cavadov isə izahatında iddiaçının şikayəti ilə razılaşmayaraq ölkədə sərt karantinlə əlaqədar cəmiyyət 2020-ci ilin mart ayından fəaliyyət göstərmədiyini, bununla bağlı kompensasiya da almadıqlarını, cəmiyyətin direktoru tərəfindən icarə müqaviləsinin ləğv ilə bağlı cavabdehə müraciət olunduqda isə sonuncu müraciətin müəssisə adından edilməli olduğunun bildirildiyini, müvafiq ərizənin verilməsinin isə iyul ayında yalnız gerçəkləşdiyini qeyd etməklə apellyasia şikayətinə etirazını bildirmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərindən isə göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində, mübahisələndirilir. Belə olan halda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 372.6-cı maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə şikayət həddində baxılmalıdır. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçının xx.xx.2019-ci il tarixində bağlanmış icarə müqaviləsi üzrə cavabdehin icarə haqqı öhdəliklərini mart ayından etibarənəi yerinə yetirmədiyini iddia edərək ondan 1980 manat məbləğində üç aylıq icarə haqqının, həmin məbləğin 18 faizi ilə hesablanmış 356,40 manat ƏDV borcunun və ödəmənin gecikdirilməsinə görə 700,20 manat cərimənin ödənilməsi tələbləri birinci instansiya məhkəməsi tərəfindən qismən –əsas borc (icarə haqqı) hissəsində bir aylıq icarə haqqı məbləğində,yəni 660 manat, ƏDV ilə bağlı hissəsində bu məbləğin 18 faizi miqdarında, yəni 118,80 manat, cərimə tələbi hissəsində isə tənasübsüzlüyü nəzərə alınaraq 71.20 manat məbləğində hissəsində təmin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, məhkəmə həmin nəticəyə gələrkən düzgün olaraq qeyd etmişdir ki, «Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasında xx xxxx 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilmiş, daha sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq olaraq xx xxxxx 2020-ci il tarixli və xx xxx 2020-ci il tarixli qərarları ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 may saat 00:00-dək uzadılmış və Nazirlər Kabinetinin digər müvafiq qərarları ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər çərçivəsində insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldıması məqsədilə bəzi iş və xidmət sahələri üzrə fəaliyyət o cümlədən, fərdi tədris və repetitor xidmətlərinin (o cümlədən bu sahədə evlərdə xidmət) fəaliyyəti qadağan edilmişdir. Daha sonra, məhkəmə, iddiaçının apellyasiya şikayətində tətbiq edilməsi mübahisələndirilən Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli qərarına qərarına istinadən, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslərə və fərdi sahibkarlara münasibətdə icarə haqları 2020-ci il 01 aprel tarixindən 2021-ci il 01 yanvar tarixinədək hesablanmadığını qeyd etsə də, hazırkı mübahisəyə münasibətdə həmin qərarın təbiqi barədə hər hansı hüquqi qiymətləndirmə aparmamamışdır. Bundan sonra, məhkəmə mübahisələndirilən məsələyə münasibətini bildirərək qeyd etmişdir ki, iddiaçının 2020-ci ilin mart, aprel, may ayları üçün tələb etdiyi icarə haqqı barədə iddiası ancaq mart ayının icarə haqqı tələbi hissəsində əsaslıdır və təmin edilməlidir. Belə ki, ölkədə və dünyada Koronavirus (COVİD-19) infeksiyasının geniş yayılması bir çox sahələrdə, o cümlədən kommersiya subyektlərinin fəaliyyətinin məhdudlaşdırmasına gətirib çıxartmışdır. Bir sözlə sadalanan hallar, tərəflər arasındakı razılaşmada öhdəliklər üzrə tərəflərin məsuliyyət daşımadığı fors major halı, yəni, həmin hal tərəflərin ağılabatan nəzarətindən kənarda qalaraq, öhdəliklərin icrasını qeyri-mümkün edən hal kimi qiymətləndirilir.» Məhkəmə kollegiyası qeyd olunan halda, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci iltarixli qərarına istinad olunan mövqeyi ilə razılaşmasa da, məhkəmənin 2020-ci ilin mart, aprel, may ayları üçün iddiaçının tələb etdiyi icarə haqqına münasibətdə ölkədə və dünyada Koronavirus (COVİD-19) infeksiyasının kommersiya subyektlərinin fəaliyyətinin məhdudlaşdırmasına gətirib çıxarmasını, cavabdehin məsuliyyət daşımadığı fors major halı və iradəsindən kənar öhdəliklərin icrasını qeyri-mümkün edən hal kimi qiymətləndirməsini əsaslı sayır. Birincisi ona görə ki, icarə müqaviləsinin 10-cu maddəsinin şərtinə görə müqavilənin məqsədləri üçün istifadə olunan «fors major» termini elə bir halı nəzərdə tutur ki, həmin hal tərəflərin alabatan nəzarətindən kənarda qalaraq, öhdəliklərin icrasını qeyri-mümkün edir. Bunlara təbii fəalakət, yanğın halları, müharibə vəziyyəti daxildir.Gecikmə və ya öhdəliyin pozulması fors majorla əlaqədar olduqda buradakı öhdəliklərin yerinə yetirilməsində hər hansı gecikmə və ya pozulmaya görə heç bir tərəf məsuliyyət daşımır. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, 2020-ci ilin aperel-may aylarında ölkə ərazisində vaş verən kronovirus infeksiyası ilə əlaqədar dövlət tərəfindən həyata keçirilən sərt karantin rejimi tədbirləri cavabdehin icaorə müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını qeyri-mümkün etmişdir. Belə olan hada, bu halın təbii fəlakət vəziyyətinə uyğun gələn hal kimi qiymətləndirilməməsi mümkün deyil Çünki, ən azından «təbii fəlakət» anlayışı həm də can itkisinə səbəb ola biləcək böyük diametrli hadisəni özündə əks etdirir. İkincisi, cavabdehin icarəyə götürdüyü obyektdə kommersiya fəaliyyətinin mümkünsüzlüyü onun istəyindən yox, yuxarıda qeyd edildiyi kimi, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarları ilə ölkə ərazisində 2020-ci ilin aprel-may aylarında sərt karantin rejimi tədbirləri həyata keçirməsi, o cümlədən, təhsil sahəsində tətbiq olunan qadağlarından irəli gəlmişdir. Belə olan halda, Mülki Məcəllənin 448.4-cü maddəsinin tələbinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və yaaradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Məcəllənin qeyd olunan normasının - birinci cümləsinin dispozisiyasından irəli gələn faktiki şərtlər konkret halda mövcuddur. İkinci cümləsinə gəldikdə isə mübahisələnditrilən aylarda məlum infeksiya ilə əlaqədar dövlət səviyyəsində tətbiq olunan qadağalar hamının, deməli, hazırkı mübahisənin hər iki tərəfin, o cümlədən, iddiaçının (icarəyə verənin) də xəbəri olmuşdur. Mülki Məcəllənin 425.1-ci maddəsindən isə görünür ki, müqavilə tərəflərindən hər biri öz hüqlarını və vəzifələrini həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən vicdanlılığın tələb etdiyi tərjdə hərəkət etməlidir. İş materiallarına (cavabdehin etiraz mülahizələrinə və s.) iddiaçı özü belə cavabdehin icarə obyektində fəaliyyət göstərmədiyini bildiyi halda, onunla Məcəllənin qeyd olunan tələbinə uyğun tərzdə davrandığı müəyyən olunmur. Mülki Məcəllənin 458.1-ci maddəsi isə nəzərdə tutur ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra eetməmək və ya lazımınca icra etməmək nəticəsində zərərin miqdarının qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətini azalda bilər. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegityası birinci instansiya məhkəməsinin qətnamə ilə gəldiyi nəticəni faktlar-nöqteyi nəzərindən işin hallarına uyğun və mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Belə olan halda, MPM-in 385.2-ci maddəsi baxımından həmin qətnamə ləğv olunma bilməz. Ona görə də məhkəmə kollegiyası İddiaçı MMC-nin apellyasiya şikayətinin Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2888/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin iddianın rədd olunan hissəsində əsassız olduğunu və maddi hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 393, 384, 392, 393, 404-1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2888/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən (mübahisələndirilən hissədə) saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-252/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-252/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver