Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-253/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, Cavabdeh1 MMC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4246/2023 saylı qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 28 oktyabr 2022-ci il tarixli, RB/KM16012 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə illik 14 % ödəmək şərti ilə 12 ay müddətinə 253000 manat məbləğində kredit verilmişdir.
2. Həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 28 oktyabr 2022-ci il tarixli, RB/KM-16012 saylı Daşınar Əmlakın Girov Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus olan istehsal avadanlıqları iddiaçı qarşısında yüklü edilmişdir. Girov qoyulmuş avadanlıqların təsviri müqavilənin 2.1-ci bəndində öz əksini tapmış, habelə avadanlıqların yüklülüyü barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır.
3. Eyni zamanda, həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin Cavabdeh2 28 oktyabr 2022-ci il tarixli, RB/KM-16012saylı kredit müqaviləsi üzrə öhdəlikləri icra olunmasını öz üzərinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 28 oktyabr 2022-ci il tarixli, RB/KM-16012 saylı kredit müqaviləsinə görə 212239,46 manat, faiz borcuna görə 17334,34 manat, dəbbə borcuna görə 14946,1 manat, cəmi 244519,9 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 534,52 manat pulun iddiaçının xeyrinə tutulması, bütün tələblərin tam mülkiyyət hüququ ilə cavabdehə məxsus 28 oktyabr 2022ci il tarixli, RB/KM-16012saylı Daşınar Əmlakın Girov müqaviləsinin 2.1-ci bəndində öz əksini tapmış girov predmetlərinə - 1 ədəd Kağız kütləsindən, kağızdan və kartondan olan məmulatların qəliblənməsi üçün avadanlıq (2150 mm oluklu mukavva hattı və üniteleri); 1 ədəd uzununa və eninə kəsmə maşınları (2200 scorrer slitter – scorer kesici); 1 ədəd Serina makina markalı karton vərəqlərindən qutuların, yeşiklərin hazırlanması üçün avadanlıq (SM/V 1290x2400 Tama otomatik dörd renk flekso baskı, pliyaj); 1 ədəd Serina makina markalı qablaşdırma avadanlığı (1290x2400 Ayıklama və stacker); 1 ədəd Serina makina markalı pres avadanlığı (Dik balya presi); 2 ədəd Serina makina markalı qablaşdırma avadanlığı (Kırıcı Fan); 1 ədəd Serina makina markalı kəsilmiş kartonların tullantı karton hissələri ayrılması üçün seperator makinası (1000x420 seperatör makinası) yönəldilməsi, həmin girov predmetlərinin açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına cəmi 244519,9 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 534,52 manat pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, 28 oktyabr 2022-ci il tarixli, RB/KM-16012 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlərin həmin kredit müqaviləsi üzrə əsas borcu 212239,46 manat, faiz borcu 17334,34 manat, dəbbə borcu 14946,1 manat, cəmi borcu 244519,9 manat təşkil edir.
6. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)4246/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 212239,46 manat əsas borc, 17250,76 manat faiz borcu, 10000 manat cərimə, ödənilmiş 534,52 manat dövlət rüsumu, ümumilikdə 240024,74 (iki yüz qırx min iyirmi dörd manat yetmiş dörd qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin girov predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh1 MMC-yə məxsus 28 oktyabr 2022-ci il tarixli, RB/KM-16012 saylı Daşınar Əmlakın Girov müqaviləsinin 2.1-ci bəndində öz əksini tapmış girov predmetlərinə: 1 ədəd Kağız kütləsindən, kağızdan və kartondan olan məmulatların qəliblənməsi üçün avadanlıq (2150 mm oluklu mukavva hattı və üniteleri); 1 ədəd uzununa və eninə kəsmə maşınları (2200 scorrer slitter – scorer kesici); 1 ədəd Serina makina markalı karton vərəqlərindən qutuların, yeşiklərin hazırlanması üçün avadanlıq (SM/V 1290x2400 Tama otomatik dörd renk flekso baskı, pliyaj); 1 ədəd Serina makina markalı qablaşdırma avadanlığı (1290x2400 Ayıklama və stacker); 1 ədəd Serina makina markalı pres avadanlığı (Dik balya presi); 2 ədəd Serina makina markalı qablaşdırma avadanlığı (Kırıcı Fan); 1 ədəd Serina makina markalı kəsilmiş kartonların tullantı karton hissələri ayrılması üçün seperator makinasına (1000x420 seperatör makinası) yönəldilməsi, həmin girov predmetlərinin açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına 212239,46 manat əsas borc, 17250,76 manat faiz borcu, 10000 manat cərimə, 534,52 manat dövlət rüsumu, ümumilikdə 240024,74 (iki yüz qırx min iyirmi dörd manat yetmiş dörd qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, satışdan artıq qalan vəsaitin Cavabdeh1 MMC-yə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 150 (bir yüz əlli) manat ekspertiza xərcinin Cavabdeh1 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
8. Cavabdeh1 MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçıbnın tələb etdiyi borcun məbləğini dəqiq müəyyən etməmiş, dəbbə pulu tələbinin əsaslı olub-olmadığını araşdırmamış, təqdim edilmiş sübutlara düzgün qiymət verməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X2 isə apellyasiya şikayətinə etiraz etdi.
12. Digər cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
14. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
15. Həmin Məcəllənin 739.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
16. Həmin Məcəllənin 741-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən əfər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
17. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
18. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız Cavabdeh1 MMC tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız kredit borcunun məbləğinə aid hissədə yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, baxılan hissədə iddia qismən əsaslıdır.
21. Belə ki, kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1 və 741-ci maddələri təşkil edir.
22. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.
23. Belə ki, kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, 9/7734 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə xx.xx.2023-ci il tarixə ödənilməli əsas borcu 212.239,46 manat, faiz borcu 17.250,76 manat təşkil edir. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır.
24. Birinci instansiya məhkəməsi ekspert rəyinə uyğun olaraq əsas borcun tutulması hissəsində və faiz borcuna aid hissədə müqavilə müddətinə uyğun olaraq iddianı qismən təmin etmiş, həmçinin cərimə borcunu azaldaraq həmin hissədə də iddianı qismən təmin etmişdir.
25. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə maliyyə arayışını, qeyd olunan ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739-cu maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, əsas borca aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
26. Faiz borcuna aid hissədə isə məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyil.
27. Belə ki, iş materiallarından müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə iddiaçı tərərfindən Cavabdeh1 MMC-yə elektron qaydada mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərilmişdir. Həmin məktubda kredit müqaviləsi üzrə cəmi əsas borc və faiz borcunun (235818 manat) ödənilməsi təklif olunmuşdur.
28. Göründüyü kimi İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RB/KM16012 saylı kredit müqaviləsinin müddəti 12 ay müəyyən edilsə də, iddiaçı həmin müddət başa çatanadək, yəni xx.xx.2023-cü il tarixdə cavabdehə cəmi əsas borcun ödənilməsini təklif etməklə müqavilə münasibətlərinin davam etməsindən imtina etməsi ilə bağlı iradə ifadəsini bildirmişdir.
29. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RB/KM16012 saylı kredit müqaviləsinin 4.3.5-ci bəndində də göstərilmişdir ki, borc alan bu Müqavilə üzrə ona verilmiş krediti və onun faizini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyini ən azı bir dəfə pozduqda), habelə bu Müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor bu Müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını borc alandan tələb edə bilər.
30. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
31. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixi Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
33. Qeyd olunanları, yəni İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli, RB/KM16012 saylı kredit müqaviləsinin 4.3.5-ci bəndində müqavilədən birtərəfli imtinaya yol verildiyini, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunu, Mülki Məcəllənin 421.2 və 421.3-cü maddələrinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixi Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi 12 iyun 2023-cü il tarixdən ləğv edilmiş hesab edilir.
34. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı yalnız həmin tarixə qədər hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.
35. Həmin məbləğ isə aşağıdakı qaydada hesablanmalıdır.
36. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/7734 saylı rəyindən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixə hesablanan faiz borcu 3331,17 manat, həmin tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət 124 gün, həmin müddətdə hər günə düşən faiz məbləği isə 86,23 manat təşkil edir. Beləliklə, sadə riyazi hesablama ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixə olan faiz borcunun məbləği 14023,69 manat təşkil edir (124 x 86,23 = 10692,52 + 3331,17 = 14023,69)
37. Dəbbə puluna dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
38. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini, kredit üzrə aparılan ödənişləri və 2023-cü ilin fevral ayına qədər mütəmadi ödənişlərin aparıldığını, kredit müqaviləsinin xx.xx.2023-cü il tarixdən ləğv edildiyini, iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya hesab edir ki, cərimə məbləği azaldılaraq əsas borcun 3 %-i civarında 6000 manat məbləğində müəyyən edilməlidir.
39. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu və cərimə məbləğinə, habelə onlardan asılı olaraq cəmi kredit borcuna aid hissədə dəyişdirilməli, qalan mübahisələndirilən hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 385.1.4, 392, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4246/2023 saylı qətnaməsi dəyişdirilsin. Faiz borcu 14023,69 manat, cərimə məbləği 6000 manat, cəmi tutulmalı olan kredit borcu isə 232263,15 manat məbləğində müəyyən edilsin. Qətnamə əsas borca aid hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu Cavabdeh1 MMC-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn