Məhkəmə qərarları › İş №2-2(103)-254/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-254/2021

09.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-254/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Sadat oğlunun iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-144/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən aparılmış gömrük əməliyyatları nəticəsində gömrük bəyannamələrinə əsasən dövlət büdcəsinə ödənilməli olan 163.130,01 manat məbləğində ƏDV, 4508,84 manat məbləğində idxal rüsumu, ümumilikdə isə 167.638,85 manat gömrük borcunun və azaldılmış 167.638,85 manat məbləğində gömrük ödənişlərinə əsasən hesablanmış 61.188,18 manat məbləğində dəbbə pulu, ümumilikdə 228.827,03 manatın Cavabdeh MTK-dan tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-144/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Sadat oğlu isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi gömrük işi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 21-ci bəndinə görə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi inzibati orqan hesab edilir. Hazırki işdə də iddiaçı inzibati orqan kimi səlahiyyətlərinə aid edilən gömrük ödənişlərinin dövlət büdcəsinə ödənilməsi barədə iddia irəli sürmüşdür. Lakin Mülki Prosessual Məcəllənin 26-cı maddəsində bu növ iddialara kommersiya məhkəmələri tərəfindən baxılması nəzərdə tutulmamışdır. Həmçinin hazırki mübahisə üzrə tətbiq edilməli olan qanunvericilik inzibati hüquq sahəsinə aid olan Gömrük Məcəlləsidir. Bundan başqa Gömrük Məcəlləsinin 48-ci maddəsində gömrük orqanlarının qərarlar qəbul etmək səlahiyyəti müəyyən edilmişdir. Həmin Məcəllənin 249.3-cü maddəsində isə göstərilmişdir ki, vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Həmçinin qeyd olunan Məcəllənin 52-ci maddəsi ilə müəyyən edilmişdir ki, gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir. İnzibati qaydada şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir. Lakin iddiaçı qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almadan kommersiya mübahisəsi kimi məhkəməyə müraciət etmişdir. Halbuki bu növ iddialara mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsində isə təsbit olunmuşdur ki, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq kollegiya hesab edir ki, iş üzrə icraata xitam verilməli və Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, bu səbəbə görə apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-144/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar