Məhkəmə qərarları › İş №2-2(103)-253/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-253/2025

27.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-253/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdehin direktoru X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı daşıma müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(113)-6658/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müracət edərək, 820 ABŞ dolları (1394 manat) daşıma xərcindən qalıq borc, demuraj adlı cərimə borcu olan 5000 ABŞ dolları (8500 manat), 2000 manat vəkilə ödənilmiş xidmət haqqı və dövlət rüsumu olan 126 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 620 ABŞ dolları (1054 AZN) daşıma xərcindən qalıq borc, demuraj adlı cərimə borcu olan 5000 ABŞ dolları (8500 AZN), 2000 manat vəkilə ödənilmiş xidmət haqqı və dövlət rüsumu olan 126 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı “Gültekin Logisticst" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6658/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən daşıma xərci olaraq 620 ABŞ dolları (1054 manat) borc məbləği, vəkil xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 36 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. İddiaçı MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6658/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə bağlanmış, müqavilə əsasında, müqaviləyə əsasən cavabdehə daşıma xidməti göstərilmiş, daha sonra cavabdeh malları təhvil almamasına görə 5000 ABŞ dolları demuraj hesablanmış, bu barədə tərəflər arasında yeni razılaşma əldə edilmiş, razılaşma şərtini cavabdehin direktoru şəxsən təsdiq etmiş, bunu məhkəmə iclasında özü də etiraf etmiş, lakin razılaşmanı bizi aldatmaq üçün razılaşdığını bildirmişdir. Məhkəmə isə bu hissələrdə ümumiyyətlə araşdırma aparmadan iddianı həmin razılaşma hissəsində rədd etmişdir. Hesab edir ki, məhkəmə bu hissədə kobud səhvə yol vermişdir. Cavabdeh iyul ayı üzrə razılaşmada "xxxx" MMC-ə yazılan demuraj pullarını 3 ay ərzində ödəyəcəyini, digər ödənişləri isə 30-cu gün tam ödəyəcəyini bildirmişdir. 08 iyul 2024-cü il tarixdə iddiaçı(daşıyıcı) şirkətin rəhbəri Şirzad Mustafayev Cavabdeh rəsmi elektron poçt ünvanı Elektron ünvan adresinə ** KZ ***8 /34 FJN 636, 25 ADH 177 /38 AHD 413 nömrəli maşınların 5000 ABŞ dollar (8500 AZN) yaranmış yatma xərcini ödəyəcəyini təsdiq etməsinə dair razılaşdıqları qaydanı təsdiq etməsi üçün məktub ünvanlamış, cavabdehin qanuni təmsilçisi Ramin Salmanlımail göndərərək qeyd olunan razılığı təsdiq etdiyini bildirmişdir. Tərəflərin aralarında olan razılığa əsasən 5000 ABŞ dolları olan demuraj pulu 3 hissədə iddiaçıya qaytarılmalı, ilk hissə xx.xx.2024-cü il tarixdə 2000 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 1500 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 1500 ABŞ dolları olmaqla qaytarılmalı idi. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, məhkəmə isə cavabdehin qəbul etdiyi öhdəliklə bağlı işə baxan zaman bütün bu xüsusatları araşdırmamış, cavabdehin 1 izahatında olan həqiqətə uyğun olmayan sözlərə əhəmiyyət vermiş və mənim izahatımı təhrif edərək əsassız və qanunsuz olan məhkəmə qətnaməsinin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə iclası zamanı 5000 ABŞ dolları demurajın yaranma səbəbi olaraq cavabdehin malları təhvil almamasını qeyd etməyimə baxmayaraq məhkəmə mənim izahatımı fərqli formada təhrif etmiş və guya mənim 5000 ABŞ dolları demuraj pulunu daşıma pulunun ödənməməsinə görə hesabladığımızı qeyd etmişdir. Halbuki demuraj hesablanan 5000 ABŞ dolları cavabdehin malı təhvil almadığı günlər üçün hesablanmışdır. İş məhkəmədə baxılan zaman cavabdehin demurajla bağlı 5000 ABŞ dolları elektron qaiməni qəbul etməsi, iyul ayında cavabdehin iddiaçı qarşısında mail və vatsap proqramı vasitəsilə qəbul etdiyi öhdəliklər, iş üzrə daşıma haqqının ödənilməməsi, cavabdehin daşıma xərcinə görə yükünün saxlanılmasının mümkünsüz olduğu, çünki bu barədə müqavilədə ayrıca bənd qeyd olunduğu, sonradan daşıma xərcinə görə “saxlanılan” dedikləri yükün hazırda yenə də daşıma xərci ödənilmədiyi halda cavabdehə təhvil verilməsi, belə olanda cavabdehin yükünün daşıma haqqına görə saxlanılmasının məntiqsiz olduğu, 5000 ABŞ dolları demuraj yığıldıqdan sonra cavabdehə bu pulu qəbul etmədiyi halda yükün saxlanılacağının qeyd edildiyi, cavabdehin iyul ayında 5000 ABŞ dolları öhdəlik götürüb, daha sonra öhdəlikdən boyun qaçırdığına dair hallar məhkəmə iclasında aydınlaşdırılmamışdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli izahatım təhrif edilmiş, guya bizim qanunsuz olaraq cavabdehin daşıma xərci ödəməməsinə görə yükü saxladığımız və belə bir izahatı mənim izahatıma qeyd etməklə yazması məhkəmənin sanki 5000 ABŞ dolları hissədə iddia tələbini rədd etməsinə əsas tapa bilməməsi və bu hissədə mənim izahatımı dəyişməsinə lüzum görməsi hiss olunur. Hesab edir ki, xx.xx.2024-cü il tarixli məhkəmənin audio video yazısına baxış keçirilməli və məhkəmə qətnaməsinin məhkəmə iclasında tədqiq olunmuş ifadələrin təhrif olunmuş formasına istinad etməsinə görə qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

8. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.

13. Həmin Məcəllənin 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.

14. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

15. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilməyən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

23. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Gültekin Logistics" MMC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə yük daşınmasına dair müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən sifarişçinin tapşırığı Daşıyıcı müxtəlif növ yüklərin daşınmasını həyata keçirməsini və ya təşkil edilməsini öz öhdəsinə götürmüş. Sifarişçi isə daşımanın müqabilində daşıyıcıya müvafiq sifarişdə nəzərdə tutulmuş daşımanın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Sifarişçinin sifariş etdiyi mallar 2 konteyner üzrə daşınmış, daşınmanın həyata keçirildiyi avtomobillərdən biri 25 ADH 177 /38 AHD 413 nömrəli, digər isə ** KZ ***8 /34 FJN 636 nömrəli yük avtomobili olmuşdur. Malın qeydiyyat kodu adlı sənəddən görünür ki, ** KZ ***8 /34 FJN 636 saylı yük avtomobili xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına məxsus Qırmızı Körpü gömrük postundan daxil olmuşdur. Malın qeydiyyat kodu adlı sənəddən görünür ki, 25 ADH 177 /38 AHD 413 saylı yük avtomobili xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına məxsus Qırmızı Körpü gömrük postundan daxil olmuşdur. İddiaçı cavabdehdən daşınma və demuraj xərcini məhkəmə qaydasında cavabdehdən tutulmasını tələb edir, Cavabdeh tərəf isə daşınma xərci üzrə borcun qaldığını və ödənişləri edəcəklərini bildirsə də, demuraj və digər xərclərə etiraz edərək bildirir ki, demuraj sırf iddiaçı tərəfindən malların götürülməsinə şərait yaradılmadığı üçün yaranmışdır, malların götürülməsinə yalnız daşınma xərci ödənildikdən sonra razılıq verəcəklərini bildirmişlər və e-mail yazışması əsasızdır, məqsədi sırf malları götürmək üçün yazılıb, çünki malları cavabdeh götürüb başqa şirkətə təhvil verməli idi.

24. Beləliklə, iş materiallarından və cavabdeh tərəfin izahatından müəyyən olunur ki, iddiaçı tərəfindən xidmət göstərilmiş, mübahisələndirilən e-qaimələr üzrə daşıma xərci olaraq 620 ABŞ dolları (1054 manat) cavabdeh tərəfindən ödənilməmiş qalmışdır.

25. Bununla yanaşı, iddiaçı iddia ərizəsində malların götürməsində gecikməyə yol verildiyindən müqavilənin 4.6-cı bəndinə əsasən demuraj məbləği hesablamışdır.

26. Belə ki, tərəfər arasında bağlanmış müqavilənin 4.6-cı bəndinə əsasən əgər yük bayram və ya qeyri-iş günlərində çatdırılmışsa, daşıyıcı sifarişçiyə iş günləri başladıqdan etibarən 72 saat müddət verir. Yük iş günlərində çatdırılmışsa, 72 saatdan sonrakı qeyri-iş günləri üçün də gecikdirməyə görə də cərimə ödəyir. Cərimə məbləği hər gecikdirilmiş gün üçün Avropadan daşınan yüklər üçün 150 (bir yüz əlli) EUR, digər bütün ölkələrdən daşınan yüklər üçün isə 100 (bir,yüz) USD təşkil edir.

27. İşdən də göründüyü demuraj xərci cavabdehin səhvi ucbatından deyil, ödənişlərin gecikdirilməsi səbəbi ilə iddiaçı tərəfindən malların saxlanılması nəticəsində yaranmış və cavabdehin təqsirli hərəkəti hazırkı araşdırılma zamanı müəyyən edilməmişdir. Belə ki, Müqavilənin 6.3-cü bəndinə əsasən Daşıyıcı müvafiq ay ərzində icra olunmuş Sifariş üzrə təhvil-təslim aktlarını, yük-nəqliyyat qaimələrini, hesab və/və ya digər sənədlərini ən gec növbəti ayın 5-nə qədər Sifarişçiyə təqdim etməlidir. Daşıyıcı sənədlərdə təhvil verilmə tarixini qoymalıdır. Həmin sənədlərin əsl nüsxələri sonradan təqdim edilmək şərti ilə, elektron poçt vasitəsi ilə skan olunmuş surətləri göndərilə bilər. Daşıyıcı hazırkı bənddə qeyd olunan şərtlərə riayət etmədikdə Sifarişçi ödənişlərin gecikdirməsinə görə heç bir məsuliyyət daşımır.

28. Məhkəmə iclasında məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, mallar 5 iyun tarixində gətirilib ölkəyə, lakin cavabdehə eqaimə bir ay sonra olmaqla 5 iyul tarixində göndərilib və mallar e-qaimənin tarixi günündə cavabdeh tərəfindən təhvil alınıb. Bundan əlavə, iddianın məzmunundan da göründüyü kimi hər iki yük ölkəyə daxil olduqdan sonra sifarişçi malın pulunu ödəmədiyi üçün mallar iddiaçı tərəfindən sifarişçiyə təhvil verilməmişdir.

29. Göründüyü kimi demurajın yaranma səbəbi sifarişçinin daşıma xərcinin ödənilməməsinə görə icraçının özünün malların sifarişçi tərəfindən götürülməsinə maneələrin yaradılması olmuşdur. Bundan əlavə, hətta demuraj cəriməsinin hesablanmasında iddiaçı haqlı olmuş olsaydı belə, malların hansı tarixdə çatdırıldığı barədə cavabdehə məlumat verilməsini sübuta yetirə bilməmişdir. Əksinə, iddiaçı tərəfin izahatına və sənədlərə əsasən cavabdehə göstərilmiş xidmətə görə e-qaimə belə malların çatdırıldığı gündən bir ay sonra göndərilmişdir və cavabdeh də həmin tarixdə malları təhvil götürmüşdür.

30. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı iddianın 5000 ABŞ dolları demuraj adlı cərimə tələbini müqavilənin 4.6-cı maddəsinə əsasən tələb etsə də, faktiki əsas kimi daşınma xərcinin ödənilməməsini göstərmişdir. Lakin, daşınma xərcinin ödənilməsi qaydası və məsuliyyət tədbirləri müqaviləni 6-cı maddəsində müəyyən edilmişdir. Müqavilə şərtinə əsasən daşınma xərcinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 0,5% dəbbə pulu nəzərdə tutulmuşdur. İddiaçı isə hazırki iddiada həmin dəbbə pulunu deyil, özünun malları cavabdeh tərəfindən götürülməsinə şərait yaratmadığı müddətə görə müqavilənin başqa maddəsinə əsasən hesabladığı cərimə məbləğini tələb etmişdir.

31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 5000 ABŞ dolları məbləğində demuraj adlı cərimənin hesablanması üçün faktiki və qanuni əsası olmamışdır.

32. Məhkəmə 2000 manat tələb olunan vəkil xərcini 500 manat həddində təmin etmişdir. Məhkəmənin bu qənaəti əsaslı və qanuni olmuşdur.

33. Apellyasiya şikayətində istinad olunan hallara dair sübutlar təqdim edilmədiyindən onun dəlilləri əsaslı hesab edilə bilməz.

34. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

36. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6658/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar