Məhkəmə qərarları › İş №2-2(103)-254/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-254/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-254/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin qanuni nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-6645/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 26 oktyabr 2015-ci il tarixli, B001/15 saylı borc müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 5.000.000 manat məbləğində borc pul verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ******* manat məbləğində əsas borcun, 475000 manat faiz borcunun, 500000 manat əldən çıxmış faydanın, ******* manat 5% dərəcəsi ilə hesablanmış faiz borcunun və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı bildirir ki, müqavilənin 2.2.1-ci bəndinə əsasən borc alan borc məbləğinin 01 may 2016-cı il tarixinədək tam həcmdə geri qaytarılmasını üzərinə öhdəlik götürmüşdür. Lakin həmin tarixdən bu günə kimi cavabdeh müqavilə öhdəliyi üzrə vəzifələrini kobud şəkildə pozaraq ödəməli olduğu pulun ödənilməsinə dair öhdəliyi yerinə yetirməmiş, qeyd edilən borc məbləğini və hesablanmış faiz borcunu ödəməmişdir.

4. Cavabdeh iddianı qismən etiraf edir və bildirir ki, o, əldən çıxmış fayda və cərimə faizi ilə razı deyildir, 5.000.000 manat bağlı hissəni qəbul edir, qalan məbləğlərə etiraz edir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-6645/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən 5.000.000 manat məbləğində borc və ******* manat 5% dərəcəsi ilə hesablanmış faiz borcunun tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 31 manat dövlət rüsumunun 27,02 manat məbləğinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, qalan 3,98 manat məbləğinin İddiaçınə aid edilməsi qət edilmişdir.

6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə işə baxılarkən xx.xx.2015-ci il tarixli müqavilənin 1.3. bəndində iddiaçı tərəfindən verilmiş borc məbləğinə görə hər hansı faizin ödənilməsi nəzərdə tutulmadığı qeyd olunsa da, iş materialları ilə tanış olarkən iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş xx.xx.2015-ci il tarixli B001/15 nömrəsi ilə qeyd olunmuş müqavilənin 1.3. bəndi “Bu müqavilənin şərtlərinə əsasən borcun illik 6 (altı) faiz üzrə verilməsi nəzərdə tutulur.” kimi göstərilmişdir. Eyni müqavilənin tərəflərdə olan nüsxələrində 1.3. bəndinin bir-birinə zidd olan fərqli məzmunlarda göstərilməsinin araşdırılması üçün iş üzrə məhkəmə texniki ekspertizası keçirilməsinə dair vəsatət verilsə də, vəsatət təmin edilməmişdir. Məhkəmənin iddia tələbinin faizlərlə bağlı hissəsini təmin etməməsi iş üzrə obyektiv, hərtərəfli araşdırma aparmaq hüququnu təmin etməməyə səbəb ola bilməz. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin təqdim etdikləri sübutların mötəbərliyi məhkəmə tərəfindən yoxlanılmalı və məhkəmə tərəfindən tərəflərdən hər hansı birinin məhkəməyə saxta sübut təqdim etdiyinə dair şübhə yaranarsa, həmin sübutun həqiqiliyinin müəyyən edilməsi üçün ekspertiza keçirilməli və ekspertizanın nəticələrinə uyğun olaraq müvafiq qətnamə və ya xüsusi qərardad qəbul edilməli idi. Məhkəmə tərəfindən tərəflərin iş üzrə təqdim etdikləri xx.xx.2015-ci il tarixli B001/15 nömrəli müqavilənin hansının daha mötəbər və həqiqi olması müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə icraatı zamanı cavabdehin iddiaçıya MM-in 445.7-ci maddəsinə əsasən illik 5% ödəməli olması sübut edilməmiş və tərəflər arasındakı mübahisənin kommersiya mübahisəsi olmasına baxmayaraq iddiaçı tərəfindən cavabdehə həmin məbləğlə bağlı pretenziya qaydasına riayət edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında cavabdehin qanuni nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

11. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

14. Belə ki, borcun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir.

15. Hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.

16. Belə ki, tərəflər arasında borc müqaviləsinin bağlanması və iddiaçı tərəfindən cavabdehə ümumilikdə ******* manat məbləğində borc pulun verilməsi və həmin borcun qaytarılmaması mübahisəsizdir.

17. Çünki cavabdeh də həmin halları etiraf edir.

18. Bu baxımdan kollegiyası hesab edir ki, iddiaçı həmin müqavilə üzrə ödənilməmiş 5.000.000 manat əsas borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır.

19. Həmçinin kollegiya hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər də əsaslıdır.

20. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir.

21. Hazırki işin halları da ondan ibarətdir ki, cavabdeh iddiaçıdan 26 oktyabr 2015-ci il tarixli borc müqaviləsi üzrə 5.000.000 manat məbləğində borc pul almış, həmin məbləği 01 may 2016-cı il tarixədək qaytarmalı olduğu halda geri qaytarmamışdır.

22. İddiaçı da həmin tarixdən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin verildiyi 28 noyabr 2022-ci il tarixə qədər olan 6 il 6 ay müddət üçün gecikdirmiş faiz borcunun tutulması tələbini irəli sürmüşdür.

23. Həmin məbləğ isə ******* manat (5.000.000 x 5% : 12 ay x 78 ay = 1.625.000) təşkil edir.

24. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış ******* manat pulun tutulmasını tələb etməkdə haqlıdır. Ona görə də, həmin tələb tam təmin edilməlidir.

25. Apellyasiya şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, faiz borcunun tutulması hissəsində iddia rədd edilmiş, lakin iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Ona görə də, iddianın təmin edilməyən həmin hissəsi hazırki apellyasiya baxışının predmeti deyildir. Bu baxımdan cavabdehin həmin dəlillərinə qiymət verilməsinə də zərurət yoxdur. Bundan əlavə işdən görünür ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə (faktiki olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə) verərək, həm də Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 5% dərəcəsi ilə hesablanmış faiz borcunun tutulması tələbini irəli sürmüşdür. Mülki prosessual qanunvericilikdə isə iddia tələbinin həcminin artırılması zamanı bununla bağlı pretenziya qaydasına əməl edilməli olması ilə bağlı hər hansı tələb mövcud deyildir. Bundan əlavə, kollegiya qeyd edir ki, məhkəmə iclasında iştirak edən cavabdehin qanuni nümayəndəsi Nümayəndə3 ümumiyyətlə apellyasiya şikayətinin dəlilləri üzrə izahat verməmiş və borcun ödənilməsinə möhlət verilməsini xahiş etmişdir. Bununla bağlı qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən həmin məsələ qətnamənin icrası mərhələsində həll olunan məsələlərə aiddir.

26. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-6645/2022 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar